![]() |
|
Türkiyə və Rusiya Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında telefon danışığı baş tutub.
Bu barədə məlumatı Kremlin Mətbuat xidməti yayıb.
Tərəflər söhbət zamanı Rusiya və Türkiyə arasında əməkdaşlığın davam etdirilməsinə hazır olduqlarını qeyd ediblər. Putinlə Ərdoğan, həmçinin Yaxın Şərqdə vəziyyətin gərginləşməsi daxil olmaqla, beynəlxalq və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
“Kazanda baş tutacaq BRICS sammiti çərçivəsində Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında ikitərəfli görüşün keçirilməsi barədə razılıq təsdiq olunub”, - deyə Kremlin məlumatında bildirilib.
Ərdoğan eyni zamanda rusiyalı həmkarını ad günü münasibətilə təbrik edib.
Xatırladaq ki, oktyabrın 7-də V.Putinin 72 yaşı tamam olub. O, ad gününü adi iş rejimində keçirib.
Türkiyə sabah Livanı tərk etmək üçün müraciət edən vətəndaşlarının təxliyə edilməsinə başlayacaq.
Bu barədə məlumatı Türkiyənin Xarici İşlər Nazirliyi yayıb.
Təxliyə dəniz yolu ilə həyata keçiriləcək.
Bununla əlaqədar Türkiyənin Dəniz Qüvvələrinə məxsus iki gəmi bu gün Livanın paytaxtı Beyruta yola düşəcək.
Gəmilərin ümumi tutumunun iki min nəfər olduğu qeyd olunub.
“İran dünyanın bütün ölkələri arasında ABŞ-nin əsas düşmənidir”.
Bunu ABŞ-nin vitse-prezidenti, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris CBS telekanalına müsahibəsində açıqlayıb.
“İranın əlində Amerika qanı var. Birləşmiş Ştatlar İranın heç vaxt nüvə gücünə çevrilmək imkanının olmamasına əmin olmalıdır. Bu, mənim üçün əsas prioritetlərdən biridir”, - Harris deyib.
O, ABŞ-nin İranın nüvə silahı istehsal etdiyinə dair sübutlar tapacağı təqdirdə, hərbi əməliyyatlara əl atılacağı ilə bağlı sualları cavablandırmayıb.
Bundan başqa, vitse-prezident Kiyevdən olan nümayəndələrin iştirakı olmadan Rusiya dövlət başçısı Vladimir Putinlə Ukraynadakı münaqişənin həllini müzakirə etməyəcəyini bildirib.
“Ukraynadakı münaqişəyə son qoymaq üçün Putinlə görüşərsinizmi” sualına o, belə cavab verib: “Ukraynasız ikitərəfli əsasda yox. Kiyev ölkənin gələcəyi ilə bağlı söz sahibi olmalıdır”.
Harris Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləmək barədə suala da dəqiq cavab verməyib.
Çində Rusiya Prezidenti Vladimir Putinin ad günü münasibətilə işıq şousu təşkil edilib.
Rusiya mediası xəbər verir ki, şou zamanı yüzlərlə drondan istifadə edilib.
Belə ki, Quançjou şəhərinin səmasında dronlarla “Happy Birthday, Mr. President” təbriki, eləcə də Rusiya liderinin təsviri yaradılıb.
Təbrikin görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.
Xatırladaq ki, oktyabrın 7-də V.Putinin 72 yaşı tamam olub. O, ad gününü adi iş rejimində keçirib.
Sanksiyaya məruz qalan rusiyalı iş adamları Oleq Deripaska və Dmitri Pumpyanski Qazaxıstan Xarici İnvestorlar Şurasının (FII) üzvlüyündən çıxarılıblar.
Musavat.com xəbər verir ki, bu barədə Qazaxıstanın hökumət saytı məlumat yayıb.
Şura üzvlərinin yenilənmiş siyahısını oktyabrın 1-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev imzalayıb, onun tərkibinə 46 nəfər daxildir.
Qazaxıstan tərəfdən şuraya baş nazir Oljas Bektenov və onun müavinləri, Milli Bankın rəhbəri Timur Suleymenov, maliyyə naziri Madi Takiyev, milli iqtisadiyyat naziri Nurlan Baybazarov və başqaları daxildir.
Xarici investorlardan siyahıda Glencore-un Baş İcraçı Direktoru Qari Naql, TotalEnergies Kəşfiyyat və hasilat filialının prezidenti Terraz Nikolas, Shell Plc-nin baş icraçı direktoru Vael Savan və başqaları var.
Əvvəllər bu siyahıya “Rusal”ın təsisçisi Oleq Deripaska və TMK-nın direktorlar şurasının keçmiş sədri Dmitri Pumpyanski də daxil idi. Hər iki iş adamı anti-Rusiya sanksiyaları altındadır: Deripaska - 2018-ci ildən, Pumpyanski - 2022-ci ildən.
İsraillə arasında artan gərginlikdən sonra İranın verdiyi qərar diqqət çəkib.
Xarici KİV xəbər verir ki, İsrail təhdidinə görə ölkədəki uçuşların bu gün saat 06:00-ya qədər ləğv edildiyini açıqlayan İran növbəti qərar qəbul edib.
Belə ki, gecə yarısı İran Mülki Aviasiya İdarəsi yeni bəyanatla çıxış edərək bütün məhdudiyyətlərin götürüldüyünü açıqlayıb.
İran dövlət televiziyasının xəbərində bildirilib ki, İran Mülki Aviasiya İdarəsi “uyğun və təhlükəsiz uçuş şəraitini təmin etdikdən sonra” əvvəllər elan edilmiş bütün məhdudiyyətləri ləğv edib.
Qeyd olunub ki, Tehran Beynəlxalq İmam Xomeyni hava limanından uçuşlara icazə verilib.
"Hazırda daxili və beynəlxalq uçuşlar üçün heç bir məhdudiyyət yoxdur" - xəbərdə deyilir.
Qeyd edək ki, oktyabrın 1-də İranın İsrailə raket hücumlarından sonra Tel-Əviv administrasiyasından “çox güclü” cavab təhdidləri gəlib. İsrail mediası iddia etmişdi ki, Təl-Əviv İranın hücumuna cavab olaraq ölkənin neft və nüvə obyektlərində, o cümlədən İran lideri Ayətullah Əli Xameneinin Tehrandakı iqamətgahında, Prezident aparatı və İnqilab Keşikçiləri Korpusunun Baş Qərargahı mümkün hədəflər arasında yer alır. İranın hərbi rəsmiləri isə İsrailin təhdidlərinə cavab olaraq bütün enerji obyektlərini və infrastrukturunu hədəfə alacaqlarını bildirmişdi.
Ankaranın Yaxın Şərqdə artan təhlükəyə qarşı Türkiyə Misir, Kipr, İordaniya, İraq və Suriyanı əhatə edən çoxölçülü müdafiə və təhlükəsizlik konsepsiyasını yaratmaq istiqamətində hərəkətə keçib.
Haber7 xəbər verir ki, Ankara Türkiyənin Milli Təhlükəsizlik sənədinə uyğun olaraq İsraildən gələn təhdidlərin qarşısını almaq məqsədilə yeni konsepsiya ortaya qoymağı planlaşdırır.
Məlumata görə, Ankara artan təhlükələrə qarşı siyasi-diplomatik fəaliyyətlərini davam etdirirək "İsrailin mümkün hava-quru təxribatı və ya Latakiya-Həma-Hələb xəttinə hücumlarına qarşı" İdlib strateji müdafiə qalxanı qurmaqdadır. Bu məqsədlə də Ankara bölgədə təhlükəsiz dəhlizini formalaşdırmağa çalışır.
"Türkiyə regional təhlükəsizlik müdafiə bufer bölgəsini yaratmaq üçün İran, İordaniya, Suriya və İraqla birlikdə ən azı 70-80 min nəfərlik quru qoşunu formalaşdırmaq istəyir. Bölgədə iki böyük hərbi bazası olan Rusiya da prosesin maraqlı tərəfləri arasındadır", - deyə bildirilir.
İsrail Knessetinin (parlament) Xarici işlər və müdafiə üzrə komissiyası BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) fəaliyyətinin məhdudlaşdırılmasını nəzərdə tutan iki qanun layihəsini dəstəkləyərək parlamentə tövsiyə edib.
“The Times of Israel” verdiyi xəbərə görə, bu, qanun layihələrinin Knessetdə ikinci və üçüncü oxunuşdan keçərək qüvvəyə minməsinə imkan verəcək.
Birinci qanun layihəsi İsrailin dövlət orqanlarına UNRWA ilə hər hansı əlaqə saxlamağı qadağan edir. İkinci qanun isə bu qurumun faktiki İsrail ərazisində fəaliyyətinə qadağa qoyur.
Qeyd edək ki, BMT Baş katibi Antoniu Quterriş İsrail Baş naziri Binyamin Netanyahuya məktub yazıb. Bildirilib ki, həmin qanunlar qəbul ediləcəyi təqdirdə İsrailin nəzarətində olan fələstinlilərin yaşadıqları Qəzza sektorunda və İordan çayının qərb sahilində humanitar əməliyyatların davam etdirilməsi mümkün olmayacaq. BMT-nin adı çəkilən qurumu 1949-cu ildən bu ərazilərdəki fələstinlilərə humanitar yardım təqdim edir./APA
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds korpusu xüsusi təyinatlılarının komandiri İsmayıl Kaani ilə əlaqənin kəsildiyi bildirilir.
Reuters xəbər verir ki, İsrailin Hizbullah hərəkatının lideri Həsən Nəsrullahın ölümü ilə nəticələnən zərbəsindən sonra iranlı general barədə məlumat yoxdur.
Onun ağır xəsarət alıb-almaması və ya ölümü ilə bağlı konkret məlumat əldə edilməyib.
İran hakimiyyəti əvvəllər Beyrutda Nəsrullahla birlikdə olan SEPAH komandirinin müavini general Abbas Nilforuşanın öldüyünü açıqlayıb.
Kaaninin “Hizbullah”ın baş katibi və Nilforuşan ilə eyni binada olması barədə heç bir məlumat yoxdur.
Bundan əlavə, o, İranın ali lideri Əli Xamaneyinin sonuncu cümə namazında gözə dəyməyib.
Xatırladaq ki, İsmayıl Kaani SEPAH-ın keçmiş komandiri Qasım Süleymaninin avia zərbələr nəticəsində ölümündən sonra sözügedən vəzifəyə təyin edilmişdi.
Böyük Millət Məclisində (TBMM) çıxış edən Rəcəb Tayyib Ərdoğan “Qəzza zolağı və Livandakı əməliyyatlardan sonra Türkiyənin İsrailin hədəfinə çevriləcəyini” deyib. “Açıq deyirəm: Fələstin və Livandan sonra bizim vətənimizin torpaqları vəd edilmiş torpaq illüziyası ilə hərəkət edən İsrail administrasiyasının nəzərlərinin yönələcəyi yerə çevriləcək”, - Türkiyə lideri vurğulayıb. Musavat.com xəbər verir ki, Ərdoğanın çıxışı haqda “Svobodnaya pressa”ya xüsusi məqalə yazıb.
Nəşr yazır ki, Yaxın Şərqdə indi əsas gərginlik İranın proksi qüvvələri olan Livan, Suriya, İraq və Yəmənlə İsrail arasındadır. Tarasov ingilis dilində nəşr olunan “Military Watch Magazine” də istinadən onu da yazır ki, “Türkiyə həmişə HƏMAS vasitəsilə İsrailə qarşı çıxıb”. “Ərdoğan İsrail əsgərlərinin Qəzza zolağında quru əməliyyatı ilə bağlı Təl-Əvivə sərt ultimatum verib və “mülki əhalinin soyqırımına” səbəb olan raket hücumlarına son qoyulmasını tələb edib. Bu baxımdan Türkiyə lideri HƏMAS-ı “təkcə Fələstini deyil, həm də Türkiyəni müdafiə edən müqavimət təşkilatı” kimi xarakterizə edib. “Military Watch Magazine”in yazdığına görə, ABŞ İsrail və HƏMAS arasında hərbi qarşıdurmada Türkiyəni öz tərəfinə çəkmək ssenarisi üzərində işləyirdi və münaqişənin həlli üzrə dialoqda onu vasitəçi kimi təşviq etməyi planlaşdırırdı. Bunun arxasında məqsəd İsrailə qarşı potensial olaraq yaranmaqda olan vahid İslam ittifaqını dağıtmaq, Livanda Ankara ilə Tehran arasında əlaqələri kəsmək idi.
İndi Türkiyə əslində HƏMAS-a görə İsraillə elan olunmamış müharibə vəziyyətindədir və Ərdoğan bu münaqişəyə dərindən qarışmaqdan ehtiyatlanır. Bununla bağlı hakimiyyətə yaxın olan “Sabah” nəşri yazır ki, söhbət İsrailin Türkiyəyə birbaşa deyil, Ankaranın “terrorçu elan edilmiş kürd təşkilatlarının əli ilə hücuma keçmək cəhdlərindən gedir”.
O da bildirilir ki, Ankara isə kürd faktorunun hadisələrə təsirini neytrallaşdırmaq üçün Dəməşqlə daha fəal razılığa gəlməyə çalışmalı olacaq. ABŞ və İsrail Fələstin məsələsi ilə bağlı qlobal regional kampaniyası Türkiyə və ya ərəb ölkələrinə deyil, İrana yönəltdiyi üçün Ankaranın bu istiqamətdəki hərəkətləri yalnız taktiki xarakter daşıya bilər. İranın İsrailə raket hücumu Ankaranın münaqişədə birbaşa iştirak etmək imkanlarını məhdudlaşdırır, baxmayaraq ki, o, prinsipcə Dəməşqlə ittifaqa girə və Astana prosesində tərəfdaşlarla birlikdə Şərqi Fəratı Birləşmiş Ştatların əsas müttəfiqləri olan kürd separatçılarından təmizləyə, bu da İsraili öz maraqları üçün kürd kartı oynamaq şansından məhrum edə bilər. “Cumhuriyet” nəşrinə görə, şiə “Hizbullah” və sünni HƏMAS “yalnız şərti olaraq İran və Türkiyə ilə bağlı gizli regional geosiyasi layihələrdir”.
Beləliklə, sual yaranır: ABŞ və İsrail indi “Hizbullah”ın sonuna çıxmaq üçün Suriya və Türkiyəyə “keçməyə” çalışacaqlarmı? “İndi Ankara birbaşa münaqişədə maraqlı deyil. Daha doğrusu, Yaxın Şərqdə “böyük oyun”un təklif olunan səviyyəsinə hazır deyil. Bəs sabah nə olacaq?” deyə, nəşr yazır.