Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlılarının hərbi həkimləri Türkiyə-Rusiya birgə Müşahidə Mərkəzindəki rusiyalı zabitlərin COVID-19-a qarşı peyvənd olunmasını başa çatdırıb.

 “Report” xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumata görə, Rusiyalı sülhməramlıların şəxsi heyətinin peyvənd olunması davam edir. Bu kampaniyanın könüllülük əsasında aparıldığı bildirilir. Məlumata görə, indiyədək 1 500 hərbçi peyvənd olunub.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Qarabağda 1 960 sülhməramlı hərbçisinin olduğunu bildirib.

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, fevralın 10-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 2-7, gündüz 13-18, dağlarda gecə 1-6 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz 15-17 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 10-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. 

"Müəyyən məhsulların qiymətində artım var. Amma bu, kütləvi deyil. Hətta kommunal xidmətlər artmasa belə, müxtəlif malların qiyməti həmişə artır”.

Bu sözləri baku.ws-ə açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.

O əlavə edib ki, satışda olan malların böyük əksəriyyəti xaricdən gətirilmədir:
"Xarici ölkədə malın maya dəyərinin artması və ya hansısa məhsulun qıtlığı onun qiymətinin dünya bazarında artmasına səbəb olur. Mən özüm gündəlik marketlərdən alış-veriş edirəm, müəyyən mallarda artım müşahidə edirəm. Bu mallar xarici ölkələrdən gətirilir, yerində müəyyən qədər qiyməti artmış olur.

Bu iqtisadi izahın sadə vətəndaş üçün əhəmiyyəti yoxdur. O, birbaşa istehlak səbətində bu və ya digər məhsulun qiymətinin artmasını görür.

Dövlət tərəfindən minimum əmək haqqı və pensiyaların artması üçün böyük işlər görülür. Eyni zamanda iş yerlərinin artması üçün də ciddi addımlar atılır. İlk növbədə nəzərə almaq lazımdır ki, Azərbaycan uzun müddət əsas problemi olan işğal altındakı torpaqların azad edilməsi üçün ciddi hazırlıq görüb.

Biz istəsək də, istəməsək də büdcəmizin əhəmiyyətli hissəsi hərbi sahəyə gedib. Bundan sonra qeyri-hərbi sahədə iş yerlərinin açılması və əmək haqlarının artırılmasına diqqət yetiriləcək. Uzun çəkməyən dövrdən sonra minimum əmək haqlarının artmasının xəbərini eşidəcəyik”.
Millət vəkili əlavə edib ki, koronavirus pandemiyası zamanı da insanların güzəranına ciddi olmasa da, əhəmiyyətli təsirləri olub:

"İş yerlərinin məcburi surətdə bağlanması, sərhədlərin qapadılması və bu səbəbdən xaricə mal çıxarılması və alınması da qiymətlərin artması və iş yerlərinin azalmasına səbəb olub.
Bütün bunlara baxmayaraq, Dağlıq Qarabağ problemi həll olunub. Hərbi sahəyə cəlb olunan vəsait tədricən mülki sahəyə yönələcək. Koronavirusa yoluxma sayının günü-gündən azalması artıq məhdudiyyətlərin götürülməsi, işçi qüvvəsi və əmtəənin sərbəst hərəkəti ilə nəticələnəcək.
Cənab prezident də müəyyən sahə üzrə rəhbər təyin etdikdə və auditoriya qarşısında çıxış etdikdə hər zaman əməkhaqqı, iş yerlərinin artırılması, insanların sosial rifahının yaxşılaşdırılmasına xüsusi diqqət yetirir. Müəyyən problemlər var və insanların narahatlığını bölüşürük. Bununla bağlı biz parlamentdə vaxtaşırı müəyyən təkliflər irəli sürmüşük. Şəxsən özüm belə bir təklif etmişəm ki, ölkəmizdə işsizliyin səviyyəsi yüksək olan müəyyən regionlarında vergilər azaldılsın. Bununla sahibkarlar daha çox qazanmağa və iş yerləri yaratmağa maraqlı ola bilər”.

“Azəriqaz” İstehsalat Birliyi abonentlərə təbii qazdan istifadəyə görə SMS bildirişlərin göndərilməsinə başlayır.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən rəsmi məlumat yayılıb.

“Yaxın 10 gün ərzində bu prosesi tam reallaşdırmaq planlaşdırılır. İlkin olaraq Bakı şəhəri və Abşeron yarımadası üzrə borcu ən azı 10 manat olan 40 min abonentə SMS bildirişlərin göndərilməsi nəzərdə tutulub. Sonrakı mərhələdə isə proqram təminatı təkmilləşdirilməklə, bildirişlərin göndərilməsinin əhatə dairəsi genişləndiriləcək.

Sizdən xahiş edirik ki, istifadənizdə olan mobil telefon nömrəsini və qaz sayğacının fotosunu 077 3 104 104 saylı whatsap nömrəsinə göndərin. Məlumatlarınız abonent bazasının mövcud məlumatları ilə bir daha yoxlanılacaq. Əgər bazada ümumiyyətlə yoxdursa, əlavə ediləcək.

“Poçt göndərişlərinin gömrük yoxlamasının uzun müddət ərzində aparılması ilə bağlı iddialar tamamilə əsassızdır”.
Bunu Oxu.Az-a açıqlamasında Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov gömrükdə məhsulların gecikdirilməsi və “Smart customs” tətbiqinin düzgün işləməməsi ilə bağlı iddialara cavab verərkən deyib.

O bildirib ki, sürətli poçt xidməti lisenziyasına malik olan şirkətlər tərəfindən ölkə ərazisinə gətirilən mal partiyasına gömrük nəzarəti tədbirləri mallar gömrük orqanına təqdim edildiyi andan bir neçə saat, maksimum bir gün ərzində həyata keçirilir və bağlamaların gecikdirilməsi isə daşıyıcı şirkətlərin öz işini düzgün qurmaması səbəbindən baş verir:


“Belə ki, bəzən daşıyıcı şirkətlər qanunvericiliklə müəyyən edilmiş dəyər həddini aşan bağlamaların, barəsində gömrük nəzarəti başa çatmış yük partiyalarından ayırıb gömrüyə təqdim edilməsi prosesinə günlərlə vaxt sərf edir. Nəticədə praktiki iş prosesini düzgün qurmayan həmin şirkətlər vətəndaşlara məxsus bağlamaları gecikdirir.

Digər tərəfdən bir sıra hallarda daşıyıcı şirkətlər biznes prosesində ləngiməklə yanaşı, kütləvi endirimlər dövründə yük həcmini qəbul etməkdə çətinlik çəkir və malları gömrükdən çıxarsalar da, öz anbarlarına yerləşdirə bilmir”.

İdarə rəisi əlavə edib ki, bəzən terminalla və ya daşıyıcı aviaşirkətlərlə yaranan problemlərlə əlaqədar mal partiyasını anbardan çıxara bilməyən şirkətlər malın hərəkət statusunu “gömrükdə” olaraq göstərir:

“Vətəndaşların müraciətləri əsasında aparılan araşdırmalar göstərir ki, əslində bu hallarda mallar daşıyıcı şirkətlərin özündədir, lakin böyük həcmdə yükləri idarə edə bilmədiklərinə görə ona “gömrükdə” statusu verməklə “işgüzar imiclərini” qorumağa çalışırlar.

Hava gəmisinin maksimum uçuş müddətinin bir neçə saat sürməsinə baxmayaraq, daşıyıcı şirkətlərin bir bağlamanın yolda olma müddətini vətəndaşlara 5-10, gömrük yoxlaması statusunu isə bəzən 10-20 gün kimi bildirməsi məntiqsizliklə yanaşı, etibardan sui-istifadə etməklə insanları aldatmaqdır.

Həmçinin, Dövlət Gömrük Komitəsi bildirir ki, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bağlamalarının uzun müddət gömrük baxışında olduğunu iddia edən vətəndaşlar daşıyıcı şirkətlərin nümayəndələri ilə birgə malların saxlandığı anbara gələ, bağlamanın yubanması səbəblərini gömrük əməkdaşları ilə birgə araşdıraraq müəyyənləşdirə bilərlər”.

Bəzi poçt bağlamalarının əsassız olaraq saxlanılması ilə bağlı məsələyə də aydınlıq gətirən Natiq Axundov qeyd edib ki, fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan poçt göndərişləri yalnız qanunvericilikdə müəyyən edilmiş gömrük dəyəri həddini aşdıqda, aidiyyəti dövlət orqanlarının rəy və icazələri tələb olunduqda, ya da qanunvericilikdə nəzərdə tutulan digər hallarda saxlanıla bilər:

“Fiziki şəxslər tərəfindən poçt və ya daşıyıcı şirkətlər vasitəsilə xaricdən edilən sifarişlərin gömrük rəsmiləşdirilməsi “Smart customs” mobil tətbiqi və “e.customs.gov.az” elektron portalı üzərindən həyata keçirilir və xaricdən edilən hər bir sifarişin gömrük orqanına bəyan edilməsi zəruridir.

Bütün gömrük əməliyyatları, o cümlədən gömrük ödənişləri onlayn qaydada həyata keçirilir və vətəndaşların gömrük orqanına gəlməsinə ehtiyac yoxdur.

“Smart customs” mobil tətbiqinin əsas üstünlüklərindən biri də məhz, aylıq 300 dollar limiti keçən zaman gömrük ödənişlərinin onlayn qaydada həyata keçirilməsidir ki, bu da vətəndaşların gömrük orqanlarına gəlməsi zərurətini aradan qaldırır. Hazırda bəyanetmə prosesində də heç bir problem yoxdur”.

O əlavə edib ki, yanvarın əvvəlində texniki problem yaranıb və vətəndaşlar bununla bağlı məlumatlandırılıb.

“Bəyanetmənin gecikdirilməsinə gəldikdə isə, o halda sifariş olunan məhsul anbarda saxlanılır və bəyan edildikdən sonra istehlakçı məhsulunu götürə bilər”.

DİN-dən əhaliyə müraciət

Daxili İşlər Nazirliyi ölkə əhalisinə müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, müraciətdə deyilir: 

“Müvafiq icazə almadan, eləcə də nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə mülki şəxslərin keçmələrinin onların həyat və sağlamlıqları üçün ciddi təhlükə olması və buna görə də belə hərəkətlərdən çəkinmələri barədə dəfələrlə xəbərdarlıqlar edilib. 

Lakin buna baxmayaraq hələ də ayrı-ayrı şəxslərin öz həyat və sağlamlıqlarını təhlükə qarşısında qoyaraq nəzarət postlarından kənar yollarla işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə daxil olmaları barədə faktlara hələ də tez-tez rast gəlinir. Bu cür təhlükəli halların qarşısının vaxtında alınması məqsədilə aidiyyəti dövlət qurumlarının, o cümlədən daxili işlər orqanlarının əməkdaşları tərəfindən zəruri qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilir, qanunsuz yollarla ərazilərə keçən şəxslər aşkar edilərək barələrində qanunvericiliyin tələbinə uyğun inzibati tədbirlər görülür.

Hazırda bu ərazilərdə mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatları da davam etdirilir.

Odur ki, bir daha vətəndaşlarımızı ərazilərin minalardan tam təmizlənməsi işi başa çatanadək belə səfərlərdən çəkinməyə çağırırıq. Əks təqdirdə belə səfərlər onların həyat və sağlamlıqlarını itirmələri ilə yekunlaşa bilər”.

 

 

 
 
 
Müharibə başa çatdıqdan sonra 57 hərbçi minaya düşüb

Vətən Müharibəsi başa çatdıqdan sonra işğaldan azad edilən ərazilərdə minaya düşərək həlak olan və xəsarət alan hərbçilərin sayı məlum olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, 10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 5 hərbi qulluqçu həlak olub, 52 hərbi qulluqçu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Son zamanlar bəzi erməni mənbələrinin yazdığına görə, Ermənistan rəhbərliyi Mehri dəhlizinin Ermənistana məxsus olduğunu iddia edir. Lakin Ermənistanın və Rusiyanın dövlət arxivlərində olan sənədlər sübut edir ki, Mincivan–Ordubad nəqliyyat dəhlizinə məxsus bütün infrastruktur Azərbaycana məxsus olub.

Bunu Trend-ə Beynəlxalq Memarlar Akademiyası Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü Faiq İsmayılov deyib.

Mehrinin ümumilikdə Ermənistan ərazisi olmadığını deyən F.İsmayılov deyib ki, dəhliz Araz çayı boyunca İranla həmsərhəd olduğundan ermənilər bu əraziyə xüsusi icazələri olmadan buraxılmırdılar. SSRİ xüsusi xidmət orqanları yalnız xüsusi buraxılışı olanlara şəhərə keçməyə icazə verirdi.

 

Alim qeyd edib ki, Mehri şəhəri 1929-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Levon Mirzoyan tərəfindən Ermənistana bağışlanmışdı. Mehri Azərbaycanı Naxçıvanla birləşdirən yeganə dəhliz idi.

F.İsmayılov deyib ki, Mehri rayonunun keçmiş adının “Mığrı” olması həmin bölgənin yerli əhalisinin azərbaycanlı olduğunu təsdiqləyir:

“Mehri adının ermənicə izahının heç bir mənası yoxdur. Bu yerin adı qədim mənbələrdə Mehri kimi göstərilir. Mehri toponimi isə Mehranilər sülaləsinin banisi Mehranın adı ilə əlaqələndirilir. Şəhərin Mehran tərəfindən salındığı güman edilir. Digər bir mənbəyə görə isə Meğri adı “meğ”, “mağ”, “muğ” anlamını saxlayıb və bu yerlərdə qədim türk tayfalarının yaşadığına tutarlı dəlildir. 1991-ci ildə rayonun Mehri, Aldərə, Lök, Maralzəmi, Lehvaz, Mığrı, Astazur, Nüvədi kəndlərinin azərbaycanlı əhalisi Ermənistan tərəfindən zorakılığa və etnik təmizləməyə məruz qalaraq yaşadıqları əraziləri tərk ediblər. Sovet dövründə hər kəsin buraxılmadığı bu şəhərə, Ermənistanın Azərbaycan ərazilərini işğalından sonra, Ermənistanın digər şəhər və kəndlərindən eləcə də İrandan çox sayda insan və yük maşınları gəlməyə başladı və bir çoxları burada məskunlaşdılar”.

Mehri rayonunun sovet dövründə Azərbaycanın Ermənistan üzərindən nəqliyyat dəhlizi rolunu oynadığını nəzərə çatdıran F.İsmayılov bildirib ki, 1936-cı ildə Bakıdan çıxan ilk qatar Mincivan – Culfa dəmir yolu xətti ilə Qafanın mis mədənlərinə gəldi. Bundan sonrakı dövrlərdə Bakı – İrəvan, Moskva – Naxçıvan – Tehran marşrutları ilə sərnişin və yük qatarları SSRİ-nin süqutuna qədər bu dəhliz vasitəsi ilə müntəzəm olaraq işlədi.

Mütəxəssis əlavə edib ki, Mincivan – Culfa dəmir yolu dəhlizi bütün tarixi boyu Azərbaycanın nəzarətində olub. Stansiyalara və bütün infrastrukturlara nəzarət, biletlərin satışı və qatarların hərəkət cədvəlini Bakı təmin edirdi. Dəhlizin təhlükəsizliyini SSRİ Sərhəd qoşunları həyata keçirirdi:

“Qatarların fəaliyyəti 1991-ci ilə qədər davam etdi. 1988-ci ildən Ermənistanda baş qaldıran qanunsuz silahlı dəstələr qatarların hərəkətinə mane olmağa başladı. Belə ki, bu silahlı dəstələr sərnişinlərə xəsarət yetirir, onları soyur, yüklərini əllərindən alaraq mənimsəyirdilər. Son yük qatarı bu dəhlizdən 1992-ci ildə Arazboyu keçərək öz fəaliyyətini sona çatdırdı. Bundan sonra Naxçıvan blokadaya düşdü”.

F.İsmayılov deyib ki, dəhlizdə hərəkət dayandırıldıqdan sonra dəhliz boyu Azərbaycana məxsus stansiyalar və depolar qarət olunaraq yandırıldı. Erməni separatçıları Mincivan – Culfa, Ağdam – Əsgəran – Xankəndi dəmir yolu magistralındakı dəmiryol reyslərini, dəmir dirəkləri, məftilləri və hətta bütöv vaqonları İranın İsfahan və digər şəhərlərdəki metaləritmə zavodlarına satırdılar:
“Mehri stansiyasından tapılan biletlər, aylıq illik yoxlama sənədləri göstərir ki, bu stansiyada aparılan işlərin Ermənistana aidiyyəti olmayıb. Bundan belə bir nəticə çıxır ki, nəqliyyat dəhlizi boyu yerləşən bütün infrastruktura Azərbaycan cavabdehlik daşıyıb. Burada belə bir sual meydana çıxır. Əgər bu ərazi Ermənistana məxsus olubsa, o zaman niyə ermənilər tərəfindən dağıdılıb?”

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakıda koronavirus infeksiyasının ən geniş yayıldığı ərazi məlum olub.

Paytaxt üzrə ən yüksək yoluxma yenidən Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Bakıda yoluxanların 15,1 %-i Binəqədinin payına düşüb.

Sonrakı yerlərdə 13,1 %-lə Xətai, 12,2 %-lə Yasamal, 10,8 %-lə Sabunçu, 8,2 %-lə Suraxanı, 8,1%-lə Nərimanov, 7,8 %-lə Nəsimi, 7 %-lə Nizami, 6,9 %-lə Xəzər, 5,3 %-lə Qaradağ, 5 %-lə Səbail, 0,5 %-lə isə Pirallahı rayonları qərarlaşıb.

Vətən Müharibəsi iştirakçılarına "Müharibə Veteranı" adının verilməsi ilə bağlı komissiya yaradılıb.

Komissiya "Müharibə Veteranı" adı veriləcək iştirakçıların siyahısını müəyyənləşdirəcək və müvafiq təkliflər hazırlayaraq Nazirlər Kabinetinə təqdim edəcək.

Müharibə iştirakçılarına veteran adının verilməsi zamanı hansı meyarlar nəzərə alınacaq?

Bu suala cavab olaraq hərbi ekspert Emil Həsənli ARB24-ə bildirib ki, müharibədə iştirak etmiş bütün şəxslər - səfərbərliklə cəlb edilmiş, aktiv hərbi əməliyyatlarda iştirak etmiş, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları, o cümlədən həkimlər və digərlərinin siyahısı müəyyənləşəcək.

Xəbər lenti