|
FETÖ lideri Fətullah Gülənin göstərişi əsasında terror qruplaşmasının 18 ölkədəki liderləri tərəfdarları ilə toplantılar keçirib.
Axar.az Türkiyə mediasına istinadla xəbər verir ki, ötən ay keçirilən toplantılarda FETÖ üzvlərinə yaşadıqları ölkələrdə evlənmələri və Türkiyəyə investisiya qoyulmasına əngəl olmaları tapşırılıb. Məlumata görə, FETÖ-çular eyni zamanda Pensilvaniyada Fətullah Gülənlə də görüşüb. Həmin görüşdə 33 FETÖ lideri iştirak edib.
Türkiyənin kəşfiyyat orqanları FETÖ-nun 18 liderinin yaşadıqları ölkələrdə keçirdikləri toplantılarda qruplaşma üzvlərinə bu tapşırıqları verdiyini açıqlayıb:
- Yaşadığınız ölkədə gizlənə bilmək və özünüzü qəbul etdirə bilmək üçün həmin ölkədə evlənin;
- Yaşadığınız ölkələrdəki investorların Türkiyəyə sərmayə qoymasının qarşısını alın və bizdən gələn bütün investisiyanı da dayandırın;
- Təşkilata yeni üzvlər tapmağa və tələbələrimizin ölkənin mövqeyinə uyğun şəkildə rahat olmasına çalışın;
- Qardaşlarımız çox diqqətli olsunlar, dövlət qurumlarından uzaq dayansınlar;
- Ölkədən ölkəyə keçən yoldaşlara istənilən yardımı göstərin.
FETÖ liderləri qruplaşma üzvlərinə Ərdoğanın hakimiyyətinin bundan sonra daha da möhkəmlənəcəyini söyləyərək, onları diqqətli olmağa çağırıb.