|
Eldar Məmmədov Ələddin oğlu - “Müasir müstəqil Azərbaycanın həyatında yeni tarixi mərhələ başlayıb. Fevralın 7-də keçirilən prezident seçkilərində cənab İlham Əliyev parlaq qələbə qazandı. Xalqımız bu seçkilərdə çox yüksək əhval-ruhiyyə ilə iştirak edərək Heydər Əliyev siyasətinin davamına, Prezident İlham Əliyevin liderliyi ilə yeni qələbələrə səs verdi. Ən önəmli məqam isə seçkilərin ilk dəfə olaraq müstəqil Azərbaycanın öz ərazisi üzərində suverenliyini tam bərpa etməsi şəraitində keçirilməsi idi. Beləliklə, qalib xalq ərazi bütövlüyü və suverenliyi təmin olunmuş ölkənin vətəndaşı olaraq qalib Liderinə - şanlı Zəfərin müəllifinə səs verməklə Heydər Əliyev ideyalarına sədaqət, cənab İlham Əliyevə minnətdarlıq ifadə etdi”.
Son 20 ilin mənzərəsi dövlət başçısının verdiyi bütün vədləri yüksək səviyyədə yerinə yetirdiyini təsdiqləyir. Ölkə iqtisadiyyatında və sosial sahədə uğurlar qazanıldı. Bu gün dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan bir çox ölkələrlə, o cümlədən qonşularla müxtəlif platformalarda əməkdaşlıq əlaqələri quraraq mövcud münasibətlərini daha da möhkəmləndirir. Eləcə də, Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi, habelə dünya ölkələri ən böyük beynəlxalq konfransın (COP29) Bakıda keçirilməsi haqqında yekdil qərar qəbul edilməsi ölkəmizin dünya miqyasındakı artan nüfuzunun göstəricisidir. Qarşıdakı əsas hədəflərdən biri isə türk dövlətləri ilə birliyi daha da gücləndirməkdir. Qazanılan uğurların zirvəsində, təbii ki işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi, ən nəhayət 2023-cü il sentyabrında Qarabağda erməni separatizminin kökünün kəsilməsi ilə suverenliyimizin təmin olunması təşkil edir. Öz lideri ətrafında “dəmir yumruq” kimi birləşən xalq gücünü və qələbə əzmini bütün dünyaya nümayiş etdirdi.
Prezident, Müzəffər Ali Baş Komandan bu qələbə ilə Azərbaycanı qalib ölkəyə, xalqı qalib xalqa çevirdi. Azərbaycanın qazandığı misilsiz uğurların təməlində də məhz xalq-iqtidar birliyi dayandı. Fevralın 14-də Prezident İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı bu məqamları vurğuladı. Hazırda Azərbaycan Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində təşəbbüslər göstərir. Lakin Ermənistan öz havadarlarının təhriki ilə prosesi uzadır. Müəyyən beynəlxalq dairələr bu məsələ ətrafında spekulyasiya etməkdə maraqlıdır. Ona görə də, Prezident İlham Əliyev haqlı olaraq vurğuladı ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir. Prezidentimiz İlham Əliyevin Xankəndində səs verməsi isə rəmzi məna daşıyırdı. 30 ildən çox idi ki, tarixi şəhərimiz olan Xankəndi erməni separatçılarının yuvasına çevrilmişdi. Məhz buradan xalqımıza qarşı məkrli planlar hazırdı. Amma ötən ilin sentyabr ayında ordumuzun keçirdiyi antiterror tədbirləri nəticəsində Qarabağda erməni separatçıları diz çökdürüldü. Bütün bunların fonunda Xankəndi şəhərində də seçki prosesinin təşkili və səsvermənin keçirilməsi Zəfərimizin təntənəsi oldu. Prezident İlham Əliyevin dediyi kimi, Xankəndidə qutuya atdığı bülleten erməni separatçılarının tabutuna vurulan son mismar idi. Millət vəkilinin sözlərinə görə, dövlətimizin başçısı andiçmə mərasimində gələcək hədəflərlə bağlı prioritetləri açıqladı. Milli maraqlarımıza uyğun olaraq daxili və xarici siyasətin davam etdirilməsi, təhlükəsizliyimizin təmin olunması məqsədilə ordumuzun daha da gücləndirilməsi, əhalinin sosial rifahının artırılması, iqtisadiyyatın inkişafı və s. prioritetlər sırasındadır. Ən əsas məqamlardan biri isə işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulmasıdır. Məlumdur ki, Ermənistan təxminən 30 il ərzində işğal altında saxladığı ərazilərimizi xarabalığa çevirib, burada qanunsuz iqtisadi fəaliyyət həyata keçirib və sərvətlərimizi talayıb. Qarşı tərəf hesab edirdi ki, Azərbaycan həmin əraziləri bərpa edib məskunlaşdıra bilməyəcək və yaxud buna onilliklər lazım gələcək. Ancaq qalib Azərbaycan işğaldan azad etdiyi ərazilərin bərpasına müharibə başa çatandan dərhal sonra başladı. İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”ın təmin edilməsi indiki starateji mərhələdə ölkəmizin beş milli prioritetindən biri kimi müəyyənləşdirilib. Azərbaycan azad edilmiş ərazilərin məskunlaşdırılmasını tez və layiqli şəkildə həyata keçirmək əzmindədir.
Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları böyük tikinti meydanına çevrilib. Xarabalıqlar üzərində yeni şəhərlər, kəndlər ucaldılır. Biz şəhərlərimizi, kəndlərimizi yenidən qururuq və artıq 5 mindən çox keçmiş köçkün öz doğma torpaqlarına qayıdıb. 2023-cü ilin mart ayında - Novruz bayramı ərəfəsində Talış kəndində bayram sevinci yaşandı. Avqust ayında Füzuli şəhərinə və Zabux kəndinə soydaşlarımızın köçü baş tutdu. Ötən il Müstəqillik Günündə Laçın şəhərinə keçmiş məcburi köçkünlər qayıtdılar.
Bundan əvvəl isə ilk olaraq Ağalı kəndində məskunlaşdırma həyata keçirilib. Prezident İlham Əliyev andiçmə mərasimində deyib ki, önəmli vəzifə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir: “Deyə bilərəm ki, burada görülən işlər azad edilmiş torpaqlara gələn hər bir qərəzsiz xarici qonağı valeh edir. Çünki bu dərəcədə dağıntılardan sonra bu sürətlə bərpa işlərinin aparılması, yəqin ki, tarixdə görünməmiş bir hadisədir”. Keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılması prosesinin uğurla getdiyini bildirən Prezident İlham Əliyev bildirib: “Bu günə qədər təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə göndərilib, orada yerləşdirilib və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır. Biz Böyük Qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq”. “Beləliklə, yeni mərhələdə Azərbaycanı yeni-yeni nailiyyətlər gözləyir. Xalqımız Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizin yeni zəfərlər qazanacağına birmənalı olaraq inanır”.