Rusiya-Fransa münasibətlərinin gərginləşməsində regional rəqabət amili mühüm rol oynayır.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin birinci Avropa departamentinin direktoru Artyom Studennikov yerli mətbuata açıqlamasında bəyan edib ki, Rusiya-Fransa münasibətləri ciddi böhran içərisindədir.
"Diqqəti cəlb etmək istərdim ki, Rusiya-Fransa münasibətləri artıq dərin böhran içindədir və bunu, hətta “soyuq müharibə” dövrü ilə müqayisə etmək çətindir", - deyə Studennikov müsahibəsində deyib. Diplomat xatırladıb ki, iki dövlət arasında təkcə siyasi və iqtisadi sahədə deyil, mədəniyyət, təhsil və idman sahələrində də bütün əsas qarşılıqlı fəaliyyət mexanizmləri Fransanın təşəbbüsü ilə bloklanıb. A.Studennikovun qeyd etdiyi kimi, bu cür Rusiya-Fransa münasibətləri Moskvanın seçimi deyil, Qərb nümayəndələrinin uzun illər ərzində həyata keçirdikləri və sonda Rusiya Federasiyasına qarşı tam miqyaslı hibrid müharibəyə çevrilən məqsədli mühafizə və Rusiyaya təzyiq siyasətinin nəticəsidir.
Məsələ ilə bağlı Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimləri Sultan Zahidov “Cebhe.info”-ya açıqlamasında qeyd edib ki, Rusiya-Fransa münasibətlərində hazırki vəziyyətin yaranmasında məhz Emmanuel Makronun rolu danılmazdır:
“Emmanuel Makron Fransanın Prezidenti seçiləndən bəri Rusiya ilə bağlı fərqli vaxtlarda fərqli mövqe nümayiş etdirib. Rusiya-Ukrayna müharibəsinin ilk dönəmlərində Makron Rusiyaya qarşı sərt siyasət yürüdülməsinin əleyhinə idi. Makron Prezident Vladimir Putin ilə telefon söhbətlərində onu hərbi əməliyyatlardan vaz geçməyə çağırırdı. Lakin Makronun telefon diplomatiyası heç bir nəticə vermədi.
Fransanın dövlət başçısı 2022-ci ilin sentyabrına qədər Rusiya ilə bütün bağlantıların kəsilməsinə qarşı çıxırdı. Hətta 2020-ci ildə Makron öz çıxışlarının birində bəyan edib ki, Qərb Rusiyaya təhlükəsizlik zəmanətləri verməlidir. Amma 2022-ci ilin sonlarına doğru Fransanın Rusiya ilə bağlı mövqeyi 180 dərəcə dəyişdi. Həmin ilin dekabrında Makron öz çıxışında bəyan edib ki, Rusiyanın Ukraynaya hücumu və bu ölkədə işğalçılıq siyasəti Avropanın təhlükəsizliyini ciddi təhdid altında qoyacaq.
O, Avropa ölkələrini Rusiyaya qarşı birləşməyə və Ukraynaya dəstək verməyə çağırıb. Bu, onu göstərir ki, Makron anti-Rusiya mövqeyindən çıxış edir və Rusiyanı təhdid kimi görür. Fransa Ukraynaya silah-surat və hərbi ləvazimat da göndərir. Bununla yanaşı, Makron Avropa ölkələrini Ukraynaya qoşun göndərməyə də çağırır. ABŞ rəsmiləri belə bir ifadə işlətməyiblər”.
Politoloqun sözlərinə görə, Rusiya ilə Fransa arasında geosiyasi rəqabət təkcə Cənubi Qafqaz və Ukraynada deyil, həmçinin Mərkəzi Asiya, Afrika və Yaxın Şərqdə də müşahidə olunur:
“Emmanuel Makronun Qazaxıstan və Özbəkistana rəsmi səfərini xatırlatmaq kifayətdir. Fransa bu iki ölkədən uran idxal etmək niyyətindədir. Rusiya ilə Fransa arasında rəqabət Afrikada da var. Fransanın mərkəzi-qərbi Afrikada əsas rəqibi Rusiyadır. Rusiyanın “Vaqner” silahlı qruplaşması həmin regionun bəzi ölkələrində fəaliyyət göstərir. Rusiya və Fransa Yaxın Şərqdə də bir-birilə rəqabət aparır. Bütün bu amillər onu deməyə dəlalət verir ki, Fransa “soyuq müharibə” dövründə olduğu kimi, indiki dövrdə də üçüncü beynəlxalq güc mərkəzi olmaq istəyir. Bu baxımdan Fransanın həm Rusiya, həm də ABŞ ilə maraqları toqquşur”.
Rusiya ilə Ukrayna arasında gərginliyin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına təsirinə gəlincə, S.Zahidov bildirib ki, bu, Cənubi Qafqazda hazırki proseslərə ciddi təsir göstərməyəcək:
“Hazırki dövrdə Fransa Ermənistanı dəstəkləyir, Rusiya isə müəyyən mənada Azərbaycanın yanında olduğunu nümayiş etdirir. Əsas məsələ burasındadır ki, nə Moskva, nə də Paris Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunmasında maraqlıdır. Əslində hər iki ölkənin Azərbaycan-Ermənistan sülh prosesinə müdaxiləsi, prosesi daha da yubadacaq. İstər Rusiya, istərsə Fransa, istərsə də ABŞ olsun, hər birinin Cənubi Qafqazda öz geosiyasi maraqları var. Rusiya Qərbi, Qərb də Rusiyanı bu regiondan sıxışdırıb çıxartmağa çalışır. Buna nail olmaq üçün onlar Cənubi Qafqazda məkrli planları həyata keçirməyə davam edəcəklər”.