|
Bir neçə gündür ki, “Delta Telekom”da ciddi texniki problemlər yaşanır.
Axar.az xəbər verir ki, “Delta Telekom”un xidmət etdiyi portallara girişdə məhdudiyyətlər tətbiq edilir. Ötən həftənin sonunda başlayan problem isə getdikcə genişlənməkdədir. Belə ki, “Delta Telekom”un xidmət etdiyi portallara giriş tam dayandıqdan qısa müddət sonra qurum problemi qismən aradan qaldırsa da, 5 gündür texniki nasazlığın öhdəsindən gələ bilmir. Hətta ötən gün “Delta Telekom”un öz saytına giriş də dayanmışdı.
Texniki problemin nədən qaynaqlandığı haqda qurumdan heç bir açıqlama verilməyib və “Delta Telekom” müştərilərinə hələ də səbəbi izah etməyib. Şifahi olaraq isə “Delta”ya hücum olduğu, bu səbəbdən saytlara girişin qismən məhdudlaşdırıldığı bildirilib.
Qeyd edək ki, hazırda Axar.az saytına da dünyanın bir çox ölkəsindən, o cümlədən ölkə daxilindəki bəzi provayderlərdən giriş bloklanıb.