|
Tanınmış jurnalist Nigar İsmayılqızında Leykoz (qan xərçəngi) xəstəliyinin ağır forması aşkarlanıb.
Axar.az xəbər verir ki, bununla bağlı Azxeber.com-a danışan Nigarın bacısı Aytən İsmayılova hər şeyin anidən olduğunu deyib:
"Bir müddət idi ki, Nigarda halsızlıq müşahidə olunurdu. Hər gün bu halsızlıq artırdı və biz onu müayinə etdirdik. Müayinə zamanı məlum oldu ki, Nigarda leykositlər inanılmaz dərəcədə çoxalıb. Yəni normal insanda olandan təxminən 100 dəfə çox. Bundan sonra ona təcili qan köçürməyə başladıq. Qan köçürülməsinə baxmayaraq Nigarın vəziyyəti günü-gündən pisləşir”.
Bacısı Nigarın hazırda Türkiyənin “Hacəttəpə” xəstəxanasına yerləşdirildiyini bildirib.
"Bütün ailə, qohumları, dostları yığışıb 30 min manat düzəltmişik. Amma bizə dedilər ki, bu məbləğlə Nigarı xilas etmək mümkün olmayacaq. Ona yəqin ki, ilik nəql olunacaq. Bu isə yalnız Avropa dövlətlərində mümkündür. Nə bizim, nə qohum və dostlarımızın bu məbləği düzəltməsi mümkün deyil”.
Aytən İsmayılova Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıb:
"Nigar Heydər Əliyev Fondunda ATV-nin nümayəndəsi olub. Fondun tədbirlərini işıqlandırıb, onlarla publisistik məqalə və kitabları nəşr olunub. O istəmirdi ki, biz bu məsələni ictimailəşdirək. Çünki əxlaqlı adamdır. Deyir, qismətim bura qədər imişsə, heç kimə nəsə deməyin, mən belə şeylərdən utanıram. İndiyə qədər nə etmişəmsə, təmənnasız etmişəm. Amma biz və dostları ondan xəbərsiz bu qərarı verdik ki, Nigarın yaşaması üçün mümkün hər şeyi edək”.
Xatırladaq ki, Nigar İsmayılqızının 33 yaşı var. "Speys” və AZTV-nin Xəbərlər Departamentində çalışıb. ATV-nin Xəbərlər Departamentində redaktor olub. Türkiyənin "GEM.AZ1” Televiziyasında iqtisadiyyat xəbəri aparıcısı kimi çalışıb. Onlarla publisistik məqaləsi müxtəlif mətbu orqanlarda dərc edilib. Azərbaycan Yazıçılar Birliyinin üzvü və Prezident təqaüdçüsüdür. 2015-ci ilin dekabr ayında AYB-nin kitab layihəsi çərçivəsində "Pamukun qonşusu” adlı esselərdən ibarət ilk kitabı çapdan çıxıb. Həmçinin "Bakıdan Nazim keçdi” adlı sənədli filmə ssenari yazıb, film çəkib. Ardınca "Nazimin Bakı izləri”, "Ölsəm yaşat” adlı sənədli filmləri təqdim olunub. 2016-ci ilin dekabrında 36-sı xüsusi müsahibədən ibarət "Bakıdan İstanbulacan və dönüş” adlı kitabı işıq üzü görüb. 2017-ci ldə Qarabağ müharibəsinə həsr olunan "Savaşçı”(Aprelin izi ilə…) adlı kitabı çap olunub. Müxtəlif dövlət və özəl qurumlarla, o cümlədən Heydər Əliyev Fondu ilə əməkdaşlıq edib.