ABŞ konqresmenləri rəsmi Kiyevə hərbi dəstəyin kredit borcuna çevrilməsini və yaxud da Ukraynanın təbii sərvətləri hesabına ödənilməsini tələb edirlər... Avropa Birliyi isə Rusiyanın “qoca qitə”yə gələcək hərbi yürüş üçün “keçid qapısı”nı artıq açmaq üzrə olmasından ciddi narahatlıq keçirir...

Ukrayna savaşı ətrafında situasiya qəlizləşməyə başlayıb. ABŞ və Qərb Ukrayna ordusunun müdafiə taktikasına keçmək məcburiyyətində qalmasından ciddi şəkildə narahat olduğunu qətiyyən gizlətmir. Eyni zamanda, Ukrayna ordusunun müdafiə taktikasının bəzi strateji döyüş mövqelərindən geri çəkilmə prosesi ilə müşayiət olunması da kollektiv Qərbi qorxuya salmağa başlayıb. Çünki bu prosesi yaxın gələcək üçün Rusiyanın Avropaya hərbi yürüş “qapı”sını açmağa başlaması kimi dəyərləndirir. Və ona görə də, hazırda Qərb siyasi dairələri Rusiyanın yenidən “cilovlanması” üçün mümkün çıxış yolları axtarırlar.

Ancaq ABŞ və Qərbin bəzi səhvləri, eləcə də, Rusiya əleyhinə hədəflərin uğursuzluğu indiki halda, əsas problemlərin sırasına daxildir. Hər halda, Rusiyaya qarşı iqtisadi sanksiyaların uğursuz olduğunu artıq Qərb siyasi dairələrində açıq şəkildə etiraf etmək məcburiyyətində qalıblar. Belə ki, indiyə qədər Qərb şirkətlərinin yalnız 20 faizi Rusiyanı tərk edib. Geri qalanları hələ də Rusiya ərazisində fəaliyyətini davam etdirirlər. Və bu baxımdan, Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiqi barədə qərarlarda heç bir iştirakı olmayan kənar ölkələrdən onlara riayət edilməsi barədə tələblər həm məntiqsiz, həm də absurd xarakter daşıyır.

Digər tərəfdən, Qərb Rusiya enerji resurslarına Avropa bazarlarına çıxışına qadağalar qoyub. Ancaq nə qədər qəribə də olsa, Rusiya neftinin əsas alıcıları da elə məhz Qərb ölkələridir. Belə ki, Avropa ölkələri Hindistan üzərindən Rusiya neftinin idxalını davam etdirirlər. Üstəlik, son statistik məlumatlara görə, məhz embarqoların tətbiqindən sonra Rusiyanın neft gəliri savaşdan öncəki dövrlə müqayisədə ciddi şəkildə artıb. Hər halda, 2023-cü ildə Rusiya neft satışından 350 nilyarda yaxın gəlir əldə edib. Hətta ABŞ belə, Rusiya neftini Hindistandan almaq məcburiyyətində qalıb. Bu baxımdan, hesab etmək olar ki, ABŞ və Qərb iqtisadi sanksiyalar tətbiq etsə də, əslində, Rusiyanı maliyyə gəlirləri ilə daha da zənginləşdirib.

Digər tərəfdən, Ukrayna savaşı kollektiv Qərbin daxilində narazılıqları, ziddiyyətləri artırıb, hətta parçalanma meyllərini də gücləndirib. Rusiyaya iqtisadi sanksiyalar tətbiq edən Qərb ölkələri Ukrayna savaşından artıq yorulduqlarını qətiyyən gizlətmirlər. Son vaxtlar Ukraynaya hərbi dəstək də əvvəlki həvəslə verilmir. Əksinə, hərbi dəstək paketləri barədə müzakirələr indi daha çox mübahisələr və müqavimət cəhdləri ilə müşahidə olunur. Və belə situasiya son vaxtlar Ukraynaya yönəlik hərbi yardımların zəifləyərək, kəsilmə həddinə çatmasına yol açıb.

Maraqlıdır ki, Avropa Birliyi uzun müzakirə və mübahisələrdən sonra Ukraynaya cəmisi 50 milyard avro həcmində dəstək barədə qərar qəbul edə bildi. Əsas problem isə ondan ibarətdir ki, Avropa Birliyi bu məbləği Ukraynaya dörd il ərzində ödəyəcək. Bu, o deməkdir ki, Ukrayna Avropa Birliyindən hər il təxminən 13 milyard avroya yaxın maliyyə dəstəyi ala biləcək. Halbuki, bu məbləğ Ukrayna ordusunun illik hərbi ehtiyaclarını ödəmək üçün qətiyyən yetərli deyil. Ümumi məbləğin dörd ilə bölünməsi isə əslində, Ukraynadan tələb olunan Rusiyaya qarşı savaş müddətini ifadə edir.

Nəhayət, daha bir maraqlı məqam ondan ibarətdir ki, ABŞ-ın Ukraynaya hərbi dəstəyi də demək olar, kəsilib. Düzdür, ABŞ Senatı Ukraynaya hərbi dəstək üçün 60 milyard dollarlıq maliyyə paketini dəstəkləyib. Ancaq bu məsələ ətrafında mübahisələr azalmaq əvəzinə, daha da artıb. Belə ki, respublikaçılar Ukraynaya dəstək paketini dəstəkləyən partiyadaşlarını ABŞ-ın milli maraqlarına xəyanət etməkdə suçlayırlar. Bu səbəbdən də, bu dəstək paketinin ABŞ Konqresi tərəfindən də dəstəklənəcəyi hələlik müəyyən şübhələr doğurur. Və bu, o deməkdir ki, rəsmi Kiyev nə qədər ümid bəsləsə də, ABŞ-ın 60 milyard dollarlıq yardım paketi Konqresdə bloklana bilər.

Maraqlıdır ki, ABŞ respublikaçıları Ukraynaya əvəzi ödənilməyən maliyyə yardımlarına qarşı çıxırlar. Onların fikrincə, ABŞ-ın dövlət borcu 34 milyard dollardan artıq olduğu bir vaxtda belə xərclər yolverilməzdir. Respublikaçılar rəsmi Kiyevə maliyyə yardımlarını kredit borcuna çevrilməsini təklif edirlər. Hətta təklif edilən variantlardan biri də ondan ibarətdir ki, ABŞ maliyyə yardımlarının qarşılığında Ukrayna öz təbii sərvətlərinin istifadəsini amerikalılara verməlidir. Və bu, o deməkdir ki, Ukraynanın ABŞ-dan gələcəkdə əvəzini ödəməyəcəyi maliyyə dəstəyi almaq şansları indi o qədər də yüksək deyil.

Təbii ki, respublikaçıların belə sərt mövqe tutması Ağ Ev administrasiyasını ciddi şəkildə narahat edir. Hətta prezident Co Bayden Ukrayna ordusunun geri çəkilmək məcburiyyətində qalmasının əsas məsuliyyətini məhz Konqresdə yardımları bloklayan respublikaçıların üzərinə yükləməyə çalışıb. O, bildirib ki, Ukrayna ordusu ABŞ Konqresinin yardımları bloklaması ucbatından geri çəkilməyə məcbur olub. Və indi bu məsələ ABŞ-da seçkiqabağı qarşıdurmanın əsas mövzularından birinə çevrilib.

Ancaq Ukrayna zaman itirir. Üstəlik, vaxt ötdükcə, hərbi yardımlar gecikdikcə, Ukrayna ordusu öz döyüş resurslarını tükədir. Hətta bir müddətdən sonra Rusiyanın tədricən hücum taktikasına keçə biləcəyi ehtimal olunur. Ona görə də, indi Avropa ölkələri Rusiya təhlükəsini müvəqqəti də olsa, bloklamaq üçün çıxış yolları axtarırlar. Danimarka öz ordusunun artilleriya sistemlərinin hamısını Ukraynaya verib. Buna bənzər addımlar İsveç və Norveç tərəfindən də atılmağa başlayıb. Finlandiya isə ümumiyyətlə, öz ordusunu gücləndirməklə, Rusiya ilə ehtimal olunan savaşa hazırlaşır.

Avropa Birliyinin rəhbərliyində isə Ukraynanın indiki şərtlər daxilində Rusiyanın qarşısında hələ nə qədər tab gətirə biləcəyini müəyyən etməyə çalışırlar. Gəlinən qənaətin ümidfverici olmadığı, Avropa Birliyinin öz üzvlərini Ukraynaya dəstəyi artırmağa və tələsməyə çağırdığı da bildirilir. Hər halda, Avropa Birliyinin diplomatiya və təhlükəsizlik sahəsinə rəhbərlik edən Cozep Borrelin Ukrayna savaşının necə nəticələnəcəyinin yaxın üç ay ərzində məlum olacağını bəyan etməsi “qoca qitə” ölkələrinə Rusiya təhlükəsi barədə xəbərdarlıq mesajı hesab olunur.

“Yeni Müsavat”

25 Noyabr 2024 Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu təsdiqləyib
25 Noyabr 2024 Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
25 Noyabr 2024 İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
25 Noyabr 2024 Əli Əsədov qərar ımzaladı
25 Noyabr 2024 XİN Bosniya və Hersoqivinanı Milli Günü münasibətilə təbrik edib
25 Noyabr 2024 2025-ci illə bağlı xoş xəbər: əməkhaqqı, pensiya, sosial vəziyyət... - Spiker
25 Noyabr 2024 Baş nazir Milli Məclisdə çıxış edəcək
25 Noyabr 2024 İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib
25 Noyabr 2024 Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024 Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi
23 Noyabr 2024 Bakıda COP zolaqları ləğv olunur
22 Noyabr 2024 İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
22 Noyabr 2024 "Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
22 Noyabr 2024 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər
22 Noyabr 2024 Qazaxda düşmən təxribatının qarşısı belə alınmışdı - General- leytenant DANIŞDI
21 Noyabr 2024 Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
21 Noyabr 2024 Milli Məclisdə yeni təyinatlar - Foto
21 Noyabr 2024 Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
21 Noyabr 2024 Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
21 Noyabr 2024 Quterreş Azərbaycana səfərə gəlib

Xəbər lenti