|
Türkiyə və ABŞ arasında çoxlu ciddi ziddiyyətlər olsa da, tərəflər qırmızı xətti keçmək istəmirlər.
Bu sözləri Axar.az-a Türkiyə nümayəndə heyətinin ABŞ-a səfərini şərh edən politoloq Tofiq Abbasov deyib. O bildirib ki, Türkiyə-ABŞ gərginliyi birincidən öz gücünü nümayiş etdirməyi tələb edir:
“Bilirsiniz ki, Branson məsələsində bıçaq sümüyə dirənib. Türkiyə və ABŞ arasında çoxlu ciddi ziddiyyətlər olsa da, tərəflər qırmızı xətti keçmək istəmirlər. Ankara və Vaşinqton özlüyündə kompromislər üçün sərhəd saxlamaq istəyirlər. Çünki bir tərəfdən Türkiyə NATO-nun üzvüdür, digər tərəfdən isə Suriyada çox mürəkkəb vəziyyət yaranıb. Türkiyə anlayır ki, ABŞ vədinə rəğmən qoşunlarını Suriyadan çıxarmayacaq. Çünki bölgədə vəziyyət qeyri-müəyyəndir. Qərb bloku da öz növbəsində ABŞ-ın Suriyadakı mövcudluğu üzərindən problemlərini həll etməyə çalışır. Bunlar da birincisi, İranın hərəkətlərinin məhdudlaşdırılması, ikincisi, Rusiyanın oradakı hissələrinin fəaliyyət zonasının bir növ nəzarətdə saxlanılmasıdır ki, Suriyanın gələcəyi ilə bağlı işləniləcək variant Qərbə əlverişli olsun. Burada "Qərb" deyəndə. İsraili də nəzərdə tutmaq lazımdır. Çünki ABŞ və İsrail Suriya problemində həmahəng çıxış edirlər və onların mövqeyi üst-üstə düşür. Türkiyə sərhədyanı bölgələrində kürd yaraqlılarının güclənməsini, ABŞ-ın onlara açıq-aşkar silahlı dəstək göstərməsini istəmir. Bu baxımdan tərəflər qırmızı xətti keçməməkdən ötrü bir növ kompromislərə meyillərini nümayiş etdirirlər. Belə başa düşürəm ki, ABŞ Türkiyə ilə münasibətlərin daha da korlanmasını istəmir”.
Politoloq ABŞ-ın Türkiyəni itirmək istəmədiyini bildirib:
“Düzdür, belə ehtimallar var. Ancaq inanmıram ki, ABŞ bunu ürəkdən istəsin. O üzdən də hesab edirəm ki, ABŞ Türkiyə ilə bağlı sanksiyalar məsələsində çox dərinə getməyəcək, digər tərəfdən isə Türkiyəni İrandan uzaqlaşdırmağa çalışacaq. Çünki Türkiyə İrana qarşı tətbiq edilən sanksiyalardan narazılığını ifadə edib və bir çox malları İrandan alacağını və milli valyutalarla alış-veriş edəcəyini bəyan edib.
Nəhayət, Vaşinqtonda keçirilən görüşlərdə Türkiyə-İsrail münasibətləri də diqqət mərkəzində olacaq. ABŞ bu istiqamətdə də vəziyyəti tarazlaşdırmağa çalışacaq. Çünki İsrail onsuz da bu bölgədə cəmləşmiş bir dövlətdir, ərəb ölkələri ilə əhatə olunub. Bu fonda ABŞ-ın təşəbbüsləri İranın əl-ayağını yığışdırmaq üçün hesablanmış gedişlərdir. Bu baxımdan da ABŞ Türkiyə-İsrail münasibətlərində vəziyyətin kritik hal almasına imkan verməyəcək. Tərəflər bütün bunların hamısını nəzərə alaraq vəziyyətin daha çıxılmaz hal almaması üçün danışıq tonunu yumşaltmağın vaxtının çatdığını yaxşı anlayırlar”.
Qeyd edək ki, Türkiyənın ədliyyə, maliyyə və xarici işlər nazirliklərindən təşkil olunmuş nümayəndə heyəti ABŞ-a gedib.
Qrupun əsas vəzifəsinin ABŞ-la yaranan gərginliyi ortadan qaldırmaq olduğu vurğulanıb.