|
Amerikanın “Haumaç”(Howmuch) reytinq agentliyi “Ötən il dünyanın müxtəlif ölkələrini ziyarət edən turistlər nə qədər pul xərcləyib" mövzusunda araşdırma aparıb. Tədqiqat məlumatlarında təkcə turistlərin xərclədiyi vəsaitin miqdarı deyil, həm də onların sayı öz əksini tapıb. Məlum olub ki, hər hansı bir ölkəyə olan turist axını hələ bu ölkənin böyük qazanc götürdüyündən xəbər vermir.
Axar.az Dalma.nyus-a istinadla xəbər verir ki, Cənubi Qafqazdakı turizmin gözlənilən liderləri olan Azərbaycan və Gürcüstan nümunəsi bunu açıq şəkildə göstərir.
“Houmaç”ın göstəricilərinə görə, ötən il Azərbaycana 2 milyon 454 min turist ziyarət edib və nəticədə ölkə 3 milyard dollar qazanıb.
Gürcüstanda turistlərin sayı çox olsa da, gətirdiyi gəlir 2 milyard 751 milyon dollar (Media.az) olub.
Ermənistan ötən il 1 milyon 495 min turistdən 1 milyard 150 milyon dollar gəlir əldə edib.
Köhnə SSRİ ölkələrinə üz tutan turistlər ən çox Rusiya Federasiyasında pul xərcləyib – 8 milyard 945 milyon dollar. Rusiyadan sonra siyahıya Azərbaycan və Gürcüstan liderlik edir.
Estoniya təxminən 2 milyard dollar gəlirlə dördüncüdür. Daha sonra isə Ermənistan, Ukrayna və Litva (təxminən 1 milyard dollar) siyahıda öz yerini alıb.
Dünyada isə Türkiyə Respublikası 22 milyard 478 milyonla Misiri qabaqlayıb.
Dünya üzrə ilk onluq belədir: 211 milyard dollarla ABŞ, 68 milyard dollarla İspaniya, 61 milyard dollarla Fransa, 57 milyard dollarla Tayland, 51 milyard dollarla Böyük Britaniya, 44 milyard dollarla İtaliya, 42 milyardla Avstraliya, 40 milyardla Almaniya, 36 milyardla Makao, 34 milyard dollarla Yaponiya.
Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov “Dalma Nyus”a müsahibəsində bildirib ki, 2017-ci ildə Azərbaycana üz tutan turistlər kəmiyyətcə deyil, keyfiyyətcə önəm daşıyıb:
“Azərbaycana, belə deyək, “keyfiyyətli” turistlər gəlir. Orta səviyyədən yuxarı olan ərəb ölkələrindən turistlərin gəlməsi nəticə verdi və büdcə gəlirləri artdı”.
“Bəli, turistlərin sayını artırmaq məqsədini prioritet kimi qəbul etmək olar. Lakin bu mübarizədə bizə lazım olan nədir? Biz təkcə turist seqmenti, səyahət şirkətləri, otelçilər, eləcə də iqtisadiyyatın digər sahələrinin qazanmasını istəyirik. Bu cəhətdən ərəb turistlər digərlərindən fərqlənir. Ona görə də biz onların diqqətini çəkmək istəyirdik.
Ərəb turist gəlib təkcə oteldə qalmır. O, ticarət mərkəzlərini, restoranları gəzir. Bundan əlavə, ərəblər ailələr ilə gəlir. Bu, onların xərclərini çox artırır.
Avropalı qonaqlar nə edirlər? Bir otel, bir stəkan şərab, qısa bir yürüyüş və sonra hava limanı”, – deyir Nahid Bağırov.
Bəs nəyə görə ərəblər Gürcüstana bu cür axın etmir?
“Bakı və Tiflisi müqayisə edərək kiminsə xətrinə dəymək istəmirəm, amma demək istəyirəm ki, Gürcüstan kütləvi turizmi, Azərbaycan isə VIP-turizmi seçdi.
Gürcüstan bir çox görməli yerləri olan gözəl bir ölkədir. Ancaq Azərbaycanda olanlar orda yoxdur. Məsələn, lüks otellər. Düzdür, orda da lüks otellər var, amma Azərbaycanda olduğu qədər deyil. Yenə də təkrar edirəm ki, Gürcüstan kütləvi turizmini seçib. Bu pis bir şey deyil. Lakin orta statistik qazancdan çox qazanan VİP-turist seçim qarşısında qaldığı zaman Gürcüstanı deyil, Azərbaycanı seçəcək”.
Burda din faktoru da rol oynaya bilərmi? Məsələn, xristianların üstünlük təşkil etdiyi Gürcüstan və Ermənistana deyil, Azərbaycana gəlməyin daha məqsədəuyğun olması...
Müsahibimiz deyir ki, bu mümkündür, lakin şərtidir.
Eyni zamanda, Azərbaycan sakinləri tərəfindən ərəb turistlərə qarşı mənfi rəftar mövcuddur. KİV-lər vasitəsilə xəbərdarlıq edilir ki, qeyri-qanuni davranışlara, incikliklərə və s. yol verilməsin. Bu, Azərbaycanda turizm sektorunun inkişafına təsir göstərə bilər.
“Bu yaxında bir iraqlı bloger Azərbaycandakı klublardan birində olduğunu yazdı və video görüntüləri yaydı. Bir çox istifadəçi isə paylaşımın altına Azərbaycanda QİÇS-ə yoluxduqlarını qeyd etdi. Araşdırdıqdan sonra bizə məlum oldu ki, bu şərhlər sifarişlə yazılıb”, – deyə ekspert bildirir.
“Bəzən kiçik problemlər yaşanır, lakin onlar şişirdilib ictimaiyyətə çatdırılır. Bir şeyi dərk etmək lazımdır ki, turistin milliyyəti olmur. O turistdir. Ölkənin qonağıdır”, - müsahibimiz deyib.
“Ərəb turistlərin də sosial hesabları var. Onlar öz dostları ilə başlarına gələn neqativ halı paylaşsalar, bu, ərəb axınına mənfi təsir göstərəcək və get-gedə ərəblər ölkəmizə gəlməyəcək.
Odur ki, bu söhbət və müzakirələri dayandırmaq lazımdır. Ticarət mərkəzlərində çalışan tanışlarınızdan soruşun: Lazımdırmı bizə ərəb turist? Cavab birmənalı olacaq: Lazımdır!
Ərəb turistlər bütün dünya ölkələrinə lazımdır. Çünki onlar çox pul xərcləyir”.