Avqustun 6-da Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 302 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in mətbuat xidmətindən "Yol-xeber.az"a verilən məlumata görə, monitorinq 242 şadlıq sarayında, 60 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 68 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;
- 2 397 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Yol polisi telefonla danışan sürücüləri kamera ilə cərimələməyə başladı – DİQQƏT - FOTO

Azərbaycanda yol polisi sükan arxasında mobil telefonu əldə tutaraq ondan istifadə edən sürücüləri kamera vasitəsilə aşkar edərək cərimə yazmağa başlayıb. Avtosfer.az-a bununla bağlı müraciətlər daxil olub. Tərtib edilmiş elektron qərarlardan da görünür ki, sükan arxasında mobil telefondan istifadə edən sürücülər 50 manat məbləğində cərimə edilir.

Bunu təqdirəlayiq addım saysaq da, qeyd etmək yerinə düşər ki, İnzibati Xətalar Məcəlləsin 122.1-ci maddəsində xüsusi texiniki vasitələrlə qeydə alına bilən xətalar siyahısında mobil telefona görə cərimə qeyd olunmayıb. Yəni, yol polisi təhlükəsizlik kəmərini taxmayan sürücüyə elektron qərar tərtbib edə bilər. Lakin belə qərar mobil telefondan istifadə edənlərə şamil oluna bilməz.

Bu qaydanı tətbiq etmək vacibdir. Lakin birinci növbədə qanunvercilikdi dəyişiklik edilməlidir.

Yeri gəlmişkən, Bakı Nəqliyyat Agentliyi də qanunda nəzərdə tutulmadığı halda sürücülərə dayanma-durma qaydalarını pozmağa görə elektron qərarlar yazır.

 

Elməddin

 
 
Avqustun 6-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir.

Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 24-27° isti, gündüz 34-39°, bəzi yerlərdə 40° isti, Bakıda gecə 25-27° isti, gündüz 37-39° isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 %, gündüz 25-30 % olacaq.

Abşeron çimərliklərində şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında isti hava şəraiti fonunda zəif küləklərin üstünlüyü və günün bəzi saatlarında havada yaranan durğunluq meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 36-41°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq.

Avqustun 9-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.

"Yol-xeber.az" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır.

Qeyd edək ki, 2021-ci ilin yanvar-may aylarında pensiyaçılara 1 milyard 958 milyon 600 min manat ödənilib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 84,1 mln. manat və ya 4,5% çoxdur.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən bu gün yenidən yanğınların söndürülməsində iştirak etmək üçün Türkiyəyə yola düşürük. Dalaman aeroportunda endikdən sonra həmin ərazilərdə işə başlayacağıq.

"Yol-xeber.az" xəbər verir ki, bu sözləri Fövqəladə Hallar Nazirliyinin Türkiyədə meşə yanğınlarının söndürülməsi üçün Heydər Əliyev adına Beynəlxalq Aeroportundan yola düşən “BE-200ÇS” tipli amfibiya təyyarəsinin bort-mühəndis təlimatçısı Cavid Qəhrəmanov deyib.

O deyib: “Bildiyiniz kimi, biz bir müddətdir orada işləyirdik. Texniki baxış məqsədilə bir günlük Azərbaycana döndük. Burada texniki baxış keçirildi və yenidən dövlətimizin başçısının tapşırığı ilə Türkiyəyə yola düşürük”.

C.Qəhrəmanov heyətin orada qalma müddəti ilə bağlı suala da aydınlıq gətirib: “Bu, yanğından asılıdır. Yəqin ki, yanğının tam söndürülməsinə, bitməsinə qədər biz orada iştirak edəcəyik. Yanğının miqyasından asılı olaraq istiqamətlərimizi dəyişə bilərik. Hər vəziyyətə hazırıq. Təyyarəmiz 20-25 saniyədə 12 ton su götürür. Əlli metr hündürlükdən yanğın ərazisinə su atılır. İndiyədək biz Azərbaycanda və digər ölkələrdə ondan istifadə etmişik. Hər yerdə yanğınların söndürülməsi işi uğurla başa çatıb”.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da ikinci qrup - 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedic Türkiyəyə yola düşüb.

Yanğının əsas mərkəzlərindən olan Muğlanın Kavaklıdərə bölgəsi azərbaycanlı jurnalistlərə də çətin anlar yaşadıb.

Yol-xeber.az xəbər verir ki, meşə yanğının avtomobil yolunu kəsməsi nəticəsində İctimai TV-nin əməkdaşları alovlar arasında qalıblar.

Jurnalistlər yanğınsöndürənlərin müdaxiləsi ilə hadisə bölgəsindən çıxarılıblar.

Bakının bir çox küçə və prospektlərində sıxlıq var.

Bu barədə "Yol-xeber.az"a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, Bakı - Sumqayıt şosesi - Xırdalan dairəsinin tam yanından başlayaraq, bütün şose boyunca, 20 Yanvar dairəsi adlanan istiqamətdə çox güclü sıxlıq müşahidə olunur.

Eyni zamanda Mikayıl Əliyev küçəsi - (Heydər Əliyev prospekti – köməkçi yol istiqamətində), Yavər Əliyev küçəsi - (aeroport şosesinə çıxan yol), Zabrat şosesi - (Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində), Binəqədi şosesi – (əsasən, Biləcəri - Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində), Ziya Bünyadov prospekti – əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq - əsas yolda, 20 Yanvar dairəsi istiqaməti üzrə sıxlıq müşahidə olunur.

Avqust ayına olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Yol-xeber.az”a verilən məlumata görə, avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.

Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın olacaq.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 26-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-3 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 21-26, gündüzlər 30-35, bəzi günlərdə 38-41 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 6-8 mm) olacaq.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 25-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 22-27, gündüzlər 32-37, bəzi günlərdə 40-42 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 6-10 mm) olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 18-22 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 14-19, gündüzlər 22-27, bəzi günlərdə 30-35 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 32-55 mm) olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 25-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 21-26, gündüzlər 31-36, bəzi günlərdə 38-40 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 15-27 mm) olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 23-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 19-24, gündüzlər 27-32, bəzi günlərdə 35-38 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 13-116 mm) olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 26-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 22-27, gündüzlər 33-37, bəzi günlərdə 41-44 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 6-22 mm) olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 22-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 20-25, gündüzlər 28-33, bəzi günlərdə 35-37 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 13-83 mm) olacaq.

Müdafiə Nazirliyindən kadr dəyişikliyi ilə bağlı xəbərlərə münasibət

"Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Azərbaycan Ordusunda ştat dəyişikliyi, şəxsi heyətin rotasiyası, kadr islahatları və Orduya aid digər məlumatların təhrif olunmuş şəkildə və Müdafiə Nazirliyinin rəsmi məlumatına istinad etmədən yayılması ciddi təəssüf və narahatlıq doğurur".

"Yol-xeber.az" xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb. 

Qeyd edilib ki, ümumiyyətlə, şəxsi heyətin, xüsusilə yuxarı çinli zabit heyətinin vəzifə yerdəyişməsi kimi məlumatlar xidməti xarakter daşıyır və hərbi-dövlət sirri sayıla bilər:

"Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etmədən Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Vətən müharibəsində zəfər çalmış qalib Ordu haqda bu kimi məlumatların yayılması və ya sosial şəbəkələrdə əsassız müzakirə obyektinə çevrilməsi Ordumuzun gündəlik fəaliyyətinin təşkilinə mənfi təsir göstərir və əməliyyat şəraitində olan hərbi qulluqçularımızın həyatını təhlükə altına qoya bilər. Bu kimi hallar eyni zamanda Ermənistan xüsusi xidmət orqanlarının məlumatlandırılmasına, onların Ordumuza qarşı apardığı dezinformasiya və "fake news" əməliyyatlarının asanlaşdırılmasına xidmət edir.

Peşəkar, məsuliyyətli və vətənpərvər Azərbaycan mediasının daim və Vətən müharibəsi dövründə xüsusilə Ordumuza göstərdiyi dəstəyi yüksək qiymətləndiririk.

Bununla belə, bəzi media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Xalq-Ordu birliyinə xələl gətirə biləcək informasiya təxribatlarının və məlumatlarının tirajlamasının qarşısının alınmasında fəal olmağa və vətəndaş məsuliyyəti prinsipindən çıxış edərək Orduya dəstək olmağa çağırırıq".

31 iyul 2021-ci il tarixdə saat 23:00 radələrində “Azərsu” ASC-yə məxsus Hövsan Aerasiya Stansiyasının ərazisində yanğın baş vermiş və yanğınla əlaqədar yerində araşdırma aparılmışdır.

Yol-xeber.az zəbər verir ki, bu barədə Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə məlumat yayıb.

Araşdırma zamanı sözügedən ərazidə (200 kv.metr sahədə) 3500 ədədə yaxın istifadəyə yararsız olduğu bildirilən su sayğacının utilizasiya məqsədilə saxlandığı və yanğın nəticəsində onların bir hissəsinin tamamilə yanaraq məhv olduğu, digər hissəsinin isə torpağa basdırıldığı müəyyən olunmuşdur.

Həmçinin araşdırma zamanı məlum olmuşdur ki, yanğın baş verən ərazidə yaşayan əhalinin səhhətində problemlər yaranmış və bu da haqlı narazılığa səbəb olmuşdur. 

Aparılan ölçmələr zamanı müəyyən olmuşdur ki, yanma prosesi zamanı ətraf mühitə 2.192 manat məbləğində ziyan dəymişdir. Faktla əlaqədar inzibati qaydada akt tərtib olunmuş və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə görə Stansiyanın rəisi Əbil Əbilov vəzifəli şəxs qismində 3.000 manat cərimə olunmuşdur. 
Digər xüsusatlarla bağlı araşdırma davam etdirilir.

Xəbər lenti