Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları

Enerji bazarlarında qiymətlər ölkə büdcəsində ciddi fəsadlar yarada bilərmi? - ekspertin gözləntiləri...

Almaniyanın gələcək kansleri Fridrix Mertsə görə, ABŞ Prezidenti Donald Trampın tarif siyasəti qlobal maliyyə böhranı riskini artırır. O, bu təhlükələrin aradan qaldırılması üçün əsas variantları açıqlayıb. Bu barədə o, “Handelsblatt” qəzetinə müsahibəsində bildirib.

Fridrix Merts ABŞ və Avropa ölkələri arasında azad ticarət sazişinin bağlanmasını təklif edib: “Bəli, mən yeni transatlantik azad ticarət sazişinə ümid edirəm. Bütün məhsullara sıfır tariflər tətbiq edilsin. Bu, hər iki tərəf üçün daha yaxşı olardı”.

Fridrix Merts əlavə edib ki, əgər ABŞ qlobal ticarətdən tamamilə çəkilmək qərarına gələrsə, Avropa üçüncü ölkə bazarlarına yönəlməlidir: “Prezident Trampın siyasəti növbəti maliyyə böhranının gözləniləndən daha tez baş verməsi riskini artırır. Biz, avropalılar, inandırıcı bir cavab verməliyik”.

"Bridgewater Associates" şirkətinin qurucusu, milyarder Rey Dalio isə hesab edir ki, Donald Trampın iqtisadi və tarif siyasəti təkcə tənəzzülə deyil, daha dərin qlobal böhrana səbəb ola bilər. NBC-yə verdiyi müsahibədə o, ABŞ-ın “tənəzzülə çox yaxın olduğunu” və mövcud siyasətlərin təsirinin 2008-ci ilin maliyyə böhranını üstələyə biləcəyini deyib.

Dalionun sözlərinə görə, Birləşmiş Ştatlar çoxtərəfli dünya nizamından münaqişə və sabitliyin pozulmasının hökm sürdüyü birtərəfli nizama keçir. O, tarixin gedişatını müəyyən edən beş əsas qüvvənin mövcud olduğunu bildirir: iqtisadiyyat, daxili siyasi münaqişələr, beynəlxalq münasibətlər, texnologiya və təbii fəlakətlər. Hazırkı tarif siyasəti, onun fikrincə, dağıdıcıdır və beynəlxalq gərginliyi artırır.

Dalio ABŞ-ın artan dövlət borcu ilə bağlı  xəbərdarlıq edib və Konqresi büdcə kəsirini ÜDM-in 3 faizinə endirməyə çağırıb. O bildirib ki, borc bazarında tələb və təklifə eyni vaxtda təzyiqlər maliyyə sistemini çökdürə bilər və dolların sabitliyini təhdid edir.

Dollar isə ucuzlaşmağa davam edir. ABŞ valyutasının həftənin ilk iş günündə altı valyutalıq (avro, İsveçrə frankı, yen, Kanada dolları, funt sterlinq və İsveç kronu) səbətə qarşı məzənnəsini ifadə edən ICE DXY indeksi 1 faizə yaxın azalıb. Son beş sessiyada göstərici 3,6 faiz düşüb.

Ayrılıqda dollar həm avro, həm funt-sterlinq, həm də yapon iyeni qarşısında zəifləyib.

Elman Sadıqov: “Əsas məsələlərdən biri 2026-cı ilə qədər Azərbaycan  manatını sabit saxlamaqdır” - Oxu.az

Elman Sadıqov

İqtisadçı-ekspert Elman Sadıqova görə, dolların belə ucuzlaşması D.Trampın nail olmaq istədiyi hədəflərdən biridir: “Dolların ucuzlaşmasını Trampın iqtisadi sahədə istədiklərindən birinə nail olması deməkdir. O, seçki öncəsi kampaniyası boyu ABŞ xidmət və məhsullarının rəqabət qabiliyyətini artırmaq üçün dolların ucuz olmasının vacibliyini qeyd edirdi. Mövcud vəziyyətdə avronun dəyər qazanması Avropa məhsulları üçün əlavə yükdür, maliyyətdir. Funt sterlinq, yapon yenası, Kanada dolları üçün də eyni fikri söyləyə bilərik.

Məsələ burasındadır ki, ticarət tərəfdaşları həm də öz valyutalarını dollar qarşısında ucuzlaşdıraraq, müxtəlif ticarət baryerləri tətbiq edərək ABŞ-la öz aralarında öz xeyirlərinə müsbət, ABŞ üçün isə böyük həcmli mənfi saldolarla mənfəət qazana bilmişdilər".

Ekspertin fikrincə, Trampın addımlarını iki baxımdan qiymətləndirmək mümkündür: “ABŞ tərəfdən baxdıqda Tramp haqlı görünür, bir şərtlə ki, tarif tətbiqlərini daha səliqəli həyata keçirə bilsin. Digər ölkələr tərəfdən, qlobal iqtisadiyyat tərəfdən baxdıqda isə sadəcə, yaxınlaşmaqda olan böyük bir iqtisadi sunami, fəlakət görünür. ABŞ isə deyir ki, zatən ABŞ bir neçə dəfə dünyanı qurtarıb, bu dəfə də özümü qurtarım, sonra batmaqda olan iqtisadiyyatları öz şərtlərimi diktə edərək qurtaracam. Bunları nəzərə alıb şərtlərimi batmazdan öncə qəbul edin! Amma bütün bu gedişatın bəzi müsbət və mənfi amilləri də var. ABŞ milyarderləri itkilərə məruz qaldıqları üçün narahat və narazıdırlar.

Fond birjalarında köpüklər dağılır, səhmlər əl dəyişir.  İstiqrazlarla bağlı riskli vəziyyət formalaşır. Enerji qiymətləri düşür.

Dünya iqtisadiyyatı daha təhlükəli olan iqtisadi müharibələr dövrünə qədəm qoyur".

E.Sadıqov bildirir ki, Trampın bütün dünya ilə bu qədər sərt davranmasının əsas səbəbi odur ki, dünyanın heç bir ölkəsi ABŞ-ın batmasını, defolt olmasını istəmir: “Hər bir ölkəyə dəyəcək zərər bir tərəfə, sistem çökər və dünya ölkələri bu çökən sistemin altından qalxa bilməzlər. Tramp proteksionist siyasət yürütməklə ABŞ-ı bundan sonrakı fiskal və monetar problemlərdən qurtarmaq istəyir. Proteksionist siyasət Cənub Şərqi Asiya ölkələrinin (Çin, Yaponiya, Cənubi Koreya, Tayvan və sair), Avropada da vaxtilə Almaniya başda olmaqla, bir sıra ölkələrin tətbiq etdiyi və onların bu gün yüksək inkişaf səviyyələrinə çatmalarına səbəb olan incə və dərin bir siyasətdir. Bu siyasətin incəliklərini bilən iqtisadçılar Trampın bu siyasətin adından istifadə etdiyini, əslində isə tətbiq etdiyinin proteksionist siyasət deyil, ticarət, sonrakı mərhələdə valyuta və iqtisadi müharibələr olduğunu bilirlər. Plan budur ki, Yeni Dünya Nizamına keçiddə qlobal müharibə nüvə silahı səbəbindən mümkün deyilsə, o zaman niyə qlobal iqtisadi və lokal hərbi toqquşmalar olmasın?

Gedişat göstərdi ki, öncədən ssenari testləri, hesablamaların aparılmaması hər gün Trampın siyasətinin tez-tez dəyişməsinə səbəb olur. Məsələn, bu cür total tarif tətbiqinin ABŞ istiqrazlarının müddəti bitdikcə alınmaması, risklərin artması nəticəsində gəlirliyin artması, bu dəfə borcların artmasının deyil, borclanma imkanlarının məhdudlaşma risklərinin (ABŞ-ın Yaponiyaya 1 trilyon dollar, Çinə 800 milyard dollara yaxın, digər bir sıra ölkələrə də 100 milyardlarla ölçülən borcu var və onlar müddəti bitən istiqrazları qaytarıb yenilərini almasalar, bu dəfə ABŞ monetar siyasət alətlərinə baş vurmalı olacaq. Yəni əlavə dollar çapına gətirib çıxara bilməsi nəzərə alınmamışdı".

Ekspert hesab edir ki, ABŞ-ın defolt olmaması üçün dünya ölkələri ölçüb-biçərək hərəkət edəcəklər: “Kəskin hərəkət əvəzinə, ABŞ-ı batırmayacaq, amma ciddi sarsıdacaq addımlar ata biləcəklər. Borcların hamısını deyil, bir hissəsini uzatmamaqla. Bu gedişat Britaniya, Yaponiya, Avropa Birliyi, Cənubi Koreyaya zərər vuracaq, iqtisadi itkilər olacaq. Amma inkişaf etməkdə olan bir sıra ölkələri çox ciddi böhran vəziyyətinə gətirəcək. Əslində məqsəd də budur. Çökməsi ABŞ iqtisadiyyatı üçün ciddi zərər yaratmayan, lakin çökməsi nəticəsində ABŞ üçün yeni bazarların yaranmasına, onların vəsaitlərinə əl qoymaqla özündən birdəfəlik asılı vəziyyətə salmaqla yenidən dünyada öz iqtisadi nüfuz dairəsini artırmaq! Hər kəsi zəiflətməklə özünü gücləndirmək, sonra isə sizi bu şərtlərlə xilas edirəm siyasəti yürütmək. II Dünya müharibəsindən öncə ən zəif vəziyyətdə olan ABŞ müharibənin sonlarından (1944-cü ildən) etibarən dünya düzənini nizamlayan bir nömrəli hegemon ölkəyə çevrildi. Ssenari eynidir, sadəcə, bu dəfə qlobal müharibəni iqtisadi çöküşlər əvəzləyəcək”!

Qeyd edək ki, Trampın tarif siyasətinin doğurduğu nəticələr Azərbaycan üçün üç istiqamətdə problemlər yaradır: neft qiymətlərinin düşməsi bu xammalın satışından valyuta gəlirlərini azaldır; eyni zamanda səhm və fond bazarlarındakı təlatümlər ölkənin əsas valyuta ehtiyatlarının toplandığı Dövlət Neft Fondunun yatırımlarını dəyərsizləşdirir, zərərə salır; qlobal əmtəə bazarlarında qiymətlərin artması fonunda ölkənin ciddi şəkildə asılı olduğu idxal bahalaşır.

Xüsusilə ABŞ-ın Çinə qarşı yüksək tariflər tətbiq etməsi dünyanın ən böyük istehlakçısını ciddi problemlərlə üz-üzə qoyur. Bu ölkənin illik 700 milyard dollara yaxın olan ABŞ-a ixracın yönünü qısa müddətdə digər bazarlara yönəltməsi mümkün olmadığına görə istehsalın azalması riski böyükdür. Bu isə xüsusilə neft bazarında qiymətlərin hazırkı 65 dollar civarından daha da aşağı düşməsinə gətirib çıxara bilər.

Qeyd edək ki, artıq Azərbaycan kimi neft ixracından asılı olan və büdcəsi 70 dollarlıq qiymətlə hesablanan Qazaxıstanda hökumət neftin 55 dollar və daha aşağı qiymətinə hazırlıqlara başlayıb, xüsusi işçi qruplar formalaşdırıb. Azərbaycanda bu sahədə hansı işlərin görüldüyünə dair hökumət heç bir açıqlama verməyib.

İqtisadçı-ekspert Eldəniz Əmirov - FOTOBAZA Pravda.az

Eldəniz Əmirov

İqtisadçı Eldəniz Əmirova görə, hazırda neft qiymətinin büdcədə nəzərdə tutulan 70 dollardan aşağı olması haqlı narahatlıq yaradır: “Amma mövcud vəziyyət 2 səbəbdən elə də qorxulu deyil.  Birincisi, 2025-ci ilin 1-ci rübündə Azərbaycan neftinin orta ixrac qiyməti 77 dollar olub. Bu o deməkdir ki, əgər 2-ci rübdə orta qiymət 63 dollar olarsa, yarımillik orta qiymət elə büdcədə nəzərdə tutulan 70 dollara bərabər olacaq. Yəni ilin ilk yarısında maliyyə tarazlığı hələ ki pozulmayacaq.

İkincisi, ABŞ-da Trampın tarif siyasətinin uğurlu olmadığı artıq öz təsdiqini tapdığı kimi, onun neft qiymətlərini aşağı salmaq üçün atdığı addımların da uzunmüddətli effekt verməyəcəyi artıq görünməkdədir.

Bu baxımdan, enerji bazarlarında qiymətlərin Azərbaycan büdcəsində ciddi fəsadlar yaradacaq səviyyədə kəskin və davamlı ucuzlaşacağını gözləmirəm".

14 Aprel 2025 Siqaret yenə bahalaşdı
12 Aprel 2025 Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Son görüntülər
11 Aprel 2025 İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək
10 Aprel 2025 Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir açıqlama
08 Aprel 2025 Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
07 Aprel 2025 “Dərnəgül” elektrik deposunun inşasına başlanılıb
07 Aprel 2025 Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 Aprel 2025 Kərə yağı bahalaşdı - AÇIQLAMA
05 Aprel 2025 Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri
04 Aprel 2025 Müasir və rahat “Stadler” FLIRT qatarı Bakı-Qəbələ-Bakı marşrutunda!
04 Aprel 2025 ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?
03 Aprel 2025 Kirayə mənzillərin satışa çıxarılması əmlak bazarında qiymətləri qaldırır?
02 Aprel 2025 ADY Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırdı
01 Aprel 2025 Türkiyə və Azərbaycanın Yeni Dəmir Yolu Körpüsü: Qars-İğdır-Naxçıvan Xətti İlə 85 Dəqiqəyə Birlik
01 Aprel 2025 ADY bir sıra stansiyalarda yeniliklər etdi: Daha çox turniket, daha az növbə
31 Mart 2025 Qızılın qiyməti yenidən tarixi maksimumu yeniləyib
29 Mart 2025 “Starlink” Azərbaycanda fəaliyyətə başlayıb
26 Mart 2025 “Naxçıvandan Qarsa 85 dəqiqəyə çatmaq mümkün olacaq”
19 Mart 2025 Turizmdə yeni dövr: Qəbələ - Abu-Dabi reysi bizə nə verəcək?
18 Mart 2025 Sumqayıtla Sarayı birləşdirən körpü açıldı

Xəbər lenti