|
Yanvarın 30-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının mülki müdafiə məsələləri, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması naziri Aleksandr Kurenkovla görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan-Rusiya strateji tərəfdaşlığının yüksək səviyyəsi qeyd olunub.
İki ölkənin bütün istiqamətlərdə, o cümlədən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığının fəal inkişafı vurğulanıb.
Tərəflər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Rusiya Federasiyasının Mülki Müdafiə Məsələləri, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Nazirliyi arasında 2024–2026-cı illər üçün Birgə Tədbirlər Planının imzalanmasının vacibliyini bildiriblər.
Görüş zamanı fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Azərbaycan-Rusiya əməkdaşlığının genişləndirilməsinin perspektivləri müzakirə olunub.