|
Bu fikirləri "Report"a açıqlamasında koronavirusa yoluxan futbol məşqçisi Nadir Qasımov durumu barədə danışarkən deyib.
Hazırda Mərkəzi Neftçilər Xəstəxanasında olan 71 yaşlı mütəxəssis hər şeyin ikinci testin nəticəsinə əsasən müəyyənləşəcəyini bildirib. Qasımov bu gün ikinci dəfə testdən keçmə ehtimalının olduğunu söyləyib: "Artıq özümdə heç nə hiss etmirəm. İki gündür temperaturum yoxdur, öskürək də təmizlənib. Bunlar məndə elə də çox olmayıb. İnanıram ki, bu yaxınlarda evə buraxacaqlar".
Məşqçinin sözlərinə görə, virusa yoluxduğunu özü hiss edib: "Mən qanuna riayət edən adamam. Özüm hiss etdim ki, temperaturum artıb. 103-ə zəng etdim, baxdılar və nümunə götürdülər. Bir gündən sonra bilindi ki, koronavirusa yoluxmuşam. Həmin gün də təcili yardım gəldi və məni Mərkəzi Neftçilər Xəstəxanasına gətirdi. Artıq 8 gündür ki, buradayam.
Nə lazımdır, hamısını edirlər. AFFA da daim mənimlə əlaqə saxlayır, vəziyyətimi soruşublar. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, Oktay Abdullayev, Ağasəlim Mircavadov, Vaqif Sadıqov - hamısı mənimlə maraqlanır. İnanıram ki, bu yaxınlarda evə getməyə icazə verərlər, evimizə qayıdarıq".
Qasımov xəstəxanadan çıxmaqla bağlı qərarı həkimlərin verəcəyini sözlərinə əlavə edib: "Mən yalnız gözləyirəm, həkimlərə əmr verə bilmərəm. Amma özləri də görürlər ki, bütün tələblərə əməl edirəm. Dərmanları vaxtı-vaxtında qəbul edirəm. Sağlıq olsun, necə alınacağını görəcəyik. Hazırda həkimlər otaqları gəzir və xəstələrə baxırlar. Bəlkə, günortadan sonra mənə də yaxınlaşdılar.
Çox xahiş etdim ki, bu gün yenə test götürsünlər, nəticəyə baxaq. Özümə də maraqlıdır. 3 gün evdə, 8 gün isə burada olmuşam. Mənə müntəzəm olaraq yaxşı baxdılar. Hər gün sistemlər, dərmanlar qəbul etdim. Artıq mühit məni sıxır, buna alışmamışam. Həmişə sərbəst olmuşam, amma burada sərbəstlik yoxdur, hərəkətlərimiz məhduddur. Bu gün baxacaqlar, görək, nə deyirlər".
Sonda təcrübəli mütəxəssis Azərbaycan xalqına müraciət etməyi vacib sayıb: "Mən xalqıma müraciət etmək istəyirəm. Hansısa qüvvələr əhalini virusla bağlı başqa yönə istiqamətləndirmək, bu xəstəliyə inanmamalarını istəyirlər. Koronavirus həqiqətən də var, çox əziyyət verən xəstəlikdir və insanı hərtərəfli sıxır.
Xəstəliyə qalib gəlmək üçün ilk növbədə, iradə lazımdır. Gərək deyilənlərə əməl edəsən ki, istədiyinə nail olasan. Yox, əgər qulaqardına vursalar, nəticəsi pis ola bilər. Nə qədər həkimlərə kömək etsək, xəstəliyə qalib gəlmək mümkündür. Arzu edirəm ki, daha millətimizdən heç kim bu xəstəliyə tutulmasın. Həmişə sərbəst millət olmuşuq, təmiz havada olmağı xoşlamışıq. Amma xəstəxanada bir otaqda sıxılırsan. Əlbəttə, çox çətindir. Hamı özlərini və uşaqlarını qorusun, deyilən tələblərə əməl etsin".
Qeyd edək ki, Nadir Qasımov “Bakı fəhləsi”, “MKT-Araz”, “Avtomobilçi”, “Bakılı”, “Şuşa-Qarabağ” kimi komandalarda işləyib.