![]() |
|
Müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi məhkəmənin baxış iclası başlayıb.
Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmə prosesi keçirilir.
Qeyd edək ki, ötən proses dövlət ittihamçısı tərəfindən Ruben Vardanyana irəli sürülmüş konkret ittihamlar elan edilib.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.
Həmçinin, o, həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.\\erport.az
Goranboy rayonunun Qarasüleymanlı kəndində qayınatanın gəlinə əl qumbarası atmasının bəzi detalları məlum olub.
“Qafqazinfo” “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, 68 yaşlı Zakir Namazov rayonun Tapqaraqoyunlu kəndi ərazisində çobanlıq edib. Ehtimal olunur ki, həmin qumbara müharibə qalıqları ilə çirklənmiş və təmizlənməyən yerdən tapılıb.
Onun həyat yoldaşı Yamin Məmmədova deyir ki, ailə daxilindəki münaqişə bir ilə yaxındır ki, davam edib:
“Gəlin ona tərəf daş atdı, o da heç bilmədim nə atdı. Mən kənarda nəvəmlə dayanmışdım. Birdən tüstü qalxdı. Elə bildim ayağım yerdən üzüldü. Gördüm ki, gəlin yerə uzanıb. Yaxınlaşıb gördüm ki, damarından qan axır. Hər gecə balta, bıçaq... Bir ildir ki, bizim günümüz polislərdə keçir. O hələ deyirdi ki, evdə hamınızı partladacağam”.
Üç uşaq anası olan 38 yaşlı Vəfa Aslanovanın müalicəsi hazırda xəstəxanada davam etdirilir. Gəlinin üstünə partlayıcı maddə ataraq ona xəsarət yetirən Zakir Namazov isə iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
Fakla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
Daha ətraflı süjetdə:
Bu gün Qaradağlı faciəsinin ildönümüdür.
Faciədən 33 il ötür.
Xocavənd rayonunun Qaradağlı kəndi erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparıb. Kənd 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, erməni işğalçıları dinc əhaliyə qarşı soyqırımı həyata keçirib. 32 il əvvəl burada törədilən qətliam, kənd sakinlərinə verilən işgəncələr 200 ilə yaxın müddətdə erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı, Azərbaycan türklərinə bəslədikləri nifrətin nəticəsi idi.
Qaradağlı kəndi Xocavənd rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında, dağətəyi ərazidə yerləşir. 1988-ci ildə Dağlıq Qarabağda erməni separatçılarının baş qaldırdığı vaxt Xocavənd rayonunun Qaradağlı kəndinin də faciəli günləri başladı. Kəndin sakinləri böyüyüb boya-başa çatdıqları doğma yurdun hər qarışı, hər daşı uğrunda mübarizəyə qalxdı, onlarla kənd sakini ermənilərə qarşı qeyri-bərabər döyüşlərdə şəhid olub.
1990-cı il noyabrın 24-də 3 nəfər kənd sakini Xocavənd-Xankəndi yolunun 6-cı kilometrliyində erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirilib. 1991-ci il yanvarın 9-da kəndə gələn UAZ markalı avtomaşın ermənilər tərəfindən atəşə tutulub, 1 nəfər öldürülüb, 4 nəfər yaralanıb. Onlardan 2-si sonralar aldığı yaralardan dünyasını dəyişib.
Ermənilər 1991-ci il martın 8-də kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetiriblər. Həmin il iyunun 28-də kəndin yanındakı fermada 6 sakin - 3 kişi və 3 qadın diri-diri yandırılıb. 1991-ci il sentyabrın 8-də Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusu Xocavənd-Xankəndi yolunun 5-6-cı kilometrliyində erməni quldurları tərəfindən atəşə tutulub. Avtobusdakı 40 nəfərə yaxın sərnişindən 2 kişi, 6 qadın həlak olub. 1992-ci il yanvarın 8-də kəndin yaxınlığında daha bir azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, 100-ə yaxın qoyun ermənilər tərəfindən qənimət kimi aparılıb.
1991-ci il dekabrın 19-da Xocavənd kəndi, 1992-ci il fevralın 12-də isə Şuşanın Malıbəyli kəndi işğal edilərək yandırılıb. Növbəti hədəf Qaradağlı idi. Kənddə vəziyyət getdikcə çətinləşir, faciənin törədiləcəyi gün yaxınlaşırdı.
1992-ci il fevralın 14-də erməni quldurları xarici muzdluların, xüsusilə Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər tərəfdən kəsilmiş, köməksiz qalan Qaradağlı kəndinə hücuma keçdilər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər 4 gün düşmənlə mübarizə apardı. Döyüşlərdə biri qadın olmaqla, 14 nəfər həlak oldu. Silah-sursatı tükənən soydaşlarımız sonda ermənilər tərəfindən əsir götürüldülər və onların növbəti məşəqqətləri başlandı.
Kəndin Bəylik bağı adlanan ərazisində 23 sakin erməni cəlladları tərəfindən güllələndi, əksəriyyəti yaralı halda diri-diri silos quyusunda basdırıldı. Əsirlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülərək güllələndi. İki nəfər Zəki bulağında, iki nəfər Cəmiyyət kəndində öldürüldü. Girovluqda olan səkkiz kənd sakinini ermənilər əzab və işgəncələr verərək amansızlıqla qətlə yetirdilər. Dörd nəfər müxtəlif vaxtlarda şəhid oldu. Beş nəfərin taleyi bu günə qədər məlum deyil.
Beləliklə, 1992-ci il fevralın 17-də Qaradağlı kəndi erməni silahlıları tərəfindən işğal olunaraq yandırıldı. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladları öldürülənləri və yaralıları bir yerdə təsərrüfat quyusuna töküb, üzərini torpaqlayıblar. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Əsir götürülənlərdən 10-u qadın, 2-si məktəbli olub. Azad olunanlardan 18 nəfəri aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi idi. Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə başçısını itirib, 146 uşaq yetim qalıb. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.
Qaradağlı faciəsinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Soyqırımı: Qaradağlı”, “Soyqırımı Qaradağlı: davam edir...” və “Qaradağlı, mübarizə” sənədli filmləri çəkilib, “Qaradağlı soyqırımı şahidlərin dili ilə” adlı kitab hazırlanıb. Bundan başqa, şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Yeni Qaradağlı, Yeni Xocavənd qəsəbələrində və Nərgiztəpə ərazisində abidə kompleksləri ucaldılıb.
Xatırladaq ki, kənd 1992-ci il fevralın 17-dən 2020-ci il noyabrın 10-dək Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qaradağlı kəndi Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçib. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib.
Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində Ağsu rayonunun Gəgəli kənd bələdiyyəsinə üzv seçilən Qürbət Kərimov vəfat edib.
Teleqraf.az xəbər verir ki, o, kardioloji xəstəlikdən əziyyət çəkirmiş və səsvermədən bir gün sonra dünyasını dəyişib.
Q.Kərimov seçkilərdə bütün namizədlərdən çox - 717 səs toplayıb.
Ətraflı
Yaxınlarının bildirdiyinə görə, o, yenidən bələdiyyə sədrliyinə namizəd olmağı planlaşdırırmış: “Qürbət Kərimov 1960-cı ildə Ağsu rayonunun Gəgəli kəndində doğulub. Çox arzulayırdı ki, yenə sədr seçilsin. Onun bir övladı da dünyasını dəyişib. Vəfat edən övladının uşağı onun himayəsinə idi. Övladının da xəstəliyi var idi”.
Qeyd edək ki, Qürbət Abdulkərim oğlu Kərimov 2014-2019-cu illərdə Gəgəli bələdiyyəsinin sədri vəzifəsində çalışıb.
Xatırladaq ki, onun vəfatına görə Gəgəli kənd bələdiyyəsini formalaşdırmaq mümkün olmayıb.
Bakının Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report" xəbər verir ki, 1991-ci il təvəllüdlü Ramil Aslan oğlu Qasımov idarə etdiyi “VAZ 2101” markalı avtomobillə 1999-cu il təvəllüdlü Soltan İlqar oğlu Tağıyevin idarə etdiyi “Toyota Prius” markalı avtomobillə toqquşub.
Nəticədə “VAZ 2101”də olan sərnişin, 1993-cü il təvəllüdlü Fərdi Mehman oğlu Zülfüqarov hadisə yerində ölüb. R.Qasımov, S.Tağıyev və onun idarə etdiyi avtomobildə olan sərnişin, 2000-ci il təvəllüdlü Məmməd Rəhim oğlu Şərifov isə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanıb.
"Bolt" şirkətindən kəskin şikayət var.
Sözügedən şirkətdən taksi xidməti sifariş edən müştəri bədbəxt vəziyyətlə üzləşib. O, bu barədə sosial şəbəkələrdə paylaşım edib.
Şikayətçi iddia edir ki, o, 30 yanvar tarixində taksi sifariş edib və başına gəlməyən qalmayıb:
"Mənim şikayətim Boltdandır. 30 yanvar tarixində HB güvən klinikasından Buzovna istiqamətinə taksi sifariş etdim. Taksi gələn kimi əyləşdik. Qala yolu istiqamətində hərəkət edərkən, sürücü sükan arxasında yuxuladı və qəza hadisəsi baş verdi. Nəticədə anam kəllə beyin travması, mən alının kəsilmiş-cırılmış yarası, oğlum 2 yaş 9 aylıq uşaq isə sağ ayağın sınığı ilə xəstəxanaya yerləşdirildik.
Bu şirkət harada narkoman, küçədən keçən, özünü tanımayan varsa, hamısına maşın verib salıb camaatın canına. Allahın lənəti olsun sizə. Yazmaqda məqsədim, ay millət, özünüzü qoruyun, daha diqqətli olun. Maksimum dərəcədə istifadə etməməyə çalışın"./ajans.az
Ötən həftə qumarxana təşkil etmə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırması ittihamı ilə həbs edilən Yusif Baqiyev sərbəst qalmaq istəyir.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “qumar kralı” kimi tanınan Baqiyevin barəsindəki qərardan verilmiş şikayət araşdırılıb.
Bakı Apellyasiya Məhkəməsi ağır cinayətlərdə təqsirləndirilən şəxsin işində hər hansı dəyişiklik olmadığından şikayəti rədd edib. O, məhkəmə salonundan təcridxanaya qaytarılıb.
Bu işlə bağlı qalmaqal yaradan yeni məqam isə vurulmuş ziyanın məbləğidir.
Əldə etdiyimiz digər məlumata görə, Yusif Baqiyev qumarxanalar təşkil etməklə 161 milyon manata yaxın pul qazanmaqda ittiham edilir.
Mütəşəkkil dəstə halında törədilən cinayətdən qazanılan pulların böyük bir qismi həqiqi mənbəyini gizlətmək məqsədilə leqallaşdırılıb.
İş üzrə istintaq hələ yeni başlayıb. Gələcəkdə ziyanın həcminin dəyişəcəyi də istisna edilmir.
Qeyd edək ki, Y. Baqiyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən tutulub. Binəqədi Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs qərarı çıxarıb.
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.
"Report xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilir.
Xatırladaq ki, ötən proses prokurorlar tərəfindən ittiham aktının elanı keçirilib.
Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.
Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
Ağdamda yük maşını minaya düşüb.
Hadisə rayonun işğaldan azad edilmiş Baş Qərvənd kəndi ərazisində qeydə alınıb.
Mina partlaması nəticəsində ərazidə işləyən "HOVA" markalı yük maşınına ciddi ziyan dəyib.
Xəsarət alanın olmadığı deyilir.
Biləsuvar rayonu Bəydili kənd tam orta məktəbinin direktor əvəzi dünyasını dəyişib.
"Unikal" məlumatına görə, həmin məktəbin direktor əvəzi Nurlan İmanov 44 yaşında vəfat edib.
Məlumata görə, mərhumun səhhətində bir müddət öncə problem yaranmışdı.
Qeyd edək ki, N. İmanov 1981-ci ildə Biləsuvar rayonunda anadan olub. O bundan öncə Biləsuvar rayon Təhsil Sektorunda çalışıb.