İsrail səfirliyi yaxınlığında iki partlayış olub - Bu ölkədə

İsrailin Kopenhagendəki səfirliyi yaxınlığında iki partlayış baş verib.

Bu barədə “Reuters” Danimarka polisinə istinadən məlumat yayıb. Xəsarət alan olmadığı, hadisə ilə bağlı ilkin araşdırmalara başlanıldığı qeyd edilir.

"Bölgədə yerləşən İsrail səfirliyi ilə mümkün əlaqə araşdırılır", - açıqlamada deyilir.

Netanyahu, "Hizbullah" və İrandan son bəyanatlar

"Hizbullah" Livanın cənubuna sızmağa çalışan İsrail piyadaları ilə döyüşdüyünü bəyan edib.

Bu barədə İsrail mediası xəbər verir.

"Bu, təşkilatın silahlıları ilə İsrail ordusunun Livanda quru əməliyyatına başladığını elan etdikdən sonra onun piyada qüvvələri arasında toqquşma ilə bağlı ilk bəyanatdır.

“Hizbullah” bəyanatında bildirib ki, silahlılar İsrail qüvvələrini “geri çəkilməyə məcbur ediblər", - nəşr bildirir.

Bundan əlavə, İran üçüncü tərəflərə İran-İsrail münaqişəsinə qarışmamaq barədə xəbərdarlıq edib.

İranın xarici işlər naziri Əraqçi Fransadan olan həmkarları ilə telefon danışığında deyib:

“Əməliyyat başa çatıb, lakin sionist rejim cavab verməyə çalışarsa, cavabımız daha sərt olacaq... Biz üçüncü tərəfə xəbərdarlıq edirik ki, bu münaqişəyə qarışmasın”, - o, ingilis, alman, fransız həmkarları ilə telefon danışığında söyləyib.

İsrailin baş naziri Netanyahu isə bildirib ki, İran böyük səhv edib və bunun əvəzini ödəyəcək:

“...İran yenidən yüzlərlə raketlə İsrailə hücum etdi. Bu hücum uğursuz oldu. Bunun qarşısı İsrailin dünyanın ən qabaqcıl hava hücumundan müdafiə sistemi sayəsində alındı... İran böyük səhv etdi - və bunun əvəzini ödəyəcək. İrandakı rejim bizim özümüzü müdafiə etmək və düşmənlərimizdən qisas almaq əzmini anlamır. Yəqin Tehranda bunu başa düşməyənlər var.Onlar başa düşəcəklər”.

Mişustinin Tehranda Zəngəzur müzakirəsi və pərdəarxası oyunlarSon vaxtlarda Moskva Tehran münasibətlərinin gərginləşdiyi bir dövrdə Rusiya Baş naziri Mixail Mişustinin sentyabrın 30-da ilk dəfə olaraq İrana rəsmi səfəri baş tutub. Səfər çərçivəsində rusiyalı Baş nazir Mişustin İran Prezidenti Məsud Pezeşkian və Birinci vitse-prezident Məhəmməd Rza Areflə görüşüb.

Təbii ki, görüşlərdə iki ölkə arasındakı gələcək əməkdaşlıq perspektivlərinin müxtəlif aspektləri müzakirə edilib. 

Bu görüşlərdə Azərbaycanı da maraqlandıran Cənubi Qafqazdakı yaranmış durum, xüsusən də son  zamanlarda Tehranın təkcə Bakı, Ankara ilə deyil, o cümlədən Moska ilə də maraqlarının toqquşduğu Zəngəzur dəhlizi məsələsi də müzakirə edilib.
Mixail Mişustin İran Prezidenti Məsud Pezeşkianla görüşdə Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində Zəngəzur dəhlizi məsələ ilə bağlı Moskvanın son mövqeyini çatdırıb və tərəflər bu məsələni müzakirə ediblər. Lakin görüşdə hansı razılığa gəlinib-gəlinmədiyinə dair detallı açıqlama verilməyib. 

Ancaq Birinci vitse-prezident Məhəmməd Rza Areflə görüşdə bu məsələ daha ətraflı şəkildə müzakirə edilib. Rusiya tərəfinin rəsmi açıqlamasında deyilir ki, Muşistin Arefi ilə görüşdə digər məsələlərlə yanaşı, regional əməkdaşlıq məsələləri çəçirvəsində Zəngəzur dəhlizi məsələsini geniş müzakirə edib.

Arefi Tehranın Zəngəzur dəhlizi məsələsindəki mövqeyinə bir daha aydınlıq gətirərək bildirib ki, Zəngəzur nəqliyyat dəhlizi kimi mübahisəli mövzularda da rus dostlarla işləmək lazımdır. Lakin Arefi Zəngəzur dəhlizi məsələsinin Tehran üçün hələ də qərmızı xətt olduğunu Baş naziri Mişustinin nəzərinə çatdıraraq bildirib ki, bölgədə sərhədlərdə istənilən dəyişiklik qeyri-sabitliyə gətirib çıxaracaq və qeyri-regional güclərin sui-istifadəsinə yol açacaq.

Tehranın bu təkidli mövqeyinə baxmayaraq Baş nazir Mişustin vurğulayıb ki, iki ölkənin belə iri investisiya xarakterli layihələrinin həyata keçirilməsi üçün ən əlverişli şəraitin yaradılmasını vacib hesab edir. "Belə problemlər Rusiya-İran Ticarət və İqtisadi Əməkdaşlıq üzrə birgə Daimi Komissiyası tərəfindən həll edilməlidir. 

Biz logistika və nəqliyyat infrastrukturunu ən perspektivli sahə hesab edirik. Rusiya və İran həm Xəzər regionunda, həm də Avrasiyada böyük tranzit potensialına malikdir. Biz beynəlxalq dəhlizləri fəal şəkildə inkişaf etdiririk. Şimal-Cənub nəqliyyat dəhlizi Rusiyanın Baltik və şimal dənizlərindəki limanlarını Fars körfəzi və Hind okeanı sahillərindəki İran limanları ilə birləşdirir. Bütün Avrasiya dövlətlərinin Asiya-Sakit okean regionunun və Afrikanın sürətlə inkişaf edən bazarlarına birbaşa çıxışını təmin edir", - Mişustin bildirib.

Rusiyanın Baş naziri Mixail Mişustinin İrana rəsmi səfəri də Zəngəzur dəhlizi məsələsində Moskva ilə Tehran arasındakı "buzları" tam əridə bilmədi. Düzdür, verilən açıqlamalar fonunda Tehranın  mövqeyində müəyyən yumşalmalar hiss olunsa da, hələ də mövqeyindən geri çəkilmədiyi aydın ortadadır. 

Tehranın Zəngəzur dəhlizinin açılmasını özünə qırmızı xətt elan etməsinin əsas səbəbi Ermənistanla olan quru əlaqəsini itirmək təhlükəsi deyil, ən əsası Cənubi Qafqazda gərginliyin bacardıqca uzanmasına nail olmaq və bu yolla bölgədə öz təsir gücünü qoruyub saxlamaqdır. Tehran yaxşı anlayır ki, İrəvanla Bakı arasında sülh əldə edilərsə, İranın bölgədə təsir gücü itəcək. Ona görə də Zəngəzur dəhlizi faktorundan istifadə etməklə Ermənistanla Azərbaycan, Ermənistan-Türkiyə arasında gərginlik yaratmağa çalışır.

İkincisi, İrəvanla sülh əldə edildikdən sonra bölgənin ən dominant gücü Azərbaycan və Türkiyə olacaq ki, bunu da Tehran istəmir.

Üçüncüsü, Tehran bu məsələdə Azərbaycan, Türkiyə və Rusiyaya qarşı çıxmaqla Qərblə hansısa formada bazarlığa getmək istəyir.

Dördüncüsü, ən vacib məqamlardan biri də İran iqtisadi cəhətdən ciddi itkilərə məruz qalacağı üçün bu yolun açılmasını özünün qırmızı xətti hesab edir. Hazırda İran Qərbdən Şərqə, xüsusən də Qərb ölkələrindən Mərkəzi Asiyaya, Əfqanıstana, Pakistana və Hindistana yüklərin daşınmasında mühüm ölkələrdən biridir. İran təkcə, bu yükdaşımalardan ildə böyük həcmdə gəlir əldə etmir, həm də bu yolun keçdiyi ərazilərdə əhalisinin sosial-rifah halının yaxşılaşması üçün istifadə edir. İran həm də bu imkanlardan turizm sektorunun inkişafı üçün faydalanır.  
Beşincisi, Zəngəzur dəhlizinin açılması ilə İran Qərblə Şərq, Qərblə Cənub-Şərqi Asiyaya arasındakı yükdaşımanın əhəmiyyətli bir hissəsini itirmiş olacaq. 

Altıncısı, Şərqlə Qərbi birləşdirən Orta Dəhlizinin Ermənistanı da əhatə etməsi, o cümlədən Şimal-Cənub Dəhlizinin Zəngəzurdan keçməsi, İrana ticari-iqtisadi cəhətdən, həm də Cənubi Qafqazda, Mərkəzi Asiyada təsir dairəsinin itirilməsinə ciddi şəkildə mənfi təsir göstərəcək.
Amma Tehran onu da bilməlidir ki, Zəngəzur dəhlizi həm də İranın faydasındadır. 

Tehran Zəngəzur dəhlizinin yaratdığı imkanlardan faydalanıb Naxçıvan-Ermənistan-Gürcüstan üzərindən daha rahat formada həm Avropa ölkələrinə, həm də keçmiş postsovet  ölkələrinə rahat çıxış əldə edə bilər. 

İkincisi, İranın Naxçıvanda Azərbaycanın dəmiryollarına inteqrasiyası nəticəsində Cənubdan Şimala, Qərbdən Cənub-Şərqi Asiya ölkələrinə və əks istiqamətdə daha rahat çıxışlar əldə edib ticari-iqtisadi, turizm cəhətdən ciddi faydalar əldə edə bilər.

Lakin Tehranın hazırda Ermənistan üzərindən Avropaya və Şimala çıxışı həm ticari-iqtisadi, həm rentabellilik, həm də geosiyasi cəhətdən effektsizdir. Tehran bu cür mövqe sərgiləməklə Ermənistan kimi özünü daha faydalı əməkdaşlıq formatlarından kənarda qoyur.
Yaponiyada hökumət istefa verdi

Yaponiyada hakim Liberal Demokrat Partiyasının (LDP) lideri seçilən İşiba Şiqerunun baş nazir postunu tutacağı gözlənildiyi halda, baş nazir Kişida Fumio və kabineti istefa ərizəsini təqdim edib.

NHK dövlət televiziyasının məlumatına görə, İşiba vəzifəyə başlamazdan əvvəl 2021-ci ilin oktyabrından bu vəzifədə olan Kişida Fumio və onun hazırkı kabineti kütləvi şəkildə istefa verib.

Keçən həftə keçirilən partiyadaxili seçkilərdə Kişidanın yerinə LDP lideri seçilən İşibanın LDP və onun ortağı Komeitonun üstünlük təşkil etdiyi parlament iclasında baş nazir postunu tutacağı gözlənilir.

Parlamentdə keçirilən səsvermə nəticəsində formalaşacaq yeni kabinet İmperator sarayında keçiriləcək mərasimdən sonra öz fəaliyyətinə başlayacaq.

Qeyd edək ki, sentyabrın 27-də 9 namizədin iştirak etdiyi qurultayda LDP-nin keçmiş baş katibi, əvvəllər kənd təsərrüfatı naziri və müdafiə naziri vəzifələrində çalışmış İşiba Şiqeru ikinci turda partiya sədri seçilib.

ABŞ bazasına raketlər atılıb

Bağdad hava limanı yaxınlığında yerləşən Amerikanın Viktoriya bazası raket atəşinə tutulub.

Bu barədə İraqın Shafaq News xəbər agentliyi məlumat yayıb.

Yerli təhlükəsizlik mənbəsinin sözlərinə görə, bazaya üç raket atılıb.

“Sky News Arabia”nın məlumatına görə, Amerikanın hava hücumundan müdafiə sistemi 2 “Katyuşa” raketini ələ keçirərək məhv edə bilib.

Alban mafiyasına sərf edən yeni bektaşi dövləti yaranacaqmı?

Dünya Yaxın Şərq münaqişəsinin perspektivləri, Ukraynadakı müharibə, artıq qapını döyən Efiopiya və Somali arasında müharibə ehtimalı ilə maraqlanır  və elə bu vaxt Albaniyanın baş naziri Edi Rama özünün yeni dövlət ideyası tapmacasını meydana atıb. 

Bu xəbərin informasiya məkanında peyda olmasından keçən bir neçə gün ərzində İstanbulda bəzi mütəxəssislərlə, necə deyərlər, "məlumatlı” şəxslərlə, eləcə də bir-iki alban dostla danışmağa müvəffəq oldum.  Onların heç biri Ramanın Bektaşi dövlətinin yaradılması təşəbbüsünü izah edə bilmədi.

Vatikan mikrodövlətinin və ya hətta Malta ordeninin niyə mövcud olduğunu tarixlə izah etmək olar. Heç bir səbəb olmadan, Bektaşilərin özlərindən belə,  heç bir tarixi tələb olmadan Bektaşi Ordeni dövlətinin kimə və nəyə lazım olmasını baş nazir Edi Ramadan və ordenin ruhani lideri, keçmiş zabit dərviş Hacı Baba Mondidən başqa heç kim başa düşə bilmir.

Bu personajlar fikirlərini bu sözlərlə şərh edirlər: "Biz dini tolerantlığa əhəmiyyət verməliyik. Bu, elə bir xəzinədir ki, adi hal kimi qəbul edilməməlidir”, - Albaniyanın baş naziri deyir. "Biz dövlətə layiqik. Dünyada İslam haqqında həqiqəti söyləyən və onu siyasətlə qarışdırmayan yeganə bizik”, deyə Baba Mondi fikrini davam etdirir.

Razılaşın, bir növ inandırıcı görünmür. Bu arada, "Alban Vatikanı”nın təşəbbüskarları artıq layihənin parametrləri barədə məlumat verirlər: yeni dövlətin ərazisi Tirananın şərq hissəsində bir neçə bloku tutacaq ki, bu da hazırda Bektaşi icmasına aiddir – ərazi baxımından Bektaşi Ordeninin Suveren Dövləti Vatikandan təxminən dörd dəfə kiçik olacaq. Bu ərazidə iclaslar və ayinlər üçün bina, orden muzeyi, arxiv, xəstəxana və inzibati idarələr yerləşir.

Yeni dövlətin ordusu, sərhəd xidməti və ya məhkəmələri olmayacaq, "onların da düşmənləri olduğu üçün” kiçik bir kəşfiyyat xidməti olacaq. Təbii ki, "Alban Vatikanının” ömürlük rəhbəri Baba Mondi olacaq, onun gücü əslində mütləq olacaq. Və daha bir şey - Bektaşi Nizamının Suveren Dövləti adlanacaq bir mikrodövlətdə spirt istehlakına icazə veriləcək və qadınlar istədiklərini geyinə biləcəklər.

Arayış üçün: Bektaşilik 13-cü əsrdə müasir Türkiyə ərazisində yaranmış nisbətən kiçik bir müsəlman təriqətidir. Əsrlər boyu Bektaşi ocağının üzvləri Osmanlı İmperiyasının nizami piyadaları olan yeniçərilər idi. Onun süqutundan, Atatürkün hakimiyyətə gəlişindən və ölkənin dünyəviləşməsi kursunun başlamasından sonra bektaşilər repressiyalara məruz qaldılar və onların bir çoxu Türkiyəni tərk etməyə məcbur oldular. 

Sonra Albaniya Bektaşi fəaliyyətinin yeni mərkəzi oldu - 1913-cü ildə müstəqillik əldə etdikdən sonra bu ölkənin hakimiyyət orqanları Bektaşi icmasını rəsmən tanıdı. İkinci Dünya Müharibəsindən sonra hakimiyyətə gələn kommunistlər əvvəlcə bektaşilərə nisbətən müsbət yanaşsalar da, 1960-cı illərin sonunda din əleyhinə repressiyalar bu cərəyanaa tam təsir göstərdi. 1967-ci ildə kommunist Albaniyası ateist dövlət elan edildikdən sonra əmlakı milliləşdirildi və kommunist rejiminin süqutundan sonra qalan torpaqların bir hissəsi özəl inşaatçılar tərəfindən ələ keçirildi.
Maraqlıdır ki, ordenin ardıcıllarının sayı 12,5 milyon, yəni Albaniyada olduğundan qat-qat çox olan Türk Bektaşi icması, Albaniyada Bektaşi mikrodövləti ideyasını rədd edərək, "inanc əsaslı dövlət”i heç vaxt xeyir-dua verməyəcəklərini bildiriblər. Onların fikrincə, bektaşilik və "dini dövlət” bir araya sığmayan anlayışlardır. Onlar da maraqlanırlar ki, görəsən bu, eyni ilə türk bektaşilərinin dövləti kimi olacaq, yoxsa sırf albanların dövləti fəaliyyət göstərəcək?

Bundan əlavə, Bektaşi dövlətinin suverenliyinin dünyanın hər hansı başqa ölkəsi tərəfindən tanınıb-tanınmyacağı hələ aydın deyil. Ramanın sözlərinə görə, Albaniya hökuməti bu məsələdə hətta ABŞ və digər NATO müttəfiqləri ilə də məsləhətləşmələr aparmayıb. Baba Mondi öz növbəsində bütün hüquqi prosedurlara əməl olunarsa, Qərbin yeni dövləti tanıyacağına ümid etdiyini bildirib.

Bir sözlə, Edi Rama və Baba Mondinin bu ideyası ilə tanış olanda istər-istəməz sual yaranır ki, son nəticədə onun həyata keçirilməsindən kim faydalanacaq? Və burada yeganə versiya var: suveren yurisdiksiyası olan bektaaşilik alban mafiyası üçün son dərəcə faydalı olacaq. Rusiyada və Azərbaycanda bunu az adam bilir, amma Avropa üçün bu, əsas problemlərdən biridir. Alban mafiyasının maraqlarının bitdiyi və müxtəlif alban elitalarının maraqlarının başladığı xətt haradadır, heç kim deməyəcək. Bektaşi vasitəsilə boz biznes sxemlərini həyata keçirilməsi, cinayət təqibindən yayınma, xarici sxemlərdə peyda olan mafiozların təqibində Alban ədalətinin məsuliyyət daşımaması - mafiya üçün ən yaxşısı budur və onlar bundan yaxşısını arzu edə bilməzlər.

Hələ dənizdəki mülkləri, bankları və şirkətləri demir ki, belə bir vəziyyətdə onlara hər cür şərait yaradıla bilər. Və təbii ki, bektaşi şeyx-müdrikləri inciməzlər. Bir ofşor ölkənin sahibi olduqdan sonra onlar bu həyatdakı toy-bayramdan paylarını alacaqlar.(qaynarinfo)

İsrailə qarşı bölmə qurduq, başındakı şəxs MOSSAD agenti çıxdı - Əhmədinejatdan şok
Mahmud Əhmədinejatın casusluq iddiaları

İranın keçmiş prezidenti Mahmud Əhmədinejat Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsindən sonra ölkədəki casus iddialarından danışıb.

Sabiq prezident İsrailin İrandakı qurumlardan birinə MOSSAD (İsrailin xüsusi xidmət orqanı - red.) agenti yerləşdirdiyini iddia edib:

“İsrailə qarşı bir bölmə yaratdıq, onun başında duran şəxsin MOSSAD agenti olduğu üzə çıxdı”, - deyə söyləyib.

Qeyd edək ki, Hizbullah lideri Həsən Nəsrullah sentyabrın 27-də İsrail ordusunun Beyruta endirdiyi hava zərbələri nəticəsində öldürülüb. Sui-qəsddən sonra casus iddiaları gündəmə gəlib.

 

 

 
Türkiyəyə tətbiq edilən embarqonu Azərbaycan zərərsizləşdirdi

2021-ci ildən etibarən Kanada Türkiyə istehsalı olan PUA-ların oynadığı rola görə Türkiyəyə "L3Harris" şirkəti tərəfindən hazırlanmış WESCAM MX-15D EO/IR görüntüləmə sisteminin ixracına embarqo tətbiq edib. Lakin  Azərbaycanın səyi ilə bu embarqo aradan qaldırılıb.

Azərbaycan Hərbi Hava Qüvvələri TOLUN sursatının və ASELFLİR-500 Elektro-Optik sisteminin tədarükü ilə bağlı müqavilə imzaladığını açıqlayıb

Yeni sistemlərin Azərbaycan Hərbi Hava Qüvvələrinin inventarında olan Bayraktar AKINCI PUA-larında istifadə ediləcək.

ASELFLİR-500-ün ilk ixracını Azərbaycana edən ASELSAN embarqoya cavabı idi.

ASELFLİR-500 gecə və gündüz işləmə qabiliyyəti, genişləndirilmiş interfeys inteqrasiyası və bir çox digər xüsusiyyətləri ilə əhəmiyyətli üstünlüklərə malik olmaqla Kanada istehsalı olan WESCAM MX-15D-dən geri qalmır.

Yeni sistemin 4096×2880 HD gündüz, 1280×720 HD IR və SWIR kameraları var. O, həmçinin 35 kilometrə qədər lazer hədəfi göstərmə məsafəsini təmin edir. Çəki və ayırdetmədə əhəmiyyətli təkmilləşdirmələr təklif edən bu sistem kritik əməliyyatlarda PUA-lar üçün daha yaxşı təsvir və hədəf aşkarlamasını təmin edir.

TOLUN isə hava platformalarından atılan və həm sərt, həm də yumşaq quru hədəflərinə qarşı istifadə edilə bilən bir sursat kimi diqqət çəkir.

İnteqrasiya edilmiş KKS/ANS (GPS/INS) yönləndirmə sisteminə malik olan bu sursat 139 kq ağırlığında və atıldığı hündürlükdən asılı olaraq 100 kilometr məsafəni qət edə bilir.

 

 

 
Nəsrullahın ölümündən sonra İsrail ABŞ-dən nə istəyib?

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin Yaxın Şərqdə strateji güc balansını dəyişdirdiyini bildirib. Onun sözlərinə görə, İsrail hazırda “böyük, lakin eyni zamanda çətin günlər yaşayır” və “yeddi cəbhədə müharibə aparır”.

İsrail mediası məlumatına görə, Netanyahu qeyd edib ki, Livan və Yəməndəki hədəflərə zərbələr İsrailin gücünü nümayiş etdirir. O, HƏMAS və "Hizbullah"a qarşı mübarizədə uğurları və onların əsas liderlərinin aradan götürülməsini vurğulayıb.

Baş nazir bildirib ki, qüvvələr balansındakı dəyişiklik “İsrail özünü bir daha güclü və qətiyyətli ölkə kimi göstərdiyi” regionda ittifaqlar yaratmaq üçün yeni imkanlar açır.

Bundan əlavə, "Axios" yazır ki, İsrail ABŞ-dən İsrailin Beyrutda "Hizbullah" lideri Həsən Nəsrullahın və yüksək rütbəli iranlı generalın ölümünə səbəb olan hava hücumundan sonra İranı qisas almaqdan çəkindirmək üçün hərəkətə keçməsini istəyib.

ABŞ prezidenti Co Bayden “təcavüzün qarşısını almaq və daha geniş regional müharibə riskini azaltmaq” üçün Yaxın Şərqdə Amerika qüvvələrinin gücləndirilmiş müdafiə mövqeyini gücləndirməyi əmr edib. O, həmçinin bəyan edib ki, “atəşkəs vaxtı çatıb”.

"ABŞ administrasiyası Nəsrullaha hücumla bağlı əvvəlcədən məlumatı olmadığını, lakin İsrailin özünümüdafiə hüququnu dəstəklədiyini vurğulayıb. Lakin Amerika rəsmiləri əməliyyatdan əvvəl İsraillə məsləhətləşmələrin olmamasından məyus olduqlarını bildiriblər.

İranın ali lideri Əli Xameneyi İsrailin hücumlarının "Hizbullah"ı zəiflətməyəcəyini deyib.

İsrailin müdafiə naziri Yoav Qalant amerikalı həmkarı Lloyd Ostin ilə söhbətində ABŞ-dən İranı cilovlamaq üçün sürətli addımlar atmağı və ictimaiyyətə açıqlamalar verməsini istəyib.

Yeri gəlmişkən, ABŞ-nin müdafiə naziri Lloyd Ostin Amerikanın Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirməyi əmr edib", - deyə portal yazıb.

Əsədin villası niyə vurulub? - General qardaşının ölməsi xəbəri

Suriya mənbələri Əsədin qardaşının İsrailin hücumundan sonra öldürülməsi və ya yaralanması ilə bağlı xəbərləri təkzib edib.

Belə ki, İsrailin Suriya prezidentinin qardaşı Maher Əsədin Dəməşq yaxınlığında yerləşən villasına endirdiyi hava zərbəsi itkisiz ötüşüb.

Bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb. Təşkilatın məlumatına görə, Suriya ordusunun 4-cü diviziyasının komandiri Maher Əsəd hücum zamanı paytaxtdan kənarda olub.

Ərəb mediasının məlumatına görə, villadan tez-tez "Hizbullah" liderləri və İran hərbçiləri istifadə ediblər.

Avqustun 1-də bildirilib ki, "Hizbullah"ın yüksək rütbəli məmuru Suriya prezidentinin qardaşından onun nəzarətində olan diviziyanın şəxsi heyəti ilə Colan təpələrində yeni cəbhə açmağı xahiş edib.

Xəbər lenti