Sökülən evlərə görə təzminat belə hesablanır

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, Bakı şəhəri üzrə 194 qəzalı və kəskin qəzalı binanın sökülməsi nəzərdə tutulur. Bundan başqa, ayrı-ayrı tikinti şirkətlərinin təşəbbüsü ilə yaşayış yerləri vətəndaşlardan müxtəlif şərtlərlə alınmaqla sökülərək yerində yeni binaların inşası aparılır.

Maraqlıdır, bəs bu zaman sakinlərə ödənilməli olan kompensasiyanın məbləği necə müəyyən edilir?

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev “Qafqazinfo”ya bildirib ki, köhnə binalar yeniləri ilə əvəz olunarkən mənzil sahiblərinə kompensasiya olaraq həmin tikiləcək binadan mənzil verilir. Mütəxəssis deyir ki, həmçinin onlara tikinti müddətində kirayə və köçmək xərcləri ödənilir. Yeni bina tikildikdən sonra isə vətəndaşlara yeni binadan əvvəlkindən daha böyük sahədə tam təmirli mənzil verilir.

Torpaqların dövlət ehtiyacları üçün alınması zamanı isə həmin ərazi qiymətləndirilir: “Vətəndaşlara qiymətləndirilən məbləğ üzrə kvadratına görə pul ödənilir. Dövlət ehtiyacları üçün alınan ərazilərdə yeni yolların salınması, infrastrukturların qurulması, parkların salınması nəzərdə tutulur ki, bu zaman daha çox istismar müddətini bitirmiş və qəzalı binalar müəyyən olunur. Qiymət ərazilərə görə dəyişir. Ərazilərin bazar qiymətinə uyğun olaraq vətəndaşlara mənzillərinin hər kvadratmetrinə görə kompensasiya ödənilir”.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc isə deyir ki, Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Fövqəladə Hallar Nazirliyi ilə birgə aparılan bu proses qiymətləndirmə mərhələsindən keçdikdən sonra kompensasiyanın məbləği müəyyən olunur: “Müvafiq satınalma üzrə tender elan olunur və tenderdə qalib gələn şirkət ərazilərdə baxış keçirdikdən sonra kompensasiya məqsədilə ödəniləcək məbləği müəyyən edir. Yəni həmin ərazinin bir kvadratmetrinin dəyəri hesabladıqdan sonra müvafiq dövlət qurumları vətəndaşlara məxsus olan mənzillərin sahəsini həmin müəyyən edilmiş kompensasiya məbləğinə vurur və bundan sonra bütövlükdə mənzilin kompensasiya dəyəri müəyyən edilir. Tikinti şirkətlərinin təşəbbüsü ilə binaların sökülməsi zamanı isə proses vətəndaşlarla qarşılıqlı razılıq əsasında həyata keçirilir”.

Nazirlər Kabinetinin sözügedən istiqamətdə olan qərarlarından birində - 17 dekabr 2019-cu il tarixli Qərarında Bakı şəhərinin müvafiq rayonlarının icra hakimiyyətlərinə qəzalı vəziyyətdə olan binaları sökərək onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi tapşırılıb.

Lakin məlum məsələdir ki, tikinti şirkətləri çoxmənzilli yaşayış binalarını söküb yenisini inşa etmək üçün xeyli mülkiyyətçi ilə razılıq əldə etməlidir. Bu baxımdan təcrübədə bütün ev sahibləri ilə razılaşmanın əldə edilməsinin mümkün olmadığı hallarla tez-tez rastlaşırıq. Məsələn, tərəflərdən biri müxtəlif səbəblərdən mənzillə təmin edilmə ilə razılaşmır. Bu zaman kompensasiya ödənişinin məbləği mübahisə yaradır. Belə ki, hər kvadratmetrə görə kompensasiya ödənişi hətta bazar qiymətinə uyğun olsa belə, yaşayış sahəsinin kiçik olması qarşı tərəfi narazı salır.

V. Oruc belə hallarda kompensasiya məbləğinin qiymətləndirmə fəaliyyəti əsasında müəyyən edilməsinin məcburi olmasını məqsədəuyğun hesab edir. O, rəhbərlik etdiyi qurum tərəfindən bununla bağlı qanunvericiliyə dəyişikliyin olunmasının təklif edildiyini də əlavə edib.

Torpaq sahələrinə görə kompensasiya ödənişlərinə gəlincə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna görə, torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki 3 ay ərzində alınan həmin torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir.

Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə torpağın bazar qiyməti əsas götürülür. Həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, bu olmadıqda, 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan torpağın bazar qiyməti əsas götürülür. Hətta 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda isə həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq (rayon, şəhər və şəhər rayonları) mövcud olan torpağın qiyməti nəzərə alınır.

29 Aprel 2025 Mayın 1-dən QÜVVƏYƏ MİNİR
29 Aprel 2025 “Bakı Metropoliteni” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilmiş tədbir keçirilib
29 Aprel 2025 Bakıdakı məşhur restoranlar cərimələndi - Siyahı
29 Aprel 2025 Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - Video
29 Aprel 2025 FHN və ADY birgə təlim keçirdi - Video
29 Aprel 2025 Artilleriya bölmələri ilə döyüş atışları keçirildi
28 Aprel 2025 Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb
28 Aprel 2025 Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 102 il ötür
25 Aprel 2025 Prezidentin Fərmanı: ADY təhlükəli yüklərin daşınmasında artıq lisenziya və icazə almadan fəaliyyət göstərə biləcək
25 Aprel 2025 Aprelin 26-da 32 dərəcə isti olacaq
25 Aprel 2025 Azərbaycanda bu gündən hava pisləşir
24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
23 Aprel 2025 Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur
23 Aprel 2025 AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
23 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”
22 Aprel 2025 Sabah 29° isti olacaq
22 Aprel 2025 Ölkə üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb
22 Aprel 2025 Həsənrizə daha 20 ailə köçürülür - Fotolar

Xəbər lenti