|
Qərbdə Ermənistanın Rusiyadan yaxın gələcəkdə birdəfəlik qoparılmasının mümkün olmayacağına artıq tam əmin olmağa başlayıblar... Ona görə də, Qərb orta və uzunmüddətli perspektivdə faydalana bilməyəcəyi Ermənistana əlavə "hərbi-siyasi investisiya" yatırmaq istəmir...
Cənubi Qafqazda ABŞ və Qərbin Rusiya ilə qarşıdurması artıq açıq müstəviyə keçib. Xüsusilə də, bu iki nəhəng düşərgənin məhz Ermənistanda həlledici savaşa başladığı açıq-aşkar nəzərə çarpır. Hər halda, hazırda ABŞ və Qərbin Rusiya ilə qarşıdurmasında "ikinci cəbhə xətti"nin elə Ermənistan ərazisindən keçdiyi artıq inkaredilməz reallıqdır. Və hazırda Ermənistanda baş verənlər məhz bu savaşın real nəticələri hesab oluna bilər.
Məsələ ondadır ki, Paşinyan hakimiyyəti Ermənistanda və hətta Cənubi Qafqazda məhz Qərbi təmsil edir. Rəsmi İrəvan Ermənistanı Rusiyadan uzaqlaşdırıb, Qərbə yaxınlaşdırmaq üçün mümkün olan hər şeyi edir. Qərbdən verilən təlimatları və sifarişləri yerinə yetirməyə çalışır. Və bu baxımdan, Qərbin Paşinyan hakimiyyətinə daha effektiv dəstək verməsi qətiyyən gözlənilməz olmazdı.
Ancaq Paşinyan hakimiyyətinin ABŞ və Qərbdən effektiv dəstək ala bildiyini iddia etmək çox çətindir. Hər halda, Rusiya, eləcə də digər Qərb əleyhinə düşərgə təmsilçilərinin dəstəklədiyi "kilsə qiyamı" ətrafında yaranmış situasiya bəzi suallar doğurmaqdadır. Çünki ABŞ və Qərb hazırda çox qəliz vəziyyətə düşmüş Paşinyan hakimiyyətinə açıq dəstək verməyə qətiyyən tələsmir. Və bu baxımdan, "kilsə qiyamı"nın başlandığı gündən indiyə qədər Qərbin daha çox susmağa üstünlük verməsi təəccüblü görünür.
Halbuki, ABŞ və Qərbin Rusiyaya qarşı təlimatları dərhal yerinə yetirməyə can atan Paşinyan hakimiyyətini siyasi meydanda təkbaşına buraxması Ermənistanda hakimiyyət dəyişikliyinə səbəb ola biləcək faktordur. Rəsmi İrəvan indiyə qədər Kremlə xəyanətini məhz Qərbin dəstək vədlərinə güvənərək, inkişaf etdirib, Ermənistanın Rusiya ilə münasibətlərini tamamilə korlayıb. Yəni, normal məntiqə görə, Qərb "erməni demokratiyası"nı daha həvəslə müdafiə etməliydi. Və indiki situasiyada belə niyyətin ümumiyyətlə, olmadığı da açıq-aşkar nəzərə çarpır.
Böyük ehtimalla Qərbdə Ermənistan məsələsinə daha "praqmatik pəncərə"dən baxmağa üstünlük verirlər. Belə ki, Paşinyan hakimiyyəti nə qədər Qərbin bütün təlimatlarını qeyd-şərtsiz icra etsə də, Ermənistanın yaxın gələcəkdə Rusiyadan uzaqlaşmaq şansı mövcud deyil. Yəqin ki, Qərbdə bu inkaredilməz və taleyüklü reallığı anlayırlar, elə məhz buna istinadla da qərar verməyi üstün tuturlar. Və bu, o deməkdir ki, Ermənistan Qərb üçün ən yaxşı halda, sadəcə, "geopolitik alət"dən başqa bir şey deyil.
Belə anlaşılır ki, Qərbdə Ermənistanın Rusiyadan qoparılmasının mümkün olmayacağına əmindirlər. Ona görə də, Ermənistandan hələlik Rusiya əleyhinə mümkün olduğu qədər istifadə etmək indiki situasiyada ən realist yanaşmadır. Qərb orta və uzunmüddətli perspektivdə faydalana bilməyəcəyi Ermənistana əlavə hərbi-siyasi investisiya yatıracaq qədər sadəlövh deyil. Və bu, Ermənistan üçün gələcək fəlakətlərin demək olar ki, "yol xəritəsi" rolunu oynaya biləcək məqamdır.
Məsələ ondadır ki, Rusiya Ermənistanın ticarət dövriyyəsində hegemon üstünlüyə malikdir. Eyni zamanda, Qərbdə Paşinyan hakimiyyətinin Rusiyaya qarşı sanksiyalara riayət etməməsindən də ciddi şəkildə narahatdırlar. Çünki bu, rəsmi İrəvanın Qərblə yaxınlaşma siyasəti ilə kəskin ziddiyyət təşkil edir. Üstəlik, Paşinyan hakimiyyətinin Qərbə də xəyanət edə biləcəyini biruzə verir. Və belə qəliz "geopolitik alət"dən yalnız faydalanmaq daha sərfəli taktika kimi görünür.
Ona görə də, indi Qərb Ermənistana daha çox ümidlər doğura biləcək vədlər verməklə rəsmi İrəvandan Kremllə qarşı istifadə etməyi üstün tutur. Üstəlik, rəsmi İrəvana verilən vədlərin uzunmüddətli perspektivə bağlı olması və həm də reallaşma ehtimalından uzaq qalması da diqqəti çəkir. Belə ki, Avropa Parlamentinin mart ayında Ermənistana Avropa Birliyinə üzvlük üçün namizədlik statusunun verilməsini təklif etməsi erməni toplumunda böyük ümidlər yaratmışdı. Halbuki, bu təklifin Ermənistan üçün elə bir ciddi perspektiv vəd etmədiyi, daha çox "siçan tələsinə qoyulmuş pendir" rolunu oynadığını düşünmək daha realist yanaşma olardı.
Hər halda, bu təklif hələ uzun müddət sadəcə, müzakirə ediləcək. Bu müzakirə dövründə isə Ermənistandan Rusiya ilə "körpüləri tamamilə yandırmaq" tələb olunacaq. Sonrakı mərhələdə hətta Ermənistan Avropa Birliyi üzvlüyünə namizədlik statusu qazansa belə, bu, rəsmi İrəvanın "boynunda zəncir"dən başqa heç nəyi ifadə etməyəcək. Yəni, rəsmi İrəvan onilliklər boyu məhz bu "zəncir"lə sağa-sola çəkiləcək, idarə ediləcək, Rusiyaya qarşı istifadə olunacaq. Və yekun nəticədə namizədliyini heç vaxt tam hüquqlu üzvlüyə çevirə bilməyəcək.
Məsələ ondadır ki, Ermənistanın Avropa Birliyinə üzvlüyə namizədlik statusu qazanması üçün ilk növbədə rəsmi İrəvanın Avrasiya İqtisadi İttifaqından çıxmaqla bağlı prosesə start verməsi qaçılmazdır. Yəni, Avropa Parlamentinin təklifi Ermənistanı növbəti Rusiya əleyhinə addıma şirnikləndirmə aktından başqa bir şey deyil. İndi rəsmi İrəvan Avropa Birliyinə üzvlüyə namizədlik statusu üçün Ermənistan üçün əsas iqtisadi-ticari gəlir qaynağı olan Avrasiya İqtisadi İttifaqından çıxmaq barədə düşünməlidir. Və bu, indiki situasiyada Ermənistan üçün maliyyə-iqtisadi fəlakət anlamı daşıya bilər.
Hər halda, Qərb Ermənistana Avrasiya İqtisadi İttifaqından əldə etdiyi maliyyə-iqtisadi gəlir qaynağına alternativi də təklif etməyə qətiyyən həvəs göstərmir. Böyük ehtimalla Paşinyan hakimiyyəti də Ermənistanın önünə "siçan tələsində pendir" qoyulduğunu anlayır. Ancaq rəsmi İrəvan son illərdə yürütdüyü xarici siyasət ilə elə bir qəliz "geopolitik labirint"in içərisinə salıb ki, oradan çıxış yolu, demək olar, görünmür.
Belə ki, Ermənistanın Rusiya ilə münasibətləri ciddi şəkildə korlanıb, Qərbə yaxınlaşma isə baş tutmayıb. Nəticədə indi nə Qərbə doğru getmək, nə də Rusiyaya doğru geri dönmək mümkün deyil. Hər iki variant Ermənistana ağır geopolitik zərbələr vəd edir. Eyni yerdə və yaxud da mərkəzdə dayanmaq isə daha təhlükəlidir. Çünki bu halda, həm Qərbin, həm də Rusiyanın çarpaz təzyiqləri altında əzilmək perspektivi mövcuddur.(Yeni Müsavat)