|
Ermənistanın Suriyada humanitar missiyada iştirakı ABŞ-ın planlarına nəinki zidd, hətta bir zərbədir.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Politoloqun sözlərinə görə, məhz bu səbəbdən də ABŞ Ermənistan rəhbərliyinin hərəkətlərini ciddi şəkildə nəzərə almağa başlayıb:
“Birincisi, Münhendə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutmadı. Çox güman ki, artıq prosesə yeni çalarlar qatılır. İkincisi, Münhen konfransından sonra Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ABŞ-a səfər etməli, orada ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşməli idi. Ancaq son məqamda bu səfər də ləğv edildi. Hər iki məqam ABŞ-ın Ermənistana münasibətinin dəyişdiyindən xəbər verir. Bu soyuqlaşma isə Paşinyan hökuməti üçün yaxşı heç nə vəd etmir. Belə ki, Qərb artıq Ermənistanla bağlı əks mövqeyə keçib. Hətta ABŞ və Avropa ölkələrinin Ermənistandan uzaqlaşması meyilləri güclənir”.
Politoloq bu ani dəyişikliyin səbəbini Paşinyanın Qərbin Rusiya ilə bağlı şərtini yerinə yetirməkdən vaz keçməsi ilə əlaqələndirib:
“Paşinyan anlayır ki, Rusiya ilə münasibətləri qırıb, Qərbi seçməsi qeyri-mümkündür. Çünki əvvəla iqtisadi baxımdan Ermənistan Rusiya və MDB ölkələrinə daha çox bağlıdır, nəinki Qərbə. Paşinyan cəmi bir neçə dəfə Putin və Rusiya nümayəndələri ilə görüşdükdən sonra bunun Ermənistana çox baha başa gələcəyini anladı. O, inqilab lideri kimi uğur əldə etsə də, hakimiyyəti saxlamaq imkanları və manevr qabiliyyəti yox səviyyəsindədir. Belə olan halda Rusiyadan uzaqlaşmaq baş nazirlik postunun itirilməsi ilə nəticələnə bilər. Məhz buna görə də qərbyönümlü Paşinyan bu gün Rusiyaya açıq reveranslardan boyun qaçırmır. Bu isə özlüyündə iki mühüm həqiqətdən xəbər verir. Birincisi, bu məsələ Rusiya ilə razılaşdırılıb və bilavasitə Moskvanın koordinasiyası nəticəsində baş verib. İkincisi, Ermənistan açıq şəkildə Əsəd hakimiyyətini tanıdığını bəyan edib. Təbii ki, bu da ABŞ-da böyük qıcıq doğurub. Çünki bu, ABŞ-ın planlarına nəinki zidd, hətta bir zərbədir. Ona görə də rəsmi Vaşinqtonun İrəvana münasibəti dəyişməklə qalmayacaq, yaxın zamanlarda bir çox transformasiyaların şahid olacağıq”.