|
Uzun müddətdir müzakirə olunan, vətəndaşları və müvafiq qurumları narahat edən problem, deyəsən, artıq həllini tapır. Söhbət sənədsiz evlərə çıxarışların, müvafiq digər sənədlərin verilməsi məsələsindən gedir.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti icazəsiz tikililərlə bağlı qanun layihəsi hazırlayır. Bunu jurnalistlərə açıqlamasında qurumun rəisi Mətin Eynullayev bildirib.
"Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sayı yüz minlərlədir və problemin əhatə dairəsinin mürəkkəbliyini nəzərə alaraq onun həllinin mərhələli şəkildə görülməsini nəzərdə tuturuq. Özbaşına tikililərlə bağlı problemi köklü surətdə həll etmək üçün İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə aidiyyəti dövlət orqanlarının əlaqələndirilmiş fəaliyyəti çərçivəsində müvafiq layihələrin hazırlanması üçün işçi qrupu yaradılıb. Öncədən konsepsiyanı işləyib hökumətə təqdim etmişdik. Konsepsiya bəyənilmişdi və onun icrası ilə bağlı işçi qrupunun yaradılması barədə tapşırıq verilmişdi. Biz bu barədə müzakirələr aparmışıq, bir neçə iclas olub. Hazırda məsələnin həlli istiqamətində qanun layihəsi üzərində iş aparılır. Prezident İlham Əliyevin qeyri-yaşayış təyinatlı binalarla bağlı 14 iyun 2022-ci ildə imzaladığı fərman problemin mərhələli həlli üçün birinci addım idi. Fərmanın özü də uzun müddət hazırlanırdı, müvafiq əsaslandırmalar aparılırdı. Azərbaycanda özbaşına tikilmiş qeyri-yaşayış təyinatlı binaların sayı on minlərlədirsə, yaşayış sahələrinin sayı yüz minlərlədir. Biz məsələni qeyri-yaşayış təyinatlı binaların üzərində təcrübə toplayaraq aidiyyəti qurumların əlaqələndirilmiş fəaliyyətini təmin etmək şərtilə həll etməyə çalışırıq. Bu istiqamətdə məlumatlar toplanılır”, - deyə M.Eynullayev əlavə edib.
O, mühafizə zolaqları ilə bağlı bütün məlumatların toplanıldığını vurğulayıb: "Bu, növbəti addımda qeydiyyatsız yaşayış sahələrinin də amnistisyasında bizə böyük bir üstünlük qazandıracaq. Bəzi hallar var ki, əvvəllər bir boru xəttinin keçdiyi ərazi mühafizə zonası olub, sonradan həmin boru xətti istismardan çıxarılıb. Belə olduqda məlumatlara düzəlişlər edirik. Problemin iki həll yolu var. Birincisi, biz mühafizə zonasından keçən xətti başqa istiqamətə çəkməliyik. Bu da o halda mümkündür ki, başqa istiqamət mövcud olsun. Çünki sənədsiz evin tikildiyi ərazidəki xətti çəkməklə başqa ərazidə tikililər varsa, onları da eyni vəziyyətə gətirmiş oluruq. İkinci yol odur ki, o tikintilərin qalıb-qalmaması ilə bağlı müvafiq qərar qəbul olunsun”.
Bu prosesin optimal yolu ilə bağlı daha hansı təkliflər var? Nələrə diqqət edilməlidir?
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev mövzu ilə bağlı bunları dedi: "Hazırda Bakı, Abşeron və ümumən ölkə üzrə 100 minlərlə çıxarış ala bilməyən fərdi həyət evləri, torpaq sahələri və müxtəlif növ daşınmaz əmlaklar mövcuddur. Bu sahədəki problemlərin aradan qaldırılması üçün ölkə başçısı dəfələrlə fərman, sərəncam və aidiyyəti qurumlara müxtəlif tapşırıqlar versə də, görünən mənzərə odur ki, hələ də bu sahədəki problemlər öz köklü həllini tapa bilmir. Aidiyyəti qurumlar daima vətəndaşları qanunsuz tikinti işləri aparmaları ilə bağlı günahlandırsalar da, lakin əmlaklarına çıxarış ala bilməyən vətəndaşların böyük əksəriyyətində torpaq sahələrinin ayrılması və tikinti işlərinin aparılması ilə bağlı rəsmi qurumlar tərəfindən verilmiş sənədləri var (rayon icra hakimiyyətinin sərəncamı, bələdiyyə sərəncamı, kolxoz və sovxozlar tərəfindən ayrılmış torpaqlar, bağlar idarəsi və sair.) Ölkə olaraq artıq öz ərazi bütövlüyümüzü bərpa etmişik. Azad olunmuş ərazilərimizdə tam sürətlə tikinti-bərpa işləri gedir. Ölkə başçımız daima öz çıxışlarında qeyri-neft sektorunun inkişafının və daxili iqtisadiyyatın yüksəlməsinin vacibliyini vurğulayır. Bu gün ölkəmizdə ən inkişaf etmiş və ölkəyə böyük sərmayələrin yatırılmasına səbəb olan ən böyük sahə daşınmaz əmlak və tikinti sektorudur. Lakin sənədləşmələr zamanı baş verən problemlər səbəbindən bu sahə də artıq üzü çöküşə doğru gedir. Bəlkə də hər hansısa prosedur qaydalarına görə bu tip əmlaklar çıxarışla təmin oluna bilmir. Amma ən azından 100 minlərlə çıxarışı olmayan əmlaklara ilkin tanınma sənədi verilərsə, bu artıq ölkə büdcəsinə hər il yüz milyonlarla gəlir gətirə bilər. Yəni torpaq və əmlak vergiləri, sığortalanma, alğı-satqı zamanı vergilər, notarius və bank rüsumları, kommunal ödənişlər və sair”.
Ekspert əlavə edib ki, əgər bu gün o əmlakların mövcud sahiblərinin sahiblik hüququ hər hansısa bir formada tanınmasa, bu artıq gələcəkdə həlli mümkün olmayan 100 minlərlə problemə yol açacaq: "Vacib məsələ, yüksək gərginlik xətti keçən, neft buruqları olan və insan həyatı üçün təhlükəli digər ərazilər qadağan olunmuş ərazilərdir. Buradakı tikililərə birmənalı olaraq çıxarış verilə bilməz. Amma digər tikililərə çıxarış verilməlidir. Əgər bu mümkün deyilsə, ən azından vətəndaşlara ilkin sənəd olaraq həmin mülkiyyətin sahibi olduğuna dair hər hansı yeni sənəd növü verilməlidir. Belə olduğu halda həm dövlət büdcəsinə vergi və ödənişlər hesabına xeyir gələcək, həm də vətəndaşın əmlak üzərində hüquqları rəsmiləşəcək. Əksər hallarda sərəncam sahibi ilə əmlakın faktiki sahibi ayrı-ayrı şəxslər olur. Şəxs sərəncamla torpaq alır, daha sonra etibarnamə ilə onu bölüb digərlərinə satır. Hazırda sərəncamla ayrılmış torpaq sahələrində tikilmiş əmlaklar gələcəkdə ciddi mübahisələrə yol aça bilər. Əmlakın faktiki sahibi müəyyənləşdirilməli və onlara sənəd verilməlidir. Daşınmaz əmlak sahəsi Azərbaycanda qeyri-neft sektorunda ən çox gəlir gətirən sahədir. Nəzərə almalıyıq ki, artıq paytaxtın yeni baş planı təsdiqlənib və müəyyən tikinti-söküntü işləri aparılacaq. Gələcəkdə mübahisələrin yaranmaması üçün əmlakların tanınması vacibdir”.
©"Yeni Müsavat"