![]() |
|
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Birləşmiş Ştatlar Prezidenti Cozef Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və Ermənistanın Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryanla görüşüb.
Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri bildirib.
“Bu gün mən Hikmət Hacıyev və Armen Qriqoryanı birbaşa və konstruktiv danışıqlar üçün qəbul etdim. Biz növbəti zorakılığın qarşısının alınmasının və vaxt məhdudiyyətli və məqsədyönlü danışıqların aparılmasının vacibliyini müzakirə etdik. Biz həmçinin sabit və davamlı sülhə dəstək olaraq irəliyə doğru konkret addımlar da müəyyən etmişik”, - Ceyk Sallivan qeyd edib.
Bundan əlavə, H.Hacıyev ABŞ-da Azərbaycanla tərəfdaşlıqla bağlı müzakirələr aparıb.
Azərbaycan Prezidentinin köməkçisi “Heritage Fondu”nda ABŞ-ın tanınmış beyin mərkəzlərinin nümayəndələri ilə görüş keçirib. Görüşdə Azərbaycan-ABŞ tərəfdaşlığı, Ermənistanla davam edən sülh danışıqları, o cümlədən regional və qlobal məsələlər müzakirə olunub.
“Bu gün Azərbaycanda Anım Günüdür. Bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir. Allah bütün şəhidlərimizə rəhmət etsin. Şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda etdilər. Biz öz şəhidlərimizlə fəxr edirik. Qəhrəman əsgər və zabitlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik”.
Yol-xeber.az xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 27-də Füzuli rayonuna səfəri zamanı deyib.
O qeyd edib ki, 44 günlük Vətən müharibəsi şanlı tariximizdir: “Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Bütün Azərbaycan xalqı birlik, iradə göstərmişdir. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz - bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq.
Şəhidlərimizin şərəfinə bu abidə - bu qaya parçası burada, Qaraxanbəyli kəndinin yaxınlığında ucaldılıb. Qaraxanbəyli kəndi və digər beş kənd İkinci Qarabağ müharibəsinin ilk günündə azad edilmişdir. Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı - Füzuli rayonunun kəndləri və Cəbrayıl rayonunun kəndləri - Böyük Mərcanlı və Nüzgar kəndi müharibənin ilk günündə azad edilmişdir. İlk şəhidləri biz məhz burada, bu yerdə vermişik. Bu abidənin yanında düşmənin səngəri yerləşirdi. Bu istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Sözün əsl mənasında ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın. Öz canını fəda edirdi ki, Azərbaycan xalqı ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və xalqımız öz torpaqlarına qayıtsın.
Bu istiqamətdən düşmənin birinci müdafiə xəttini yararaq bizim Zəfər yürüşümüz başlamışdır. 44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi. Dayanmadan, durmadan, usanmadan hər gün qan tökərək, şəhidlər verərək irəliyə gedirdi, Zəfərə doğru gedirdi. Bir gün belə dayanmadı, bir gün belə geriyə addım atmadı, ancaq irəli getdi, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldı. 44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edilmişdir. Düşmən məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyətini qəbul etdi və o vaxt hələ işğal altında olan torpaqlardan çıxmağa məcbur olmuşdur”.
Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində Yuxarı Gövhərağa məscidini ziyarət edib, burada aparılan yenidənqurma və bərpa işləri ilə tanış olublar.
Yol-xeber.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın işğalından azad olunmuş Füzuli rayonuna səfər edib.
Yol-xeber.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında paylaşım edib.
Paylaşımda qeyd olunub: "Anım Günü. Füzuli rayonu. 27.09.2022".
2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan Respublikasının silahlı qüvvələrinin növbəti hərbi təxribatının qarşısını almaq üçün başladığı cavab tədbirlərindən iki il ötür.
Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, 44 günlük Vətən müharibəsinin başlanğıcını qoyan bu tədbirlər, Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünü müdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə həyata keçirildi.
Bəyanatda qeyd olunur:
“Vətən müharibəsi Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzünə son qoydu, Azərbaycanın ərazi bütövlüyünü təmin etdi, bir milyona yaxın azərbaycanlının fundamental hüquqlarını bərpa etdi. Azərbaycan təkbaşına BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinin icrasını təmin etdi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Ordusunun şücaəti nəticəsində əldə etdiyimiz Qələbə Azərbaycan Respublikası tarixinin yeni dövrünü açdı, beynəlxalq ədaləti bərqərar etdi.
Azərbaycanın ərazilərinin işğalına son qoyulması bu torpaqlarda Ermənistan tərəfindən onilliklər ərzində həyata keçirilən geniş miqyaslı qeyri-qanuni fəaliyyəti üzə çıxardı. Azərbaycan torpaqlarının kütləvi şəkildə minalanması, Azərbaycanın tarixi, mədəni, dini irsinin məqsədli şəkildə məhv edilməsi, mənimsənilməsi, təbii ehtiyatların talan edilməsi, infrastrukturun darmadağın edilməsi və digər beynəlxalq hüquq pozuntularına dair açıq dəlillər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Ermənistanı beynəlxalq öhdəliklərini, habelə beynəlxalq humanitar hüquq və insan hüquqları pozuntularına görə məsuliyyətə cəlb etmək üçün Azərbaycan İnsan Hüquqları üzrə Avropa Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsinə (BƏM) müraciətlər etdi. BƏM Azərbaycanın verdiyi vəsatətlər əsasında 7 dekabr 2021-ci il tarixində Ermənistana qarşı müvəqqəti tədbirlərə dair yekdilliklə qərarlar qəbul etdi.
Son iki il ərzində Azərbaycan, azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərini, o cümlədən böyük infrastruktur layihələrinin icrasını həyata keçirir, bir milyona yaxın azərbaycanlı məcburi köçkünün öz evlərinə təhlükəsiz şəraitdə geri dönüşünü, bu torpaqlarda həyatın yenidən canlanmasını təmin etmək üçün məqsədyönlü addımlar atır. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq, bölgədə dayanıqlı sülh və sabitliyə nail olmaq istiqamətində tədbirlər görür.
Bunun əksi olaraq, Ermənistan revanşizm mövqeyi sərgiləyərək üzərinə götürdüyü öhdəlikləri tam icra etmir, silahlı birləşmələrinin qalıqlarını hələ də bölgədən çıxarmayaraq və ərazidə yeni minalar basdırmaqla təhlükəsizliyə ciddi hədə yaradır, bölgədə kommunikasiyaların açılışı üçün demək olar ki, heç bir praktiki addım atmır, hərbi təxribatlarını davam etdirir və beləliklə də post-münaqişə normallaşma cəhdlərinə ciddi xələl gətirir.
Azərbaycan beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, və beynəlxalq sərhədlərin toxunulmazlığına ciddi riayət olunması əsasında Ermənistan ilə münasibətlərin normallaşdırılmasının təşəbbüskarıdır.
Biz, Ermənistanı bölgədə sülh, təhlükəsizlik və rifahın təmin olunması naminə bu fundamental prinsiplərə hörmət etməyə, beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq. Ermənistanın nəhayət ki, danışıqlarda imitasiyaya son verib, real, konstruktiv addımlar atması gərəkdir. Bölgənin sülh şəraitində inkişafının başqa alternativi mövcud deyil.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizdə Anım Günü kimi qeyd edilən 27 sentyabr tarixində Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik”.
İki il öncə Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verdi.
Müdafiə naziri Zakir Həsənov və nazirliyin əməkdaşları İkinci Şəhidlər xiyabanında şəhidlərin məzarlarını ziyarət ediblər.
Z.Həsənov məzarlar önünə gül dəstələri qoyaraq şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edib.
Qeyd edək ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə qüdrətli Ordumuz 2020-ci il sentyabrın 27-də torpaqlarımızın azadlığı uğrunda mübarizəyə başladı. Rəşadətli Azərbaycan Ordusu 30 il işğalda qalan əraziləri sürətlə düşmən tapdağından təmizlədi.
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı 44 gün davam etdi, noyabrın 9-dək beş şəhər, dörd qəsəbə və 286 kənd işğaldan azad edildi.
Azərbaycan Prezidenti İlham Əliyev 27 Sentaybr – Anım Günü ilə bağlı paylaşım edib.
Yol-xeber.az paylaşımı təqdim edir.
"Yol-xeber.az" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Ölkə.az" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Müdafiə naziri Zakir Həsənovun təsdiq etdiyi plana əsasən sentyabrın 27-də "Anım Günü" ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Plana uyğun olaraq nazirliyin rəhbərliyi və digər hərbi qulluqçular tərəfindən Fəxri xiyaban və Şəhidlər xiyabanları ziyarət olunacaq, Ulu Öndərin, eləcə də Vətən müharibəsi şəhidlərinin məzarları üzərinə gül dəstələri düzülərək xatirələri ehtiramla yad ediləcək.
Tədbirlər çərçivəsində hərbi qulluqçular üçün Vətən müharibəsinə həsr olunan sənədli filmlər, videoçarxlar, foto və kitab sərgiləri nümayiş etdiriləcək.
Tədbirlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı qələbənin tarixi əhəmiyyətindən, xalqımızın qələbədəki rolundan, döyüş iştirakçılarının igidlik və qəhrəmanlıq nümunələrindən, eləcə də şəhidlərimizin əziz xatirələrindən danışılacaq.
Həmçinin hərbi qulluqçular şəhid ailələri və döyüşlərdə sağlamlıqlarını itirən hərbçilərimizi ziyarət edəcəklər.
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin sentyabrın 26-da Azərbaycan Respublikasına rəsmi səfərə gələcək.
Oxu.az xəbər verir ki, bu barədə qanunverici orqanın saytında məlumat verilib.
Bildirilir ki, səfər zamanı onun Azərbaycan Respublikasının Milli Məclisinin rəhbərliyi ilə görüşü nəzərdə tutulub.
Xatırladaq ki, Volodin bundan əvvəl 2018-ci ildə Bakıda rəsmi səfərdə olub. Bundan başqa, 2020-ci ilin sentyabrında Moskvada Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.