Vətən müharibəsində itkin düşən hərbçinin nəşi doğulduğu Neftçala rayonuna gətirilib.

 Ölkə.Az xəbər verir ki, Vətən müharibəsində itkin düşərək sonradan şəhid olduğu bilinən kiçik çavuş Quliyev Əkbər Güləhməd oğlunun nəşi bu gün səhər saatlarında doğulduğu Neftçala rayonunun Xıllı qəsəbəsinə gətirilib.

Şəhidin cənazə namazı qılınıb, ruhuna dualar oxunub, sonra şəhidin nəşi paytaxt Bakıya yola salınıb.

Mərasimdə şəhidin doğmaları, Neftçala Rayon İcra Hakimiyyətinin rəsmiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, hərbçilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Valideynlərinin istəyi ilə şəhid Ə.Quliyevin nəşi bu gün Bakıda II Fəxri Xiyabanın yanındakı Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Əkbər Quliyev 2000-ci ildə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. 2020-ci il sentyabrın 21-də təlimlərə qoşulub. Vətən müharibəsi başlanan gündən döyüşlərə qatılıb. O gündən ailəsi ilə bir dəfə də olsun əlaqə saxlamayıb. İtkin düşdüyü güman edilib. Hərbçinin DNT analizindən sonra şəhid olduğu məlum olub.

Allah rəhmət eləsin!

 

 

 

 
 
 
Son 3 ildə minimum əməkhaqqı 116% artıb

Azərbaycanda məşğulluq imkanlarının artırılması və əmək münasibətlərinin leqallaşdırılması istiqamətində aparılan işlər son üç ildə əmək müqavilələrinin sayının 30% artması ilə nəticələnib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, əmək müqavilələrinin sayı 2018-ci ilin əvvəli ilə müqayisədə 393 min artaraq 1 yanvar 2021-ci il tarixə 1 milyon 703 min 249-a çatıb. Özəl sektor üzrə əmək müqaviləsi artımı 63%, dövlət sektoru üzrə 10% təşkil edib. Təkcə 2020-ci ildə əmək müqavilələrinin sayında 149 min və ya 10% artım qeydə alınıb.

Son üç ildə minimum əməkhaqqı 2 dəfədən çox artaraq 250 manata, median əməkhaqqı 66% (o cümlədən dövlət sektoru üzrə 85%, özəl sektor üzrə 36%) artaraq 343 manata çatıb.

Əmək müqavilələrinin sayında və əməkhaqlarında mütəmadi artım əməkhaqqı fondunda da ciddi artımı şərtləndirib. 2018-2020-ci illərdə aylıq əməkhaqqı fondu 81% artıb. Artım özəl sektorda 87%, dövlət sektorunda 76% olub. O cümlədən 2020-ci ildə aylıq əməkhaqqı fondu 12% (o cümlədən özəl sektor üzrə 18%, dövlət sektoru üzrə 6%) artıb.

Bu dövrdə Dövlət Məşğulluq Agentliyi tərəfindən işlə təmin olunanların sayı 107% artaraq 2020-ci ildə 94 minə, o cümlədən ödənişli ictimai işlərlə təmin olunanların sayı 55 dəfəyə yaxın artaraq 48 minə çatıb.

Özünüməşğulluq proqramı ilə əhatə olunanların sayı isə son üç ildə 11 dəfə artırılıb və 2020-ci ildə 12600 nəfər bu proqrama cəlb olunub.

Məlum olduğu kimi, Bakı Nəqliyyat Agentliyi tərəfindən bir neçə küçə və prospektdə avtobus zolaqları çəkilib.

Bu, o deməkdir ki, digər nəqliyyat vasitələri həmin zolaqlara daxil ola bilməz.

Bu zolaqlar yalnız sərnişindaşıma ilə məşğul olan avtobuslar üçün nəzərdə tutulub.

"Avtosfer.az” məlumatına görə, bəzi küçələrdə avtobus zolaqlarının başlanğıcına xüsusi nişanlar qoyulub. Bu nişanlar müəyyən saatlarda digər nəqliyyat vasitələrinin də zolaqlara daxil olmasına icazə verir.

Belə ki, Mikayıl Useynov küçəsində Bayraq meydanından Azneft dairəsinə qədər olan ərazidəki zolağa səhər saat 7-dən axşam 8-ə qədər daxil olmaq qadağandır.

Qara Qarayev prospektində səhər saat 7:00-dan 10:00-a və axşam 16:00-dan 19:00-a qədər zolaqlara girmək qadağandır. Digər saatlarda isə sürücülər həmin zolaqlardan istifadə edə bilər.

Günün pik saatları istisna olmaqla bəzi küçələrdə zolaqlardan istifadəyə icazə verilir. Amma zolağa daxil olmazdan əvvəl diqqətli olmaq lazımdır. Çünki hər küçə üçün ayrıca vaxtlar müəyyən olunub.

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir.

Strategiyaya əsasən növbəti mərhələdə, fevral ayının 17-dən etibarən 50 yaş və daha yuxarı şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyası nəzərdə tutulur.

"Ölkə.Az" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

Sözügedən şəxslər //randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir. Bunun üçün “COVID-19 vaksin randevu” elektron xidmətində vətəndaş ilk olaraq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil edib “Yoxla” düyməsinə basmalıdır. Bundan sonra, vətəndaş təqdim olunan siyahıdan peyvənd məntəqəsini, randevu tarixini və saatını seçib, mobil nömrəsini daxil etməlidir. Qeydiyyat başa çatdıqdan sonra daxil edilən mobil nömrəyə növbənin qeydə alınması ilə bağlı mesaj göndərilir. Mesajda birinci dozanın vurulacağı tarix, saat və məkan qeyd edilir.

Qeyd edək ki, peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki ilkin müraciət zamanı artıq ikinci doza üçün də eyni saat aralığına və məkana avtomatik elektron növbə verilir.

Vətəndaş peyvəndləmə vaxtını və ya məntəqəni dəyişmək istədikdə yenidən qeydiyyatdan keçməlidir.

Təyin olunan vaxtda tibb müəssisəsinə yaxınlaşdıqda vətəndaş qeydiyyatçıya şəxsiyyət vəsiqəsini təqdim etməlidir.

Həmçinin bildirək ki, elektron xidmət vasitəsilə qeydiyyatdan keçməkdə çətinlik çəkən şəxslər ərazi üzrə poliklinikaya zəng edərək qeydiyyatçıya kimliyi barədə məlumat verməlidir. Bu zaman qeydiyyatçı həmin şəxs üçün sözügedən elektron xidmət vasitəsilə onlayn növbənin götürülməsini təmin edir.

Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesi həyata keçirilir.

Baku.ws bildirir ki, bu kateqoriyadan olan şəxslər randevu.its.gov.az saytından və ya ərazi üzrə poliklinikanın qeydiyyat şöbəsi ilə telefon əlaqəsi saxlayıb öz məlumatlarını verərək qeydiyyatdan keçə bilərlər.

Peyvəndə görə qeydiyyatdan keçməli olub, lakin kompüterdən istifadə edə bilməyən vətəndaşlara poliklinikalar yardım göstərir.

Ölkədə 65 yaşdan yuxarı şəxslərin vaksinasiyasının getdiyi bir vaxtda peydənddən imtina edənlərə müəyyən cəzaların tətbiq olunacağı barədə şayiələr yayılmağa başlayıb. Sosial şəbəkədə səslənən iddialara görə, yaşı 65-dən yuxarı olan vətəndaşlara vaksinasiya prosesindən imtina edəcəyi təqdirdə pensiyalarının kəsiləcəyi bildirilib.

Bu iddianın nə qədər doğru olub-olmadığını dəqiqləşdirmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik. Qurumdan baku.ws-in sorğusuna cavab olaraq bildirildi ki, iddialar əsassızdır və həqiqəti əks etdirmir:

"Yaşı 65-dən yuxarı olan vətəndaşların vaksinasiya prosesindən imtina edəcəyi təqdirdə guya pensiyalarının kəsilməsi ilə bağlı məlumatlar tamamilə əsassızdır, yalan və şayiədən başqa bir şey deyil.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu olaraq, pensiya məsələləri ilə bağlı hansısa uydurmalara deyil, yalnız rəsmi qurumlardan yayılan məlumatlara istinad edilməsini tövsiyə edirik".

Ağdaş rayonunun Şəmsabad yaşayış məntəqəsində birinci və ikinci Qarabağ müharibələrində şəhidlik zirvəsinə ucalan 6 nəfər kənd sakininin xatirəsinə tikilən abidənin açılışı olub.

AZƏRTAC xəbər verir ki, xatirə abidəsinin açılış mərasimində rayon icra hakimiyyətinin, gənclər və idman idarəsinin məsul işçiləri, Qarabağ müharibəsi və şəhid ailələri ictimai birliyinin üzvləri, şəhidlərin yaxınları, kənd sakinləri iştirak ediblər.

Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi qələbədən danışılıb, müharibənin heç də itkisiz olmadığı qeyd edilərək Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan vətən oğullarının xatirəsinin əsrlər boyu unudulmayacağı, hər kəsin qəlbində yaşayacağı vurğulanıb.

 

Mərasimdə Şəmsabad kəndində dünyaya göz açan və vətən uğrunda döyüşlərdə şəhid olan 6 nəfər şəhidin - Neman Baxışovun, Əlyəddin Həşimovun, Qürbət Abbasovun, Sabir İbrahimzadənin, Bəşir Lətifovun və Əlibəy Feyruzlunun qısa, şərəfli ömür yolu barədə danışılıb. İkinci Qarabağ müharibəsində kənddən olan yeganə şəhid Əlibəy Feyruzlunun Prezidentin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunduğu bildirilib. Qeyd olunub ki, indi 6 nəfər şəhid doğulub boya-başa çatdıqları kənd qəbiristanlığında uyuyur.

Şəhidlərin yaxınları göstərilən diqqət və qayğıya, söylənilən xoş sözlərə görə minnətdarlıqlarını bildiriblər.

Sonda xatirə abidəsinin üzərində Azərbaycan bayrağı ucaldılıb, məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

 

 
 

Bu gündən səhiyyə işçilərinin ikinci doza vaksinasiyasına başlanılır.
İlk peyvənd vurulmasından 28 gün sonra ikinci doza vaksin tətbiq olunur.

Qeyd edək ki, Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-dən başlanılıb. İlk mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq mühafizə orqanları tərəfindən əksepidemik tədbirlərə cəlb olunan heyət, ikinci mərhələdə isə tibbi yüksək riskli olanlar (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar), 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər, Təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi, yüksək riskli şəraitli işlərdə (cəmiyyətin fəaliyyəti üçün həyati vacib sahələrdə çalışan və əhəmiyyətli dərəcədə daha yüksək riskli sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslərin peyvənd olunacaq.

Ölkədə Çinin SinoVac şirkətinin istehsal etdiyi "Coronavac” peyvəndindən istifadə olunur. sfera.az

Space TV-yə yeni rəhbər təyin olunub.
 Kamil Şahverdiyev kanalın yeni rəhbəri təyin edilib.
 
K.Şahverdiyev əfsanəvi sənətkar Rəşid Behbudovun kürəkənidir. O, kinorejissor Vaqif Mustafayevin telekanala rəhbərlik etdiyi müddətdə "Space” TV-nin icracı direktoru vəzifəsində çalışıb.
 
O, vaxtilə ssenari müəllifi, musiqi tərtibatçısı, musiqi redaktoru kimi işlərin icraçısı olub. "Gülağa Məmmədov”, "Havalansın xanın səsi”, "Hər şey olduğu kimi. Rəşid Behbudov”, "Əminə Dilbazi”, "Lütfiyar İmanov”, "Tofiq Bakıxanov”, "Sara Qədimova” və s. kimi filmlərin çoxunun ssenari müəllifi və musiqi redaktoru məhz Kamil Şahverdiyevdir.
 
Həmçinin o, Rəşid Behbudov Fondunun direktoru kimi fəaliyyət göstərib.
 
Kamil Şahverdi 2017-ci ildə Rəşid Behbudovla bağlı yaradılmış "Rashid Behbudov Official” rəsmi "Youtube” kanalının direktoru olub.
"Müəllimlərin işə qəbulu (MİQ) imtahanının keçirilməsi həm faydalı, həm də ziyanlıdır”.

Bunu təhsil naziri Emin Əmrullayev "Real Tv”yə müsahibəsində deyib.

Onun sözlərinə görə, MİQ-nin tətbiqi özlüyündə bir neçə problemi həll edib: "Misal olaraq bu sahədə korrupsiyanı aradan qaldırır, şəffaflıq yaradır və rəqabətliliyi artırır. Ziyanına gəlincə, müəllim olmaq istəyən namizədlərə fərdi yanaşa bilmirik. Yəni, müəllimi öz kəndinin məktəbinə göndərə bilmirik. Ümumilikdə isə MİQ bu gün üçün faydalıdır. Ona görə də bu gün MİQ həyatdadır. Düşünürəm ki, nə vaxtsa bunun zərəri faydasından çox olacaq təbii şəkildə bu alət sıradan çıxacaq. Çünki onu saxlamaq mümkün olmayacaq”.

Müdafiə Nazirliyi Ağdam rayonunun Xaçındərbətli kəndindən video paylaşıb. 

Həmin görüntüləri təqdim edirik:

Xəbər lenti