![]() |
Yakutiyada sərxoş vəziyyətdə avtomobil qaçıraraq qəza törədən kənd deputatına cinayət işi açılıb. İnsident bu ayın 7-də Nyurbinsk rayonunda baş versə də, bu barədə məlumat yalnız bu gün respublika prokurorluğu tərəfindən yayılıb.
Həmin məlumatda, hadisəni törədən şəxsin adı və soyadı açıqlanmır. Ancaq, Nyurbinsk rayonunun kəndlərinin birində məktəb direktoru işlədiyi və yaşadığı ərazinin deputatı olduğu qeyd edilib.
Bildirilir ki, millət vəkili barda bərk içdikdən sonra evə getmək qərarına gəlib. Çıxışda o, barla üzbəüz mühərriki işlək vəziyyətdə olan avtomobil görüb. Sahibinin yaxınlıqda olmadığından istifadə edən deputat “Toyota Vitz” markalı maşının sükanı arxasına keçərək oradan uzaqlaşıb.
Amma o, çox uzağa gedə bilməyib, avtomobili şəxsi bir evin hasarına çırpıb və maşından enərək hadisə yerindən qaçıb. Direktor, qəzadan sonra heç kimə görünmədən qaçdığını düşünsə də, hadisə anında onu görənlər olub.
İndi onun barəsində son qərarı hakim söyləyəcək.