|
Bizim millət yaxşı bilir ki, son 205 ildə İranın şimalda və Qafqazda yerləşən ərazilərinin böyük bir hissəsi xain Qacar şahları dövründə ölkədən ayrılıb. 191 il əvvəl İranın şimalının daha bir hissəsini ana vətəndən qoparıblar. 172 il əvvəl İranın şimal-qərbindəki torpaqlarının daha böyük bir hissəsi əldən gedib. 163 il əvvəl İranın şərqi ərazilərinin mühüm bir hissəsini, 138 il əvvəl şimal-şərqdəki ərazilərinin böyük bir hissəsini ələ keçiriblər. 100 il əvvəl İranın cənubunun böyük bir hissəsini də ölkədən ayırıblar. Körfəzin cənubunda yerləşən həmin ərazilərdə hazırda bir neçə ölkə yaradılıb.
Axar.az Avropa.info-ya istinadən xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani fevralın 11-i Tehranda 1979-cu il inqilabının 40-cı ildönümü münasibətilə keçirilən yürüşdə bildirib. O, ölkəsinin son iki əsrdə xeyli torpaq itirdiyi söyləyib.
Həsən Ruhani “Son 205 ildə İranın şimalda və Qafqazda yerləşən ərazilərinin böyük bir hissəsi ölkədən ayrılıb və 191 il əvvəl İranın şimalının daha bir hissəsini ana vətəndən qoparıblar” deyəndə ad çəkməsə də, Azərbaycanı nəzərdə tutub.
1813-cü il oktyabrın 12-də Gülüstan kəndində Rusiya ilə İran arasında Azərbaycan torpaqlarını bölmək üçün sülh müqaviləsi imzalanıb. Birinci Rusiya-İran müharibəsinə (1804-1813-cü illər) son qoyan Gülüstan müqaviləsinin şərtlərinə əsasən, Azərbaycanın Talış, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki xanlıqları Rusiyanın tabeçiliyinə keçib.
1828-ci il fevralın 10-da Türkmənçay kəndində (indiki İran ərazisi) Rusiya ilə İran arasında daha bir sülh müqaviləsi bağlanıb. İkinci Rusiya-İran müharibəsinin (1826-1828-ci illər) bitməsini nəzərdə tutan Türkmənçay müqaviləsinə əsasən, Azərbaycanın Araz çayından şimaldakı bütün əraziləri Rusiyanın, cənubdakı əraziləri isə İranın işğalı altına keçib.
Azərbaycanın şimalı 1918-ci ildə müstəqilliyini qazansa da, Sovet Rusiyasən tərəfindən 1920-ci ildə işğal olunub. 1991-ci ildə isə Azərbaycan yenidən müstəqilliyini qazanıb. Azərbaycanın cənubu isə İran işğalı altındadır.
Avropa.info saytı İran prezidenti Həsən Ruhaninin Azərbaycan və Körfəz ölkələrinin torpaqlarına iddia etdiyi çıxışın videosunu təqdim edir. Ruhani çıxışının 5-ci dəqiqəsindən 20-ci dəqiqəsinə kimi olan hissəsində bu haqda danışır.