Ağdamda insan sümüklərinin qalıqları aşkarlanıb

Ağdamın Xıdırlı kəndində insan sümüklərinin qalıqları aşkarlanıb.

Report verdiyi məlumata görə, qalıqlar ərazidə inşaat işlərinin aparılması zamanı tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Nərimanovda 2 nəfər küçədə öldü

Bakı şəhər Nərimanov rayonunda iki nəfər küçədə ölüb.

qafqazinfo xəbər verir ki, Tovuz rayon sakini 1976-cı il təvəllüdlü F.Cəfərov Həsən Əliyev küçəsi 115 ünvanının qarşısında ölüb.

Bundan başqa, tüfeyli həyat tərzi sürən 1966-cı il təvəllüdlü E.Əhmədov küçədə halsız vəziyyətdə qalması səbəbindən təcili tibbi yardım vasitəsilə Kliniki Tibbi Mərkəzə aparılıb. Daha sonra onun ölməsi məlum olub.

Hər iki faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

İntensiv yağış və qar yağacaq, temperatur 4 dərəcəyədək enəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında fevralın 14-də arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Bildirilib ki, fevralın 13-ü gecə və səhər əsasən şərq rayonlarında, 14-dən 15-i səhərədək isə əksər rayonlarda arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Dağlıq-Şirvan, Lənkəran-Astara, Mərkəzi Aran bölgəsində intensivləşəcəyi ehtimalı var.

Ölkə ərazisində havanın temperaturu 4 dərəcəyədək enəcək.

Gözlənilən hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, dağlıq rayonlarda isə yolların buz bağlayacağı ehtimal olunur.

Xudayar Yusifzadənin anasını təhqir edən bloger həbs olundu

Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin anası Radə Qurbanovanı sosial şəbəkələrdə təhqir edən şəxs həbs edilib.

Qaynarinfo məlumatına görə, Radə Qurbanovanın şikayəti əsasında 1993-cü il təvəllüdlü Vüqar İ. saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmədə məlum olub ki, "TikTok" sosial şəbəkəsində "Şah_əmlak" adı ilə qeydiyyatdan keçən əmlak blogeri Vüqar evlərin alqı-satqısı ilə bağlı elanlar yerləşdirib. Vüqarın profilində Radə Qurbanova və digər şəhid analarının barəsində xoşagəlməz şərhlər yazılıb. Radə Qurbanova əmlak blogerinə zəng edərək, öz etirazını bildirib və barəsində şikayət edəcəyini deyib. Sonuncu heç kimdən qorxmadığını və baş vermiş hadisə ilə bağlı izahat verməyəcəyini şəhid anasına deyib.

Radə Qurbanovanın şikayəti əsasında saxlanılan Vüqar məhkəmədə ondan və bütün şəhid ailələrindən üzr istəyib. İşlətdiyi əmlak ofisində 4 nəfər işçisisinin olduğunu, həmin əməkdaşlarından kiminsə onun telefonu vasitəsi ilə "TikTok"da profilindən istifadə edərək, şəhid anaları barədə xoşagəlməz ifadələr yazdığını deyib. Xudayar Yusifzadənin anası isə Vüqarın cəzalandırılmasını məhkəmədən xahiş edib.

Məhkəmənin qərarı ilə "Şah_əmlak"ın sahibi İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib və 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Qazaxda polis zabiti vəfat edib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, polis mayoru Üzeyir Abdullayev ötən gün uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Bu gün Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək

Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək.

İclasda Komissiyaya daxil olan müraciətlərə baxılacaq.

Rusiya şəbəkəsinin üzvü olan Elçin Həsənovun - Əmlaklarının siyahısı

Rusiyanın “Rossotrudniçestvo” təşkilatının fəaliyyəti dayandırıldıqdan və qurum Üzeyir Hacıbəyli küçəsində yerləşən ofisdən çıxdıqdan sonra mərhum gənclər və idman naziri Azad Rəhimovun qaynı olan iş adamı Elçin Həsənovun əl-ayağa düşərək “Russkiy dom” üçün yeni ofis axtarışına çıxdığı barədə xəbər verilib.

Ölkə.az xəbər verir ki, bununla yanaşı, onun da üzv olduğu və Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin rəhbərlik etdiyi Rusiyanın Azərbaycandakı şəbəkəsi barədə də ötən gün “Qafqazinfo”da məlumat paylaşılıb. Düzdür, Ramiz Mehdiyev və keçmiş xarici işlər naziri Elmar Məmmədyarov bu məlumatı təkzib etməyə çalışıblar. Amma onların arqumentsiz açıqlamaları çətin ki, ictimai rəydə dönüş yarada bilə. 

Dünən material dərc olunduqdan sonra sayta Elçin Həsənovun fəaliyyəti ilə bağlı müxtəlif mənbələrdən yeni məlumatlar daxil olmaqdadır. Onları ümumiləşdirdikdən sonra gəldiyimiz qənaət belə oldu ki, E.Həsənov və onun mənsub olduğu şəbəkə Rusiyanın Azərbaycanda mövqelərinin möhkəmlənməsi üçün əllərindən gələni edirlər. 

İlk növbədə onu qeyd edək ki, Elçin Həsənov Rusiya vətəndaşıdır, uzun müddət orada yaşayıb və mebel istehsalı ilə məşğul olan “Альтернатива” şirkətində işləyib. Azad Rəhimov 2006-cı ildə gənclər və idman naziri təyin olunandan sonra, o, Bakıya gəlib. Sabiq nazir qohumunu rəhbərlik etdiyi qurumun işlərinə cəlb edib. İş o yerə çatıb ki, 2015-ci ildə E.Həsənov nazirliyin tabeliyində olan Su idman sarayının direktoru da təyin olunub. Özü də Rusiya vətəndaşı ola-ola. 

Bundan başqa, E.Əhmədov A.Rəhimovun müxtəlif tapşırıqlarını icra etməyə başlayıb və nazirlikdə kadr təyinatlarında söz sahibinə çevrilib. O, həyat yoldaşının adına yaratdığı şirkət vasitəsilə Gənclər və İdman Nazirliyinin balansında olan və Heydər Əliyev prospektində yerləşən binaları müxtəlif şirkətlərə yüksək məbləğlərlə icarəyə verib.

Fotoda: Heydər Əliyev prospektindəki binalar

Əldə olunan vəsaitlər isə E.Həsənov vasitəsilə Rusiyaya çıxarılıb və orada çoxsaylı daşınmaz əmlak alınıb. Məsələn, Moskvada Rublyovskoye şosse 97 saylı, İstrinskaya küçəsi 3 saylı və digər binalarda E.Həsənova məxsus çoxlu sayda mənzil var. 

Fotoda: Moskva, Rublyovskoye şosse, 97 saylı bina

Fotoda: Moskva şəhəri, İstrinskaya küçəsi, 3 saylı bina

E.Həsənov təkcə Moskvada və Rusiyanın digər şəhərlərində deyil, həmçinin Bakıda da daşınmaz əmlaklar əldə edib, biznes qurub. Məsələn, Babək prospektində yerləşən “Sun Cars” avtosalonunun ona məxsus olduğu bildirilir.  

Yenidən şəbəkə məsələsinə qayıdaraq qeyd edək ki, Rusiya xüsusi xidmət orqanları ilə yaxın olan  yüksəkçinli məmurlar hələ də var. Onların sifarişləri ilə bəzi layihələr həyata keçirilir, hesabatlar hazırlanır, ictimaiyyətə yalan və bəzən də şişirdilmiş məlumatlar verilir. Təbii ki, bunların da ifşa olunmasına çox qalmayıb. 

Bakıda “Rus evi”nin yerləşdiyi binadakı lövhə və yazılar sökülür - VİDEO

Bakıda “Rus evi”nin yerləşdiyi binadakı lövhə və yazılar sökülür.

“Report” məlumatına görə, artıq mərkəzin adının rus dilində yazılan hissəsi götürülüb.

Qeyd edək ki, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra Rəsmi Bakı fevralın 3-də “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərib.

XİN-in məlumatında bildirilib ki, Azərbaycan ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılıqlılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir. Azərbaycan tərəfinin ölkədə “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməsi gözlənilir.

 

 

 

 

Dövət Sərhəd Xidmətinin hərbçisini maşın vuraraq, öldürüb.

Unikal.az xəbər verir ki, hadisə Xaçmazın Qusarçay kəndi ərazisində baş verib.

Belə ki, kənd ərazisində avtomobil Şeydabəy Qəhrəmanov adlı hərbçimizi vurub. O, hadisə nəticəsində həyatını itirib.

33 milyon dollar Azərbaycana qaytarıldı

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan pul vəsaitlərinin ölkəyə qaytarılması istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

Hazırkı vaxtadək Şirvan şəhər, habelə Qusar, Bərdə, Masallı, Tovuz, Siyəzən, Şəki, Şabran və Gədəbəy rayon prokurorluqları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bəzi sahibkarlıq subyektlərinin xarici ölkələrə ixrac edilmiş kənd təsərrüfatı məhsullarının alqı-satqısından əldə etdikləri pul vəsaitlərinin 33 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 56 milyon manatdan artıq) hissəsinin ölkəmizdə müvəkkil edilmiş bank hesabına qaytarılması təmin edilib.

Prokurorluq orqanları tərəfindən bu kateqoriya araşdırmalara dair, yəni müxtəlif şəxslər tərəfindən mal və məhsulların ixracı nəticəsində əldə edilən pul vəsaitlərinin ölkəmizdə müvəkkil bank hesablarına qaytarılması istiqamətində zəruri prosessual tədbirlərin icrası davam etdirilir.

Xəbər lenti