Yeni dərs ilinin başlaması münasibəti ilə məktəbli alış-verişinə start verilib.

Bu alış-verişin əsas komponenti isə məktəbli geyimidir. Valideynlərin bu barədə marağını nəzərə alaraq yolumuzu Bakı Tikiş Evindən (BTE) saldıq.

Müəssisə 1937-ci ildən Volodarski adına tikiş fabriki olaraq fəaliyyətə başlayıb. 1999-cu ildə özəlləşdirilərək “Bakı Tikiş Evi” Açıq Səhmdar Cəmiyyəti olub. 1991-ci ildə əsgər və zabitləri müxtəlif çeşidlərdə geyimlərlə təmin edən müəssisə 2010-cu ildən bəri məktəbli geyimləri də tikir.

Ziyarətimiz günün axşam saatlarını dəng gəldiyindən BTE-də adam az idi. İki-üç alıcı vardı ki, onlar da ödəniş edib çıxdılar. BTE-nin satış şöbəsinin rəisi Etibar Əzimovla məktəbli geyimlərinin qiymətləri və keyfiyyəti haqda soruşuruq: “8 ildir ki, məktəbli geyimləri tikirik. Bundan əvvəl də ciddi hazırlıq prosesi keçmişik. 50-dən çox ölkənin məktəbli geyimi modellərini götürmüşük, onların əsasında Azərbaycan məktəbliləri üçün yeni modellər müəyyən etmişik. Valideyn-Müəllim Assosiasiyasının, məktəb direktorlarının, şagirdlərin, KİV-lərin iştirakı ilə 4 model - 1-6-cı siniflər üçün, aşağı siniflər üçün oğlan-qız və 7-11-ci siniflər üçün oğlan-qız geyimlərinin istehsalı bizə tövsiyə olunub. Məhsullarımız, istifadə etdiyimiz parçalar çox keyfiyyətlidir. Parçalarımız Avstriyanın müstəqil laboratoriyasında yoxlanılıb və ona uyğunluq və keyfiyyət sertifikatları var. Bu parçalar uşaqların bədəninə yararlıdır, heç bir mənfi təsiri yoxdur. Valideynlər bizə deyir ki, böyük uşağın paltarını sonra balaca qardaşı da geyinir. Bizim geyimlərin rəngi solmur, paltaryuyan maşında yun rejimində 40 dərəcə temperaturda yuyursan və ütüləyirsən, olur təptəzə. Parçalarımızı Türkiyənin Sabançı işadamının fabrikasından alırıq”. 
Qiymətlər isə dəyişməz qalır. 1-6-cı siniflər üçün 26-44 ölçülü kostyumlar (oğlan/qız) 40 manat, 7-11-cı siniflər üçün 32-54 ölçülü kostyumlar (oğlan/qız) isə 46 manatdır. Müsahibim deyir ki, bir zamanlar məktəbli formalarını dəst halında satışlarmış: “Kostyum az geyilir, şalvar çox. Ona görə də kostyum təzə qalır, şalvar ona nisbətən daha tez dağılır. Valideynlər narazılıq edirdilər ki, bizə pencək lazım deyil, ancaq şalvar istəyirəm, yaxud ətək. Ona görə də biz bu dəst söhbətini yığışdırdıq. Hamısına ayrı-ayrılıqda qiymət yazdıq”.

Artıq valideynlər övladları üçün məktəbli geyimləri tək-tək də ala bilərlər. 1-6-cı siniflər üçün 26-44 ölçülü şalvarlar və ətəklər - 15, köynəklər isə - 8, pencəklər isə - 25 manatdır. 7-11-cı siniflər üçün 32-54 ölçülü şalvarlar və ətəklər - 18, köynəklər - 8, pencəklər isə - 26 manatdır. Jiletlərə gəlincə, jilet təsdiq olunmuş məktəbli forması deyil. Əvvəl BTE kooperasiya yolu ilə ayrı fabrikdən alırdı. Bu ildən etibarən isə almır. Jilet toxunma olduğundan tikiş fabriki ilə uyğun gəlmir. Satışda olanlar ötən ildən qalmadır.

E.Əzimovun otağında içi saxta məktəbli geyimləri ilə dolub-daşan bir şkaf var. Deyir, işbazlar Çinin geridə qalmış Urumçi vilayətində zirzəmi şəraitində BTE-nin məktəbli geyimlərini oxşarını tikdirib, kilo ilə alırlar: “Bakıda üstündə BTE-nin etiketini yapışdırıb satırlar. Parçaları keyfiyyətsiz olur. Camaatın uşağını bədbəxt edirlər. O materialın min bir fəsadı var. Valideynlər də keyfiyyətə yox, kəmiyyətə üstünlük verir. Onlar bizdən ucuz satırlar. Valideynlər 5 manata görə keyfiyyətsiz mal alırlar. O geyim bir dəfə yuyulanda rəngi qızarır, tiftiklənir, pis günə düşür. Biz geyimlərimizə bir illik zəmanət veririk, amma uşaq iki il geyinir. Üçüncü il də geyinə bilər, əgər ölçüdən çıxmasa. BTE-nin etiketi olan məktəbli formaları 40 manatdan ucuz satılırsa, demək, saxtadır”.

Sonra şkafdan bir neçə nümunə çıxarıb göstərir. Bir dəstin ilgəkləri açılmayıb, o birisinin astarında Çin sözləri yazılıb, digəri xırda ölçü olsa da, üstündə təxminən 90 kiloqram çəkisi olan adamın ölçüsü (54) yazılıb və s. Hamısının da üstündə BTE-nin etiketi vurulub.

BTE-nin satış üzrə rəsmisi şkafdan növbəti nümunəni götürür: “Baxın, astarında “Uluxanlı” yazılıb, etiketində BTE. BTE bizim brendimizdir. Müəllif hüququ bizə məxsusdur. “Sədərək”, ya “Binə” ticarət mərkəzinə gedin, minlərlə BTE etiketi ilə saxta məktəbli geyimləri var”.

Sənubər xanımın üç övladı var. Bu il son beşiyi də məktəbli olacaq. Ötən ilki təcrübəsi, daha doğrusu təcrübəsizliyi ona dərs olub: “Keçən il uşaqlara məktəbli geyimini Binədən almışdım. Bir-iki ay geyməmiş rəngləri axıb getdi, yuyulan kimi pencəyin ağzı-burnu əyildi. Əslində etiketinə baxıb almışdım. BTE-nin mallarının keyfiyyətli olduğunu bilirdim, sadəcə, səhv yerdən almışdım. Başqa valideynlərdən öyrəndim, dedilər, öz mağazaları var. Bu il buradan alacağıq”.

BTE-yə gəlmişkən, BTF-nə də baş çəkirik. Fabrikin sex rəisi Məmmədhəsən Qasımov bildirir ki, əvvəlki illərə nisbətən bu il fabrikada tikişlərin sayı azalıb: “Əvvəlki illərdə 30-40 min tikiş olsa da, bu il 10 minə yaxın olub. getdikcə say azalır. Çünki bazara müxtəlif yollarla ucuz və keyfiyyətsiz məhsullar var. Onun da qarşısını kimsə almır. Bizim hüquqlarımız tapdalanır. Ayrı-ayrı işbazlar Çindən tikilmiş və yarım fabrikat məktəbli geyimləri gətirirlər. Onların da tərkibi bizimkilərdən qat-qat keyfiyyətsiz, qiyməti də nisbətən ucuz. Bu da alıcıların cibinə uyğun gəldiyi üçün alırlar. Amma 1-2 aydan sonra o geyimlərin rəngi qızarır, bozarır. O mallarla bağlı şikayətçilər də bizim üstümüzə gəlir. Biz onlara izah edə bilmirik ki, bu bizim mal deyil, saxtadır. Bizim geyimlər ancaq BTE-nin satış mərkəzlərində satılır”.

Bakı Tikiş Evinin paytaxtın müxtəlif rayonlarında 10 satış mərkəzi var. Tikiş evi məhsullarına bir il zəmanət verir. Məhsulların sertifikatı olduğundan məhsullarının keyfiyyətindən əmindirlər. Bazarda isə çoxlu sayda saxta geyimlər var. Saxta geyimlər əsasən Çindən gətirilir. Parçaları və tikişləri olduqca keyfiyyətsizdir. Bu səbəbdən də BTE valideynlərə tövsiyə edir ki, məktəbli forması alarkən düzgün seçim etsinlər, aldanmasınlar. Aldanmamağın da iki yolu var: Geyimləri BTE-nin satış mərkəzlərindən almaq. Yox, əgər başqa yerdən alırsınızsa, mütləq aldığınız məhsulun keyfiyyət sertifikatını tələb etmək.

Ləman Mustafaqızı, 
“Yeni Müsavat”

23 Noyabr 2024 Azərbaycanda Bazar gününün havası açıqlandı
23 Noyabr 2024 COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
22 Noyabr 2024 Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
22 Noyabr 2024 Qazaxın işğaldan azad olunan kəndlərinə belə nəzarət olunur - FOTOLAR + VİDEO
22 Noyabr 2024 Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
22 Noyabr 2024 DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət
22 Noyabr 2024 Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
21 Noyabr 2024 Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
21 Noyabr 2024 Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
21 Noyabr 2024 Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
21 Noyabr 2024 Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
21 Noyabr 2024 Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
20 Noyabr 2024 Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
20 Noyabr 2024 Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
19 Noyabr 2024 Gələn il xalis minimum əməkhaqqı nə qədər olacaq? - Sahələr üzrə MƏBLƏĞLƏR
19 Noyabr 2024 Kirayə qalanların DİQQƏTİNƏ: Bunu etmək sizin üçün vacibdir
19 Noyabr 2024 Orta əmək pensiya 531 manat, yaşa görə orta pensiya 569 manat olacaq - Nazir
19 Noyabr 2024 Sosial yardım nə qədər artırılacaq? – Detallı izah
19 Noyabr 2024 Ardıcıl 6 gün iş olmayacaq - TARİXLƏR
19 Noyabr 2024 Kamaləddin Qafarov: “Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi”

Xəbər lenti