![]() |
|
İyulun 1-də Azərbaycanda pandemiya rejimi ilə bağlı tətbiq edilən xüsusi karantin rejimi bitir. Bir sıra sahələrdə yumşaldılma olsa da, əhalini ən çox narahat edən əsas məsələ quru sərhədlərinin bağlı olmasıdır.
Bəs iyulun birindən sonra hələ də karantin rejimi uzadıla bilərmi və ən əsası da sərhədlər açıla bilərmi?
Məsələ ilə bağlı açıqlama verən millət vəkili Əli Məsimli bildirib ki, COVID-19 pandemiyası səbəbli Azərbaycanda xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq ölkənin quru sərhədləri 2020-ci ilin martından bəri qapalıdır.
“Hava yolları vasitəsilə Azərbaycana gediş-gəliş olsa da, quru sərhədlər 3 ildən çoxdur ki, bağlı saxlanılır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qərarına əsasən COVID-19 pandemiyasına rəsmən son verilib. Azərbaycanda isə xüsusi karantin rejiminin müddəti iyulun 1-ə kimi uzadılıb. Azərbaycanda quru sərhədlərinin bağlı olması yanlız pandemiya şəraiti ilə bağlı deyil. Bu məsələnin əsas məqamı daha çox təhlükəsizlik amili ilə əsaslandırılır”, - deputat qeyd edib.
Onun sözlərinə görə, insanlar düşünür ki, pandemiya təhlükəsi ortadan qalxıbsa, artıq sərhədlərin bağlı saxlanması üçün ciddi arqumentlər yoxdur və buna lüzum yoxdur: “Yəqin ki, hökumətin aidiyyəti qurumları bu yöndə araşdırma aparıb iyulun 1-nə kimi açıqlama vercəklər. Fikrimcə, sərhədləri ən azından, uzun fasilələr qoymamaqla mərhələli şəkildə bir-bir açmaq lazımdır. Çünki sərhədin bağlı qalmasına ciddi səbəb görünmür, amma iqtisadiyyatımız, turizm və əhali bundan ziyan çəkir”, - deputat qeyd edib.
Avropanın nüfuzlu nəşrlərindən olan “Eureporter” Qarabağdakı separatçı dəstənin sabiq “dövlət naziri”, Rusiyadan Xankəndiyə göndərilmiş və hazırda da burada qalmağa davam edən Ruben Vardanyanı Avropa Birliyi və bütün Qərb üçün təhlükə adlandırıb.
Axar.az xəbər verir ki, məqalədə ABŞ-ın bu yaxınlarda Moldovada dövlət çevrilişinə cəhddə iştirak edən və Rusiya kəşfiyyatı ilə əlaqəsi olan qrupun yeddi aparıcı üzvünə qarşı sanksiyalar tətbiq etdiyi xatırladılıb.
“Bu siyahı təcili tamamlanmalı və Ruben Vardanyan da ora daxil edilməlidir”, - məqalədə vurğulanıb.
Nəşr qeyd edib ki, Putinin “yaxın adamı” sayılan Vardanyan Qarabağ separatçı dəstəsinin “dövlət naziri” vəzifəsindən uzaqlaşdırılsa da, hələ də Cənubi Qafqazda qeyri-sabitlik mənbəyi yaratmaqla məşğuldur:
“Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya Qarabağdakı silahlıları (qanunsuz silahlı dəstələri – red.) bombardman sistemləri ilə təchiz edilmiş yüzlərlə Çin istehsalı “DJI Mavic 3” kəşfiyyat və hücum pilotsuz təyyarələri ilə təmin edib. Həmin silahların tədarükü ilə bağlı əmrin Rusiya Federasiyası Baş Qərargah rəisinin müavini Aleksey Kim tərəfindən verildiyi iddia edilir.
Onlardan təxribatlar - məsələn, Bakı ilə İrəvan arasında sülh danışıqlarını sabotaj etmək və ya Qərbə qaz nəqlinin qarşısını almaqla regionda yeni müharibəyə başlamaq üçün istifadə oluna bilər. Bu təhlükənin qarşısını almaq vaxtıdır. Vardanyana qarşı nəinki sanksiya tətbiq etməyin, həm də onu İnterpol və digər Qərb kəşfiyyat orqanları tərəfindən istintaqa cəlb etməyin vaxtı çatıb”, - “Eureporter” qeyd edib.
2020-ci il müharibədən sonra “ üç tərəfli” bəyannamə imzalandı. Bəyannaməyə görə, müəyyən danşşıqlardan sonra sülh müqaviləsi imzalanmalı idi. Aradan 3 ilin keçməsinə baxmayaraq, hələ də sülh müqaviləsini imzalamaq mümkün olmayıb. Bu müddət ərzində Ermənistan tərəfi dəfələrlə təxribata yol verib, atəşkəsi pozub. Dünən yenə də düşmənlərimiz təxribat törətdi. Bu dəfə isə Laçın sərhəd məntəqəsini atəşə tutdular. Bir əsgərimiz yaralandı. Görünən odur ki, yağı düşmən nəinki sülh müqaviləsi imzalamağı düşünmür, əksinə müharibə istəyir…
“Dünən Azərbaycan xalqı “Milli Qurtuluş” gününü qeyd edən zaman erməni təxribatçı- pozucu qüvvələri Laçın sərhəd keçid məntəqəsində hərbi xidməti keçən əsgərimiz Elşən Rüstəmovu yaralayıblar. Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində onu yaralayan snayperlər zərərsizləşdiriliblər. İki nəfər snayper zərərsizləşdirilib. Eyni zamanda bu gün ayın 16-sında gecə saatlarında Ermənistan tərəfindən Basarkeçər rayonunun Göysu yaşayış məntəqəsindən Gədəbəyin Qalakənd yaşayış məntəqəsi atəşə tutulub. Bu gün Naxçıvan istiqamətinə Ermənistanın Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsindən təxribat törədilib, Sədərək rayonunun Heydərabad kəndi atəşə tutulub. Azərbaycan ordusu da cavab tədbirləri görür”
Bu barədə Bizimyol.info xəbər portalına politoloq Elşad Həsənov danışıb. O, qeyd edib ki, burada ermənilər metallurgiya zavodu tikmək istəyirlər. Bu isə Azərbaycanın ekologiyasına zərər verəcək bir haldır. Politoloqun sözlərinə görə, Azərbaycanın müvafiq orqanları məsələ ilə bağlı ABŞ-a, BMT-yə müvafiq çağırışlar, müraciətlər ediblər.
Elşad Həsənov bildirib ki, 44 günlük Vətən müharibəsi bitəndən sonra ermənilər daima təxribat törədiblər. Bu təxribatlar da əsasən daha çox Azərbaycana xarici qonaqlar gələn zaman olur.
“İsrail prezidenti Azərbaycana səfər edən zaman ermənilər sərhəddə təxribat törədərək, atəşkəsi pozdular. Rəcəb Tayyib Ərdoğanın səfəri zamanı da ermənilər sərhədlərimizdə təxribat törədərək, Azərbaycan tərəfi atəşə tutdular və dünən də Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərifin səfəri zamanı da yenidən ermənilər təxribat törətdilər və bizim hərbi qulluqçumuzu yaraladılar. Təbii ki, bunların heç biri cavabsız qalmır, biz bunların hamısının cavabını da layiqincə veririk”-deyən politoloqun fikrincə, baş verənlər onu təsdiqləyir ki, ermənilər Beynəlxalq tədbirlərdə - Brüsseldə, Vaşinqtonda Azərbaycanla sülh müqaviləsi bağlamaq istədiklərini bildirirlər, ancaq sonra isə gəlib sərhədlərdə təxribatlar törədirlər, atəşkəsi pozurlar. Bunların məqsədi xarici qüvvələrin, xüsusilə də İranın və Fransanın təsiri ilə Azərbaycanla sülh müqaviləsinin bağlanmasına əngəl yaratmaqdır.
Elşad Həsənov vurğulayır ki, hər bir müharibə münaqişə sülh ilə bitir və bunun ikinci alternativi yoxdur.
“Artıq biz müharibədəyik, qələbə qazanmışıq, zəfər çalmışıq və Erməniləri sülhə məcbur edirik. Xatırladım ki, Azərbaycanın irəli sürüldüyü 5 prinsip əsasındada bu sülh müqaviləsi bağlanacaq. Çünki bizim irəli sürdüyümüz prinsiplər BMT-nin nizamnaməsinə və beynəlxalq hüquqa uyğun prinsiplərdir. Bundan da Ermənistan kənara çıxa bilmir.
Ermənistanda olan təxribatçı qüvvələr, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istəməyən qüvvələr artıq başa düşəcəklər ki, onların başqa yolu yoxudr. Ermənistan Cənubi Qafqazda yenidən münaqişə törədərsə, bu dəfə Ermənistan bir dövlət kimi varlığını şübhə altına alacaq”-deyən politoloq hesab edir ki, Ermənistanın müəyyən siyasi qüvvələri bunu artıq dərk edir və ona görə də sülh müqaviləsi bağlamağa çalışırlar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haysam Əl-Qaysı qəbul edib.
Haysam Əl-Qays ilk növbədə Səudiyyə Ərəbistanı Krallığının Energetika naziri, Şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şahzadə Əbdül Əziz bin Salman Əl-Səuda çatdırmağı xahiş etdi.
Görüşdə Azərbaycanla OPEC+ ölkələri arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edildi. Baş katib vurğuladı ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan OPEC+ formatı yaranan ilk gündən bu əməkdaşlığa böyük töhfə verir və o, buna görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Eyni zamanda, bu gün qlobal neft bazarında OPEC+ formatında fəaliyyətin roluna toxunuldu, indiyədək bu bazarda sabitliyin əldə edilməsinin məhz bu formatda həyata keçirilən fəaliyyət nəticəsində mümkün olduğu xüsusi qeyd edildi.
Söhbət zamanı bu gün “fossil” yanacaqlar sahəsində mövcud olan məsələlər müzakirə edildi, gələcəkdə bu sahəyə investisiyaların ayrılmasının vacibliyi bildirildi. Dünya iqtisadiyyatının artması nəticəsində ümumilikdə enerjiyə çoxalan tələbat nəzərə alınaraq, bu sahəyə son zamanlarda investisiyaların azaldılmasının müəyyən narahatlıq doğurduğu qeyd olundu.
Görüşdə dünyada yaşıl enerji sahəsində əldə edilən irəlliləyişlərlə bərabər, ənənəvi yanacağın oynadığı vacib rol vurğulandı. Ənənəvi enerji sahəsində ətraf mühitə zərərin azaldılması baxımından yeni texnologiyaların tətbiqinin xüsusi əhəmiyyət daşıdığı bildirildi.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
10:00
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haysam Əl-Qaysı qəbul edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Ermənistan Müdafiə Nazirliyi bildirir ki, iyunun 19-da saat 00:45-dən 02:20-dək Azərbaycan Silahlı Qüvvələrinin bölmələri guya sərhədin şərq Zod və cənub-qərb Arazdəyən istiqamətlərində yerləşən erməni mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar.
Düşmən tərəfi bununla yetinməyib və separatçılar da paralel olaraq oxşar məlumat yayıb.
Erməni separatçıları da iddia edirlər ki, Azərbaycan Silahlı Qüvvələri ötən gün guya Xocavənd və Ağdərə istiqamətlərində onların mövqelərinə bir neçə dəfə atəş açıb.
Görünür, düşmən uydurma xəbərlərindən əl çəkmək niyyətində deyil.
Dəfələrlə Ermənistan tərəfinin yaydığı oxşar xəbərlərin yalan olduğu məlum olub.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi də təkzib bəyanatı verib.
Ermənistanın təxribat hücumu nəticəsində Laçın postunun bağlanmasından sonra Qarabağdakı separatçı rejim yenidən “fəlakət ssenari”sinin tətbiqinə başlayıb.
Separatçılar “qənaət rejiminə” keçdiklərini elan ediblər.
Separatçıların qondarma “dövlət naziri” Qurgen Nersisyan mağazalarda yeni rejimin tətbiq edildiyini bildirib. Belə ki, bir alıcı bir maldan çox sayda ala bilməyəcək.
“Bunu təşvişə səbəb olmaq üçün demirəm. Lakin balanslı yanaşmaq, istehlakda ehtiyatlı davranmalıyıq. Bundan sonra fərdi avtomobillərin yanacaqla təmin edilməsi prosesi dayandırılır, xidməti avtomobillərin yanacaqdan istifadəsi də ya dayandırılacaq, ya da minimuma endiriləcək”, - o deyib.
Bununla yanaşı, separatçılar “Azərbaycan yeni hərbi əməliyyata hazırlaşır” iddialarını da irəli sürürlər.
Hər iki iddia “fəlakət ssenarisi”nin yenidən tətbiqinə başlanmasından xəbər verir. Separatçıların bu ssenaridə iki hədəfi var:
- birincisi, Qarabağdakı erməni əhalisini qorxutmaq, Azərbaycana reinteqrasiyanın qarşısını almaq və onları nəzarətdə saxlamaqdır;
- ikincisi, beynəlxalq ictimaiyyətə Qarabağda “humanitar böhran” olduğunu göstərmək, bununla Laçın postunun ləğv edilməsi üçün Bakıya təzyiqə nail olmaqdır;
Artıq bu, məlum və klassik ssenaridir. Hələ Şuşa-Xankəndi yolunda aksiya başlayanda separatçılar eyni ssenarini tətbiq etməyə başladılar. Onlar ərzağı gizlədir, erməni əhalisinə talon tətbiq edir və bununla “humanitar fəlakət” səhnəcikləri düzəldirdilər. Lakin bu ssenarilər nəticə vermədi, çünki beynəlxalq ictimaiyyət də artıq “erməni yalanını” qəbul etmir, digər tərəfdən, Bakının mövqeyi qəbul olunur.
Rəsmi Bakı erməni əhalisinin bütün təhlükəsizliyini təmin edə biləcəyini elan edib, separatçılar da ya təslim olub amnistiya imkanından yararlana bilər, ya da zərərsizləşdiriləcək. Separatçıların hazırda tətbiq etdiyi “fəlakət ssenarisi”nin də beynəlxalq müstəvidə nəticə verməyəcəyi bəllidir. Bu vəziyyətdə Bakı erməni əhalisinə qarşı “fəlakət ssenarisi”nin qarşısını almaq üçün proseslərə müdaxilə edə bilər.//Publika.az
Naxçıvan MR Kəngərli Rayon Polis Şöbəsinə kadr təyinatı olub.
APA xəbər verir ki, rayon polis şöbəsinə yeni rəis müavin təyin edilib.
Azərbaycan Respublikası daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə polis mayoru Kənan Məmmədov Kəngərli Rayon Polis Şöbəsi rəisinin yeni müavini kimi işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini general-leytenant İsmayıl Hüseynov vəzifəsindən azad edilərək yüksək vəzifəyə təyin edilib.
"Unikal" bildirir ki, dövlət başçısının digər sərəncamı ilə İsmayıl Hüseynov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisinin birinci müavini vəzifəsinə gətirilib.
İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin açılışında iştirak ediblər.
İqtisadiyyat naziri Mikayıl Cabbarov görülən işlər barədə məlumat verdi.
Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının fəaliyyəti üçün əlverişli şəraiti təmin edir. Sənaye Parkının logistik imkanlar baxımından əlverişli ərazidə yaradılması investorların diqqətini cəlb edən əsas amillərdən biridir. Park yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşir ki, bu da ərazidən həmin magistral yollara birbaşa giriş-çıxışı təmin edəcək. Bu avtomobil və dəmir yolları Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana, eləcə də Azərbaycan ərazisindən Rusiyaya yüklərin daşınması üçün yeni əlverişli imkanlar yaradacaq.
Bildirildi ki, bu Sənaye Parkı 200 hektar ərazini əhatə edir. Parkın prioritet istiqamətləri kimi, logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin və sairin təşkili müəyyənləşdirilib. Sənaye Parkında quruculuq işləri mərhələli şəkildə həyata keçirilir. Parkın ərazisi tam olaraq minalardan və hərbi sursatlardan təmizlənib. Sənaye Parkında fəaliyyət göstərəcək işçilərin və sahibkarların rahatlığının təmin edilməsi məqsədilə mobil şəhərcik salınıb.
Ölkəmizdəki digər mövcud sənaye parklarında olduğu kimi, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında da sahibkarlar üçün əlverişli investisiya mühiti formalaşdırılır. Belə ki, Sənaye Parkının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla (qaz, işıq, su, kanalizasiya, daxili avtomobil və dəmir yolları, fiber-optik və s.) təmin edilir. Eyni zamanda, rezidentlər qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunurlar. Bunlarla yanaşı, İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən rezidentlərə hər cür təşkilati dəstək göstərilir.
Prezident İlham Əliyev və Rəis Rüstəm Minnixanov “Avto Lizinq Azərbaycan” MMC-nin açılışını bildirən rəmzi lenti kəsdilər.
Məlumat verildi ki, Rusiya və Azərbaycan birgə müəssisəsi olan “Avto Lizinq Azərbaycan” MMC tərəfindən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının 3 hektar ərazisində texniki servis mərkəzi yaradılıb. Mərkəz yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına xidmət göstərilməsi sahəsində hab rolunu oynayacaq. Mərkəzdə işğaldan azad olunmuş ərazilərimizdə istifadə olunan 1500-dək avtomobilə, həmçinin yüklərin daşınmasını həyata keçirəcək tranzit avtomobillərə və digər texnikalara peşəkar xidmət göstəriləcək.
Mərkəzdə texniki xidmət bloku, təmir emalatxanası, gözləmə zalı, tədris otağı, anbar, portal tipli avtoyuma məntəqəsi və xidməti otaqlar yaradılıb. Texniki təmir emalatxanasında mühərriklərin və digər aqreqatların, elektrik avadanlıqlarının, pnevmatik və hidravlik qurğuların təmiri sahələri, daxili yanma mühərriklərinin yuyulması məntəqəsi fəaliyyət göstərəcək.
Burada, həmçinin mehmanxana, ehtiyat hissələri mağazası və digər xidmət sahələri istifadəyə verilib. Bununla yanaşı, Mərkəzdə mobil təmir və texniki servis briqadaları da fəaliyyət göstərəcək ki, bu da işğaldan azad olunmuş ərazilərimizdə istifadə olunan bütün texnikalara yerində xidmət göstərməyə imkan yaradacaq.
Ümumi investisiya həcmi 10,2 milyon manat olan müəssisənin inşasına artıq 9,4 milyon manatdan çox investisiya yatırılıb. Müəssisənin fəaliyyətə başlaması məşğulluğun təmin edilməsinə də töhfə verəcək..