|
Dövlət İmtahan Mərkəzi xarici dil fənni üzrə həm IX, həm XI siniflərdə keçiriləcək imtahan modelini verdi. Bu modelin hazırlanmasında Təhsil Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə bərabər işləyib. Amma belə başa düşülür ki, Təhsil Nazirliyi bu modelin hazırlanmasında ancaq seyrçi mövqeyində dayanıb. Yoxsa xarici dil fənni ilə bağlı sadalanan ciddi qüsurlar ortaya çıxmazdı.
Bu sözləri Axar.az-a təhsil eksperti Kamran Əsədov 2019-cu ildən buraxılış imtahanlarının yeni formatda keçirilməsi ilə bağlı danışarkən deyib. Ekspert bildirib ki, 2019-cu ildə tətbiq edilən yenilikləri təhlil etdikdə ən ciddi problemin xarici dil fənnində ortaya çıxdığı məlum olur:
“Xarici dil üzrə orta məktəb dərsliklərində dinləyib anlama məzmun xətti üzrə standartlar tamamilə yerinə yetirilmədiyi halda (nə disk və ya nə kaset və ya heç bir dinləmə aparmaq üçün vəsait olmadığı halda) imtahana dinləyib anlama üzrə tapşırıqlar salınması nəyə əsaslanıb?
Axı TQDK-nın və TN-nin dərsliklərin monitorinqi komissiyasının hazırki dərsliklərdə dinləyib anlama məzmun xətti üzrə standartların yerinə yetirilməsi barədə rəyi mənfi olub. Müəllimin dinləyib anlama məzmun xətti üzrə standartları yerinə yetirməsi üçün dərsliklərdə tapşırıqlar demək olar, yoxdur. Eyni zamanda bütün dərsliklərdə disk və audio vəsait nəzərdə tutulmadığı halda DİM-in audio vəsaitlə imtahan aparması nə dərəcədə düzgündür?”
K.Əsədovun fikrincə, orta məktəblərdə xarici dil fənni üzrə hazırda işlək olan bütün dərsliklər, əsasən də 1-ci 2-ci 3-cü və 5-ci sinif dərslikləri tədrisə yararlı deyil:
“1-ci sinifdən 8-ci sinfə qədər dərsliklərdə dinləyib anlama məzmun xətti üzrə standartların yerinə yetirilmədiyini, məzmunun yalnız elə buna görə 1/4 hissəsinin mənimsənilməyəcəyini xüsusi ilə qeyd etmək lazımdır.
Əlavə edək ki, IX-XI sinif dərsliklərində də çoxlu səhvlər var”.
Ekspert qeyd edir ki, Azərbaycanda 90% məktəbin və müəllimin dinləyib anlamanı özü yerinə yetirmək üçün texniki vəsaiti yoxdur:
“Bu halda təxminən 200 min şagird (həm IX, həm XI siniflər üzrə) dinləmə ilə yalnız imtahan otağında tanış olacaq və bu qədər şagirdin taleyi ilə oynamaq nə dərəcədə doğrudur?
Həftədə 1-4-cü siniflərdə cəmi 1 saat, 5-8-ci siniflərdə 3 saat ,9-cu sinifdə 2 saat dərs saatı olan ingilis dili fənnindən 9-cu sinfin buraxılış imtahanında 2 mərhələli olmaqla 45 sual (15-tapşırıq 1-ci mərhələdə , 30 test isə 2-ci mərhələdə) salmaq nə dərəcədə düzgündür?
DİM-n modelinə əsasən 9-cu siniflərin buraxılış imtahanının 11-ci siniflərə nisbətdə daha çətin verilməsi aydınlaşır. Yuxarıda da qeyd etdildiyi kimi tam orta təsili bitirməmiş və 11-ci siniflərdən aşağı pillədə olan, yaş xususiyyətləri nəzərə alınmayan 9-cu siniflərdə 2-mərhələ üzrə xarici dildən 45 suala, onlardan yuxarı pillədə olan 11-ci sinif şagirdlərinin isə 30 suala cavab vermələri nəyə əsaslanır ?
DİM-in modelinə əsasən, xarici dil fənnindən imtahan 9-cu və 11-ci siniflərdə Ana dilindən və Riyaziyyat imtahanından da çətin verilmiş və bir neçə standartın yerinə yetirilməsini tələb edir. Belə ki, həftədə 5-6 saata keçilən ana dili və riyaziyyat fənnindən yalnız 1 və ya 2 məzmun xətti üzrə standart yoxlanılırsa və şagird öz Ana dilindən dinləyib anlama tapşırıqları etmirsə, xarici dil fənnindən 3 məzmun xətti üzrə standartların yoxlanılması və dinləyib anlama tapşırıqları verilməsi nə dərəcədə düzgündür?
Ana dili və riyaziyyat fənnlərindən əvvəlki illərdə köhnə model üzrə açıq suallar salınması və 9-cu siniflərdə həmin fənnlərdən buraxılış imtahanı keçirmək təcrübəsi olduğu üçün həmin fənnlərdən builki imtahanlarda bir yenilik yoxdur, müəllim və şagirdlər buna hazırlıqlıdırlar. Yəni şagirdlər Ana dili və Riyaziyyatdan imtahan verərkən artıq həm psixoloji, həm də bacarıq cəhətdən buna hazırdır. Xarici dildən isə şagirdlər bu il həm yeni modellə tanış olurlar, həm də 9-cu sinifdə ilk dəfə xarici dil imtahanı verirlər.
Həmçinin, açıq suallar bu ildən salınır, həm də dinləyib anlama tapşırıqları verilir. Hansı əsasla? İngilis dili ana dili deyil, dövlət dili deyil , yuxarıda da qeyd etdiyim saatlarla, çox zəif dərsliklərlə keçilən xarici dildir. Və bu xarici dilin öyrədilməsi yalnız xarici dil müəllimlərinin fədakarlığının və repititorluğun nəticəsidir.
Oxu, yazı və dil qaydaları ilə bağlı həm Təhsil Nazirliyinin, həm də Dövlət İmtahan Mərkəzinin nəşr etdirdiyi yüzlərlə vəsait və kitab var. Lakin dinləyib anlama etmək üçün nə Təhsil Nazirliyinin, nə də DİM-in bir dənə də audio vəsaiti yoxdur. Belə olan halda imtahan modeli nəyə əsasən dinləyib anlama tapşırıqları ilə verilib.
Əlbəttə, yenə deyəcəklər ki, internetdə milyonlarla vəsait var, açıb etsinlər. Onda sual doğur DİM-in bu modeli dərsliklər əsasında yaradılıb, ya internet əsasında?”
Məktəbliləri imtahan məsələsində çətinə salan nazirliyi və DİM-i ittiham edən ekspert bildirib ki, Bakının bəzi məktəblərinin heç internetə çıxışı yoxdur, nəinki hansısa ucqar kəndin.
“Buraxılış imtahanlarında dinləmənin necə aparılacağı sual doğurur. Dünyanın heç bir ölkəsində xarici dildən dinləyib anlama digər fənnlərlə birlikdə, eyni auditoriyada aparılmır. Belə ki Listening aparılarkən şagirdlər həm ana dilindən, həm də riyaziyyatdan tapşırıqlar etməli olacaqlar. Verilən 3 saatın hansı anında dinləyib anlama aparılacaq?”
Kamran Əsədov vurğulayıb ki, xarici dildən dinləyib anlama və oxu imtahanı etmək üçün şagirdlər xarici dildən akademik Listening keçməli, həftəlik dərs saatları ən azı 5 saat olmalı, dərsin müddəti 90 dəqiqə olmalı və bunlara müvafiq dərsliklər və tədris audio vəsaitləri çap olunmalıdır:
“Bunlar olmadığı halda həftədə 2 saat və hər dərsdə 45 dəqiqə ilə (və həmin 45 dəqiqədə həm oxu, həm yazı, həm danışma, həm də dinləyib anlama yerinə yetirilməlidir) hansı Listening imtahanından söz gedə bilər?
Valideynlər əlavə müəllimlər tutub, əlavə xərc çəkib, övladlarına Listening (dinləmə) və Reading (oxu) öyrətməlidirlər?
Eyni zamanda, soruşmaq istərdim, imtahanların xarici dil fənnindən bu modeli harada müzakirə olunub? Təhsil Nazirliyinin və DİM-in hansı ekspertləri bu modelə cavabdehdir ? Onlar məgər dərsliklərlə və rəylərlə tanış deyillər? Təhsil Nazirliyi audio vəsaitlərin olmadığı və dinləmə anlama məzmun xətti üzrə standartların yerinə yetirilmədiyi barədə məlumata malik deyilmi, niyə bu model tətbiq edilməmişdən əvvəl həm TN, həm də DİM-də açıq müzakirəyə çıxarılmırdı, niyə imtahana 6 ay qalmış minlərlə müəllimin rəyi nəzərə alınmır və şagirdin taleyi ilə oynanılır?”