Övladlığagötürmə prosesi şəffaflaşır

Prezident İlham Əliyev övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

"Qafqazinfo" xəbər verir ki, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq, övladlığagötürmə sahəsində idarəetmə mexanizminin, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun təkmilləşdirilməsi, eləcə də övladlığagötürmə prosesində şəffaflığın təmin edilməsi, övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşaması və inkişafı prosesinə nəzarətin gücləndirilməsi məqsədilə qərara alınır:

1. Müəyyən edilsin ki, övladlığagötürmə sahəsində dövlət siyasətini və tənzimləməni, o cümlədən valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin (Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) vahid uçotunun elektron qaydada aparılmasını, övladlığagötürmənin əsaslandırılmasını və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsini, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin övladlığa götürməsinə razılıq verilməsini və həmin şəxslərə hüquqi yardım göstərən akkreditə edilmiş orqanın müəyyənləşdirilməsini, habelə övladlığagötürmənin ləğvinin tələb edilməsini, övladlığagötürmə sahəsində vahid nəzarəti, eləcə də əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikası vətəndaşı olan uşaqların həyat şəraiti ilə bağlı nəzarət tədbirlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun, həmçinin övladlığagötürmə sahəsində digər xidmətlərin elektron qaydada aparılmasını təmin etmək məqsədilə Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin yaradılmasını və 2019-cu il iyunun 1-dən fəaliyyətə başlamasını təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə inteqrasiya olunacaq dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinin və ehtiyatlarının siyahısına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. övladlığagötürmə sahəsində idarəetmə mexanizminin təkmilləşdirilməsi, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, eləcə də onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun və övladlığagötürmə sahəsində digər xidmətlərin elektron qaydada aparılması ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının işçilərinin say həddinin artırılmasına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.3. valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsini stimullaşdıran tədbirlərə, dəstəkləyici mexanizmlərə, habelə övladlığagötürmə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.4. bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulmuş altsistemin yaradılması və fəaliyyəti ilə bağlı maliyyələşdirməni iki ay müddətində təmin etsin;

3.5. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının uyğunlaşdırılması barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.7. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.8. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan altsistemin fəaliyyətini təmin etmək məqsədilə onunla digər dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsinin və elektron xidmətlər göstərilməsinin “Elektron hökumət” portalı vasitəsilə təşkili üçün tədbirlər görsün.

5. Bu Fərmanın 1-ci hissəsi 2019-cu il iyunun 1-dən qüvvəyə minir.

23 Noyabr 2024 Azərbaycanda Bazar gününün havası açıqlandı
23 Noyabr 2024 COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
22 Noyabr 2024 Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
22 Noyabr 2024 Qazaxın işğaldan azad olunan kəndlərinə belə nəzarət olunur - FOTOLAR + VİDEO
22 Noyabr 2024 Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
22 Noyabr 2024 DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət
22 Noyabr 2024 Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
21 Noyabr 2024 Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
21 Noyabr 2024 Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
21 Noyabr 2024 Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
21 Noyabr 2024 Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
21 Noyabr 2024 Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
20 Noyabr 2024 Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
20 Noyabr 2024 Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
19 Noyabr 2024 Gələn il xalis minimum əməkhaqqı nə qədər olacaq? - Sahələr üzrə MƏBLƏĞLƏR
19 Noyabr 2024 Kirayə qalanların DİQQƏTİNƏ: Bunu etmək sizin üçün vacibdir
19 Noyabr 2024 Orta əmək pensiya 531 manat, yaşa görə orta pensiya 569 manat olacaq - Nazir
19 Noyabr 2024 Sosial yardım nə qədər artırılacaq? – Detallı izah
19 Noyabr 2024 Ardıcıl 6 gün iş olmayacaq - TARİXLƏR
19 Noyabr 2024 Kamaləddin Qafarov: “Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi”

Xəbər lenti