|
Tədris mövsümünün başa çatmasına baxmayaraq hələ də yollarda sıxlıq müşahidə olunur. Demək olar ki, hər gün müxtəlif saatlarda paytaxt yollarında sıxlığın yaranması və müntəzəm marşrut xətlərinin gecikməsi ilə bağlı məlumatlar dərc olunur.
Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov açıqlamasında bildirdi ki, Bakı şəhərindəki tıxacların səbəblərindən biri köhnə, yararsız avtomobillərin çoxluğudur: “Bütün bölgələrdən Bakıya işləmək üçün çoxlu vətəndaşlar gəlir və onlar rahat hərəkəti təmin etmək üçün ucuz və köhnə avtomobillər alırlar. Çünki hazırda ictimai nəqliyyat əlçatan deyil”.
Ekspert onu da bildirib ki, tıxacların səbəblərindən biri də yol infrastrukturunun bərbad vəziyyətdə olmasıdır.
“Bəzi ərazilərdə yollar qaranlıq və çala-çuxurludur, nişanlanma və xətlənmə pis vəziyyətdədir. Bəzi ərazilərdə isə yolların avtomobil buraxma qabiliyyəti zəifdir, döngə və dairələrdə hərəkət düzgün təşkil olunmayıb. Həmçinin tez-tez paytaxt yollarında qəzalar baş verir ki, bu da tıxacların yaranmasına yol açır. Parklanma problemi, yollarda təmir-tikinti işlərinin müvafiq vaxtlarda aparılmaması, hər hansı sahibkar tərəfindən yolun bir hissəsinin zəbt olunaraq obyektin tikilməsi kimi hallar tıxacların yaranmasının bir digər səbəbidir.
Nəqliyyat sahəsi üzrə ekspert İlqar Hüseynov isə “Ölkə.Az”a açıqlamasında bildirdi ki, şəhər yollarındakı sıxlıqlar bir neçə səbəblərdən yaranan faktorlara söykənir: “Xüsusən yay aylarında Azərbaycan vətəndaşları xarici ölkələrə fərdi avtomobilləri ilə getməyə üstünlük verirdilər. Gürcüstan və Türkiyəyə daha çox axın olurdu. Eləcə də, müxtəlif turlar vastəsilə xaricə üz tutanlar çox idi. Bu da şəhərdə nəqliyyat vasitəsindən istifadə edənlərin sayının azalmasına səbəb olurdu. Quru sərhədlərinin açılmaması şəhərin yüklü vəziyyətdə qalmasına səbəb oldu. Azərbaycanın istirahət mərkəzlərində, hotellərdə, eləcə də aviabiletlərin qiymətində kifayət qədər artım baş verib. Buna görə də əhali yay aylarında Bakı şəhərindən kifayət qədər uzaqlaşa bilməyib”.
Ekspertin sözlərinə görə, artıq avtobuslar da şəhər sərnişindaşımalarının öhdəsindən gələ bilmir. Çünki alternativ daşıma xidmətləri yoxdur. Buna görə şəhər küçələrində ciddi tıxaclar, hərəkətsizlik müşahidə olunur.
Həmçinin bir sıra vətəndaşlar tıxac olmayan vaxtlarda da avtobusların gecikdiyini, bunun isə xəttə daha az avtobusun buraxılması ilə bağlı olduğunu deyirlər.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev “Ölkə.Az”a bildirdi ki, xəttə buraxılan avtobusların azalması yay mövsümü ilə bağlıdır: “Adi rejimdə əgər xətlərə 2100-2200 avtobus çıxırdısa, hazırda sərnişin tələbatının azaldığı nəzərə alınmaqla xətlərə 1900-2000 avtobus çıxarılır. Bu rəqəmin sərnişin tələbatından asılı olaraq artırılması da mümkündür”.
Qurum nümayəndəsinin sözlərinə görə, müntəzəm marşrut xətləri üzrə avtobusların gecikməsi avtobuslarının sayı ilə əlaqəli deyil: “Burada başlıca səbəb yollardakı nəqliyyat sıxlıqlarıdır. Misal olaraq bildirim ki, əgər bir yolda sıxlıq varsa, məsələn Mikayıl Useynov prospektində (baxmayaraq ki, burda avtobus zolağı da var amma tələbinə riayət olunmur), pik saatlarda yaranan nəqliyyat sıxlığından Bayıl istiqamətindən gələn müxtəlif marşrut xətləri üzrə onlarla avtobus hərəkətsiz qalır. Bu istiqamətə əlavə avtobus buraxmağın Neftçilər prospektində gözləyən sərnişin üçün hər hansı bir faydası olmayacaq. Çünki o avtobuslar da gəlib sıxlıqda qalacaq və nəticə etibarı ilə sıxlıqda qalan avtobusların sayı artacaq”.
“Avtobuslararası intervalların gecikməsinin qarşısının alınmasının ən optimal yolu avtobus zolaqlarının əhatə dairsinin genişləndirilməsidir. Hazırda şəhərimizdə 10 küçə və prospektdə belə zolaqlar var. Lakin bu zolaqların davamsızlığı və zolağın tələbinə riayət olunmaması hədəflənən səmərəli nəticələr əldə etməyə imkan vermir.
Avtobus zolağı sərnişinlərin avtobuslarla səfərlərinin müddətini ən azı iki dəfə azaldır. Bunun özü ictimai nəqliyyatdan istifadəni stimullaşdırır. Nəticə etibarı ilə insanlar fərdi avtomobillə deyil, daha çox avtobuslarla hərəkətə üstünlük verəcəklər ki, bunun özü də bilavasitə nəqliyyat sıxlıqlarının azalması baxımından əhəmiyyətlidir”, - deyə M. Ağayev əlavə edib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (DYPİ) baş inspektoru polis mayoru Araz Əsgərli “Ölkə.Az”a açıqlamasında bildirdi ki, yollarda sıxlıq tədris dövrü ilə müqayisədə azalıb:
“Avtomobil axınına gəldikdə isə hazırda respublikanın avtomobil parkı 1,7 milyona yaxındır ki, onun da təqribən gündəlik 70%-i paytaxt ərazisində idarə olunur. Avtomobillərin hərəkət dinamikası Abşeron çimərlikləri istiqamətində çoxalıb və daha çox bu yollarda sıxlıq müşahidə olunur. Bu isə yay tətili və havaların isti keçməsi ilə bağlıdır. Ümumilikdə, şəhərin mərkəzi küçə və prospektlərinə baxsaq, tədris müəssisələri, universitet və məktəbətrafı ərazilərdə sıxlığın əvvəlki dövrlərə nisbətən xeyli azaldığını görərik”.
A. Əsgərli paytaxtda sıxlıqların olması ilə bağlı məsələləri problem kimi qiymətləndirməyin düzgün olmadığını dedi: “Yol polisi yollarda hərəkətin təhlükəsizliyini təmin edən strukturdur və gün ərzində qaynar nöqtələrdə, xüsusən də, pik saatlarda xidmət təşkil olunur ki, bu da nəqliyyatın axınını tənzimləməyə yönəlib. Şəhərdə isə avtomobillərin sayı günü-gündən artır. Yol infrastrukturunda dəyişikliklər olunsa da, ümumi yolların kvadratmetrinin paytaxtda idarə olunan avtomobillərin sayına nisbətinin müqayisəsi real vəziyyəti qiymətləndirmək üçün şərtdir ki, bu da yolların keçiriciliyinə mənfi təsir göstərən əsas real amillərdən biridir. Hərəkət iştirakçısı kimi yol hərəkəti qaydalarına məsuliyyətlə yanaşsaq, qaydalara düzgün münasibət göstərsək, hesab edirik ki, vəziyyət bundan daha yaxşı ola bilər. Bunun üçün də bizim mütəmadi olaraq etdiyimiz çağırışlara adekvat münasibət göstərməyi hər bir sürücüdən və digər hərəkət iştirakçılarından xahiş edirik”.