|
Ukrayna savaşı ABŞ və Qərbin müəyyən etdiyi hərbi-siyasi və geopolitik hədəflərdən uzaqlaşmağa başlayıb. Hər halda, Qərb siyasi dairələri son vaxtlar Rusiyanın ehtimal olunan və ya qaçılmaz hesab edilən hərbi məğlubiyyəti barədə danışmağa həvəsli görünmürlər. Bu barədə vaxtilə tez-tez gündəmə gətirilən və əminlik ifadə edən iddialara demək olar ki, rast gəlinmir. Və bu baxımdan, Qərbin Ukrayna savaşı ilə bağlı strateji hədəflərinin, eləcə də, əsas prioritetlərinin dəyişə biləcəyi qətiyyən istisna deyil.
Onu da qeyd etmək lazımdır ki, son vaxtlar bəzi Qərb ekspertləri ABŞ və NATO-nun Ukrayna savaşı üzərindən başlatdıqları Rusiya əleyhinə hərbi-siyasi kampaniyanın artıq iflas mərhələsinə keçdiyinə eyham vurmaqdadırlar. Onların fikrincə, ABŞ və Qərb Ukrayna savaşının başlanmasına imkan verməklə, böyük və düzəldilməsi çətin olacaq səhv buraxıb. Hər halda, hazırda yaranmış situasiya NATO strateqlərinin savaşın mümkün nəticələri ilə bağlı daha dəqiq hesablamalar apara bilmədiklərini göstərir.
Digər tərəfdən, ABŞ və Qərb Ukrayna savaşının ən həlledici mərhələsində rəsmi Kiyevə hərbi dəstəyi zəiflətməklə, bu müharibənin başlanmasına imkan verərkən buraxılan faciəvi səhvi başqa bir formada təkrarlayıb. Çünki məhz Ukrayna ordusunun hücum əməliyyatlarının ən inkişaf etdiyi dövrdə bu dəstək demək olar ki, geri çəkilib. Nəticədə, savaş meydanında hərbi təşəbbüsü ələ almaq şansları qazanmış Ukrayna ordusu silah-sursat və hərbi texnika çatışmazlığı ucbatından uğursuzluğa uğrayaraq, müdafiə taktikasına qayıtmaq məcburiyyətində qalıb. Və bununla da Ukrayna ordusunun bütün hərbi uğurları öz əhəmiyyətini itirmiş olub.
Nəhayət, daha bir önəmli səhv məhz ABŞ və Qərbin Rusiyaya olan münasibətinin qüsurlu xarakter daşıması ilə birbaşa bağlıdır. Belə ki, NATO-nun strateqləri müharibədən öncə müxtəlif faktorlara əsaslanaraq, Rusiyanın Ukrayna savaşına uzun müddət tab gətirə bilməyəcəyi qənaətində olublar. Ancaq indi məlum olur ki, həmin qənaətlər yanlış olmaqla yanaşı, olduqca səthi araşdırmalardan qaynaqlanıb. Və nəticədə Ukrayna savaşı Rusiyanı çökdürmək əvəzinə Qərb ölkələri üçün daşınması çətin olan ağır yükə çevrilib.
Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərb Rusiyaya qarşı sanksiyaların effektivliyini təmin etməyi bacarmayıb. Kreml Rusiyanı həmin sanksiyaların dağıdıcı nəticələrindən yayındıra bilib. Üstəlik, bu məsələdə Rusiyaya Qərb ölkələrinin arasındakı ziddiyyətlər də yardım edib. Belə ki, bəzi ölkələr Rusiyaya qarşı sanksiyaların əsas təşəbbüskarları sırasında yer alsalar da, əslində, səhnəarxasında Kremllə dolayısı yollarla iqtisadi-ticari əməkdaşlığı davam etdiriblər. Və nəticədə Rusiyanın maliyyə-iqtisadi böhrana düşəcəyi gözləndiyi halda, özəl maraqların girovuna çevrilmiş Qərb ölkələrinin tətbiq etdikləri sanksiyaları elə özləri dolayısı yollarla pozmaları Kremlin illik gəlirlərini daha da artırıb.
Göründüyü kimi, Rusiyanı “savaş bataqlığı”na salmaq planları quran ABŞ və Qərb əslində, həm də Ukraynanı olduqca dəhşətli fəlakətlərə sürükləyib. Üstəlik, Qərb ölkələri Ukrayna savaşının maliyyə yükünü artıq çəkmək istəmir. Bu yükü bir-birinin çiyninə yükləmək üçün müxtəlif məkrli manevrlər etməyə çalışırlar. Belə ki, Avropa Birliyi yaxın dörd il ərzində Ukraynaya cəmisi 50 milyard avro həcmində dəstık vernək barədə qərar qəbul edib. Halbuki bu məbləğin Ukraynanın heç bir illik hərbi ehtiyaclarını ödəməyəcəyini Avropa Birliyində də bilirlər.
ABŞ-ın isə yaxın bir il ərzində Ukraynaya hərbi yardımlar üçün maliyyə vəsaiti ayıra biləcəyi qətiyyən inandırıcı görünmür. Hər halda, rəsmi Kiyevin böyük ümidlər bəslədiyi 60 milyard dollarlıq dəstək paketi hələ də ABŞ Konqresində ilişib qalmaqdadır. Respublikaçı konqresmenlər bu məbləğin yalnız kreditlər şəklində, ya da Ukraynanın təbii sərvətlərinin istismar hüquqlarının alınmasının əvəzində ödənməsində israrlı mövqe tutur. Və bu, o deməkdir ki, hazırda Qərb üçün Rusiya ilə savaşan Ukrayna ən yaxşı halda, heç vaxt altından qalxa bilməyəcəyi borc yükünə məhkum edilməkdədir.
Təbii ki, rəsmi Kiyev Ukraynanın böyük fəlakətə düçar olduğunu artıq kec də olsa, anlamağa başlayıb. Ukraynanın rəsmi dairələri artıq onu da anlayırlar ki, ABŞ və Qərbin dəstəyini yaxın gələcəkdə gözləmək sadəlövhlükdən başqa bir şey deyil. Ona görə də, indi rəsmi Kiyev yalnız Ukrayna xalqına və ordusuna güvənməkdən başqa çıxış yolu tapmaqda çətinlik çəkir. Zelenski hakimiyyətinin gücü ən yaxşı halda, ABŞ və Qərbi üstüörtülü və dolayısı ilə ittiham etməkdən başqa heç nəyə çatmır. Və həmin ittihamlar ümumi olaraq, “Ukraynanı məhv etdiniz” kimi bir məzmun daşıyır.
Onu da nəzərə almaq lazımdır ki, nə qədər qəribə də olsa, son vaxtlar ABŞ və Qərb ilə Ukrayna arasında müəyyən üstüörtülü qarşıdurma yaşanmağa başlayıb. Bu qarşıdurmanın istiqamətlərindən biri Ukraynanın ABŞ və Qərbin sona qədər dəstək vədlərinin əksinə olaraq, yardımları kəsməsi ilə bağlıdır. Yəni, rəsmi Kiyev artıq ABŞ və Qərbə yalnız etiraz etməklə kifayətlənmir. Həm də dolayısı ilə savaşdan əvvəlki vədlərin yerinə yetirilməsini tələb edir. Və bu qarşıdurmanın yaxın gələcəkdə daha dərinləşə biləcəyi qətiyyən istisna deyil.
Digər tərəfdən, ABŞ və Qərbin Ukraynaya xəyanət edib, onu Rusiya qarşısında təkbaşına buraxması Qərb ölkələrinə məcburi köç etmiş ukraynalıları da hərəkətə gətirməyə başlayıb. Belə ki, ukraynalılar son vaxtlar bəzi Avropa ölkələrində etiraz aksiyaları keçirirlər, Ukraynanın dəstəklənməsini tələb edirlər. Bu qarşıdurma yaxın vaxtlarda Avropa ölkələrində açıq toqquşmalara da yol aça bilər. Üstəlik, buna paralel olaraq, Avropa ölkələrinin vətəndaşları da Ukraynaya qarşı etiraz dalğasına başlamış kimi görünürlər. Və bu, Avropa məkanında ukraynalıların yeni savaş açma ehtimalını artırır.(musavat.com)