Avropa ilə üz-üzə: “Səbirli davranmaqda fayda var” - NƏ BAŞ VERİR?Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin fəaliyyətini qeyri-müəyyən müddətədək dayandırması, AŞPA-da nümayəndə heyətinin səsvermə hüququndan bir illik müddətə məhrum edilməsi cəmiyyətin əsas müzakirə mövzusuna çevrilir. Avropa Şurası (AŞ) ilə yaşanan bu gərginliyin Azərbaycana zərərlərinin olmasını düşünənlərlə yanaşı, münasibətlərin tamamilə kəsilməsinin Avropa üçün də xeyirli olmadığı qənaətini bölüşənlərin sayı kifayət qədərdir.

Ekspertlər bildirir ki, bu gərginliklər və münasibətlərin qırılması tərəflərin heç biri üçün faydalı deyil. Həmçinin analitiklər hesab edirlər ki, demokratiya və insan haqlarını əldə rəhbər tutaraq Azərbaycanın ərazilərini işğaldan azad etməsi səbəbindən təzyiq siyasəti Qərbin ikili standarlarla siyasət apardığının göstəricisidir.

Mövzu ətrafında AYNA-nın suallarını cavablandıran Türkiyənin Ankara Universitetinin professoru, azərbaycanlı politoloq Toğrul İsmayıl deyib ki, Azərbaycan nümayəndə heyətinin fəaliyyətini dondurmasından daha çox qarşı tərəfin qərarının nə qədər obyektiv olduğunu dəyərləndirmək lazımdır:

- Azərbaycanın, yaxud postsovet məkanında hansısa dövlətin demokratik olduğunu söyləmək olduqca çətindir. İnsan haqları, mətbuat azadlığı və digər məsələlərlə bağlı 2000-ci illərdən bəri tənqidlər səsləndirilib. Sual olunur: 2001-ci ildən bu yanadır ki, insan haqları ilə bağlı problemlər yox idi ki? Var idisə, o zaman AŞ hara baxırdı? Düzdür, tənqidlər səslənib, bu da normaldır. Amma belə kəskin qərar verilməmişdi. İndiki məqamda belə bir qərarın verilməsi ikili standartın göstəricisidir. Əlbəttə, bu gün Azərbaycan da, qonşu ölkələr olan Gürcüstan və ya Ermənistan da demokratiyadan uzaqdadırlar. Hətta postsovet məkanında hansısa ölkənin demokratik olduğunu söyləmək də doğru deyil. Çünki postsovet ölkələri demokratik institutlaşmaya tamamilə keçə bilməmiş ölkələrdir. Demək istədiyim odur ki, AŞPA-nın Azərbaycanla bağlı verdiyi qərar sırf insan haqları, demokratiya məsələsi ilə bağlı deyil. Səbəb əlbəttə, bəllidir.

- Səbəb Azərbaycanın suverenliyini bərpa etməsidir?

- Azərbaycan ərazilərini işğaldan azad etdikdən, bütün ərazilərində suverenliyini bərpa etdikdən sonra təzyiqlər artmağa başladı. Biz ATƏT-in Minsk Qrupu adlı təşkilatın 30 il ərzində nə etdiyini bilirik. Bu təşkilatın diplomatları yeyib-içməkdən başqa bir iş görmədilər. Eləcə də AŞ Azərbaycanla bağlı, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ikili standartlar mövqeyini tutublar. Azərbaycan Qarabağı azad etdikdən sonra Bakının siyasəti Qərbdəki siyasi dairələrdə qıcıq yaratdı. Əlbəttə, demokratiya, insan haqlarının qorunması, söz azadlığı Azərbaycan xalqının istəyidir. Amma əsas istək ərazi bütövlüyünün, təhlükəsizliyin təmin edilməsidir. Onsuz da, ərazisinin bir hissəsi işğalda olan ölkədə demokratiya tam ola bilməz. Qarabağdan zorla deportasiya edilən, 30 ildir öz yurd-yubvalarından qovulmuş azərbaycanlıların haqlarını, hüquqlarını AŞ bu vaxtadək niyə düşünməyib? Hesab edirəm ki, AŞPA demokratiya, insan haqları məsələsini görüntü kimi istifadə edir. Əsas məsələ Azərbaycanın suverenliyini bərpa etməsidir ki, bu, AŞ üçün görünür, arzuolunan deyil.

Qərb qurumları onu da nəzərə alsınlar ki, Azərbaycanın demokratiyadan geri qalmasının da birinci səbəbi ərazilərinin işğalı idi. Demokrayiyanın tam olması üçün Azərbaycana fürsət verildi ki?! Yenə deyirəm, demokratiya, insan haqları vacibdir, həm də son dərəcə vacibdir. Amma ölkənin ərazisi işğal olunursa, insanlarının haqları işğalçı tərəfindən pozulursa, vətəndaşların təhlükəsizliyi yoxdursa, o zaman həmin ölkədə demokratiya bərqərar ola bilməz.

- Belə fikirlər var ki, Avropa yaşanan gərginlik fonunda Azərbaycana qarşı sanksiyalar gündəmə gələ bilərmi?

- Bəzi dairələrdə sanksiya məsələsi gündəmə gəlir. Mümkündür ki, hansısa sərt qərarlar versinlər. Amma bu, Azərbaycanı kənara itələmək kimi bir siyasətdir. Hesab edirəm ki, Avropanın bu həmləsi əslində Azərbaycanı demokratik görmək istəmədiyindən irəli gəlir. Bunu biz Türkiyə təcrübəsində də görürük. Türkiyəyə o qədər də gücləri çatmır, çünki Türkiyə həm də NATO ölkəsidir. Ən zəif ölkələr, demokratiyası olmayan ölkələr belə Avropa İttifaqına üzv edilir, amma demokratiya dərsi keçən Türkiyə illərdir Avropa İttifaqının qapısında saxlanılır. Ən xırda məsələlərdə belə Türkiyə tənqid hədəfinə çevrilir. Demək ki, bunun alt qatında başqa məqamlar dayanır.

Sanksiyalar mümkündür, amma yenə deyirəm, Azərbaycan kimsənin ərazisini işğal etməyib, nüvə silahı hazırlamır. Rusiyaya qoyulan sanksiya Azərbaycana niyə tətbiq olunmalıdır?! Demokratik islahatların zəif getdiyinə görə, insan haqları məsələsində problemlərə görə dünyanın hansı ölkəsinə qarşı sanksiya tətbiq edilib ki...

Bununla yanaşı, hesab edirəm ki, burada Azərbaycan diplomatiyasının da uğursuzluğu, yumşaq desək, zəifliyi var. Məncə, belə qərarların qarşısının alınması lazım idi.

- Əgər ikili standartlarla yanaşma varsa, o zaman diplomatiya bunun qarşısını necə ala bilər?

- Hərəkətlilik lazım idi. Məsələn, 44 günlük müharibə zamanı diplomatiyamız yaxşı işlədi, təbliğat baxımından çox iş gördü. Amma indiki döbəmdə sanki diplomatik savaş zəif gedir. Eyni zamanda, daxildə də müəyyən addımlar atmaq lazımdır ki, qərəzli qərar vermələri üçün əllərində əsas olmasın.

- Narahatlıq yaradan məqamlardan biri də odur ki, Avropa ilə Azərbaycanın bağları tamamilə qırılır və Azərbaycan yenidən Rusiya “çətiri” altına düşür. Bu fikirlərlə razısınızmı?

- Bu cür məsələlər elə də asan deyil. Azərbaycanın Rusiya “çətiri” altına düşməsi elə də asan deyil. Ola bilsin ki, Qərb Azərbaycanı Rusiyaya tərəf itələyir. Lakin Azərbayacanın Türkiyə kimi ölkə ilə müttəfiqliyi var. Qərb Türkiyəni də Rusiya ilə, İranla, Çinlə yaxın olmağa itələmək istəyir. Amma burada dirənmək lazımdır. Hər şey Türkiyədən, Azərbaycandan asılıdır.

İkincisi, Azərbaycan müstəqil dövlətdir və AŞ-da fəaliyyətini davam etdirsə, yaxud etdirməsə nə dəyişəcək ki... Burada əsas məsələ odur ki, Azərbaycan hansı siyasət aparacaq. Mən inanmıram ki, birdən-birə Avropa ilə bütün münasibətlər kəsiləcək. Çünki Azərbaycan regionun önəmli ölkəsidir. Hansısa bəhanələrlə Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini bir illik dayandıra bilərlər, məhdudlaşdıra bilərlər, amma Avropanın Azərbaycanla münasibətlərini ümumiyyətlə kəsməsi absurd olardı. Buna gedə bilərlərmi, məncə, ehtimal var. Çünki Avropanın iki əsas gücü – Almaniya və Fransanın Azərbaycana qarşı siyasəti açıq şəkildə ortadadır. Burada əsas məsələ odur ki, Bakı hansı siyasəti aparacaq?! Yəni ki, Avropanın bizə qarşı hansı addım atacağı yox, bizim hansı şəkildə davranacağımız önəmlidir. Azərbaycanı təxribata çəkəcəklər, müxtəlif təzyiqlər ediləcək. Amma rəsmi Bakının daha səbirli davranması daha faydalı olar.
26 Noyabr 2024 Sərhəddə görüş PLANI - COP29-dan sonra... DETALLAR
26 Noyabr 2024 Dünyanın ən ucaboy liderləri - Əliyev və Ərdoğanın siyahıdakı yeri
25 Noyabr 2024 Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu təsdiqləyib
25 Noyabr 2024 Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
25 Noyabr 2024 İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
25 Noyabr 2024 Əli Əsədov qərar ımzaladı
25 Noyabr 2024 XİN Bosniya və Hersoqivinanı Milli Günü münasibətilə təbrik edib
25 Noyabr 2024 2025-ci illə bağlı xoş xəbər: əməkhaqqı, pensiya, sosial vəziyyət... - Spiker
25 Noyabr 2024 Baş nazir Milli Məclisdə çıxış edəcək
25 Noyabr 2024 İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib
25 Noyabr 2024 Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024 Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi
23 Noyabr 2024 Bakıda COP zolaqları ləğv olunur
22 Noyabr 2024 İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
22 Noyabr 2024 "Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
22 Noyabr 2024 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər
22 Noyabr 2024 Qazaxda düşmən təxribatının qarşısı belə alınmışdı - General- leytenant DANIŞDI
21 Noyabr 2024 Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
21 Noyabr 2024 Milli Məclisdə yeni təyinatlar - Foto
21 Noyabr 2024 Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır

Xəbər lenti