|
Azərbaycanda fəaliyyət göstərən daha bir özəl universitet bağlanır. “Naxçıvan” Universiteti fəaliyyətinin dayandırlması üçün Elm və Təhsil Nazirliyinə müraciət edib. Universitetin təsisçiləri belə qərar veriblər.
Elm və təhsil naziri Emin Əmrullayev mətbuata açıqlamasında deyib ki, “Naxçıvan” Universitetində oxuyan 4-cü kurs tələbələri bu il məzun olacaqlar. Aşağı kurslarda təhsil alan tələbələr isə başqa universitetlərə köçürüləcəklər.
"Naxçıvan" Universiteti 1999-cu ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınaraq ali təhsil müəssisəsi kimi fəaliyyətə başlayıb. Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil ocağı idi. Burada 4 fakültə, 10 kafedra fəaliyyət göstərir. 1500-dək tələbə təhsil alır, 100-dək işçi çalışır.
2 fevral 2023-cü il tarixindən etibarən “Naxçıvan” Universitetinin rektoru Anar Kazımovdur.
Qeyd edək ki, "Naxçıvan" Universiteti Azərbaycanda bağlanan ilk özəl universitet deyil. Bundan əvvəl də ölkədə bir sıra özəl ali təhsil müəssisəsi müxtəlif səbəblərdən fəaliyyətini dayandırıb. Rəsmi məlumata görə, 1993-1995-ci illərdə Azərbaycanda 40-dək qanunsuz özəl ali təhsil müəssisəsi fəaliyyət göstərib.
Modern.az saytı indiyə kimi bağlanmış özəl təhsil müəssisələrilə bağlı araşdırma aparıb. Siyahını diqqətinizə çatdırırıq.
“San Marino” universiteti - 1990-cı illərin sonu – 2000-ci illərin əvvəllərində Mingəçevirdə fəaliyyət göstərib. O zaman bu özəl təhsil müəssisəsinin rəsmi adı belə yazılırdı: San Marino Beynəlxalq Elmlər Akademiyası Akademik Mərkəzinin Azərbaycan filialı. Bu özəl ali məktəb 1997-ci ildə Təhsil Nazirliyinin nəzdindəki Dövlət Ali Ekspert Komissiyası tərəfindən qeydə alınmışdı. Həmin dövlərdə ölkənin ən qalmaqallı təhsil müəssisəsi kimi ad çıxaran “San Marino” universiteti qanunsuz tələbə qəbulları həyata keçirmişdi. Bəzi məlumatlara görə, hətta ad-soyadını yaza bilməyənlər belə “San Marino” universitetinə qəbul edilir, onlara saxta tələbə bileti və diplomlar verilirdi.
Tədrisin təşkilindəki ciddi pozuntulara görə 2001-ci ildə San Marino Beynəlxalq Elmlər Akademiyasının Akademik Mərkəzinin Azərbaycan filialının fəaliyyəti dayandırıldı. Universitetin Göyçay və Bərdə filiallarının da işinə son verildi.
Müstəqil Azərbaycan Universiteti (MAU) - 1996–2006-cı illərdə Bakıda fəaliyyət göstərmiş bu özəl ali təhsil müəssisəsinin təsisçisi və rektoru hakim Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi təşkilatının sədri Abbas Mustafayev idi.
2006-cı ilin mayında Təhsil Nazirliyi MAU-nun lisenziyasını ləğv etdikdən sonra universitetin tələbələri digər ali məktəblərə köçürülmə tələbi ilə müxtəlif aksiyalar keçirmişdilər. O zaman məlum olmuşdu ki, MAU-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından kənar kütləvi şəkildə qəbul aparılıb. Bu qalmaqal bir neçə il davam etmiş, məsələyə müxtəlif məhkəmə instansiyalarında baxılmışdı. Tələbələr hətta aclıq aksiyasına belə əl atmışdılar.
MAU-nun təsisçisi Abbas Mustafayev 2015-ci ilin aprelində dünyasını dəyişib.
Azərbaycan Beynəlxalq Universiteti (ABU) – 1997–2010-cu illərdə fəaliyyət göstərmiş bu özəl ali məktəblə bağlı qalmaqallar da yəqin unudulmayıb. Universitetdə təhsil ödənişli əsaslarla idi, əyani və qiyabi şöbələri fəaliyyət göstərirdi.
ABU-nun təsisçisi və rektoru hüquq elmləri doktoru, professor Elşad Abdullayev idi. Elşad Abdulayevlə bağlı qalmaqallar da uzun müddət mətbuatın səhifələrini “bəzəyib”.
2010-cu il iyulunda ABU-nun lisenziya müddəti bitdiyi üçün onunla bağlı məsələyə yenidən baxılıb. Ali məktəbdə tədris prosesinin təşkili vəziyyətinin araşdırılması məqsədi ilə yaradılan ekspert qrupu ABU-da ciddi pozuntular aşkarlayıb. Hazırlanmış arayış Təhsil Nazirliyi Lisenziya Komissiyasının iclasında müzakirə olunub. Lisenziya Komissiyasının yekdil qərarı ilə qeyd olunan nöqsanlar nəzərə alınaraq Təhsil Nazirliyi tərəfindən ABU-nun fəaliyyətinə verilmiş lisenziyanın müddətinin uzadılmaması barədə qərar qəbul olunub.
2010-cu il sentyabrın 1-də o vaxtı təhsil naziri Misir Mərdanov Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinin dayandırılması ilə bağlı əmr imzalayıb.
ABU bağlanandan sonra onun rektoru Elşad Abdullayev barəsində açılan cinayət işləri ilə əlaqədar Azərbaycanı tərk edib və Fransaya qaçıb. Hazırda da orada yaşayır.
Bakıda Amerika Universiteti (BAU) - özündə təhsilin amerikan modelini təcəssüm etdirən ingilisdilli keçmiş qeyri-dövlət ali təhsil müəssisəsi idi.
Bakıda Amerika Universiteti (BAU) 17 yanvar 1995 - 19 avqust 2000-ci illərdə fəaliyyət göstərib.
2000-ci ildə təsisçilərin təklifi əsasında Ədliyyə Nazirliyinin qərarı ilə universitetin dövlət qeydiyyatı, onun əsasında isə Təhsil Nazirliyi tərəfindən verilən lisenziya ləğv edilib.
Azərbaycan İctimai-Siyasi Universiteti (AİSU) - bu özəl ali məktəb Nazirlər Kabinetinin 11 oktyabr 1997-ci il tarixli sərəncamı ilə dövlət qeydiyyatından keçmişdi. Universitetinin fəaliyyətinə verilmiş 5 illik lisenziyanın müddəti 2013-cü ilin sonunda başa çatıb. Lisenziyanın müddətinin uzadılması ilə bağlı universitet tərəfindən təqdim edilmiş sənədlər diqqətlə araşdırılıb, habelə Təhsil Nazirliyinin əmri ilə yaradılmış ekspert qrupu ali məktəbin fəaliyyəti ilə yerində tanış olub.
Aparılmış araşdırma nəticəsində AİSU-da tədris prosesinin formal xarakter daşıdığı, elmi-pedaqoji heyətinin pozuntularla komplektləşdirildiyi və kafedraların mövcud qaydalara zidd təşkil olunduğu müəyyən edilib.
2014-cü ilin iyulunda Təhsil Nazirliyi İctimai-Siyasi Universitetə verilən lisenziya müddətinin uzadılmaması barədə qərar çıxarıb.
Bakı Asiya Universiteti – 2000-ci illərin əvvəlində açılan təhsil müəssisəsi 2015-ci ildə Təhsil Nazirliyinə müraciət edərək, universitetin fəaliyyətinin dayandırılmasını istəyib. Səbəb kimi universitetin ciddi maliyyə problemlərilə üzləşdiyi bildirilib.
Təhsil Nazirliyi Bakı Asiya Universitetinin xahişini təmin edib və 8 ixtisas üzrə təhsil alan 270 tələbənin digər universitetlərdə təhsillərinin davam etdirilməsinə razılıq verilib.
“Təfəkkür” Universiteti - Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il tarixli qərarı ilə dövlət qeydiyyatından keçərək özəl ali məktəb statusu almışdı. Universitet 2016-cı ildən fəaliyyətini dayandırıb.
2016-cı ilin oktyabr ayında “Təfəkkür” Universitetinin Təsisçilər Şurası maliyyə vəziyyətində yaranmış problemlə əlaqədar universitetin fəaliyyətinin dayandırılması barədə Təhsil Nazirliyinə müraciət edib. Təhsil Nazirliyi müraciəti, universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini, eyni zamanda, akkreditasiyadan keçirilməməsini nəzərə alaraq 2017-2018-ci il tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmamasını və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə qərar qəbul edib.
Qeyd edək ki, “Təfəkkür” Universiteti ilə bağlı böyük əks-səda doğuran hadisə indi də mətbuatda tirajlanmaqdadır. Söhbət “Təfəkkür” Universitetinin sabiq rektoru Müşfiq Atakişiyevin prorektor Tariyel Əhmədovun qətlini sifariş etməsindən gedir. Prorektor Tariyel Əhmədov 2011-ci il sentyabrın 16-da qətlə yetirilmişdi.
M.Atakişiyev 2016-cı ildə “Təfəkkür” Universiteti bağlanmazdan bir müddət öncə rektor vəzifəsindən istefa vermişdi. Universitet isə az sonra fəaliyyətini dayandırmışdı. Baş Prokurorluq 12 il əvvəl baş vermiş qətl hadisəsi barədə 2023-cü ilin noyabrında məlumat yayıb və sabiq rektor Müşfiq Atakişiyev həbs edilib.
Qafqaz Universiteti - 1993-cü ildə Bakı şəhərində fəaliyyətə başlayıb. Universitet Azərbaycan və Türkiyə arasında elmi-mədəni əlaqələrin inkişafında mühüm rol oynayan "Çağ Öyrətim İşlətmələri" şirkətinin təhsil kompleksinin ən yüksək pilləsi idi. 1995-ci ildən başlayaraq universitet tələbə qəbulunun nəticələrinə görə özəl ali məktəblər arasında reytinq cədvəlinə başçılıq edirdi. Burada bakalavr pilləsində 20, magistratura pilləsində 10, aspirantura pilləsində 4 ixtisas üzrə təhsil verilirdi. Qafqaz Universitetinin fəaliyyəti 2017-ci il yanvarın 16-da dayandırılıb. Universitetdə təhsil olan tələbələrin onun bazasında yaradılan Bakı Mühəndislik Universitetinə köçürülməsinə qərar verilib.
Qeyri-rəsmi ehtimallara görə, Qafqaz Universitetinin bağlanmasına səbəb onun Türkiyədən ABŞ-a qaçmış FETÖ təşkilatının başçısı Fətullah Gülənlə əlaqəli hesab edilməsi idi.
Bakı İslam Universiteti - Qafqaz Müsəlmanları İdarəsinin nəzdində olan Bakı İslam Universiteti 1991-ci ildə Bakı İslam Mədrəsəsinin bazası əsasında formalaşmışdı. Bakı İslam Universitetində 2 fakültə vardı: İslamşünaslıq və Şəriət fakültələri. Universitetdə həm dini, həm də dünyəvi fənlər tədris olunurdu.
2018-ci ildə Bakı İslam Universiteti fəaliyyətini dayandırdı. Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasından sonra onun fəaliyyətinə ehtiyac duyulmadı.
Bakı İslam Universiteti 1991-ci ildən açılandan bağlanana kimi Hacı Sabir Həsənlinin rektorluğu altında fəaliyyət göstərib.
Gəncə Elm-Təhsil Mərkəzi – bu təhsil müəssisəsi 2001-ci ildı tərkibindəki 3 ali məktəblə birlikdə ləğv edilib.
Qeyd edək ki, Azərbaycanda bağlanan özəl universitetlərlə yanaşı, həm də onların ayrı-ayrı rayonlardakı filiallarının faəliyyətinə son verilib.
Rəsmi məlumata görə, 1999-cu ildə keçmiş Təhsil Nazirliyində aparılan araşdırmaların nəticələri əsasında müxtəlif özəl ali məktəblərin 18 filialı bağlanıb. Onların hamısının qanunsuz fəaliyyət göstərdiyi müəyyənləşdirilib. Dövlət qeydiyyatından keçməmiş həmin filialların verdiyi diplomlar isə etibarsız hesab olunub.
Keçmiş təhsil nazir Misir Mərdanov mətbuatdakı çıxışlarının birində bununla bağlı adlar çəkərək bildirib ki, San Marino Beynəlxalq Elmlər Akademiyası Akademik Mərkəzinin Azərbaycan filialının Göyçay və Bərdə filialları, N.Gəncəvi adına Gəncə Universitetinin, Bakı Biznes Universitetinin, Odlar Yurdu Universitetinin, Azərbaycan Beynəlxalq Universitetinin Ağcabədi rayonundakı filialları, Gəncə Elm-Təhsil Mərkəzinin Beyləqan, Zaqatala filialları, “Təfəkkür” Universitetinin Salyan, Əli Bayramlı (Şirvan), Quba filialları bölgələrdə fəaliyyətinə xitam verilən təhsil müəssisələri olub.
Bundan başqa, xarici ölkə ali təhsil müəssisələrinin Azərbaycanda qanunsuz yaradılmış 16 filialı və tədris məntəqəsi də keçmiş Təhsil Naziriliyi tərəfindən qapadılıb.
Belə ki, keçmiş Təhsil Nazirliyinin vəsatəti əsasında məhkəmənin müvafiq qərarları ilə 2000-ci illərin əvvəllərində Dağıstan Dövlət Universitetinin, Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun, Cənubi-Rusiya Humanitar İnstitutunun, Kiyev Reklam İnstitutunun, Moskva Hüquq və İdarəetmə Akademiyasının, Dnepropetrovsk Milli Universitetinin Bakı filiallarının, habelə Rusiya Federasiyası Maymonid adına Dövlət Klassik Akademiyasının Bakı tədris məntəqəsinin fəaliyyətləri dayandırılıb.
Araşdırmalar zamanı məlum olub ki, həmin müəssisələr tərəfindən qanunsuz tələbə qəbulu aparılıb, mövcud qanunvericiliyə zidd olaraq məzunlara diplomlar verilib, tələbələrin icazəsiz köçürülməsi həyata keçirilib.