|
Tehrandan diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.
Bu barədə Axar.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Agentlik qadağaya səbəb kimi, Tehranda ev quşları arasında quş qripi xəstəliyinin yayılması olduğunu göstərib:
“Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən İran İslam Respublikasının Tehran vilayətində ev quşları arasında yüksək patogenli quş qripi xəstəliyinin yayılması müəyyən edilib. Bununla əlaqədar olaraq, İran İslam Respublikasının Tehran vilayətindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən İran İslam Respublikasının Tehran vilayətindən gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunub”.