ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Aprelin 5-də Brüsseldə Ermənistan Baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və ABŞ dövlət katibi Entoni Blinken arasında görüş keçiriləcək. ABŞ və Avropa Birliyinin bundan sonra Ermənistana dəstək məsələsində birgə hərəkət edəcəyi bildirilir. Dəstəyin hərbi xarakter daşıması rəsmi Bakının etirazına səbəb olub. Sizcə, indiki məqamda İrəvana verilən dəstək nə ilə bağlıdır, qərblilər nə etməyə çalışırlar?

- Mənə elə gəlir ki, ABŞ və Avropa Birliyinin Ermənistana bu dəstəyi Azərbaycanla bağlı deyil. Bu dəstəyin Azərbaycana təhlükə yaradacağını zənn etmirəm. Bu, sırf Rusiyanı Ermənistanda sıxışdırmaqla əlaqəlidir, bu da bizim problemimiz deyil. Əksinə, mən düşünürəm ki, Rusiyanın bölgədə təsirinin azalması Azərbaycanın da maraqlarına xidmət edir. Hesab etmirəm ki, ABŞ və Avropa Birliyi Ermənistanla Azərbaycan arasında yeni müharibədə maraqlı olsun, yaxud Ermənistanı bizə qarşı qızışdırsınlar. Bu, Vaşinqton və Brüsselin nəyinə lazımdır?

Avropa Birliyi və ABŞ-nin Azərbaycanla tərəfdaşlıq münasibətləri var. Bakı Vaşinqtonla enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq edir. Bu günlərdə Azərbaycanın energetika naziri ABŞ-də idi. Brüsselin özüylə də əməkdaşlığımız var, Avropa ölkələrinə neft-qaz satırıq. Prezident İlham Əliyev və fon der Leyen arasında enerji sahəsində strateji tərəfdaşlığa dair sənəd imzalanıb. Yəni bölgədə növbəti gərginlik onların nəyinə lazımdır?! Bu, sırf Rusiya ilə bağlıdır, bu da bizim problemimiz deyil.

Rusiyanı tam sıxışdıra biləcəklərini də düşünmürəm. Rusiyanın Ermənistanda hərbi bazası var, buna dair anlaşma 2044-cü ilədək qüvvədədir. Məsələn, Paşinyan Rusiya sərhədçilərini “Zvartnots”dan çıxara bilər, bəs bazanı necə çıxaracaq? Çıxarsa, onu hansı ölkənin hərbçiləri əvəz edəcək? Bir sözlə, proseslər getsə belə, bunun Azərbaycan üçün təhlükə yaradacağını düşünmürəm.

Bəli, Avropa Birliyinin Ermənistandakı missiyası ilə bağlı müəyyən narahatlığımız var. Amma bu missiyanın da ölkəmizə təhlükə yaratdığını zənn etmirəm. Məsələn, fevralda postumuza snyaper atəşi oldu, bu təxribata sərt cavab verdik, Avropa Birliyi bizə mane oldumu? Ona görə də, baş verənlərdən çox da narahat olmağa dəyməz. Yox, bizə qarşı hansısa addım olarsa, öz sözümüzü deyəcəyik – Vaşinqtona da, Brüsselə də... Amma başqa durumun olacağını gözləmirəm. Paşinyan da qərarını verib, 4 kəndin Azərbaycana qaytarılacağını reallığını qəbul edib. Brüssel və Vaşinqtonun özü də Paşinyanı danlayır ki, Ermənistan üçün ən münasib yol qısa müddətdə Azərbaycanla sülhə nail olmaqdır.

- Qərbdən Ermənistana veriləcək hərbi dəstək və ya müasir silah-sursat, texnikalar həm də Azərbaycana qarşı revanşizmin baş qaldırmasına rəvac verməyəcəkmi?

- Belə bir təhlükənin olduğunu zənn etmirəm. Məsələn, Ukrayna. Bu ölkə Avropa Birliyi və ABŞ-yə Ermənistandan daha yaxındır. İki ildir müharibə gedir, Ukrayna hələ də istədiyi silahları Qərbdən ala bilmir, gecikdirirlər. İki ildir F-16 göndərəcəklərini deyirlər, hələ də vermirlər. Söhbət Avropa və Amerikaya daha yaxın olan Ukraynadan gedir, hamısı da Rusiyanın məğlubiyyətini istəyir. Ermənistana niyə müasir silahlar versinlər? Düzdür, Fransa nəsə - keyfiyyətsiz zirehli texnikalar verdi, amma ABŞ-nin Ermənistana, məsələn, “Patriot” və təyyarələr verəcəyini düşünmürəm.

Dediyim kimi, əsas hədəfləri Rusiyadır. Amma buna görə Ermənistanı kütləvi şəkildə silahlandıracaqlarını zənn etmirəm. Çünki bilirlər ki, bu, Azərbaycanda da narazılıqla qarşılanacaq. Üstəgəl, Türkiyə də prosesi diqqətlə izləyir. Xarici işlər naziri Hakan Fidan bir neçə gün əvvəl Vaşinqtonda amerikalı həmkarı Blinkenlə görüşmüşdü. Görüşdə qərar verildi ki, Türkiyə və ABŞ Cənubi Qafqaz siyasətlərini koordinasiya etsin. Türkiyə hiss etsəydi ki, ABŞ-dən Ermənistan üzərindən Azərbaycana təhlükə var, koordinasiya məsələsində razılaşardımı? Bu məsələləri də diqqətə almalıyıq.

- Ermənistanda Rusiyanın sıxışdırılması cəhdləri necə bitəcək? Artıq belə səylərin Moldova, Gürcüstan və Ukraynada ağır nəticələrini görmüşük. Bəs Ermənistan üçün hansı ssenari seçilə bilər?

- Ermənistan üçün daha ağır olacaq. Çünki Ermənistanın Rusiyadan asılılığı daha böyükdür. Söhbət təkcə sərhədlərin qorunması və hərbi bazadan getmir, Ermənistanın atom elektrik stansiyası, iri zavod və digər istehsal müəssisələri Rusiyanın əlindədir. Rusiyadan ucuz qaz alırlar. İndi Rusiya qazı kəssə, hansı ölkədən alacaqlar? Əlbəttə, Azərbaycandan qaz ala bilərlər, İrəvanın belə istəyi var, amma bunun üçün gərək sülh müqaviləsini imzalasınlar, 4 kənd məsələsi həll olunsun. Yeri gəlişkən, kəndlər məsələsinin yaxın aylarda həll olunacağını düşünürəm, artıq düyməyə basılıb, Paşinyan da bunu anlayır.

Rusiya artıq Paşinyanı ciddi şəkildə hədələməyə başlayıb. Mariya Zaxarova və Dmitri Peskov son günlərdə eyni sözü deyirlər: Rusiyada yaşayan ermənilərin sayı Ermənistanda yaşayan ermənilərin sayından çoxdur. Bununla söyləmək istəyirlər ki, Rusiyada yaşayan ermənilər Qərbə inteqrasiya məsələsində Paşinyan kimi düşünmürlər. Bununla həm də o mesajı verirlər ki, Rusiyada yaşayan ermənilər hər il Ermənistana milyardlarla dollar pul göndərirlər. Bu da İrəvana xəbərdarlıqdır ki, sabah Rusiya bu pul köçürmələrini dayandırsa, Ermənistanda iqtisadi vəziyyət ağırlaşacaq. Əslində, bu, Paşinyanın əlini gücləndirə bilər.

Ermənistanda keçirilən son sorğular göstərir ki, ermənilərin Rusiyaya inamı getdilcə azalır. Paşinyan da bunu əlində rəhbər tutaraq Qərbə deyəcək ki, Rusiya məni sıxışdırır, daha çox maliyyə verin. Bu maliyyə də təmin olunacaq. Amma Ermənistan Rusiyadan tam qopa bilməyəcək. İrəvan iki seçim qarşısındadır: Avropa Birliyi və Avrasiya İqtisadi Birliyi. Paşinyan da istəyir ki, Gürcüstan kimi Avropa Birliyi üzvlüyünə namizəd statusu alsın. Bu zaman Rusiya onu Avrasiya İqtisadi Birliyindən uzaqlaşdıra bilər. Ermənistanın isə bütün idxal-ixrac əməliyyatları bu birlik və Rusiya ilə bağlıdır, Avropa Birliyi ilə isə belə əməliyyatlar yoxdur. Ermənistan öz konyaklarını Avropa yox, Rusiyada satır. Rusiya Ermənistan üçün belə çətinliklər yarada bilər.

- Dörd kənd məsələsi necə çözüləcək? Ermənistandakı silahlı qruplaşmalar “müqavimət”dən danışırlar.

- Müqavimət göstərəcəklər, PUA-larımız başlarına yağacaq. Amma Ermənistanın ordu birliklərinin kəndlərdən çəkiləcəyini düşünürəm. Artıq Paşinyanın ağzından çıxıb, Tavuşdakı görüşləri və partiyadaşları ilə müzakirələrdə də dedi ki, 4 kəndin Ermənistana dəxli yoxdur, qaytarılmalıdır, qaytarılmasa, müharibə, bunun da ölkəsi üçün ağır nəticələri olacaq. Bunu deməsəydi, düşünmək olardı ki, məsələni uzatmağa çalışır. Bu söz ağzından çıxıb, demək, məsələnin həlli yaxındır. Yox, hansısa silahlı qruplaşmalar müqavimət göstərsələr, zərbələr endirəcəyik. Böyük müharibə də olmayacaq, biz Qarabağı 44 günə azad etmişik, bu məsələnin həllinə yarım gün də bəs edər. Özləri də anlayırlar ki, həmin kəndlər Azərbaycanındır. Həmin 4 kəndə görə bizimlə niyə savaşmalıdırlar? Orada heç erməni də yaşamır.

- Rusiya kəndlərin Azərbaycana qaytarılmasına qarşı çıxdı. Mariya Zaxarova açıq şəkildə buna etirazını bildirdi. Moskvanın yanaşmasını necə izah etmək olar?

- Rusiya iç üzünü göstərir. Paşinyan Tavuşdakı çıxışında dedi ki, 4 kəndi qaytarmasalar, müharibə olacaq. Mariya Zaxarova da 4 kənd məsələsinə toxunmadan Paşinyanın “müharibə” kəlməsindən yapışıb ki, Qərb onu savaşa sövq edir. Deyək ki, sizin “müharibə ilə bağlı məntiqiniz” düzdür, bəs Mariya və digər Rusiya rəsmiləri niyə 4 kənd məsələsinə münasibət bildirmirlər? Niyə demirlər ki, bəli, bu sülhü yaxınlaşdırar, biz də sülh sazişinin imzalanmasını istəyirik. Fikir verin: bir Rusiya rəsmisindən 4 kəndlə bağlı açıqlama yoxdur. Əksinə, Paşinyanı şantaj edirlər ki, 4 kəndi niyə verirsən və sair. Rusiyadan belə səslər eşidirik.

Rusiya iç üzünü ortaya qoyur ki, sülhdə yox, Azərbaycan və Ermənistanı təsir dairəsində saxlamaqda maraqlıdır.
25 Noyabr 2024 Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu təsdiqləyib
25 Noyabr 2024 Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
25 Noyabr 2024 İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
25 Noyabr 2024 Əli Əsədov qərar ımzaladı
25 Noyabr 2024 XİN Bosniya və Hersoqivinanı Milli Günü münasibətilə təbrik edib
25 Noyabr 2024 2025-ci illə bağlı xoş xəbər: əməkhaqqı, pensiya, sosial vəziyyət... - Spiker
25 Noyabr 2024 Baş nazir Milli Məclisdə çıxış edəcək
25 Noyabr 2024 İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib
25 Noyabr 2024 Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024 Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi
23 Noyabr 2024 Bakıda COP zolaqları ləğv olunur
22 Noyabr 2024 İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
22 Noyabr 2024 "Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
22 Noyabr 2024 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər
22 Noyabr 2024 Qazaxda düşmən təxribatının qarşısı belə alınmışdı - General- leytenant DANIŞDI
21 Noyabr 2024 Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
21 Noyabr 2024 Milli Məclisdə yeni təyinatlar - Foto
21 Noyabr 2024 Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
21 Noyabr 2024 Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
21 Noyabr 2024 Quterreş Azərbaycana səfərə gəlib

Xəbər lenti