|
Azərbaycanın aprelin 22-də Ermənistanla sərhəddə, Laçın yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsini təsis etməsi bölgədə sülhün, əmin-amanlığın, haqq-ədalətin əldə edilməsinə hesablanmış addımdır.
Bu addımın atılması ilə separatçı rejimin son ümid işığı da sönür. Qondarma rejim artıq bundan sonra kənar aləmlə hər hansı bir qanunsuz hərəkətlərə, əməllərə yol verə bilməyəcək.
Görəsən, nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə regionda proseslər bundan sonra necə cərəyan edəcək?
Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, atılan addımdan sonra artıq Azərbaycan ərazisinə Bakının razılığı və xəbəri olmadan heç kim və heç nə daxil ola bilməyəcək:
“Azərbaycan uzun müddətdir həmin bölgədə haqq-ədalətin bərpa olunması ilə bağlı beynəlxalq ictimaiyyətə çağırışlar edib. Amma təəssüf ki, Azərbaycan ərazilərinə qanunsuz daxilolmalar bu günə qədər davam edib.
Nəticədə Azərbaycanın çağırışlarına məhəl qoyulmurdu. Bu mənada Laçın rayonunun Ermənistanla sərhəd hissəsində sərhəd buraxılış məntəqəsinin yaradılmasının ölkəmiz üçün böyük əhəmiyyəti var.
Artıq Azərbayan ərazilərinə, Bakının xəbəri olmadan qanunsuz şəkildə heç kim və heç bir yük daxil ola bilməyəcək. Digər tərəfdən, Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının qarşısı tamamilə alınacaq.
Eyni zamanda, Qarabağ ermənilərinin Azərbaycana inteqrasiya prosesinə əngəl törədən qüvvə və adamların bir çox bu hadisədən sonra artıq istədiklərinə nail ola bilməyəcəklər.
Çünki Azərbaycanın sərhəd buraxılış məntəqəsinin olması həm də onu tələb edir ki, ərazimizdə yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etsinlər.
Həmçinin, Azərbaycanın yurisdiksiyası altında hərəkət etsinlər. O baxımdan nəzarət-buraxılış məntəqəsinin yaradılması Qarabağ məsələsi ətrafındakı manipulyasiyalara birdəfəlik son qoyur. Eyni zamanda, bu Bakı ilə İrəvan arasındakı sülh prosesini sabotaj etmək istəyən qüvvələrə də növbəti zərbədir.
Atılan bu addım fonunda Ermənistandan Qarabağa qanunsuz silahlar və silahlı dəstələrin gəlməsinin də qarşısı birdəfəlik alınacaq. Bu isə Bakıya imkan verəcək ki, Qarabağdakı qanunsuz silahlı dəstə və silahları da müsadirə etsin. O baxımdan Qarabağa silah daşınması və oradan çıxarılması kimi məsələlər də Bakının nəzarətində olacaq”.