|
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti 24-27 sentyabr tarixlərində Berlində keçirilən “InnoTrans” beynəlxalq sərgisində iştirak edir.
Yol-xeber.az" xəbər verir ki, İki ildən bir təşkil olunan, 100 mindən çox iştirakçısı olan “InnoTrans” tədbiri ictimai nəqliyyat, o cümlədən dəmiryol nəqliyyatı vasitələri və texnikalarının nümayiş etdirildiyi ən iri beynəlxalq sərgilərdən biridir.
“InnoTrans 2024”ün əsas mövzuları nəqliyyat sektorunda rəqəmsallaşma, dayanıqlı inkişaf və süni intellektə əsaslanan rəqəmsal həllərdir. Budəfəki sərgidə 59 ölkədən 2940 şirkət, eləcə də 32 beynəlxalq təşkilat təmsil olunur.
ADY nümayəndə heyətinin sərgidə iştirakda məqsədi dünyanın qabaqcıl nəqliyyat şirkətlərinin ən son innovativ məhsulları, rəqəmsal həllərlə tanış olmaq və xarici dəmiryol administrasiyalarının nümayəndələri ilə müzakirələr aparmaqdır.
Sərginin ilk günü ADY rəhbərliyi BƏƏ-nin aparıcı “Etihad Rail” dəmiryol şirkətinin və Ukrayna Dəmir Yollarının nümayəndə heyəti ilə görüşlər keçirib.
Görüşlərdə əməkdaşlığın inkişaf perspektivləri, yükdaşıma, o cümlədən tranzit daşımaları istiqamətində səmərəli fikir mübadiləsi aparılıb, beynəlxalq dəhlizlər üzrə marşrutların şaxələndirilməsi məqsədilə ADY-nin son dövrdə atdığı addımlar diqqətə çatdırılıb. Xüsusilə ADY-nin Orta Dəhliz üzrə əməliyyatların rəqəmsallaşdırılması ilə bağlı həyata keçirdiyi layihələr qarşı tərəfdə böyük maraq doğurub.
Yol-xeber.az" xəbər verir ki, Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2024-cü ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Şirvan şəhərində vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra Şirvan şəhəri Gənclər Evində keçirilən qəbulda Şirvan şəhəri və Hacıqabul rayon sakinlərinin müraciət və şikayətləri dinlənilib.
Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Yol-xeber.az" xəbər verir ki, 20 sentyabr tarixində Bakıda keçirilən “Avrasiya Nəqliyyat Marşrutu” (ANM) Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısı çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov, Türkiyə Dövlət Dəmir Yollarının “TCDD Taşımacılık” şirkətinin Baş direktoru və İdarə Heyətinin sədri Ufuk Yalçın və Avstriya Federal Dəmir Yollarının Avrasiya – Mərkəzi Asiya üzrə əlaqələr rəhbəri xanım Enikö Györfi arasında üçtərəfli görüş olub.
Görüşdə dəmir yolu ilə yükdaşımalar sahəsində əməkdaşlığın genişləndirilməsi, o cümlədən Orta Dəhliz vasitəsilə yüklərin Çindən Avropaya və əks istiqamətə nəqlinin artırılmasının əhəmiyyəti geniş müzakirə olunub. Həmçinin Avstriya Federal Dəmir Yollarının Bakı–Tbilisi–Qars dəmir yolu xətti üzrə yüklərin daşınmasında maraqlı olduğu qeyd edilib.
Bununla yanaşı, Avrasiya Nəqliyyat Marşrutunun Orta Dəhliz üzrə yükdaşıma marşrutlarının şaxələndirilməsinə töhfə verəcəyi, yeni assosiasiyanın yaradılması və Orta Dəhlizin cənub qanadı olan ANM-in inkişaf etdirilməsi ilə Çin–Mərkəzi Asiya–Avropa və əks istiqamətdə səmərəli, sürətli, təhlükəsiz yükdaşıma əməliyyatlarının təmin ediləcəyi vurğulanıb.
Yol-xeber.az" xəbər verir ki, 19-20 sentyabr tarixlərində Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” (ANM) Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısı keçirilib.
Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Tacikistan, Çin və Avstriya dəmir yolu administrasiyalarının rəhbər heyətləri və nümayəndələrinin iştirak etdiyi tədbirdə ANM Beynəlxalq Assosiasiyasının təsis edilməsinə dair sənədlər, təşkilatın strukturu, işçi qrupların təşkili və digər mühüm məsələlər müzakirə edilib, bu marşrut üzrə rəqəmsallaşma, kommersiya məsələləri, marketinq və kommunikasiya, logistika xidmətləri, normativ-hüquqi aktlar və infrastruktur mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov bildirib ki, qlobal logistika bazarlarının dinamikası dəyişir və Çindən Avropaya və əks istiqamətə yük axınlarında artımın olduğu müşahidə edilir və yaxın illərdə daha da artacağı proqnozlaşdırılır. Bu da yeni infrastrukturlara ehtiyac yaradır, daşınma yollarının şaxələndirilməsini tələb edir.
“Xəzərin Şərq tərəfində Orta Dəhlizin daha bir qolu formalaşır. Marşrut Çin, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək dəmir, avtomobil və dəniz yollarını və yol infrastrukturu komponentlərini əhatə edir. Bu multimodal marşrutun cəlbediciliyinin və rəqabətqabiliyyətinin artırılması, marşrut boyu koordinasiyanın və ümumilikdə marşrutun inkişafının səmərəli təşkili məqsədilə kollegial orqanın – assosiasiyanın təsis edilməsi ehtiyacı yaranıb”, – R.Rüstəmov qeyd edib.
ADY sədri bildirib ki, Xəzərin Qərb tərəfində BTQ xətti ilə yanaşı, Orta Dəhlizin daha bir qolu olaraq Bakı−Naxçıvan−Qars dəmir yolu xəttinin yaradılması üzrə işlər görülür, paralel olaraq, Orta Dəhlizlə Şimal-Cənub dəhlizinin əlaqələndirilməsi nəticəsində Azərbaycanın həm özü, həm də tərəfdaşları üçün tranzit imkanlarını genişləndirəcəyi gözlənilir.
“Xəzərin Şərq tərəfinə gəldikdə isə Çinin Qaşqar əyalətindən avtomobil yolu vasitəsilə Qırğızıstandan keçərək Özbəkistanın Əndican şəhərində dəmir yoluna qoşulmaqla yüklər daşınır ki, bu yaxınlarda Çin, Qırğızıstan və Özbəkistan arasında bu hissədə dəmir yolu xəttinin tikilməsi ilə bağlı razılıq əldə edilib və işlərin yaxın illərdə yekunlaşacağı planlaşdırılır. Bu yeni dəmir yolu xətti regionda yerləşən digər ölkələr, Tacikistan, Türkmənistan, Əfqanıstan və Pakistan üçün də yeni imkanlar açacaq. Burada Orta Dəhlizlə Trans-Əfqan dəhlizi arasında əlaqənin yaradılması kimi potensial imkanlar da vardır”, – R.Rüstəmov əlavə edib.
ADY sədri çıxışında qeyd edib ki, qarşıya qoyulmuş hədəflərə çatmaq üçün strukturlu iş aparılmalı, dəhliz konsepsiyası inkişaf etdirilməli, tarif siyasəti formalaşdırılmalı, əməliyyatların effektivliyinin artırılması, daha sürətli və təhlükəsiz daşımalar üçün Orta Dəhliz üzrə rəqəmsal həllərin yeni marşrutda tətbiqi imkanları öyrənilməli və tətbiq edilməlidir.
Tədbirdə “Özbəkistan Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri Zufar Narzullayev bildirib ki, Avropa ölkələrinin Mərkəzi Asiya bazarlarına, xüsusilə Özbəkistan bazarına artan marağı müşahidə olunur. Özbəkistan da Avrasiya Nəqliyyat Marşrutu üzrə yükdaşıma əməliyyatlarına maraq göstərir.
Sonra tədbirdə çıxış edən Türkiyə Dövlət Dəmir Yollarının “TCDD Taşımacılık” şirkətinin Baş direktoru və İdarə Heyətinin sədri Ufuk Yalçın Avrasiya Nəqliyyat Marşrutu üzrə yükdaşımaların böyük potensialı olduğunu qeyd edib. U.Yalçın əlavə edib ki, modernləşdirilmiş Bakı–Tbilisi–Qars dəmir yolu xətti də Orta Dəhliz üzrə yükdaşımaların artırılmasına böyük təkan verəcək
Çin Dəmir Yolu Konteyner Daşımaları Korporasiyasının (CRCT) prezidenti Yanq Bin isə ölkəsinin Orta Dəhlizlə yükdaşımaların artmasında maraqlı olduğunu bildirib və qeyd edib ki, CRTC-nin “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulması bu dəhlizlə yük həcmlərinin artmasına töhfə verəcək.
Daha sonra tədbirdə çıxış edən Tacikistan Dəmir Yolları Dövlət Unitar Müəssisəsinin Yol rəisinin birinci müavini Sorbon Qulaxmadov və “Qırğızıstan Dəmir Yolları” Milli Şirkəti Dövlət Müəssisəsinin Baş direktorunun müavini Dastan Usubakunov da ölkələrinin Orta Dəhlizlə yükdaşımalara maraq göstərdiyini bildiriblər. Qeyd olunub ki, bu il Özbəkistan–Qırğızıstan–Çin yeni dəmir yolunun inşası razılaşdırılıb və bu layihənin icrası ANM-in rolunu bir qədər də artıracaq. Eyni zamanda Tacikistan–Çin avtomobil yolu ilə çatdırılan yüklər Tacikistandan dəmir yolu ilə Avrasiya Nəqliyyat Marşrutu üzrə qərb istiqamətində daşına bilər.
Məşvərət Toplantısına onlayn qoşulan Türkmənistan Dəmir Yolları Agentliyinin sədr müavini Bekmurat İşanquliyev Orta Dəhlizin inkişafı və xüsusilə Mərkəzi Asiya dövlətlərinin Avropaya çıxışı istiqamətində səsləndirilən təşəbbüsləri dəstəklədiklərini bildirib.
Çıxışlardan sonra Assosiasiyanın təsis protokolu və nizamnaməsi müzakirə edilib. Daha sonra ADY tərəfindən “Diaqnostik hesabat: çətinliklər və maneələr”, “Marşrutun rəqəmsallaşdırılması” və “Beynəlxalq marşrut və dayanıqlı inkişaf: yeni üfüqlər” mövzusunda təqdimatlar edilib.
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC artıq Orta Dəhlizin inkişafı üçün “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (TBNM) Beynəlxalq Assosiasiyası çərçivəsində islahatlarda fəal iştirak edir. İslahatlar nəticəsində Çindən Qazaxıstan, Azərbaycan və Gürcüstan vasitəsilə yük daşımalarının səmərəli təşkili üçün komissiyalar və işçi qrupları yaradılıb. TBNM çərçivəsində Azərbaycanın Gürcüstan və Türkiyə ilə uğurlu əməkdaşlığı davam edir. Yeni “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının məqsədi isə Orta Dəhlizin passiv olan cənub qanadında yerləşən ölkələrin aktiv fəaliyyətə cəlb edilməsi ilə daha da genişləndirilməsidir.
Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda görülən işlərlə tanış olub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2024-cü il 13 yanvar tarixli Sərəncamı ilə Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun yenidən qurulması işləri sürətlə davam etdirilir.
Bildirildi ki, uzunluğu 33,6 kilometr olan yolda 5 körpünün, 2 keçidin, suötürücü boruların tikintisi və digər infrastruktur işləri görülür. Yol bölgədə gediş-gəlişi asanlaşdıracaq, kənd təsərrüfatının, turizmin inkişafına əhəmiyyətli təsir göstərəcək.
Avtomobil yolu Bərdə istiqamətindən Xankəndi, Şuşa və Laçın şəhərlərinə getmək istəyən sürücü və sərnişinlərin Ağdam şəhərinə daxil olmadan bu dairəvi yoldan istifadə edərək sürətlə və təhlükəsiz hərəkətlərini davam etdirmələrinə imkan verəcək.
Yol-xeber.az" xəbər verir ki, 19-20 sentyabr 2024-cü il tarixində Bakıda keçirilən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısı çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov Türkiyə Respublikası Dövlət Dəmir Yollarının “TCDD Taşımacılık” şirkətinin Baş direktoru və İdarə Heyətinin sədri Ufuk Yalçınla görüşüb.
Tərəflər arasında bu il ikinci dəfə keçirilən görüşdə iki qardaş ölkənin dəmir yolu sahəsində əməkdaşlığının əsas istiqamətləri və inkişaf perspektivləri müzakirə olunub. Həmçinin Bakı–Tbilsi–Qars dəmir yolu xəttinin modernləşdirilməsindən sonra Orta Dəhliz üzrə yükdaşımaların artırılması imkanları barədə fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, Azərbaycan və Türkiyə yüklərin Şərqdən Qərbə, eləcə də əks istiqamətdə daşınmasında olduqca böyük rol oynayır və Bakı–Tbilisi–Qars dəmir yolu xətti ilə Orta Dəhliz üzrə yükdaşımaların artırılması üçün ortaq addımlar atır.
Yol-xeber.az" xəbər verir ki, 19-20 sentyabr 2024-cü il tarixində Bakıda keçirilən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısı çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovun növbəti görüşü “Qırğızıstan Dəmir Yolları” Milli Şirkəti Dövlət Müəssisəsinin Baş direktorunun müavini Dastan Usubakunovla olub.
Görüşdə Azərbaycan və Qırğızıstan arasında dəmir yolu sahəsində əməkdaşlığın inkişaf perspektivləri, ortaq maraq dairəsində olan məsələlər, eyni zamanda Orta Dəhlizin inkişafı üzrə birgə fəaliyyət istiqamətləri haqqında müzakirələr baş tutub.
Bununla yanaşı, tərəflər Çindən Qırğızıstan vasitəsilə daha çox yükün daşınması üçün potensialın olduğunu, yaxın gələcəkdə tamamlanacaq Özbəkistan–Qırğızıstan–Çin dəmir yolu xəttinin Avrasiya Nəqliyyat Marşrutunun imkanlarını genişləndirəcəyi vurğulanıb.
Yol-xeber.az" xəbər verir ki, Son illərdə paytaxt Bakı şəhərində sürətli iqtisadi inkişaf, işgüzar fəallığın genişlənməsi, müxtəlif təyinatlı obyektlərin tikintisinin vüsət alması dayanıqlı nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən etibarlı nəqliyyat sisteminin tikintisini şərtləndirib.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Böyükşor-Pirşağı avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.
Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov icra olunan yeni yol infrastrukturu layihəsinin gedişatı ilə yerindəcə tanış olub.
Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması və nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq yeni Böyükşor-Pirşağı avtomobil yolunun ümumi uzunluğu 12.7 km olmaqla 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir. Yolun torpaq yatağının eni 30,6 metr, hər bir hərəkət zolağının eni 3.5 metr olmaqla yeni yol 6 hərəkət zolağından ibarət olacaq.
Avtomobil yolunun hər iki tərəfində yaşıllıq zonasının salınması, piyada səkilərinin inşası və yolboyu işıqlandırma sisteminin qurulması, zəruri yerlərdə U dönüşlərinin tikintisi də layihə üzrə nəzərdə tutulub ki, bu istiqamətdə müvafiq addımlar atılır.
Layihələrin icra vəziyyəti ilə yerindəcə tanış olan Agentliyin İdarə Heyətinin sədrinə məlumat verildi ki, hazırda layihə üzrə torpaq işləri, ərazinin təmizlənməsi, qazma və dolğu işləri aparılmaqla yeni torpaq yatağının və yol əsasının inşası işləri həyata keçirilir. Yol əsası hazır olan hissələrdə asfaltlanma işlərinə də start verilib.
Layihəyə əsasən yolboyu 3 yol qovşağı, 3 körpü və 2 yerdə alt keçidin inşası işləri aparılır. Bundan başqa, yolboyu müxtəlif diametrlərə malik suötürücü boruların quraşdırılması işləri yekunlaşmaq üzrədir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yeni Böyükşor-Pirşağı avtomobil yoluna baxış zamanı yol infrastrukturu layihəsinin “İnşaat Norma və Qaydaları”na uyğun vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verib.
Qeyd edək ki, yeni yol başlanğıcını Balaxanı qəsəbəsinin ərazisindən (Böyükşor gölü) götürməklə Digah və Məmmədli qəsəbələrindən keçərək Kürdəxanı qəsəbəsinə qədər uzanır.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Sentyabrın 6-da daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun başçılıq etdiyi nümayəndə heyəti Qırğız Respublikasının Çolpon-Ata şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin daxili işlər nazirlərinin birinci iclasında iştirak edib.
İclasda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin daxili işlər nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi, cinayətkarlığa, o cümlədən ekstremizmə, insan alverinə, kibercinayətkarlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində birgə mübarizə tədbirləri müzakirə edilib.
Tədbirdə tərəflər Türk Dövlətləri Təşkilatı daxili işlər nazirlərinin birinci toplantısının Bəyannaməsini imzalayıblar.