|
BDU-nun “Sosial iş” kafedrasının müdiri Üzeyir Şəfiyev "Tənhaları necə xilas etməli?!" adlı yazı hazırlayıb. "Qafqazinfo" həmin materialı təqdim edir:
"Xeyli müddətdir fikrim informasiya portalarında yer alan bu tip xəbərə kilidlənib: Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin filan rayonunda, filan təvəllüdlü, filankəs mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin tibbi müayinə nəticəsində vətəndaşın öldüyü müəyyən olunub. və.s,və.i.
Belə xəbərləri bir il ərzində azı əlli dəfə eşitmək olur. Bu reallıq qapı arxasında təkcə insanın deyil, həm də insanlığın ölməsi anlamına gəlir. Bəlkə də insan çürüməkdə olan cəsədinin qoxusu ilə ətrafını, qonum - qonşuları hərəkətə gətirməsə “ insanlıq “ hələ də hərəkətə keçməz. Aktrisa Zərnigar Ağakişiyeva, aktyor Elçin Həmidov, psixoloq Dəyanət Rzayev və.s məşhur və qeyri-məşhurların meyitlərinin qapı arxasında kimsəsiz qalması cəmiiyyət və onun sosial institutları, müvafiq icra strukturlarının kəsri anlamına gəlmirmi?!.
Insanlar elə zaman olur ki, tənhalığa dərin ehtiyac hiss edir, ancaq ömürlərinin payızında, qışında onun girdabına düşürlər. Zaman var ki, tənhalıq əvəzsiz sərvət, zaman da var ki, tənhalıq insan üçün bitməz tunel ola bilir.Odur ki, müdrik insanlar hasar çəkəndə də eləsin çəkirlər ki, nə zamansa oradan körpü salmaq mümkün olsun.
Heç kəsə sirr deyil ki, insanların böyük əksəriyyətində ölümqabağı qorxu hissi vardır. Bəzi araşdırıcılar nəinki, insanların, hətta bəzi digər canlıların belə ölümqabağı qorxudan əziyyət çəkdiyi və bir sıra hallarda bu qorxudan intihar etdiyi qənaətinə gəlirlər. Bir qisim insanlar isə “bilmirəm məni kim dəfn edəcək”, tək ölməkdən, ölmək o yana dursun, meyitinin günlərlə bağlı qapı arxasında tək qalmasından qorxduğunu” deyir. Bəli, bu fobiyalı insanlar tənha gələcəklərini sığortalamaq istəyirlər. Belə insanları axı necə tək qoymaq olar ?!
Azərbaycanda 10-a yaxın təhsil müssisəsində sosial işçi və sosial xidmətçi hazırlandığı bir halda il ərzində heç olmazsa, Bakıda qapı arxasında xəbərsiz dünysını dəyişən insanlardan zamanında xəbər tutmaq heç də müşkül iş deyil axı. Yerli icra strukturları, bələdiyyələr ən azından sosial iş və sosial xidmət təhsili alan tələbə könüllülərin imkanlarından istifadə edə bilərlər.Tələbə könüllülərdən tənha insanlara psixoloji kömək, sosial xidmət göstərilməsi sahəsində kifayət qədər imkanlar istifadəsiz qalmışdır. Hərçənd könüllülük fəaliyyəti ilə bağlı qanunvericilik sahəsində görüləcək işlər çoxdur. Tənhalığın əsas poliqonu olan meqapolislərdə tənha yaşayan hər bir tənhaya bir sosial işçi, sosial xidmətçi könüllü təhkim etməklə, “tənhanın dostu” adlı bir layihə də gerçəkləşdirmək olar. Heç olmasa gündə bir dəfə tənha insanla telefon rabitəsi qurmaq bu insanların ünsiyyət tələbatını təmin edər, onda lazımlılıq hissi yaradar, cəmiyyətə utanc gətirən qapı arxasında tənha ölüm sindromundan onu xilas edər. Əks halda belə ölüm halları populyasiya qanunauyğunluqlarına çox oxşayır.Bu isə cəmiyyətin mənəvi deqradasiyasını təzahür etdirə bilər.
Bəli, tənhalıq ciddi və qlobal problemdir. Nyu-York universitetinin sosiologiya üzrə professoru Erik Klinenberq haqlı olaraq tənhalığın dünyanın yeni trendi olduğu qənaətindədir. Belə ki, dünya üzrə tək yaşayan insanların sayı təqribən 300 milyondan yuxarı göstərilir.Və onların ölkələr üzrə nisbəti fərqli olduğu qədər spesifikdir. Bu baxımdan ingilislər və onların coğrafiyası rəqib tanımır.Təsadüfi deyil ki, ingilislərin tənhalığını, ünsiyyətsizliyini onların nəzakətli olmaları ilə asosasiya edən maraqlı bir deyim də var: "Adada 30 il tək-tənha yaşayan iki ingilisi heç kim bir-biri ilə tanış etmədiyi üçün tanış olmurlar". Belə bir aforizm də var idi ki, tənhalıq bir allaha yaraşır, bir ingilisə.Ancaq deyəsən ingilisə tənhalıq heç yaraşan olmadı.Əgər belə olmasaydı əhalisinin 9 milyonun tənhalıqdan əziyyət çəkdiyi İngiltərədə tənhalıq məsələsi ilə məşğul olan nazirlik ( yaşı 75-dən yuxarı insanların yarısı, yəni 2 milyon nəfəri tək yaşayır) yaranmazdı.Yeri gəlmişkən, analoji nazirlik ölkəmizdə yaradılmasa belə, ilkin olaraq müvafiq nazirliklərdə tənhalığın əziyyət verdiyi insanlarla məşğul olan müvafiq strukturların təsisinə çox ehtiyac vardır.
Sosial xidmət haqqında qanunvericiliyə əsasən, əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan, özünəqulluq qabiliyyəti olmayan və sosial xidmətə ehtiyac duyan tənha ahıllar və əlilliyi olan şəxslər (yoluxucu və ya ağır formalı ruhi xəstəlikləri olmadıqları halda) evlərində sosial xidmətlə təmin edilirlər (Sosial xidmət haqqında qanun. Maddə 19.1 ). Ancaq nə qədər ki, pensiya-sığorta sistemi kimsəsiz, tənha, köməksiz qocaların özləri üçün xidmətçi tutmasına tam imkan vermir, belə şəraitdə könüllülərdən isdifadə imkanları var və onu səfərbər etmək lazımdır. Düzdür, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial işçiləri tərəfindən hazırda 10,8 mindən yuxarı tənha ahıl və əlilliyi olan şəxs evlərində sosial xidmətlə təmin edildiyi bildirilir. Bir nəfər sosial işçinin 8 - 12 nəfərə sosial xidmət göstərdiyi vurğulanır. Hərçənd, bu da başqa bir söhbətin mövzusudur ki, tənhalara sosial xidməti həyata keçirən həmin “sosial işçilər” sosial işin etik prinsplərini, texnologiyasını nə dərəcədə sosial iş təhsili səviyyəsində mənimsəmiş işçilərdir. Əgər onların sosial iş təhsili yoxdursa, onlar sosial iş, sosial xidmət üzrə təhsil, kurs keçə bilərlər, əks təqdirdə onların səmərəli sosial xidmət göstərə bilməsi inandırıcı deyil. Bunun üçün respublikamızda sosial iş təhsili, təcrübəsi öyrədən kifayət qədər təhsil müəssisəsi vardır. Və çox yaxşı olar ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi sosial işçi, sosial xidmətçi ixtisasına yiyələnmiş kadrları işə cəlb etsin , müvafiq strukturlarda sosial işçi ştat vahidinin açılmasına təşəbbüs edilsin.
Prezident cənab İlham Əliyev 2013-cü ildə Azərbaycanın sosial xarakterli dövlət olduğunu bəyan edərək bildirmişdir ki,…Mən dəfələrlə qeyd etmişəm, bir daha demək istəyirəm ki, Azərbaycan dövləti sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”. Ədalət naminə qeyd edək ki, ölkə başçısı sosial rifah dövlət quruculuğu prosesində möhkəm iradə nümayiş etdirir və bu istiqamətdə mühüm nəticələr vardır. Ölkəmizdə yürüdülən sosial siyasət bizdə belə qənaət hasil edir ki, dövlətimiz təkcə insanların təhlükəsizlik qarantı deyil, eyni zamanda onları xoşbəxt etmək gücündədir. Əlbətdə bu işdə vətəndaş cəmiyyəti strukturları da yaxından iştirak etməli, vətəndaş təşəbbüskarlığı artmalıdır. Şübhəsiz ki, sosial sahədə hüquqi islahatlar davamlı olmalı, qanunvericik bazası daha da təkmilləşdirilməlidir. Heç kimə sirr deyil ki, Azərbaycanda hər bir ailə orta hesabla ən azı 10 ildə bir dəfə sağalmaz xəstəyə qulluq etməli olur və əgər nəzərə alsaq ki, statistikaya əsasən Azərbaycanda 45 000 nəfərin palliativ yardıma ehtiyacı var və onların diqqətçəkən qismi tənha yaşayır, məhz ona görə də bu sahədə hüquqi tənzimlənmənin təkmilləşməsinin labüdlüyü özünü göstərər.İnanırıq ki, nə qədər rentabelsiz olsa da belə, paliativ xidmət haqqında qanun qəbul olunacaq (palliativ yardım sağalmaz xəstəlik diaqnozu qoyulmuş xəstələrin həyatını yaxşılaşdırmaq məqsədilə onlara və ailə üzvlərinə göstərilən çoxsaylı xidmətlərin əlaqələndirilmiş, uzlaşdırılmış sistemidir) və paliativ xəstələrin ömrünü ləyaqətlə başa vurması üçün onlara zəruri tibbi, mənəvi, psixoloji yardım, sosial xidmətlər göstərilməsinin hüquqi mexanizmi təkmilləşdiriləcək, bu qism insanlar üçün hospislərin açılması istiqamətində real addımlar atılacaq".