![]() |
|
Mayın 30-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55%, gündüz 30-35% proqnolaşdırılır.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 29-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacaq.
Məlum olduğu kimi, 2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən, şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyaların 7-ci siniflərinə qəbul prosesinə start verilir.
Təhsil İnstitutu məsələ ilə bağlı növbəti açıqlama yayıb.
“Şagirdlərin lisey və gimnaziyalarda təhsil almağa böyük maraqlarını və tədris ili boyunca imtahan prosesinə hazırlıqlarını nəzərə alaraq bildiririk ki, 2025-2026-cı tədris ilində istisna olaraq V, VI və VIII siniflər üzrə də qəbul prosesi həyata keçiriləcək. Belə ki, mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanında IV, V və VII sinifdə təhsil alan (yəni 2025-2026-cı tədris ilində V, VI və VIII sinfə keçəcək) şagirdlərin də iştirakı təmin ediləcək”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, lisey və gimnaziyalara qəbulun yalnız 6-cı sinifdən aparılması ilə bağlı qərar valideynlərin narazılığına səbəb olmuşdu. Onlar övladlarının bir ildir imtahana hazırlaşdığını, il ərzində ayda bir neçə dəfə sınaqlarda iştirak etdiklərini, verilən qərarın həm maddi, həm vaxt itkisinə səbəb olduğunu bildirirdilər.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb.
Bu mərhələdə Bəylik kəndinə daha 41 ailə – 163 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə 43 mindən çox insan yaşayır.
Qarşıdakı 5 ildə havanın istiliyi rekord səviyyəyə çatacaq.
Bu barədə Ümumdünya Meteorologiya Təşkilatı məlumat yayıb.
Təşkilatın baş katibinin müavini Ko Barret bildirib ki, qlobal iqlim proqnozlarına əsasən qarşıdakı illərdə heç bir geriləmə əlaməti göstərmir:
“Bu o deməkdir ki, iqtisadiyyatlarımıza, gündəlik həyatımıza, ekosistemimizə və planetimizə getdikcə daha çox mənfi təsirlər olacaq. 2025-ci ildən 2030-cu ilə qədər hər il üçün orta illik qlobal səthə yaxın temperaturun 1850-1900-cü illərin (sənayedən əvvəlki dövr) orta göstəricisindən 1,2-1,9 dərəcə yüksək olacağı proqnozlaşdırılır”./bizim.media
Laçında dəfn mərasimlərinə icazə verilib.
Bu barədə APA-ya Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev deyib.
Onun sözlərinə görə, hətta digər ərazilərdə məskunlaşmış laçınlılar da gəlib öz ölülərini burada dəfn edə bilirlər.
Ölmüş şəxslərin əmlakının bölüşdürülməsi zamanı onun yaxınları arasında narazılıqlarla tez-tez qarşılaşırıq. Hətta proses məhkəmələrdə həllini tapsa da, qohumlar arasında inciklik bir ömür davam edir. Bir çox hallarda isə əmlak əsasən ailənin oğlan övladları və onların uşaqları arasında bölünür. Xüsusən də daşınmaz əmlakdan qıza pay verilmir.
Bəs, qanunla ölən şəxsin əmlakını kimlər sahiblənə bilər?
Mülki Məcəlləyə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə, vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur. Yaxud da vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlikdə isə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər ola bilərlər. Bu şəxslər miras qoyanın uşaqları olub-olmadığına baxmayaraq da vəsiyyət üzrə vərəsə ola bilərlər.
Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.
İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.
Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası.
Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər.
Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları.
Burada əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Məsələn, ölənin birinci növbədə vərəsələrindən biri mövcud olarsa, digərlərinin vərəsəliyi istisna olunur.
Həmçinin valideynlik hüquqlarından məhrum edilmiş şəxslər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Eyni zamanda, miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər. Bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Bundan başqa, sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyil. Burada vərəsəlik qarşı tərəfin əmlakdakı payına aiddir. Həmçinin nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. Əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər.
Vəsiyyət üzrə vərəsəlikdə isə şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.
Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə konkret bölgü yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür.
Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyil. Mirasdan məhrum edilmiş şəxs vəsiyyətnaməyə daxil olmamış əmlak hissəsinə, həmçinin vəsiyyət üzrə vərəsələrin mirası qəbul etməkdən imtina etdikləri halda da qanun üzrə vərəsə ola bilməz.
Əgər vəsiyyətnamədə bütün miras əmlak vəsiyyət üzrə vərəsələr arasında bölüşdürülübsə, hətta mirasın açıldığı vaxt vərəsələrdən biri sağ deyilsə, onun payını qanun üzrə vərəsə ala bilməz. Onun əmlak payını vəsiyyət üzrə digər vərəsələr paylarına mütənasib surətdə alırlar.
Lakin bu, mirasın yalnız vəsiyyətnamədə göstərilən vərəsələr arasında bölünməsi mənasına da gəlmir. Belə ki, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı var. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil etməlidir. Yəni, qeyd edilən şəxslər qanuni vərəsə olacaqları halda mirasdan nə qədər pay alacaqdılarsa, məcburi pay bölgüsündə həmin hissənin yarısını əldə etmiş olurlar.
Ancaq miras qoyanın uşaqlarını, valideynlərini və arvadını (ərini) mirasından məhrum etməsi mümkündür. Onları məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər.
Ölən şəxsin nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsəsi yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilibsə, bu halda əmlak dövlətə keçir. Şəxs sosial xidmət müəssisələrinin təminatında olduqda isə qanunla dövlət mülkiyyətinə keçməli olan daşınar əmlak istisna olmaqla həmin şəxslərə məxsus daşınar əmlak onların mülkiyyətinə keçir. (Qafqazinfo)
Bakıda və Abşeron yarımadasında mayın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, 27-dən 28-nə gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-19° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda yağıntılar kəsiləcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.
Dövlət büdcədə elm və təhsilə xərclər ayrılıqda göstərildiyindən bu sahəyə xərclərin az olduğu görünür, amma reallıqda bu belə deyil.
Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, ötən il ümumilikdə təhsil və elm xərcləri 4,4 milyard manat olub və bu da ÜDM-in 3,5-i deməkdir: “Beynəlxalq praktikada elmin və təhsilin ÜDM-də payı 3-5 faiz təşkil edir”.
Nazir onu da əlavə edib ki, büdcədəki digər xərclərdə elmlə bağlı xərclər olub: “Gələcəkdə büdcə xərclərində elm və təhsilə ayrılan vəsaitin ayrıca göstərilməsini nəzərdə tuturuq”.
Nazir elmə ayrılan vəsaitin xərclənməsinin az olmasının digər səbəbi kimi, elm sifarişlərinin icrası ilə bağlı olan məsələdir. “Amma gələcəkdə elmə vəsaitin ardıcıllıqla artırılmasının tərəfdarıyıq”, - nazir qeyd edib.
Xəbər lentini jurnalist əməyinin minimuma endiyi tərcümə xəbərləri üzərində qurmaq peşəkarlıq prinsipləri ilə uzlaşmır.
Bunu APA-ya müsahibəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib.
Əhməd İsmayılovun sözlərinə görə, Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən onlayn media subyektlərinə dəstək layihələri üzrə müsabiqənin qaydalarına dəyişiklik edilərək maliyyələşəcək veb-saytların təqdim etdikləri unikal məzmunun yalnız 25 faizinin tərcümə materialı ola biləcəyi ilə bağlı tələb irəli sürülüb.
“Düşünürük ki, bu addım medianın özünəməxsus məzmun istehsalında növbəti dönüş nöqtəsi olacaq”, - MEDİA-nın İcraçı direktoru vurğulayıb.
Ötən il Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyinin göstərilməsi üçün 10 milyon manat vəsait ayrılıb.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabat”da əksini tapıb.
Məlumata görə, Xankəndi şəhərində abadlıq və bərpa-quruculuq işlərinin davam etdirilməsi üçün isə 8 milyon manat ayrılıb.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 244,8 milyon manat vəsait istifadə olunub.