|
Yol-xeber.az xəbər verir ki, Abşeron rayonunun Pirəkəşkül avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Prezidentin Sərəncamına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən müvafiq inşaat işləri davam etdirilir.
Başlanğıcını Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 33-cü km götürən və 7.3 km uzunluğa malik Pirəkəşkül avtomobil yolu uzun müddət istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmayıb. Bu isə avtonəqliyyat vasitələrinin rahat hərəkətinə problemlər yaradırdı. Bu problemlərin aradan qaldırılması, Pirəkəşkül qəsəbəsinin 1.4 min əhalisinin rahat gediş-gəlişini təmin etmək məqsədilə AAYDA tərəfindən təxirəsalınmaz tədbirlərə başlanılıb.
Pirəkəşkül avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun inşa edilir. Yolun hərəkət hissəsi 6 metr, çiyinlərin eni isə 2 metr təşkil edir. Yenidənqurma işlərinə uyğun olaraq köhnə örtük sökülüb, yol yatağının yararsız qruntu qazılaraq çıxarılaraq, əks dolğu işləri aparılıb yeni yol yatağı inşa olunub. Bu işlərin ardınca yol əsasının inşasına başlanılıb.
Layihəyə uyğun olaraq Pirəkəşkül yolunun 1-ci kilometrində yerləşən 42 metr uzunluğa malik mövcud avtomobil körpüsünün əsaslı şəkildə təmiri də artıq son mərhələdə davam etdirilir.
Layihə boyu istismar müddətini bitirmiş müxtəlif diametrli suötürücü borular yenilənib, boruların bəzilərinin sökülərək yenidən tikilib, bir hissəsinin isə təmir olunaraq işlək vəziyyətə salınıb.
Torpaq işləri yekunlaşdıqdan sonra “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yolun asfaltlanması işlərinə start verilib, əlaqələndirici bitum səpilməklə yola alt və üst lay olmaqla yeni asfalt-beton örtüyü döşənir. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Sonuncu mərhələdə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolboyu zəruri yerlərdə yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlanma xətləri çəkilərək yol yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
YOLUNUZ AÇIQ OLSUN...