|
Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək vermiş Azərbaycan könüllüsü, Vətən Müharibəsi iştirakçısı, Azərbaycan Könüllü Təşkilatları İttifaqının nümayəndəsi Ayxan Allahverdiyev Türkiyə Respublikasının yüksək mükafatına layiq görülüb.
“Report” xəbər verir ki, Ankarada keçirilən mərasimdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ayxan Allahverdiyevə “Türkiyə Respublikası Dövlət Üstün Fədakarlıq Medalı”nı təqdim edib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin çağırışına dərhal qoşulan Azərbaycan könüllüləri Türkiyədə bir ay ərzində on minlərlə zərərçəkmiş şəxsə öz kömək əlini uzadıb, qardaşlıq borcunu yerinə yetiriblər.
Ölkə başçısının “Bir yumruq, bir ürək, bir can” şüarını rəhbər tutaraq qardaş ölkədə zəlzələ bölgələrində bu fəaliyyəti Azərbaycan gənclərinin həm müddət, həm də say baxımından mütəşəkkil formada ölkəmizdən kənarda humanitar yardım istiqamətində təşkil olunmuş ilk könüllü fəaliyyəti kimi tarixə düşüb. Azərbaycanlı könüllülər zəlzələ bölgəsində çox çətin şəraitin olmasına, dağılmış ərazilərə yetişməyin çətinliklərinə baxmayaraq, uzun yol qət edərək, zəlzələdən zərərçəkənlərin köməyinə çatıb. Azərbaycan gənclərinin Türkiyədəki bu nəcib fəaliyyəti və Azərbaycan könüllüsünün qardaş dövlətin başçısı tərəfindən təltif edilməsi Azərbaycan-Türkiyə qardaşlığının növbəti təzahürüdür.