![]() |
|
Qarabağ separatçılarının lideri Arayik Arutyunyan bir neçə gündür müxtəlif yerli qruplar və sakinlərdən ibarət qruplarla görüşlər keçirir. O, sözün əsl mənasında hamı ilə görüşür.
Bu barədə Ermənistan KİV-i yazır.
Eyni zamanda, Xankəndidəki mənbə əlavə edir ki, bu görüşlərdə Arutyunyan separatçılar üçün vəziyyətin inkişaf perspektivlərini kifayət qədər tutqun şəkildə təqdim edir.
“Gələcək onun fikrincə, çox qeyri-müəyyəndir, o, indiki vəziyyəti çox tutqun tonlarla təsvir edir. Arayiklə görüş iştirakçıları tez-tez deyirlər ki, Qarabağda qalmağın mənası yoxdur”, – qəzet yazır.
Görünür, hətta separatçıların liderləri də başa düşürlər ki, Azərbaycanda erməni separatizminin otuz illik tarixi başa çatıb.
Türk Dünyasının inteqrasiyası və yeni qlobal güc mərkəzinin yaradılması prosesi davam edir. Türkiyədə keçirilən tarixi seçkilər bu prosesin gələcək taleyi baxımından, keçid mərhələsi hesab olunurdu. Çünki prezident Rəcəb Tayyib Ərdoğan seçkilərdə məğlub olardısa, Türkiyədə hakimiyyət dəyişərdisə, bu prosesin yarımçıq qalma ehtimalı tamamilə inandırıcı görünürdü. Hər halda, ABŞ və Qərbin israrla dəstəklədiyi prezident postuna müxalif iddiaçı bunun açıq mesajlarını belə, verməyə başlamışdı.
Ancaq Türk Dünyasını ciddi şəkildə narahat edən hadisə baş vermədi. Prezident Rəcəb Tayyib Ərdoğan tarixi seçkilərdə mütləq qələbə qazanmaqla, Türk Dünyasının inteqrasiya perspektivlərini qorumağı bacardı. Bundan sonra Türk Dövlətləri Birliyinin hərbi-strateji, siyasi-iqtisadi və s. istiqamətlər üzrə inteqrasiya olunaraq, yeni dünya düzənində qlobal güc mərkəzinə çevrilmə prosesi daha da sürətlənəcək.
Məsələ ondadır ki, Türkiyə liderinin Bakı səfəri çərçivəsində bütün dünyaya, o cümlədən də, Türk Dünyasının düşmənlərinə ciddi geopolitik mesajlar verilmiş oldu. Birincisi, hər kəsə xəbərdarlıq edilmiş oldu ki, “Türk əsri” layihəsi qaldığı yerdən eyni strateji hədəflərlə davam etdiriləcək. Buna rəqib dövlətlər nə qədər müqavimət göstərməyə çalışsalar da, yeni qlobal güc mərkəzinin yaradılması niyyətindən heç bir halda, imtina edilməyəcək. Əksinə, daha da qətiyyətli davranılacaq.
İkincisi, “Türk əsri” strateji hədəfinin uğur qazanmasında əsas faktorlardan biri olan Cənubi Qafqaz regionunda Azərbaycan-Türkiyə İttifaqının geopolitik iradəsi şəriksiz xarakter daşıyacaq. İlk növbədə geopolitik, geostrateji və geoiqtisadi layihələrin reallaşdırılması ön plana çıxarılacaq. Yəni, Zəngəzur dəhlizinin açılması məqsədilə daha qətiyyətli addımlar atılacaq.
Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Dövlət başçısı öz açıqlamsında bu layihənin reallaşdırılmasına əngəl törətməyə çalışanlara da dolayısı mesaj göndərib: “Zəngəzur dəhlizi nə qədər tez açılsa, bir o qədər yaxşıdır. Bu məsələ ilə bağlı calışmalarımızı artıracağıq”.
Azərbaycan liderinin mövqeyindən belə qənaətə gəlmək olar ki, rəsmi Bakı Zəngəzur dəhlizinin açılması ilə prinsipial, qətiyyətli və israrlı davranmaq niyyətindədir. Prezident İlham Əliyevin “Bu məsələ ilə bağlı calışmalarımızı artıracağıq” deməsi, əslində, Zəngəzur dəhlizinə müqavimət göstərməyə çalışanlara Azərbaycan-Türkiyə İttifaqının təzyiqləri yaxın vaxtlarda güclənməyə başlayacaq. Və bu, Cənubi Qafqazda yeni dövrün başlanma ehtimalının önəmli anonsu kimi də qəbul oluna bilər.
Maraqlıdır ki, prezident R.T.Ərdoğan da Azərbaycan liderinin prinsipial mövqeyinə tam dəstək verdiyini qətiyyən gizlətməyib. Türkiyə lideri bildirib ki, Zəngəzur dəhlizinin açılması Türk İttifaqına iki mühüm imkanı qazandıracaq: “İstər avtomobil yolu, istərsə də dəmiryolu ilə bağlı atılacaq addımlarla Türkiyənin Naxçıvanla əlaqəsi daha intensivləşəcək. Nəticədə bu, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin daha da güclənməsinə təkan verəcək”.
Göründüyü kimi, Azərbaycan-Türkiyə İttifaqı üçün Zəngəzur dəhlizi strateji layihədir. Cənubi Qafqaza geopolitik nəzarətin təmin olunmasında həlledici faktorlardan biri hesab olunur. Ona görə də, Türk İttifaqı bu regionda qaydaların və geopolitik şərtlərin necə müəyyən ediləcəyini də elə indidən qabarıq şəkildə biruzə verməyə çalışır.
Prezident R.T.Ərdoğanın Azərbaycanın Şuşa şəhərində Türkiyənin baş konsulluğunun açılması ilə bağlı verdiyi mesaj da bu baxımdan, böyük önəm daşıyır: “Azərbaycan nə vaxt uyğun hesab edərsə, Türkiyə Şuşa şəhərində baş konsulluğunu açmağa hazırdır. Türkiyənin Şuşada diplomatik nümayəndəliyinin açılması yalnız Ermənistana deyil, ümumiyyətlə, bütün dünyaya açıq mesaj olacaq”.
Belə anlaşılır ki, Türkiyə lideri yalnız Azərbaycana gəlməklə, dünyaya verdiyi mesajla kifayətlənmək niyyətindən uzaqdır. Bunun üzərinə Türkiyənin Şuşada baş konsulluğunun açılacağını anons etməklə, Cənubi Qafqaza nəzarət uğrunda mübarizədə rəsmi Ankaranın ön planda olacağını da elə indidən qabardır. Və bu, o deməkdir ki, Cənubi Qafqazda maraqları olan kənat güclər Azərbaycan-Türkiyə İttifaqının maraqları, eləcə də müəyyən edəcəyi geopolitik şərtlərlə hesablaşmaq məcburiyyətində qalacaq.
Məsələ ondadır ki, Prezident İlham Əliyevin son açıqlamaları da müəyyən mənada, Azərbaycan-Türkiyə İttifaqının hərbi-siyasi potensialının üstüörtülü şəkildə təqdimatı təsiri bağışlayır. Belə ki, o, seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanların və üfüqlərin açıldığını vurğulayıb: “Türkiyə və Azərbaycan xarici siyasət sahəsində bundan sonra da vahid mövqedən çıxış edəcək. Türkiyə ilə birgə fəaliyyətimiz həm bölgədə, həm də dünyada gücümüzü daha da artıracaq. Bizi yeni uğurlar, yeni qələbələr gözləyir”.
Təbii ki, bu, həm də Azərbaycan-Türkiyə İttifaqının Bakıdan bütün dünyaya ortaq şəkildə meydan oxuması kimi də qəbul edilə bilər. Çünki Azərbaycan və Türkiyə liderləri iki ölkə arasında hərbi-siyasi və strateji müttəfiqliyi bu dəfə daha qabarıq məzmunda gündəmə gətirməyə nail oldular. Prezident İlham Əliyevin “Azərbaycan ordusu Türkiyə modeli əsasında inkişaf edir” deməsi isə Türk Birliyinin ortaq hərbi gücünün yüksəldiyi səviyyəni göstərir. Və bu, Azərbaycan-Türkiyə İttifaqının strateji hədəflərinə müqavimət göstərmək niyyətinə düşənlərə yönəlik birbaşa xəbərdarlıq mesajıdır.
Türkiyədə ATA İttifaqından prezidentliyə keçmiş namizəd Sinan Oğanın Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə Bakıya gəlməsi maraq doğurub.
Mövzu barədə Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı Sinan Oğanın seçkidə Ərdoğanı dəstəklədiyini, lakin iddia edilən kimi bunu hansısa postu tutmaq üçün etmədiyinin seçkidən sonra üzə çıxdığını bildirib:
“Fikrimcə, Sinan Oğana yeni missiya həvalə edilə bilər. Azərbaycan səfərində onun Türkiyə nümayəndə heyətinin tərkibində yer alması bu ehtimalı artırır. Oğanın əsas ideyalarından biri Turançılıqdır. Yəni türk dünyasının dərin inteqrasiyasının həyata keçirilməsi. Bu prosesdə lokomotiv rolunu Bakı və Ankara oynayır. Bəllidir ki, seçkidən sonra iki ölkə Türk Dövlətləri Təşkilatını daha da gücləndirmək istiqamətində işləyəcəklər.
Bakıda liderlərin bu məsələni müzakirə etdiyi istisna deyil və mümkündür ki, Sinan Oğana həvalə ediləcək missiya da türk dünyası ilə bağlı olsun. Oğan həm bu coğrafiyanı yaxşı tanıyır, həm əlaqələri var, həm də ideoloji olaraq bu missiyaya yaxındır. Lakin bunun hansı formada olacağını demək çətindir: yeni bir koordinasiya mərkəzi də qurula bilər, yaxud TDT-nin yeni “yol xəritəsi”nin hazırlanması, həyata keçirilməsi missiyası verilə bilər və s.
Bütün hallarda Sinan Oğanın Ərdoğanın nümayəndə heyətinin tərkibində yer almasının seçkidəki mövqeyindən daha çox, gələcəkdə atılacaq addımlarla bağlı olduğu fikrindəyəm”.
“Əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında söyləyib.
İki gündən sonra Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümünün qeyd olunacağını bildirən dövlətimizin başçısı deyib:
“Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu Anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu”.
"Türkiyənin Şuşada Baş Konsulluğunu istənilən zaman açmağa hazırıq".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşü zamanı deyib.
"Əgər Türkiyənin Şuşada Baş Konsulluğu açılarsa, əlbəttə, bu, Ermənistan başda olmaqla bütün dünyaya bir mesaj olacaq", - Türkiyə lideri bildirib.
İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış edirlər.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Bu gün Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında geniş tərkibdə görüş başlayıb.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Prezident İlham Əliyevlə Azərbaycanda dövlət səfərində olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş başlayıb.
Yol-xeber.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Rəcəb Tayyib Ərdoğan
Azərbaycan Respublikasında dövlət səfərində olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Şəhidlər xiyabanını ziyarət edib.
Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident Rəcəb Tayyib Ərdoğan “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Sonra Türkiyə Prezidenti Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoyub, şəhidlik kitabəsinin üstünə gül dəstələri düzüb.
Ali qonaq Xatirə kitabına ürək sözlərini yazıb.
Azərbaycan Respublikasında dövlət səfərində olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.
Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoyulub.