“Dünən axşam saatlarından müşahidə edilən qarlı-çovğunlu hava şəraiti paytaxt yollarında nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib”.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

O bildirib ki, bir sıra istiqamətlərdə, xüsusən də enişli-yoxuşlu ərazilərdə, körpülərin üzərində və tunellərin çıxışlarında yolun hərəkət hissəsi buz bağlayıb:

“Bu səbəbdən də hazırda əsasən Heydər Əliyev (şəhər mərkəzi kənar yol) və Ziya Bünyadov prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. 

Səhər saatlarından bütün müntəzəm marşrut xətləri üzrə avtobuslar qrafikə uyğun olaraq xətlərə çıxarılıb. Təhlükəsizlik məqsədilə və meterioliji amillər nəzərə alınmaqla sərnişin avtobusları minimal sürətlə hərəkət edir. 

Koroğlu Nəqliyyat Mübadilə Məkrəzində sərnişinlərin və avtobusların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə müvafiq tədbirlər görülür. Səhər saatlarından mərkəzin giriş və çıxış hissələri, pilləkənlər qardan təmizlənir.

Bir daha hərəkət iştirakçılarından ehtiyatlı olmalarını, sürücülərdən sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik”.

 

 
 
 
 
 
Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 22 yanvar 2021-ci il tarixli 12 nömrəli qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində ənənəvi tədris qismən davam etdirilir.

Nazirlikdən bildirilib ki, 1-21 fevral tarixlərində ölkə ərazisində 4427 məktəb, 71 764 sinifdə qismən ənənəvi tədris təşkil edilib.

Qeyd olunub ki, əyani tədrisə cəlb olunmuş şagirdlərin ümumi sayı 600 000, işçi sayı isə 120 000 nəfərdir. Bu dövr ərzində əyani dərslərdə iştirak edən şagird və müəllimlərin davamiyyəti 90 faiz olub:

"1-21 fevral tarixlərində ölkə üzrə virusa yoluxmuş şagirdlərin sayı 225 (əyani tədrisə cəlb olunmuş şagirdlərin 0,03 faizi), virusa yoluxmuş işçi heyətinin sayı 159 nəfər (ümumi işçi sayının 0,13 faizi) təşkil edib. Fevralın 22-dək distant təhsilə keçirilmiş siniflərin sayı 84, distant təhsilə keçirilmiş məktəblərin sayı 4-dür. Gigiyena və Epidemiologiya mərkəzlərinin qərarına əsasən, distant təhsilə keçirilmiş təhsil müəssisələri Respublika İncəsənət Gimnaziyası, Bakı şəhəri 82 nömrəli, Gəncə şəhəri 37 nömrəli və Ağdam rayonu Əfətli kənd tam orta məktəbləridir".

Bakıya yağan güclü qar fəsadlara səbəb olub.

Oxu.az xəbər verir ki, qarın yağması nəqliyyatın fəaliyyətini iflic edib. 

Yollara yağan qarın təmizlənməməsi, maşınlarla yanaşı piyadaların da gediş-gəlişinə mane olub. 

Texnika əvəzinə Mənzil Kommunal və Texniki Xidmət Sahələrinin işçiləri yollara çıxarılaraq, səkilər təmizlədilir. 

 

Qeyd edək ki, hava şəraitinin dəyişkən olacağı, qarın yağması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya xidməti bir neçə gün əvvəl məlumat verib.

Azərbaycanda faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin fevralın 24-ü saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağıntılı olub, qar yağıb, bəzi yerlərdə intensiv olub, güclü şimal-qərb küləyi əsib.

Düşən yağıntının miqdarı Astarada 23, Lənkəranda 15, Mərəzə, Qubadə 8, Lerikdə 7, Qəbələdə 6, Xaltanda 5, Sarıbaş (Qax), Oğuz, Şabran, Altıağac, Xaçmazda 4, Qusarda 3, Kişçay (Şəki), Göytəpə, Ağsu, Qrızda 2, Zaqatala, Şəki, Mingəçevir, Yevlax, Cəfərxan, Hacıqabul, Biləsuvar, Yardımlıda 1 mm-dək olub.

Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı Bakıda 18, Maştağada 16, Binədə 8, Çilov adası, Pirallahıda 2, Neft Daşları, Sumqayıtda 1 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 47, Şahdağda 27, Quba, Daşkəsəndə 18, Lerikdə 16, Qırızda 14, Altıağac, Gədəbəydə 12, Xaltanda 11, Göygöldə 10, Mərəzədə 9, Qusarda 8, Kişçay (Şəki), Ağsuda 7, Maştağada 5, Oğuz, Qəbələdə 3, Astara 2, Göyçay, Yardımlı, Xaçmaz, Şəki, Göytəpədə 1 sm olub. 

Şimal-qərb küləyinin sürəti Neftçalada 28, Naftalanda 24, Salyan, Ağstafada 23, Beyləqanda 24, Gəncə, Hacıqabulda 20, Mingəçevir, Tərtər, Tovuzda 18, Sabirabad, Yevlaxda 17, Xaçmaz, Bərdədə 16, Biləsuvarda 15, Maştağada 28, Qum adası, Pirallahı, Neft Daşlarında 25, Bakıda 23, Çilov adasında 21, Binədə 19, Sumqayıtda 18 m/s-dək güclənib. 

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 6 metrə çatıb.

Sumqayıt, Binə, Pirallahı, Hacıqabul, Biləsuvar, Kürdəmir, Zərdabda duman müşahidə olunub.

Rusiyanın Fövqəladə Hallar Nazirliyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə humanitar yardımdan ibarət növbəti yük göndərib.
“Report” xəbər verir ki, bunu nazirliyin əməkdaşı Yebgeni Qorelov yükü yola salmazdan əvvəl jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, “yerli hakimiyyətin” istəyi əsasında FHN-in əməliyyat qrupu vacib tikinti materiallarının siyahısını hazırlayıb. Y.Qorelov deyib ki, bu tikinti materialları yaşayış binaları və əhəmiyyətli sosial obyektlərin bərpası üçün nəzərdə tutulub.

O bildirib ki, 50 tondan artıq yükü 6 yük avtomobili daşıyacaq, 2 avtomobil isə müşayiət edəcək. Yük fevralın 24-də Xankəndinə çatacaq.

FHN zabitinin sözlərinə görə, atəşkəs elan olunandan sonra Rusiya Qarabağa 200 tondan artıq humanitar yardım göndərib. Yük dəmiryolu ilə Azərbaycana və Ermənistana, oradan isə Xankəndinə daşınır.

Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə sürücülər üçün sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər sənədlərin daşınması tələbi aradan qaldırılır.

Şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ və onun avtomobilə sahiblik hüququnun olması Dövlət Yol Polisi əməkdaşları tərəfindən bort-kompüterlər vasitəsilə yoxlanılacaq.

Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Artıq bir müddətdir ki, Azərbaycanda yeni növ sürücülük vəsiqələrinin verilməsinə başlanıb. Yeni vəsiqələrdə bəzi dəyişikliklər edilib. Belə ki, bu vəsiqələrin təmassız oxunması mümkün olacaq. Yeni vəsiqələrə kateqoriyalarla bağlı da əlavələr edilib.

Xəzər TV xəbər verir ki, yeni vəsiqələr sayəsində vətəndaşlarımızın xarici ölkələrdə üzləşdiyi daha bir problem də arada qalxacaq.

Ölkəmizdə yeni növ sürücülük vəsiqələri əvvəlkindən fərqlənir.

Yeni sürücülük vəsiqəsi dizaynına və rənginə görə də digərlərindən seçilir. Baş Dövlət Yol Polisi idarəsinin şöbə rəisi Namidan Piriyev bildirir ki, yeni növ sürücülük vəsiqələri İSO/ İEC 7810 kimlik kartlarının fiziki xüsusiyyətlərinə dair beynəlxalq standartların tələblərinə cavab verir.

Daha bir yenilik isə kateqoriyalarla bağlıdır.

Namidan Piriyev vurğuladı ki, artıq yeni vəsiqənin sayəsində vətəndaşlarımızın ölkə xaricində yaşadığı əsas problemlərdən biri də aradan qalxacaq.

Namidan Piriyev qeyd etdi ki, yeni növ milli vəsiqələr beynəlxalq konvensiyaya üzv olan ölkələrin ərazisində tanınır. Digər ölkələrə səfər edən vətəndaşlar beynəlxalq sürücülük vəsiqələri də ala bilərlər. Şöbə rəisi vurğuladı ki, beynəlxalq vəsiqələr milli vəsiqələrlə birlikdə təqdim olunarsa, etibarlı sayılacaq.

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliklə avtomobillərin ön şüşəsinin yuxarısına rəngli plyonka bərkidilməsi qadağan edilir.

Hazırkı qanunvericiliyə görə, sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi yaradan əlavə əşyaların qoyulması və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkilməsi nəqliyyat vasitələrinin nasazlıqları sırasına daxil edilib. Dəyişikliklə isə, bu sıraya jalüz çəkilməsi də daxil edilir.

Qüvvədə olan qanuna əsasən, avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilə bilərdi. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə icazə verilirdi. Layihəyə əsasən, avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilməsinə dair müddəa ləğv edilir. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə isə yenə də icazə veriləcək.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

2021-ci ilin döyüş hazırlığı planına əsasən minaatan batareyaların heyətləri ilə döyüş atışlı təlim məşqləri davam edir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, minaatanların təlim prosesi Vətən müharibəsində qazanılmış döyüş təcrübəsi nəzərə alınmaqla həyata keçirilir.

DİN Baş DYP İdarəsi sürücülərə və piyadalara müraciət edib.

Müraciətdə qeyd olunub ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatda Azərbaycanın rayonlarında və paytaxt Bakıda bu gündən etibarən hava şəraitinin kəskin dəyişəcəyi, qarlı və küləkli havanın çovğuna səbəb olacağı, yolların buz bağlayacağı bildirilib:

"Bunları nəzərə alaraq sürücülər yollarda yüksək sürətdən və sərt manevrlərdən çəkinməli, yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına nəzarət etməli, avtomobilin salonunun istilik və havalandırma sistemindən düzgün istifadə etməlidirlər.

Piyadalar da yollarda təhlükəsizlik tədbirlərinə daha ciddi riayət etsinlər, qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində yola çıxarkən əlvan geyimlərə üstünlük versinlər və binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçsinlər.

Eyni zamanda güclü küləkli hava şəraitində nəqliyyat vasitələrinin çoxmərtəbəli binaların yaxınlığında, eyvanların altında saxlanılması və aşmağa meyilli ağacların ətrafında park edilməsi də təhlükəlidir".

Vətəndaşların həyat və sağlamlığının qorunması, avtomobillərinə ziyan dəyməməsi üçün Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edir.

Xəbər lenti