|
Yol-xeber.az" xəbər verir ki, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən "Heydər Əliyev İli" çərçivəsində silsilə tədbirlərin keçirilməsi davam etdirilir.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq Agentlik tərəfindən növbəti ağacəkmə aksiyası baş tutub.
Ağacəkmə aksiyası Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul rayonundan keçən hissəsində keçirilib.
Aparılan işlər çərçivəsində yolun kənarı və ağac əkiləcək ərazi tullantılardan təmizlənilib, ərazidə olan ağaclara, bitkilərə aqrotexniki qulluq göstərilib, yaşıllıq zonasında təmizlik və gübrələmə işləri aparılıb.
Aksiyada yerli iqlim şəraitinə uyğun 2000 Eldar şamı və 500 sərv ağacı əkilib, ağacların suvarılması təmin edilib.
Bununla yanaşı, ərazidə yeni su xəttinin çəkilməsiylə müasir damlama suvarma sistemi quraşdırılıb.
Aksiyanın təşkil edilməsində əsas məqsəd Azərbaycanda ətraf mühitin və meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə vermək, ətraf mühitə qarşı qayğı ilə yanaşma hisslərini aşılamaq və ekoloji problemlərə qarşı mübarizəyə səsləməkdir.
YOLUNUZ AÇIQ OLSUN...