|
Hazırda Rusiya və Gürcüstanda 3 əsas xəstəlik yayılıb: qızılca, göyöskürək və sarılıq. Ölkəmizə də hər iki qonşu ölkədən gediş-gəlişin çox olduğunu nəzərə alsaq, digər xəstəliklərin bizdə də yayılması şübhə doğurmur.
Qeyd edilir ki, artıq təcili yardımla xəstəxanaya aparılmaq üçün təkid edən xəstələrin çoxalması və qızılcadan ölümlərin olması, insanları xüsusilə narahat etməyə başlayıb.
Bundan əlavə, Bakıda və bir çox rayonlarda sarılıq ocaqlarının olduğu, artıq 3 aydır, uşaqlarda, sadəcə, öskürək və boğulma ilə müşayiət olunan virusun yayıldığı bildirilir.
"O cümlədən də hazırda adı çəkilən xəstəliklərin ölkəmizdə yayılması təsadüfi deyil. Məsələn, göyöskürək bakteriya tərəfindən törədilən xəstəlikdir və uzun müddət uşaqlar arasında, xüsusilə də 2 yaşdan kiçik olanlar arasında çox təhlükəli infeksiya kimi qeydə alınıb, kütləvi tələfata səbəb olub. Göyöskürəyin vaksini tapıldıqdan sonra bütün dünyada tətbiq olunub və UNİCEF-in təklif etdiyi Milli Peyvənd Təqviminə daxil edilib. Təəssüf ki, həm koronavirus pandemiyasından xeyli müddət əvvəl, həm də pandemiya və ondan sonrakı dövrdə valideynlər sistematik şəkildə vaksinasiyadan yayınıblar. Qızılca, göyöskürək, difteriya və digər xəstəliklərin yayılması və indiki mənzərənin yaranmasında da bu amilin güclü rolu var".
Həkim deyib ki, göyöskürək peyvəndi vurulan şəxslər özləri xəsətələnməsələr də, onlarda bakteriyalar qala və digər peyvənd olunmamış uşaqlar üçün təhlükə yarada bilir:
"Məsələnin qəliz tərəfi də bundan ibarətdir. Bu xəstəliklərin baş verməməsi üçün peyvənd olunmaqdan başqa yol yoxdur. Peyvənd olunmayan uşaq nəinki özü üçün, həm də ətrafdakılar üçün təhlükəlidir. Valideynlər bunu nəzərə almalıdırlar. Yaranmış epidemioloji vəziyyət bəzən nəzarətdən çıxa bilər. Bu baxımdan hamımız ayıq-sayıq olmalıyıq".
A.Qeybulla sarılıq xəstəliyindən də söz açıb:
"Sarılıqla bağlı məsələyə gəldikdə isə burada infeksion sarılıqdan söhbət gedir. Bu, Hepatit A virusudur. Hepatit B, C, D hamısı A virusunun forma dəyişikliyidir. Hepatotrof virusdur. Qaraciyər hüceyrələrində lövbər salır, hüceyrələrin daxilində qaraciyər hüceyrələrinin resurslarından istifadə edərək çoxalır, yaşayır və bu orqanı zədələyərək onda hətta sirroz törədə bilər. Xəstəlik bəzən çox sürətlə inkişaf edə bilir. Buna görə də Heptait A təhlükəli xəstəliklər qismindədir. Bu fekal-oral yolla yayılır. Yəni virus xaric olur, su hövzələrinə kanalizasiyaya və s. düşür. Oradan başqa adamlara yayılır. Elə məhz bunun su hövzəsindən yayılması da təsadüfi deyil. Bu o deməkdir ki, hansısa xəstələr olub ki, oradan yayılıb. Bütün bunlar hamısı epidemiloji vəziyyət qiymətləndirilərkən nəzərə alınmalıdır".
Tibb eksperti əvvəllər virus xəstəliklərinin 3-5 günə sağaldığı halda, indiki dövrdə həftələrlə davam etməsinin səbəbini belə izah edir:
"Xəstələrin sağlam insanlarla kontaktının mümkün qədər azaldılması, xəstələrin azı ev şəraitində, yataq rejimində olması, sahə həkimlərinin bu işə cəlb edilməsi, ümumi təlimat verilməsi, ağır xəstələrin hospitalizasiya olunması şərtdir. İstər Gürcüstanda, istər Rusiyada, istərsə də qonşu ölkələrdə epidemioloji vəziyyətin yaranması təbiidir. Çünki xəstəlik yayılmaqdadır və bir nəfər xeyli adamı yoluxdura bilər. Məsələn, göyöskürəkdə yoluxuculuq 90%-ə yaxındır. Xəstə adamların kontaktı zamanı xəstəlik hava-damcı yolu ilə yayılır və həddən artıq yoluxucudur. Ona görə də sürətlə yayılması mümkündür. Düşünürəm ki, vaksinasiya məsələsinə çox ciddi yanaşılmalıdır.
İnsanların sağlamlığına məsul olan qurumlar da bu işdə maarifləndirmə işini güclü və intensiv təşkil etməlidir".
A.Qeybulla qızılca və suçiçəyi kimi xəstəliklərə təkrar yoluxmanın mutasiya ilə bağlı olduğunu söyləyib:
"Məsələn, qızılca virusunun yeni bir performans göstərməsi, bütün dünyada artıq qeyd edilir ki, təkcə vaksinasiya olunmaqla bağlı deyil. Virusun RNT daşıyıcı olduğuna görə daim dəyişmə, mutasiya meyilləri var və bunlar virusu xeyli dəyişdirib. Virusun insan orqanizminə transferi də məhz vaksinasiya olunmamış zəncirdən keçib və bugünkü vəziyyət yaranıb. Ona görə də Milli Peyvənd Təqvimində nəzərdə tutulan vaksinlər son dərəcə önəmlidir və onların vaxtında sistematik edilməməsi, nəinki bizim ölkə üçün, dünya üçün də təhlükəlidir və bu peyvəndlərlə bağlı təsadüfən də bu cür təqvim müəyyən edilməyib. Bunu vətəndaşlar nəzərə almalıdır.
Düşünürəm ki, uşaqların vaksinasiyası icbari xarakter daşımalıdır. Onlar valideynin rəyindən asılı ola bilməz. Çünki valideynə qalsa, bugünkü vəziyyət yaranır".