|
Son günlər bəzi elektron kütləvi informasiya vasitələrində “Cavid Qurbanov yanlış proqnoz verir: dəmir yollarına ayrılan milyonlarla vəsaitə təhlükə yaranıb” başlığı altında heç bir həqiqətə söykənməyən məlumatlar yayılmaqdadır.
Bununla bağlı aşağıdakıları bildirməyi vacib sayırıq. Əvvəlcədən qeyd edək ki, bu informasiyalar tamamilə yanlışdır və əsassızdır. Belə məlumatları yaymaq dəmiryolçuların işgüzar imicinə ləkə atmaqla yanaşı, həm də oxucular arasında yanlış fikir yaratmaq məqsədi daşıyır.
Yazıda özünü tanınmış mütəxəssis və ekspert kimi təqdim edən Bayram Abbasov heç olmazsa, dəmiryolunun peşəkar işinə qərəzli yanaşmadan öz fikirlərini ifadə edə bilərdi. Onun harada və necə tanınmış olduğunu uzun illər bu sahənin fəaliyyətinə ömür həsr etmiş dəmiryolçular yaxşı xatırlayırlar. Əgər tarixin yaddaşında mövcud olan və onun dəmir yolunda fəaliyyəti ilə bağlı faktlara ehtiyac duyarsa, onları xatırlada bilərik. Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti dövründə orta texniki peşə təhsili ilə Bakı lokomotiv deposunda tutduğu sıravı vəzifədən o vaxt Azərbaycan Dövlət Dəmir Yolu rəisinin müavini vəzifəsinə yüksəldilmiş B.Abbasov bunlardan niyə danışmır? Ümumiyyətlə qabiliyyət, haqqa güvənc, zəhmətsevərlik və istedad insanın mahiyyət məsələsidir. Cəmi bir il Azərbaycan Dövlət Dəmir Yolu rəisinin müavini vəzifəsində işləməklə Bayram Abbasov hansı nailiyyətlərdən və genişmiqyaslı layihələr barədə danışır?
B.Abbasov qeyd edir ki, sovet hakimiyyətinin süqutundan sonra 30 mindən artıq yük vaqonu, minlərlə lokomotiv və sərnişin vaqonları Azərbaycan Dəmir Yoluna qalıb. Həmin əmlakın hansı vəziyyətdə olduğunu görəsən unutmayıb ki? O ki, qaldi refrijerator vaqonların istismarına, 1992-ci ildə Bayram Abbasovun da rəhbərlərindən biri olduğu dəmir yolu tərəfindən yüzlərlə vaqon hansısa marağa görə Gürcüstan Respublikasına icarəyə verildi və Azərbaycan Dəmir Yolu illərlə bu problemin ağrılarını yaşadı. Silnmiş vaqonlara gəldikdə isə bu artıq istismar ömrü bir neçə dəfə başa çatmış tam yararsız vəziyyətə düşmüş vaqonlar idi.
Yaxud, yollarda sürət həddinin aşağı olmasından gileylənən “tanınmış mütəxəssis” niyə dəmir yolunda aparılan əsaslı islahatları görməzdən gəlir. 2015-ci ilin yazından üzü bəri dəmir yolunun Bakı-Böyük Kəsik, Bakı-Sumqayıt, Bakı-Astara istiqamətlərində 1000 kilometrdən artıq yol əsaslı təmir edilmiş, təxminən o sayda yoldəyişən qurğular yeniləri ilə əvəzlənmişdir. Son illər dəmir yolunda mütərəqqi standartların tələblərinə cavab verən innovativ texnologiyaların tətbiq olunması dövrü başlanmışdır. Buna misal kimi, enerji təchizatının sabit cərəyandan dəyişən cərəyana keçirilməsi, işarəvermə və rabitə sisteminin modernləşdirilməsi, yol təsərrüfatının sağlamlaşdırılması, lokomotiv və vaqon parklarının yenilənməsi və s. sahələrin müasir tələblər səviyyəsinə çatdırılması üzrə bir çox irimiqyaslı layihələri qeyd etmək kifayətdir.
Hazırda 10 ədəd Qazaxıstanda yeni istehsal edilmiş TE33A Evalution tipli teplovoz alınaraq istismara verilmişdir. Bu TE33A “Evalution” tipli teplovozlar müasirliyi və dizel yanacağının sərfiyyatına görə iqtisadi cəhətdən sərfəli olmaqla yanaşı dəyişən cərəyanla işləyən asinxron dartı mühərriki ilə təchiz edilib.
Şərq-Qərb Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsini təşkil edən Bakı-Böyük Kəsik dəmir yolu xəttində elektrik təchizatı sisteminin sabit cərəyandan dəyişən cərəyana keçidi ilə əlaqədar “ADY” QSC-də həyata keçirilən layihələrdən biri də dəyişən cərəyanla işləyən Fransanın “Alstom Transportation S.A.” şirkətinin istehsalı olan 50 ədəd yeni elektrovozun alınmasına başlanılmış, dəyişən cərəyanla işləyən 11 ədəd yük lokomotivi və ikili elektrik təchizatı sistemində (sabit və dəyişən cərəyanlı) işləyən 10 ədəd sərnişin lokomotivi ölkəyə gətirilmişdir. Bu lokomotivlərin mütərəqqi istismar standartlarına uyğun saxlanılmasına və texniki baxışına imkan yaradan Biləcəri və Gəncədə iki müasir lokomotiv deposunun tikintisi və quraşdırılması üzrə tikinti işlərinin icrasına başlanılıb.
Eyni zamanda “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən Rusiyadan 3000-dən artıq müasir müxtəlif növlü yük vaqonları alınaraq istismara verilib.
Bakı dairəvi dəmir yolunun inşası ilə bağlı Bayram Abbasovun dediklərinə gəlincə, görünür onun reallıqdan xəbəri yoxdur. Belə ki, bu gün dairəvi yolla bağlı gecikmiş təklifi ilə əlaqədar bildiririk ki, Biləcəri, Xırdalan marşrutundan Sumqayıt sərnişin stansiyasına birbaşa gediş üçün 2015-ci ildə 1,6 km uzunluğunda birləşdirici iki xətli dəmir yolu çəkilmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, əvvəlki dövrdə bu marşrutla Sumqayıt sərnişin stansiyaına çıxmaq üçün qatar Sumqayıt Baş stansiyasına girməli, sonra manevr edərək Sumqayıt sərnişin stansiyasına daxil olurdu və 1 saat 30 dəqiqəyədək vaxt itirilirdi. Məhs Cavid Qurbanovun təklifi və təşəbbüsü ilə bu yeni birləşdirici dəmir yolu xətti tikildi və bu gün Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatarlar 38 dəqiqəyə mənzil başına çatmağa malikdir. Buda öz növbəsində sərnişinlərin rahatlığını təmin edərək, sərnişin axınının artmsına səbəb olmuş və nəticədə bu istiqamətdə orta sutqalıq 15000-ə yaxın sərnişin daşınmaqdadır. Abşeron yarımadasında mövcud dəmir yolu xətlərinin yenidən qurulması və dəmir yolu şəbəkəsinin təkmilləşdirilməsi, stansiya binalarının yenidən qurulması prosesi sürətlə davam etdirilir. Belə ki, 2018-ci ilin mart ayında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalamışdır. Sərəncama əsasən, Abşeron yarımadasında mövcud dəmir yolunun bütün infrastrukturunun yenidən qurulması və dəmir yolu şəbəkəsinin təkmilləşdirilməsi üzrə mühüm işlər görülmüşdür:
“Bakı sərnişin – Sabunçu – Pirşağı – Sumqayıt sərnişin – Xırdalan – Biləcəri – Bakı sərnişin dairəvi dəmir yolu xəttinin yenidən qurulması” layihəsi üzrə artıq Zabrat 1, Zabrat 2, Məmmədli, Pirşağı, Görədil, Novxanı stansiyaları və xətt üzrə dayanacaqlarda inzibati və vağzal binaları, platforma və turniket məntəqələri, telefon şəbəkəsi və liftlərin quraşdırılması işləri tamamlanmışdır. Hərəkətin tam təhlükəsizliyini və sərnişinlərə göstərilən yüksək xidmət səviyyəsini təmin etmək məqsədilə Sabunçu, Muxtarov, Məmmədli, Kürdəxanı, Saray və Sumqayıt stansiya boğazlığında avtomobil alt keçidləri, Nərimanov, Bakıxanov, Zabrat 1, Muxtarov, Məmmədli, Pirşağı, Görədil və Novxanıda piyadalar üçün müasir alt və üst keçidləri inşa edilmişdir. Bakı şəhərinin müasir mənzərəsinə cavab verən Bakı sərnişin vağzalı yenidən qurulmuşdur.
Dairəvi dəmir yolunda görülən işlərin nəticəsi olaraq Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 21 may 2019-cu ildə Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak etmiş, yeni inşa edilən Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olmuşdur. Cari ilin noyabr ayında dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurmadan sonra açılışı olmuşdur. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir. 2019-cu ilin dekabr ayının əvvəlində Bakı-Pirşağı-Bakı istiqamətində İsveçrənin “STADLER Rail Group” şirkətinin istehsal etdiyi ikimərtəbəli yüksək komfortlu qatarlar sərnişinlərin istifadəsinə verilmişdir. Sərnişinlərin rahatlığı üçün Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarına bilet satışı plastik kartlar vasitəsilə təşkil edilmişdir.
Bundan əlavə İsveçrənin (Stadler Rail Group) şirkətindən 2 ədəd yeni ikimərtəbəli KİSS tipli 4 vaqonlu elektrik qatarı alınaraq Bakı-Gəncə-Bakı marşrutunda istismara buraxılmışdır. Hal-hazırda bu məsafəni (dayanacaqlar nəzərə alınmaqla) sürət elektrik qatarlarının sürətinin saatda 135 km-rə qaldırmaqla 4 saat 15 dəqiqədən 3 saat 45 dəqiqəyə çatdırılmışdır. Qatarın yolda olma vaxtının 3 saat 30 dəqiqəyə çatdırılması qarşıya hədəf qoyulmuşdur. Hal-hazırda alınmış 9 ədəd yeni ikimərtəbəli KİSS tipli 4 vaqonlu elektrik qatarı ölkənin dəmir yollarında istismar olunur.
2018-ci ildən Slovakiya Respublikasında əsaslı-bərpa təmir olunmuş 8 (səkkiz) ədəd komfortlu oturacaq tipli sərnişin vaqonları Ordubad-Naxçıvan-Şərur marşrutunda istismara buraxılmış, eyni zamanda Naxçıvan Muxtar Respublikasının Ordubad stansiyasında yeni vağzal binası inşa edilərək istismara verilmişdir.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə Bakı-Tbilisi-Ankara marşrutunda istismar ediləcək sərnişin qatarı üçün İsveçrənin “STADLER Rail Group” şirkətinin istehsal etdiyi 10 ədəd sərnişin vaqonu cari ilin mart ayında ölkəyə gətirilmişdir. Alstom şirkətinin istehsal olan yeni Az4A tipli elektrovozla bu vaqonlardan ibarət qatarla Bakı-Tbilisi-Qars marşrutunda sınaq testi keçirilib.
Bayram Abbasov bildirir ki, İsveçdən alınmış vaqon və qatarlar təmirdən çıxmışdır, yeni deyil. Abbasovun nəzərinə çatdırırq ki, bu vaqon və qatarlar İsveçin yox, İsveçrənin dünyada tanınmış və öz sözünü demiş yüksək texnologiyaya malik “Stadler Rail Group” şirkətinin istehsalıdır, yeni və innovativ hərəkət tərkibləridir. Artıq 4 ildən çoxdur ki, ADY-də istismar olunan bu elektrik qatarları yüksəkkomfortu və rahatlığı sərnişinlərin rəğbətini qazanıb.
Məlumat üçün bildiririk ki, 1994-cü ilədək Bakı sərnişin stansiyasından Şimal istiqamətində beynəlxalq sərnişin qatarından: 7 qatar hər gün, 1 qatar günaşırı, 1 qatar həftədə iki dəfə və 1 qatar həftədə üç dəfə hərəkət edirdi. Lakin Çeçenstan və Dağıstan Respublikalarındakı müharibə vəziyyəti nəticəsində 1994-cu ildən 1997-ci ilədək Şimal istiqamətində bütün sərnişin qatarlarının hərəkəti dayandırılmış və dəmiyol blokadası baş verib.
Sərnişin qatarlarının təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə ikitərəfli razılığa əsasən Rusiya Federasiyası və Ukrayna Respublikasına gedən sərnişin qatarlarının 1997-ci ildən Həştərxan stansiyasından buraxılması qərara alınıb.
Kizlyar-Həştərxan sahəsində birxətli dəmi yolu olduğunu və bu sahədə qatarların buraxma qabiliyyətinin məhdudluğunu nəzərə alaraq, yuxarıda qeyd olunan sayda sərnişin qatarlarının bərpası mümkün deyildi. Belə ki, 1997-ci ilin may ayından Bakı-Moskva, iyul ayından Bakı-Kiyev və oktyabr ayından Bakı-Rostov sərnişin qatarlarının hərəkəti bərpa edilib.
İnfrastrukturun yenilənməsində əvəzsiz olan müasir dəmiryol təmiri maşın və mexanizmləri alınaraq yenidənqurma və cari işlərdə iş məhsuldarlığını kəskin surətdə artırmışdır. Keçmiş həmkarımıza xoş olmasa da bütün bunlar məhz Cavid Qurbanovun rəhbərliyi dövründə həyata keçirilib.
Həmin yazıda o da qeyd olunur ki, Cavid Qurbanovun rəhbərliyi dövründə bir çox peşəkar mütəxəssis işdən uzaqlaşdırılıb. Hal-hazırda dəmir yolunda uzun illərlə çalışmış və bu gün də fədakar əməyi ilə ön sırada gedən minlərlə dəmiryolçunun adını çəkə bilərik. Gənc kadrlara gəldikdə isə: bu gün dəmir yoluna gəlmiş və artıq öz həyatını bu sahə ilə bağlamış yeni kadrlar bir neçə xarici dil və müasir kompyuter proqramı bilən innovativ düşüncəyə malik olan yüksək mədəniyyət və davranış nümayiş etdirən gənclərdir. Dəmir yolu nəqliyyatında böyük bilik və təcrübəyə malik olan dəmiryolçular bu gənclərlə bilik və bacarıqlarını həvəslə bölüşürlər.
Qeyd olunan texniki inkişafla yanaşı məhs Cavid Qurbanovun rəhbərliyi dövründə dəmiryolçuların rifahını artırmaq və həyat şəraitini yaxşılaşdırmaq məqsədilə son dörd il ərzində 200-dən artıq mənzil verilmişdir. Mənzil alanların sırasında hətta hal-hazırda təqaüddə olan insanlara da şamil olunmuşdur. Bu addımlar ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Eyni zamanda işçilərin orta aylıq əməkhaqqı 95 faizədək artırılaraq 130 manatdan 583 manatadək artırılıb.
Azərbaycanda turizmin inkişafı məqsədilə, eyni zamanda dəmiryol şəbəkəsinin genişləndirilməsi üçün bu gün Ləki-Qəbələ xəttinin tikintisi davam etdirilir və Xudat-Şahdağ xəttinin layihələndirilməsi üzrə işlər başa çatdırılmaqdadır. Qeyd etmək lazımdır ki bu tədbirlər sosiyalyönümlü xarakter daşıyan dövlət siyasətidir.
Xatırladırıq ki, informasiya əldə etmək haqqında Azərbaycan Respublikasının Qanununun 10.4.8-ci bəndinə əsasən, informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır.
Son olaraq bildiririk ki, dəmir yolunda bir çox irihəcmli layihələr icra olunmaqdadır. Bakı-Tbilisi-Qars, Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb kimi beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində, ölkənin tranzit potensialının artırılması istiqamətində atılan uğurlu addımlar ölkə ictimaiyyətinə yaxşı məlumdur. KİV-lərdə qarşı tərəfin mövqeyini öyrənmədən, faktları araşdırmadan belə yazıları yaymaq qeyri-peşəkarlıqdır. Belə müəlliflərin yazdıqları “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində aparılan əsaslı islahatlara kölgə salmaqdan başqa bir şey deyildir.
Əlirza Süleymanov,
“Azərbaycan Dəmir Yolları”
Qapalı Səhmdar Cəmiyyəti sədrinin
birinci müavini