Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistanla ikitərəfli dialoq nəticə verməyə başlayıb, artıq bur çərçivədə delimitasiyaya start verilib, ilk sərhəd nişanları da qoyulub. Belə bir məqamda Prezident İlham Əliyev noyabradək sülh müqaviləsinin imzalana biləcəyi mesajını verdi. Sizcə, müsbət dinamika bizi həmin vaxta qədər o nöqtəyə çatdıracaqmı?

- Bəli, hadisələr pozitiv istiqamətdə gedir. Son gəlişmələr və anlaşmalar ən azı çərçivə sazişinin imzalanmasını sürətləndirə bilər. Düzdür, yerdə başqa məsələlər də var: Zəngəzur dəhlizi, anklavlar və digər məsələlər, amma müsbət inkişaf var. Prezidentin özü də bildirdi ki, Azərbaycanın əsas tələbi 4 kəndlə bağlı idi, digər kəndlərlə bağlı danışıqlar davam edə bilər.

Zəngəzur dəhlizi də sülh müqaviləsindən kənarda qala bilər. Yəni çərçivə sazişinin imzalanması üçün elə də böyük maneə qalmayıb, artıq Qarabağa əsassız iddiadan da imtina ediblər.

Noyabrda Bakıda böyük, möhtəşəm tədbir keçiriləcək – iqlim dəyişikliyi ilə bağlı COP29. Azərbaycanın da istəyi budur ki, beynəlxalq tədbirin daha müsbət atmosferdə keçirilməsi üçün Ermənistanla ən azı çərçivə sazişi imzalansın. Baxın, kəndlərin qaytarılması və sərhəd anlaşması ilə bağlı ABŞ, Avropa Birliyi, bölgə dövlətləri, digər ölkələr, beynəlxalq təşkilatlar və BMT baş katibindən nə qədər müsbət mesajlar aldıq.

Təsəvvür edin ki, noyabradək çərçivə sazişi imzalansa, müsbət anlamda bölgəyə münasibət bir qədər də dəyişəcək. Hətta istisna etmirəm ki, noyabradək çərçivə sazişi imzalansa, hətta COP29-da Ermənistan rəhbərliyi də iştirak edə bilər.

- Əliyev Ermənistan konstitusiyanın dəyişdirilməsinin zəruriliyini də gündəmə gətirdi. Ermənistan Baş naziri Nikol Paşinyanın özü də bu haqda danışmışdı. Bəs bu məsələ necə həllini tapacaq?

- Bu da ciddi mövzulardan biridir. Çərçivə sazişi imzalansa belə, Ermənistan konstitusiyasında ərazi iddiaları qalsa, gərginlik də qalacaq. Hətta Paşinyan ötən aylarda söyləmişdi ki, konstitusiyasını dəyişmək yox, yeni konstitusiya qəbul etmək lazımdır. Paşinyan ötən günlərdə erməni cəmiyyətinə başqa bir mesaj da verdi ki, qondarma soyqırımı iddiasından da vaz keçmək, reallığı qəbul etmək lazımdır.

Bəli, növbəti mərhələdə yeni konstitusiyanın qəbulu məsələsi gündəmə gələcək. Əgər Ermənistan sülh istəyirsə, iki böyük qonşusuna ərazi iddialarını əks etdirən konstitusiyanı dəyişməlidir. Bu da olsa, bölgədə inam atmosferinin yaradılması və dayanıqlı sülh üçün daha bir fürsət pəncərəsi açılacaq.

- Bəs “soyqırımı”ndan imtina nə qədər realdır? Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu kontekstdə bildirdi ki, fürsət qapısı həmişə açıq olmayacaq, Ermənistan nə qədər gec deyil, əsassız iddialardan əl çəkməlidir.

- Ərdoğan İrəvana o mesajı verdi ki, Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmaq ilk növbədə Ermənistanın maraqlarına xidmət edir. Bu çərçivədə də dedi ki, fürsət qapısı həmişə açıq qalmayacaq. Prezident İlham Əliyevin özü də söylədi ki, sülh müqaviləsi imzalanarsa, Azərbaycanın əməkdaşlığa dair Ermənistana təklifləri olacaq. Təkliflərdən biri o ola bilər ki, gələcəkdə Ermənistana qaz satılsın. Bu da mümkündür.

Amma bir şərtlə ki, Ermənistan Azərbaycan və Türkiyə ilə əlaqələrini nizamlasın, dəhlizi açsın və yeni konstitusiya qəbul etsin. Bütün bunlar olarsa, Türkiyə və Azərbaycanla əməkdaşlıq da olacaq, Ermənistanın regional layihələrə qoşulması da mümkün ola bilər. Amma bir gözləmə limiti var. Ərdoğan da ona işarə edir ki, fürsət qapısı əbədi açıq qalmayacaq. Yəni biz indi əlimizi uzatmışıq, əlimiz uzun müddət boşda qalarsa, Ermənistan bu imkanlardan məhrum ola bilər.

- Tavuşda 4 kəndin Azərbaycana qaytarılmasına etiraz olaraq başlayan aksiyalarda kütləvilik olmadı. Nə baş verir: nəhayət, erməni cəmiyyəti sülh istəyir?

- Erməni cəmiyyətinin ən böyük reaksiyası İkinci Qarabağ Müharibəsindən sonra olmuşdu. Amma o zaman da meydanlara çox adam toplaya bilmədilər. Müharibədəki məğlubiyyət və minlərlə hərbçisini itirdikdən sonra küçələrə etirazçı çıxara bilmədilərsə, üstəgəl, seçkidə Paşinyan yenidən qalib gəldisə, bu o deməkdir ki, erməni cəmiyyətində radikal müxalifətə inam azalıb.

Əslində, erməni cəmiyyəti ikinci dəfə Paşinyanı seçməklə ona mandat verdi ki, get, Azərbaycan və Türkiyə ilə məsələləri həll elə, biz müharibə istəmirik. Paşinyan sərhəd məsələsində də həmin çoxluğa istinad edir. Baxın, sərhədlə bağlı İrəvanda küçə yürüşləri və mitinqlər keçirilmir. Radikallar Paşinyanı “satqın” adlandırsalar da, insanları küçələrə çıxarmağa nə taqətləri, nə inamları, nə də gücləri var.

İndi Tavuşda yolları kəsirlər, kilsədən dəstək alırlar, bu da müvəqqətidir. Çünki kütləvilik yoxdur. Çünki erməni cəmiyyəti anlayır ki, Türkiyə və Azərbaycanla əlaqələri normallaşdırmadan Ermənistanı rahat gələcək gözləmir.

- Prezidentin mümkün Almaniya səfəri haqda nə deyə bilərsiniz? Son zamanlarda fəallaşan, hətta anti-Azərbaycan mövqeyini korrektə edib neytral olmağa çalışan Almaniyanın hansı maraqları var?

- Almaniya Fransanı üstələməyə çalışır. Fransa yanlış anti-Azərbaycan siyasəti nəticəsində vasitəçilik imkanlarından məhrum olub. Halbuki Makron prezident olana qədər Fransanın vasitəçiliyindən imtina etmirdik. Hətta Fransada görüşlər də olmuşdu. Amma Makron anti-Azərbaycan mövqeyi sərgilədikdən, Ermənistana dəstəyi artırdıqdan sonra Fransanın vasitəçilik imkanları əlindən çıxdı. Çünki Azərbaycan Fransanın vasitəçiliyini qəbul etmədi.

Almaniya da gördü ki, artıq Fransa geri qalır, vasitəçiliyi qəbul edilmir, bu fürsətdən istifadə etməyə başladı. Bir dəfə Şolz Münxendə Əliyev-Paşinyan görüşündə vasitəçilik etdi, düzdür, nəticəsiz oldu, amma ümumilikdə faydalı idi. Bir neçə gün sonra xarici işlər nazirləri Berlində görüşdülər.

Şolz bir neçə gün əvvəl Paşinyana zəng elədi, ardınca İlham Əliyevi Berlinə dəvət etdi. İstisna etmirəm ki, Şolz uğurlu vasitəçiliyini davam etdirmək istəyir. Əslində, bu, həm Bakı, həm də İrəvan üçün faydalıdır, itirən Fransa oldu.

- Əliyev Qazaxıstanın Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında ev sahibliyinə etiraz etmədiyini bildirdi. Bunu bir müddət əvvəl İrəvanda olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev gündəmə gətirmişdi. Sizcə, Astana niyə qəfil sülh platforması olmaq istədi?

- Qazaxıstan Mərkəzi Asiyanın lider dövlətlərindən biridir. Azərbaycanla strateji tərəfdaşdır, qardaş ölkədir, türk dünyasının inteqrasiyasında fəal rol oynayır. Digər yandan, Qazaxıstan Orta dəhliz layihəsində maraqlıdır. Amma bu layihənin tam reallaşması üçün Zəngəzur dəhlizi işə düşməlidir. Bunun üçün Azərbaycan və Ermənistan ortaq məxrəcə gəlməlidir.

Həmçinin Qazaxıstan KTMT və Avrasiya İqtisadi Birliyində Ermənistanla tərəfdaşdır. Bütün bunları nəzərə aldıqda deyə bilərik ki, Qazaxıstanın təşəbbüskar olmasının əsası var.

Qazaxıstan Suriya məsələsində də dialoq platforması olmuşdu, söhbət Astana prosesindən gedir. İndi də Azərbaycan və Ermənistan arasında platforma olmaqda iddialıdır. Azərbaycan bunu qəbul edir, bu, Ermənistana da zidd deyil. Tokayev İrəvandan əvvəl Bakıda olmuşdu. İndi də xarici işlər nazirlərinin Astanaya səfəri planlaşdırılır.

Əgər tərəflər sülhə çox yaxınlaşarlarsa, çərçivə sazişinin imzalanması perspektivi artarsa, bu sənədin imzalanması üçün iki məkanın adını çəkmək olar: Tiflis və Astana.

- ABŞ Konqresinə Azərbaycan rəsmiləri və hərbçilərinə sanksiyaları nəzərdə tutan bədnam layihənin təqdim ediləcəyi iddiası dolaşır. Niyə birdən-birə belə bir məsələ gündəmə gətirildi, ABŞ Azərbaycana təzyiq edir?

- Düşünmürəm ki, ABŞ Azərbaycana təzyiq edir, bu, Amerikanın milli və təhlükəsizlik maraqlarına uyğun deyil. Bu, ABŞ Konqresinin həmişəki anti-Azərbaycan mövqeyindən irəli gəlir. Azərbaycan müstəqilliyini qazandıqdan bəri Konqres bu mövqedədir, erməni lobbisinin təsiri altındadır. Ədalətsiz “907-ci düzəliş” də buna görə qəbul edilmişdi.

Təsəvvür edin ki, Azərbaycan əraziləri işğal olunur, bunlar da iddia edirlər ki, guya Azərbaycan Ermənistanı mühasirədə saxlayır və belə bir qətnamə qəbul edirlər. Bu qədər ədalətsizdirlər, onlar üçün önəmli olan ermənilərin səslərini qazanmaqdır.

Budəfəki təşəbbüs də məntiqsizdir. İkinci Qarabağ Müharibəsində qələbə qazanmış generallarımızı da hədəfə alıblar. Məntiqsizlik bundan ibarətdir ki, bu Konqres ərazi bütövlüyünü təmin etmək istəyən Ukraynaya 61 milyard dollarlıq yardım ayırır, biz də ərazi bütövlüyümüzü təmin etmişik də, həmin generallarımızın da bunda rolları olub. Bəs bizi niyə ayırırsınız? İkili standartlardır.

Ümid edək ki, ABŞ Dövlət Departamenti, Ağ Ev, Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsi Konqresin bu ədalətsiz mövqeyini bölüşməyəcək.
25 Noyabr 2024 Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi
23 Noyabr 2024 Bakıda COP zolaqları ləğv olunur
22 Noyabr 2024 İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
22 Noyabr 2024 "Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
22 Noyabr 2024 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər
22 Noyabr 2024 Qazaxda düşmən təxribatının qarşısı belə alınmışdı - General- leytenant DANIŞDI
21 Noyabr 2024 Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
21 Noyabr 2024 Milli Məclisdə yeni təyinatlar - Foto
21 Noyabr 2024 Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
21 Noyabr 2024 Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
21 Noyabr 2024 Quterreş Azərbaycana səfərə gəlib
20 Noyabr 2024 ADY sədrinin müşaviri COP29 çərçivəsində dəmiryol nəqliyyatında dayanıqlı təşəbbüslərdən danışdı
20 Noyabr 2024 Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
20 Noyabr 2024 İlham Əliyevdən yüksək vəzıfəyə TƏYİNAT
20 Noyabr 2024 Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid edib
20 Noyabr 2024 Azadlığın dördüncü ili: Ağdam şəhər gününü qeyd edir
19 Noyabr 2024 Ərdoğan Trampla dil tapa biləcəkmi: Yaxın Şərq böhranı ABŞ və Türkiyəni amansız rəqiblərə çevirir
19 Noyabr 2024 Sülhlə bağlı yeni tarix - “Gələn yazda...”
19 Noyabr 2024 BMT komitəsi itkin düşmüş şəxslərlə bağlı Azərbaycanın həmmüəllif olduğu qətnamə qəbul edib
18 Noyabr 2024 Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb

Xəbər lenti