|
Son zamanlar bu cümləni tez-tez eşidirik:
“Bölgələrimizdə istirahət əlverişli deyil, çünki qiymətlər ərəblərə uyğun hesablanır”.
Bəzən taksi sürücüləri və məkan sahibləri azərbaycanlı görəndə üzlərini elə turşudurlar ki, özünü çağırılmamış qonaq kimi hiss edirsən.
Vəziyyət o yerə çatıb ki, taksi sürücüləri bir yana, şəxsi maşını olanlar da ərəbləri gəzdirmək məsələsində maraqlıdır. Söhbət zamanı Kamran Mustafayev adlı biri bu vəziyyətdən məmnun olmadığını, amma yaxşı qazanc üçün bu işlə məşğul olduğunu deyir:
“Bir dostum məsləhət gördü ki, bu işdə yaxşı pul var. Ərəblər, əsasən, Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatalanı görmək istəyirlər. Bu müddətdə mənim də yemək, qalmaq və yol xərclərimi qarşılayırlar. Qazanc çox yaxşıdır. Di gəl, maşını elə pis günə qoyurlar ki, hər ay yenidən yığdırmalı oluram. Çox pintidirlər. Hələ ki, qazanc baxımından sərf etdiyi üçün dözürəm”.
İndi hansı rayona getsək, bizdən əvvəl ərəblərə yer veriləcək, hörmət ediləcək, ən yaxşı otellər, ən yaxşı restoranlar onlara xidmət edəcək. Hətta bəzi yerlərdə ərəb dilində yazılara, ərəb mahnılarına görə özümüzü Ərəbistanda hiss edəcəyik.
Belə olan halda bayram və həftə sonları istirahət üçün ya yaxın rayonlara qonaq gedirik, ya da “həm ziyarət, həm ticarət” deyib, Gürcüstan, Türkiyəyə yollanırıq.
Mən də büdcə və zaman baxımından ən münasib olanı – Gürcüstanı seçərək, Kobuletiyə, oradan isə Batumiyə getdim. Əvvəla, onu deyim ki, larinin dəyər qazanması qiymətlərə çox təsir edib. Əvvəlki illərə nisbətən bahalıq müşahidə olunur. Bəzi məhsullarda, hətta restoranlarda qiymətlər demək olar ki, Bakı ilə eynilik təşkil edir.
Kobuleti Gürcüstanın Acarıstan Muxtar Respublikası ərazisində, Qara dəniz sahilində yerləşir. Tiflisdən Kobuletiyə qədər olan yol təxminən 5 saatdır. Əgər maşınlasınız və Tiflisin tıxacına düşmək istəmirsinizsə, şəhərə girmədən kənar yollarla Kabuletiyə keçə bilərsiniz. Lakin yolda sürət həddinə diqqət etməlisiniz, çünki Gürcüstanda cərimə qaydaları çox ciddi və sərtdir. Ən vacib diqqət ediləsi məqam isə yollarda dayanan taksi sürücüləridir. Çünki taksi sürücüsü ondan ünvan soruşduqda izah edir və israr edir ki, 20 AZN, razılaşmadıqda 10 AZN verəsiniz və sizi axtardığınız yola çıxarsın. Rədd etsəniz, sizi səhv istiqamətə göndərə bilər. Necə ki, sonradan erməni olduğunu anladığımız biri bizi yanlış yönləndirdi.
Kobuleti Tiflis və Batumidən fərqli olaraq, çox sakit şəhərdir. Burada bahalı və bərbəzəkli villalara, otellərə nadir hallarda rast gəlirsiniz. Otellər, qonaq evləri dənizə yaxın məsafədə yerləşir. Qonaq evində 50 laridən başlayan qiymətə (2 nəfərlik) qalmaq mümkündür. Otel qiymətləri isə nisbətən bahadır.
Qonaq evləri səliqəli, dincəlmək və hətta yaşamaq üçün əlverişlidir. Bütün lazımi avadanlıqlar ev sahibi tərəfindən təmin olunur. Sakitliyi və əlverişliliyini nəzərə alıb, dənizə 200 metr məsafədə yerləşən Şota Rustavelli küçəsində 2 nəfərlik otağa günə 70 lari ödədim. Qonaq evi xüsusilə mənim kimi həmin ölkənin yeməklərini sevməyənlərə sərf edir. Burada hər müştəriyə ayrıca bir yer ayrılır ki, istədiyi yeməyi bişirə bilsin.
Restoranlar isə kiçik, səliqəli, sadədir. Küftə, kabab, xingal və müxtəlif gürcü yeməklərinin dadına baxa bilərsiniz. Gürcü xaçapurisi isə turistlərin daha çox diqqətini çəkir.
Kobuleti dənizi ilə məşhurdur. Burada günün müxtəlif saatlarında dənizə gedib-gələn insanları görürsünüz. Hamı sadə, rahat, hətta çimərlik geyimlərində sərbəst şəkildə küçədə gəzir. Dənizdən istifadə pulsuz, uzanmaq üçün “lejanka” isə 3 laridir.
Kobuletidə dincəlməyin üstünlüklərindən biri də Batumidən təxminən yarım saatlıq məsafədə olmasıdır. Odur ki, bunu fürsət bilib Batumiyə yollandıq. Yeni ili qarşılamaq üçün də çoxunun üz tutduğu Batumi yayda əsl gəzməli yerə çevrilir. Batumi daha səs-küylü şəhərdir. Burada da otellər, restoranlar cibimizə uyğundur. Otellərdə qiymətlər 100 laridən başlayır.
Burda özünüzü heç yad hiss etməyəcəksiniz. Belə ki, tez-tez bu ifadələri eşidirsiniz: “Aaa, bunlar da azərbaycanlıdır”. Təsəvvür edin, mərkəzdə restoranlardan birində müştərilərin 70%-i azərbaycanlı idi və hər kəs də çox məmnun görünürdü. Qiymətlər isə Kabuletiyə nisbətən bahadır.
Batumi öz kanatı və “Əli və Nino” abidəsi ilə diqqəti cəlb edir.
Turistlərin son vaxtlar tez-tez Gürcüstana səfər etməsinin səbəbini qonaq evinin sahibəsi Manana Tetradze belə açıqladı:
“Bura dünyanın müxtəlif yerlərindən gəlirlər. İsveçrə, Amerika, Moldova, Azərbaycan, Rusiyanın müxtəlif şəhərləri, az hallarda isə Qazaxıstan, Özbəkistandan qonağımız olur. Bizdə 2 nəfərlik otaqlarda qiymət 75 laridən başlayır. Biz maydan oktyabradək işləyirik, qış aylarında isə dincəlirik. Otellərdə qiymət adambaşı 80 laridən başlayır”.
Turist Aksana Anatolivna Ukrayna vətəndaşıdır, 2 uşağı var. O, Kobuleti ilə bağlı çox maraqlı məlumatlar verdi. Dedi ki, qızının səhhətində problem olduğu üçün həm müalicə məqsədi ilə, həm də dincəlmək üçün illərdir buraya gəlir:
“8 ildir Gürcüstana istirahətə gəlib-gedirik. Son 6 ildir ki, qızımın səhhəti ilə bağlı ildə 2 dəfə Kobuletiyə gəlirik. 3 ay qalırıq. Kobuletidə hələ Sovet vaxtında uşaq müalicə sanatoriyaları olub. SSRİ dağılandan, SSRİ Səhiyyə Nazirliyinin yardımı kəsiləndən sonra sanatoriyalar ləğv olunub.
Bura müalicə üçün çox sərfəli yerdir. Dənizin havası ciyərlərində problem olan insanlara yaxşı təsir edir. Xüsusən də səhər saat 6-dan 8-ədək. Eyni zamanda burada mineral vannalar var. Müxtəlif ölkələrdən onurğa, soyuqdəymə və başqa xəstəlikləri olan insanlar vanna qəbulu üçün bura gəlirlər. Bu vannalar həm yaxında, həm də dağlarda var. Soyuq olduğu üçün dağlara çox adam getmir”.
Sentyabrın gəlməsinə baxmayaraq, bura hələ də istirahət üçün əlverişlidir. Odur ki, hələ də istirahətə gedə bilməyənlər Batumi və Kobuletini seçib dincələ, maraqlı günlər yaşaya bilərlər.