Azərbaycan Prezidenti İlham Əliyev İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Əlahəzrət,

İsveç Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost xalqınıza daim firavanlıq və rifah arzulayıram".

İyunun 6-da xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında iştirak etmək məqsədilə Avstriya Respublikasına işgüzar səfərə yola düşüb.

Bu barədə XİN-dən bildirilib.

Qeyd edilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı, habelə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

7 iyun 2023-cü il tarixində nazir Ceyhun Bayramovun Slovakiya Respublikasına işgüzar səfəri çərçivəsində isə Slovakiyanın xarici və Avropa işləri naziri Miroslav Vlaxovski, o cümlədən Slovakiyanın digər yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.

"Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təqribən yarıməsrlik dövrü xalqımızın Ümummilli Lideri Heydər Əliyevin fəaliyyəti ilə sıx bağlıdır. Məhz Ulu Öndərin çoxşaxəli fəaliyyəti sayəsində ölkəmizin bütün regionlarının, o cümlədən Naxçıvanın sosial-iqtisadi inkişafının möhkəm bünövrəsi qoyulmuşdur.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı sahəsində 2004-cü ildən etibarən qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafı, yeni iş yerlərinin və müəssisələrin yaradılması, kommunal və sosial infrastruktur təminatı səviyyəsinin yüksəlməsi ilə nəticələnmişdir.

Dövlət proqramları çərçivəsində görülmüş işlər Naxçıvan Muxtar Respublikasının qarşıdakı illərdə də inkişafı üçün geniş imkanlar yaratmışdır. Hazırda bu imkanlardan istifadə edilməklə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi həyatında, o cümlədən kənd yerlərində iqtisadi fəaliyyətin sürətləndirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi nəticəsində ixracyönlü dəyər zəncirinin qurulması və dayanıqlı iş yerlərinin yaradılması istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi əsas prioritetlərdən birinə çevrilmişdir. Bu isə öz növbəsində, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə əlaqədar tədbirlərin, həmçinin kompleks proqramların hazırlanmasını və icrasının davam etdirilməsini nəzərdə tutur".

Sərəncam Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədilə imzalanıb.

Maliyyə Nazirliyi Dövlət Proqramının 2023–2024-cü illərdə maliyyələşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində, 2025–2027-ci illərdə maliyyələşdirilməsi ilə bağlı təkliflərini isə 2024-cü il iyulun 1-dək hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.

Nazirlər Kabineti Dövlət Proqramının Tədbirlər Planına və müəyyənləşdiriləcək maliyyə vəsaitinin həcminə uyğun olaraq, üç ay müddətində 2023–2024-cü illər üzrə, 2024-cü il sentyabrın 1-dək isə 2025–2027-ci illər üzrə tədbirlər planında nəzərdə tutulmuş məsələlərin icrasının təmini üçün daha təfsilatlı tədbirlər planlarının layihələrini Azərbaycan Prezidentinə təqdim etməlidir.

Nazirlər Kabineti Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirməli və Dövlət Proqramının icrası barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Nazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirməlidir.

Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Naxçıvanın Nazirlər Kabineti Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il Azərbaycan Respublikası dövlət büdcəsinin, dövlət investisiya proqramlarının və Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq tədbirlər görməlidirlər.

Türkiyə ikitərəfli münasibətlərin normallaşdırılması prosesi çərçivəsində Ermənistan-Türkiyə nizamlanması üçün heç bir ilkin şərt irəli sürməyib.

“Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hər iki tərəf heç bir ilkin şərt olmadığını dəfələrlə bəyan edib.

“Məqsədimiz münasibətlərin yekun tənzimlənməsidir”, - Mirzoyan qeyd edib.

O əlavə edib ki, bu məsələ ilə bağlı bir sıra yüksək vəzifəli şəxslər tərəfindən dəfələrlə fikir və mülahizələr səsləndirilib.

Mirzoyan onu da bildirib ki, münasibətlərin normallaşdırılması prosesində "erməni soyqırımı" faktının tanınması və pislənməsi məsələsi də gündəmdə deyil.

Ermənistan Qarabağın statusu ilə bağlı danışıqlar aparmaq iddiasında deyil.

Bunu iyunun 5-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, Ermənistanın bunun üçün heç bir mandatı yoxdur.

“Bəli, biz Qarabağdakılardan onun gələcəyi ilə bağlı danışıqlar aparmaq üçün mandat almamışıq. Və statusun müəyyən edilməsi məsələsində biz heç nə iddia etmirik və buna cəhd də etmirik”, - Mirzoyan bildirib.

Mirzoyan onu da əlavə edib ki, İrəvan Ermənistan-Azərbaycan nizamlanması prosesində yalnız Qarabağ əhalisi ilə rəsmi Bakı arasında dialoq mexanizmini müzakirə edir.

O əlavə edib ki, Ermənistan yalnız bu dialoqun başlanması üçün mexanizmin, eləcə də platformanın yaradılmasını təmin etməlidir.

İyunun 3-də and içərək yeni vəzifəsinin icrasına başlayan Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan komandasını cəmiyyətə təqdim etməklə ictimai diqqəti yenidən öz üzərinə çəkdi.

Türkiyəni növbəti 5 ildə idarə edəcək məmurların siyahısında sürpriz isimlərin olması müzakirələrə yol açdı.

Yenisabah.az xəbər verir ki, dövlət başçısının ötən həftəyə kimi mətbuat katibi postunu tutan İbrahim Kalını MİT (Milli İstihbarat Təşkilatı) rəhbəri təyin etməsi səs-küysüz ötüşməyib.

Türkiyə mətbuatı bu təyinatın arxasındakı səbəbləri üzə çıxarmağa çalışsa da, ən çox yaşamaq hüququ olan versiya prezident Ərdoğanın bu dəfə şəxsi sədaqət prinsipini əsas götürməsidir. Türkiyəli analitik və jurnalistlər hesab edirlər ki, Ərdoğan ölkə kəşfiyyatının başına peşəkar zabiti deyil, ən çox etibar etdiyi kadrı gətirib.

"Yeni Sabah" MİT-in yeni rəhbərinin dosyesini təqdim edir:

İbrahim Kalın 1971-ci ildə İstanbulda ərzurumlu bir ailənin övladı olaraq dünyaya gəlib. 1992-ci ildə İstanbul Universitetinin Tarix fakültəsində bakalavr təhsilini tamamlayıb. Daha sonra təhsilini davam etdirmək üçün Malayziyaya gedib.

1996-cı ildə ABŞ-ın "George Washington" Universitetində doktoranturaya daxil olub, "College of the Holy Cross", "Georgetown" Universitetində və "Bilkent" Universitetində İslam düşüncəsi və İslam-Qərb münasibətləri mövzusunda mühazirələr oxuyub.

Müxtəlif dini kitabları türk dilinə tərcümə edib.

2005-2009-cu illərdə Siyasi İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (SETA) qurucu sədri olub.

2011-ci ildə Əhməd Yəsəvi Universitetinin Qəyyumlar Şurasının üzvü təyin edilib.

Onun “İslam və Qərb” kitabı 2007-ci ildə işıq üzü görüb. Bu əsəri ilə Türkiyə Yazarlar Birliyi "Fikir Mükafatı"nı qazanıb.

Makmillan Fəlsəfə Ensiklopediyası, Din Ensiklopediyası və Oksford İslam lüğəti kimi ensiklopedik əsərlərə töhfə verib.

Onun 2014-cü ildə “Ağıl və fəzilət”, 2015-ci ildə “Varlıq və dərketmə”, “Mən, başqası və ondan kənar: İslam-Qərb münasibətləri tarixinə giriş” adlı əsərləri isə 2016-cı ildə nəşr olunub.

2009-cu ildə Əhməd Davudoğlu Xarici İşlər Naziri olduqdan sonra boş qalan Baş nazirin Xarici Siyasət üzrə Baş Müşaviri vəzifəsinə təyin edilib.

2012-ci ildə Baş nazirlik müşaviri müavini vəzifəsini icra edib.

Rəcəb Tayyib Ərdoğan prezident olduqdan sonra Prezident Administrasiyası baş katibinin müavini vəzifəsinə təyin edilib. Nəhayət, 11 dekabr 2014-cü ildə Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Prezidentin sözçüsü təyin edilib.

Ailəlidir, 3 övladı var. İbrahim Kalın akademik və bürokratiya sahəsindəki fəaliyyəti ilə yanaşı sənətə, xüsusən də xalq musiqisinə yaxından maraq göstərir. Onun bəstələdiyi əsərlər arasında "Seni mene vermez ise" və "Elif Bacı" da var.

Bir neçə istiqamətdə davam edən Azərbaycan-Ermənistan danışıqlarında bəzi pozitiv ilkin razılaşmalar var, əsas da Zəngəzurdan keçəcək kommunikasiya xətlərinin açılması ilə bağlı məsələ həllini tapmaq üzrədir.

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

Onun sözlərinə görə, bu yolun açılmasında əsas maneə Rusiya ilə Ermənistan arasında olan problemlərdir:

“Kreml israr edirdi ki, Laçın yoluna da, Zəngəzur yoluna da ancaq və ancaq Moskva nəzarət etməlidir. Azərbaycanın bütün müqavimətlərə baxmayaraq, Laçın yoluna sərhəd-keçid məntəqəsi inşa edib nəticəyə nail olması bu məsələnin çözülməsində mühüm rol oynadı.

Ermənistanın publik hay-küyünə baxmayın, Laçında Bakının dediyini etməsi, öz sərhədimizin özümüz tərəfindən qorunub nəzarətə götürülməsi Ermənistan üçün çox sərfəli oldu, bizim məhz bu addımımızdan sonra Ermənistan Rusiyadan Zəngəzur yoluna nəzarəti qopara bildi - son Moskva görüşündə Kreml Zəngəzur yolunun giriş və çıxışında Ermənistan rəsmi orqanlarının yerləşməsi israrı ilə razılaşmalı, barışmalı oldu.

Rəsmi Bakının Laçın yolunda qəti addım atması Zəngəzur yolu düyününün açılmasında birbaşa və həlledici rol oynadı. Əslində bizə də Zəngəzur yoluna Ermənistanın nəzarət etməsi daha sərfəlidir – Kremlin təkbaşına nəzarəti Azərbaycana növbəti təzyiq vasitəsinə çevrilə bilərdi. Nəzarətin Ermənistanda olması isə işi asanlaşdırır, qarşılıqlı asılılıq yaradır – yəni, İrəvan Naxçıvana gedən yüklərə, vətəndaşlara, qatar və avtomobillərə problem çıxarsa, özləri də Laçın yolunda eyni problemlərlə və ya Azərbaycan üzərindən Ermənistana gedəcək yük və sərnişinlər eyni yanaşma ilə üzləşəcək. Qarşılıqlı asılılıq belə məsələlərdə sabitlik göstəricisinə çevrilir”.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə yeni rəis təyin edilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, rəis vəzifəsinə polis polkovnik-leytenantı Tuncay Abbasov təyinat alıb.

Qeyd edək ki, Tuncay Abbasov deputat Aqil Abbasın oğludur. O bu təyinatadək Binəqədi RPİ-nin 7-ci polis bölməsinin rəisi olub.

 

 

 

“44 günlük müharibənin başa çatması regionda yeni reallıq yaradıb. Ermənistan və onun havadarları bu reallığı qəbul etmək istəmir, təxribatlarını davam etdirirlər”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində diplomatlar üçün “Xarici siyasət” proqramının bağlanış mərasimində deyib.

Nazir bildirib ki, hazırda regionda çox mühüm proseslər baş verir.

O əlavə edib ki, indi gənc diplomatlar bu proseslərdə birbaşa iştirak edəcəklər və buna görə də bu ixtisasın daşıdığı məsuliyyəti dərk etməlidirlər.

Nazir 38 gənc mütəxəssisin iştirak etdiyi proqramın icrasının uğurla həyata keçdiyini qeyd edib.

"Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İctimai Televiziyaya müsahibəsi zamanı növbəti dəfə bir sıra istiqamətlərdə məsələlərin mahiyyətini təhrif etməsi, Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən yayınmaqla həm beynəlxalq ictimaiyyət arasında, həm də Ermənistan cəmiyyətində çaşqınlıq yaratmaq cəhdləri qəbuledilməzdir".

Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın iyunun 4-də ölkəsinin İctimai Televiziyasına müsahibə zamanı səsləndirdiyi iddialara dair şərhində əksini tapıb.

"İlk öncə, delimitasiya prosesinin hansı əsasda aparılması ilə bağlı iddia ilə əlaqədar qeyd edək ki, həm Praqa, həm də Soçi görüşü üzrə bəyanatlara əsasən delimitasiyanın ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması əsasında həyata keçirilməsi nəzərdə tutulub. Ümumiyyətlə, bu bəyanatlarda BMT nizamnaməsinə və Alma-Ata bəyannaməsinə istinad qeyd edilən prinsiplər kontekstində verilib. Bu və digər bir görüşdə delimitasiyanın hansısa xəritə əsasında həyata keçirilməsi barədə hər hansı bir razılıq olmadığı Ermənistan tərəfinə yaxşı məlumdur", - nazirlikdən vurğulanıb.

Qeyd olunub ki, beynəlxalq təcrübəyə əsasən, Ermənistandan fərqli olaraq Azərbaycanın indiyə qədər bəzi qonşuları ilə həyata keçirdiyi delimitasiya prosesi xüsusi olaraq seçilmiş xəritə əsasında deyil, bütün hüquqi əhəmiyyəti olan sənədlərin təhlili və nəzərdən keçirilməsi əsasında həyata keçirilib: "Bu təcrübənin Ermənistanla da tətbiq edilməsi mümkündür. Bu xüsusda, Ermənistan tərəfinin 1975-ci il xəritəsinə xüsusi istinad edilməsini təkid etməsi əvəzinə, delimitasiya işinə başlaması daha faydalı olardı. 2020-ci il Vətən müharibəsindən sonra ölkəmizin Ermənistanla sərhədlərin delimitasiya olunması təklifinə uzun müddət heç bir cavab verməyən tərəfin də məhz Ermənistan olduğu unudulmamalıdır.

30 ilə yaxın bir dövrdə Azərbaycan ərazilərini işğal altında saxlayan, Azərbaycanın 8 kəndini hələ də işğal edən, əldə edilmiş yazılı və şifahi razılıqlara baxmayaraq qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmayan, 8 kəndin Azərbaycana qaytarılmasını müxtəlif bəhanələrlə ləngidən, eləcə də hərbi təxribatlarını davam etdirən Ermənistanın Azərbaycanı Ermənistana qarşı təcavüzdə təqsirləndirməsi tamamilə əsassızdır.

Üçtərəfli bəyanatın müddəalarına zidd olaraq erməni silahlı qüvvələrinin ötən ilin sentyabr ayında Azərbaycan ərazisindən çıxarılacağını bəyan edən Armen Qriqoryanın, bu bəyanatla Azərbaycana qarşı təcavüz aktlarını necə davam etdirdiklərini təsdiq etməsini də hər kəs yaxşı xatırlayır. Bu çərçivədə, Ermənistanın sülh prosesinə sadiq olduğunu populistcəsinə bəyan etməsi heç bir məntiqə sığmır.

Armen Qriqoryanın müsahibə zamanı guya Azərbaycanın saxlanılan ermənilərdən 10 nəfəri azad etməyə söz verdiyini bildirməsi, əslində Ermənistan tərəfinin beynəlxalq humanitar hüquqa və humanizm prinsiplərinə məhəl qoymaması, ölkəmizin erməni əsirlərinin, xüsusilə də yolu azaraq sərhədi keçmiş 10-dan artıq erməni hərbçinin qeyd-şərtsiz dərhal geri qaytarılması üzrə etimad quruculuğu tədbirlərinə Ermənistanın qarşılıq verməməsi kimi əməllərini ört-basdır etmək niyyətini göstərir.

Ermənistan tərəfinin Üçtərəfli bəyanatın 9-cu bəndinə zidd olaraq, hələ də Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini bərpa etməməsi, müxtəlif bəhanələrlə prosesi uzatması, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasını təmin etmək əvəzinə siyasi polemikaya yol açması Ermənistanın prosesə maneçiliyinin bariz nümunəsidir.

Laçın sərhəd buraxılış məntəqəsindən gün ərzində onlarla erməni sakinlərin müvafiq prosedurlara əməl etməklə hər iki istiqamətdə sərbəst şəkildə keçməsini həzm edə bilməyən Ermənistan rəsmisinin Laçın yolunun bağlanmasını iddia etməsi gülüncdür. Bununla yanaşı, erməni sakinlərin reinteqrasiyası məsələsinə müdaxiləyə dərhal son qoyulması, Ermənistanın sözdə deyil əməldə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edildiyinin göstəricisi olardı.

Bölgədə sülh prosesinin irəlilədilməsi əvəzinə, Ermənistanın rəsmi şəxsinin ölkəsinin yeni silahlanma dövrünə qədəm qoyduğunu bəyan etməsi, bu ölkənin hələ də tarixdən dərs çıxartmadığını nümayiş etdirir.

Əldə edilmiş razılıqları yanlış şərh edərək, öz öhdəliklərindən boyun qaçırmaq istəyən Ermənistan tərəfinə xatırladırıq ki, bu destruktiv fəaliyyət bölgədə sülhün bərpasına xidmət etməməklə yanaşı, ilk növbədə Ermənistanın əleyhinədir".

Xəbər lenti