Kann film festivalından mükafatsız dönsə də, 10 dəqiqədən çox ayaq üstə alqışlanan “Əhlət ağacı” filmi formaca rejissorun “May sıxıntısı” filminə bənzəsə də, mahiyyətcə həmin filmdən çox fərqli və daha geniş döngələri olan peripetiyalardan ibarətdir. Əvvəlcə deyim ki, “Əhlət ağacı”nın tərcüməsi bizim dildə “Armud ağacı”, “Meşə armudu” yaxud “Çaqqal armudu” kimi də tərcümə oluna bilər. “Çaqqal armudu” ifadəsi fikrimcə, filmin mövzusuna daha çox uyğun gəlir. Çünki bu ağac əksər hallarda çaqqal olan meşələrdə bitir və hətta filmin bir səhnəsində ata və oğul çaqqal ulamasına qulaq asırlar.

Əhlət ağacı quraqlığa və susuzluğa dayanıqlı bir ağacdır. Meşələrin kənarında, daha çox açıq yerlərdə, daşlı-qayalı təpə başında yabanı şəkildə bitməkdədir. Aran zonası üçün ayı alması necə xarakterikdirsə, dəmyə əkinçiliyi olan dağ yerləri üçün də meşə armudu daha çox xarakterikdir. Meyvələri balaca meşə armududur. O meyvələr ki, filmdə də gördüyümüz kimi daha çox qurudulmuş halda (müəyən bir zaman keçdikdən sonra) yeyilir. Bu səbəbdən filmin baş qəhrəmanı olan həvəskar gənc yazar, əslində, elə əhlət ağacının ən böyük metaforasıdır. Bir-birinə bənzəyən toplum və cəmiyyət meşələrin, yabanı əhlət ağacı isə hamıdan gen gəzən, hamıdan yad düşən bir gənc yazarın özüdür. O gənc yazar ki, atası kimi olmaq istəmir və daxilən nəinki insanlardan, hətta öz ailəsindən belə çox-çox uzaqdır, tənhadır.

Filmdəki müsbət və mənfi xətlər bir neytral ana fazanın - ata və oğul münasibətləri cərəyanında inkişaf edir və bu cərəyanın şiddətini rejissor bizə daha başqa bir simvolla - su quyusu ilə çatdırır. O quyu ki, film onunla başlayıb onunla da bitir. Bu mənada, atanın daxilən düşdüyü quyudan onu çıxardacaq heç bir qüvvə yoxdur. Yalnız bircə qüvvədən, oğuldan savayı. Oğul isə vaxtında onun həyatını birə-bir yaşamış atasına nifrət edir. Daha doğrusu, nifrətdən daha çox onun kimi olacağından qorxub, özünü öz yaşam tərzi ilə qəbul etmək istəmir.

Filmin əsas qəhrəmanı Sinan böyük şəhərdə universiteti bitirmək üzrədi və kitabını çıxarmaq ümidi ilə öz balaca kəndinə qayıdır. Ancaq öz kəndinə, öz ailəsinə qayıdar-qayıtmaz yavaş-yavaş heç nəyi dəyişə bilməyəcəyini anlayır. O, öz taleyilə barışa bilməsə də, bütün vaxtını məktəbdə dərs deyən və bütün gününü kənddə keçirən atası kimi olmamaq üçün sonuna qədər dirənsə də, son səhnədəki quyu qazma səhnəsi ilə mübarizəsinin necə də böyük bir kədərlə bitdiyini bizlərə çatdırır. Bu mübarizənin uğursuzluğunun isə ancaq bir səbəbi var. Eynilə filmdə deyildi kimi:

“Kapitalizm, hər şeyi görüb heç nəyə toxunmamaq kimidir. Pulun yoxdursa, həyat da yox”.

Filmdə texnik olaraq bəzi planlarda və montajda bir neçə səhv var. Ancaq filmin mövzusu o qədər dərindir ki, texniki səhvlər bu dərinlikdə itib-batır və heç də gözə çarpmır. Filmdə kino dilindən daha çox ədəbi dil, ədəbiyyat dili var. Necə ki, Ceylanın bundan əvəlki filmi “Qış yuxusu"nda da bunun şahidi olmuşduq. Ancaq bu ədəbiyyatı Ceylan heç də məqsədsiz şəkildə istifadə etməyib. Əksinə, ədəbiyyatla, bol dialoqlarla sanki rejissor baş qəhrəmanın da yazar olması anlamı ilə bu ədəbiyyat dilinə, romançılıq üslubuna haqq qazandırıb. Yəni “Əhlət ağacı” adlı kitabını çap etdirmək istəyən bir yazar hekayəsini, Ceylan “Əhlət ağacı” filmi kimi lentə alıb. Bir sözlə, filmin baş qəhrəmanı olan gənc yazar, məncə, elə türkcə desəm, Ceylanın “ta kendisidir”. Yəni, film avtobioqrafikdir və Ceylanın müsahibələrində vurğuladığı kimi film rejissorun gənclik illərində onu yalnızlığa məhkum edənlərdən “hesap soran” filmdir.

Ən əsası - rejissor dilaloqlarla kimlərəsə bir şeylər öryətmək, bir sirri ortaya çıxarmaq, ya da heç söylənməmişi söyləmək kimi fikirlərdən uzaq durub. Bununla da Nuri Bilgə Ceylan Tarkovskisayağı filmində öz yazar qəhrəmanı ilə dialoqlarla, həyati-fəlsəfi və dini axtarışlarla, insanın təbiəti və ictimai-sosial əlaqələri üzərindən araşdırmalar aparıb sonda acı və həqiqi bir qərara gəlir: “Bir bardağın içinde çalkalanıyoruz”.

Tarkovski “Ayna” filmi ilə öz uşaqlığını və travmalarını bizə necə yaradıcı formada təqdim edirdisə, Ceylan da bu filmlə eyniylə öz gəncliyini təqdim edir. Film uzun təhkiyəçiliklə bütün xarakterlərin iç dünyasını açmaq mənasında hazırkı Türkiyəyə və cəmiyyətin gözlərinə güzgü tutub işıq salır. Bundan savayı, filmdəki xarakterlər o qədər zəngin və bizə yaxındır ki, demək olar, Azərbaycandakı yaradıcı mühitdəki sağlam düşüncəli gənclərin (kino, teatr və ədəbiyyat) gündə müşahidə etdiyi xarakterlərdir.

Başından eləmək üçün onu digər dostunun yanına yönləndirən bələdiyyə sədri obrazı, qum daşıma şirkətində işləyən, kitab rəflərində ensiklopediya olmasına rəğmən gənc bir yazarı milliyyətçi olmadığı üçün qınayan inşaatçı obrazı, bilmədən dini və əxlaqi kontekstdə bir-birlərinə zidd fikir söyləyən kəndin imamları (o imamlar ki, məhz alma ağacından alma dərib yeyirlər), insanlardan qaçmaq üçün daha çox təbiətə və heyvanlara bağlanan, kiçik bir kənddə pulsuzluq və çarəsizlik səbəbilə özünü qəribə aparan, həmişə üzü gülən və bütün bunlarla paralel olaraq, ailə başçısı vəzifəsini yerinə yetirə bilməyən qumarbaz, borclu ata obrazı, televizorda gördüyü həyatlarla öz həyatı arasında çarəsizliyi, peşmanlığı və yalanları ilə sıxılıb qalmış Xədicə obrazı, oğlunun yazdığı kitabın bir səhifəsini belə oxumayan, amma kitabın çap olunduğunu bilərkən sentimental davranışlar sərgiləyən, tipik türk ailəsinə mənsub ana obrazı və s. kimi xarakterlər filmin ana xəttinin içində elə zərgər dəqiqliyi ilə işlənib ki, bütün bunlar sözün əsl mənasında göz qamaşdırır.

Ayrıca yazmağı lazım bildiyim digər obraz isə yazar Süleyman obrazıdır. Ona görə ki, bu obraz vasitəsilə romantizm və gerçəklik mübahisəsi edən Sinanı biz artıq romantik kimi təsdiqləməyə başlayırıq. Bundan əlavə, Sinan Süleymana belə bir sual verir: “Bir adamın çox qiymət verdiyi bir əşyası var. İşdir, birdən sənə faydası olsa, onu götürərsən?”

Sonradan bu dəyərli əşyanın məhz Sinanın atasının iti olmasını öyrənmiş oluruq. Daha sonra Sinan körpünün üstündəki heykəlciyin qolunun qırıldığını görüb onu çaya atır. Sonra kiminsə onun arxasınca düşdüyünü görüb qaçır və nəhayət, gəlib Troya atının içində gizlənir. Bu isə inşaatçı obrazının, şəhidləri deyil də küçədəki bir səfil adamın hekayəsini anladan yazar Sinanın təhtəlşüurunda qalan günahkarlıq hissidir. Buna görə Sinan yuxuda, vaxtilə düşmənlərin Çanaqqalaya gətirdikləri o atın içində gizlənir və bu gizlənmə cinayət simvolu kimi göstərilir.

Xülasə, bütün bu olanların fövqündə filmin sonlarına yaxın, mövzu imamlarla daha çox din və taleh üzərindən aparılır. Bununla da rejissor Sinanın artıq öz qismətinə boyun əydiyini və öz talehi ilə razılaşdığını yavaş-yavaş bizlərə çatdırmış olur. Əsgərlikdən qayıtdıqdan sonra Sinan atasının yanına gedir. Kitabını oxuyan yeganə adamın atası olmasını bilib (bununla ata və oğul eyniləşdirilir) atasının gözlərindəki çarəsizliyi özünə bənzədir və bütün hər şeyi anlayır: “Əlində olanlarla kifayətlənib, həyatı necə var, elə də yaşayacaqsan. Başqa, parlaq həyatları göz önünə alıb, həyatını özünə zəhər etməyəcəksən”.

Bu səbəbdən Sinan atasının qazdığı quyuya düşüb, o “su çıxmaz” deyilən quyudan su çıxartmağa cəhd edir və bununla da rejissor, Sinanın artıq romantik yox, həyatda gerçəkliyi qəbul etmiş atası kimi davam edəcəyinə işarə edir.

19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti